Dualar

Kumeyl duası

Həzrət Xızrın (ə) Allahla raz-niyazı olan bu dua həzrət Əli (ə) tərəfindən Kumeyl ibni Ziyada öyrədilib. Bu səbəbdən qeyd olunan münacat sonralar Kumeylin adı ilə məşhur olub. Hesab olunur ki, insan yaradılışın əşrəfi olduğu kimi, Kumeyl duası da duaların ən şərafətlisidir.

Ərəbcə yazılışı

Tərcüməsi

Bağışlayan və mehriban Allahın adı ilə

Allahummə salli əla Muhəmmədin və ali Muhəmməd
(İlahi, Öz xeyir-bərəkətini Məhəmməd və Məhəmmədin soyuna nazil et)


İlahi, Səni and verirəm hər şeyi ağuşuna almış rəhmətinə; qarşısında hər şeyin ram olan, sınan və kiçilən qüdrətinə; hər şeyə qalib gəlmiş gücünə; heç bir şeyin tab gətirmədiyi izzətinə; hər şeyi bürümüş əzəmətinə; hər şeyin üzərində olan hökmranlığına; hər şey fəna olduqdan sonra əbədi qalacaq vəchinə; hər şeyin sütunu olan adlarına; hər şeyi ehtiva edən elminə; hər şeyi işıqlandıran vəchinin nuruna!

Ey Nur! Ey Müqəddəs! Ey hər şeyin əvvəli! Ey hər şeyin sonu!

İlahi, üzümdə su qoymayan günahlarımı bağışla! İlahi, qəmimə qəm qatan günahlarımı bağışla! İlahi, itkimi çoxaldan günahlarımı bağışla! İlahi, dualarımı həbs edən günahlarımı bağışla! İlahi, ümidsizliyə salan günahlarımı bağışla! İlahi, bəla gətirən günahlarımı bağışla! İlahi, etdiyim hər günahı, buraxdığım hər səhvi bağışla! İlahi, Sənin adını tutub qapına gəldim. Özün şəfaətçim ol. Kərəminə arxalanıb yalvarıram, qoy Sənə yaxın olum, Sənə şükr edim, Sənin zikrinlə ilhamlanım!

İlahi, qorxudan tir-tir əsən, boynu bükülmüş və təslim olmuş birisi kimi yalvarıram: mənimlə səbr və rəhmlə davran. Məni taleyindən razı və qane olanlardan et. Təvazokarlığı qəlbimin halına çevir! İlahi, ehtiyacın çoxluğundan, arzuların şiddətindən və Sənin şövqündən qapına gəlmiş birisi kimi yalvarıram. İlahi, səltənətin əzəmətli, məqamın ucadır; tədbirin gizli, əmrin aşkardır; gücün qalib, qüdrətin davamlıdır! Sənin hökmündən boyun qaçırmaq mümkün deyil! İlahi, Səndən başqa kimim var ki, günahlarımı bağışlasın, eyblərimi örtsün, səhvlərimi xeyrə dəyişsin? Axı Sən yeganə Allahsan! Özü də necə bir Allah! Həmd olsun Sənə! İlahi, nadanlığımdan cürətlənib öz əlimlə özümə zülm etdim. Amma arxalandığım bir şey var – məni əzəldən yad etməklə (yaranmağa layiq bilməklə) lütf göstərmisən. İlahi! Mənim Mövlam! Neçə yerdə qəbahətimin üstünü örtdün, neçə yerdə bəlanı mənə yaxın buraxmadın, neçə yerdə yıxılmağa qoymadın, neçə yerdə pisliyi məndən qovdun, neçə yerdə layiq olmadığım gözəllikləri adıma çıxartdın.

İlahi, halıma bir bax! Bəla artdıqca artır, qəlbim qaraldıqca qaralır, əməllərim kiçildikcə kiçilir, (özümü saldığım) zəncirlər sıxdıqca sıxır, arzularım uzandıqca xeyrim yaddan çıxır, dünyanın boş xəyalları məni aldadır, doymaq bilməyən nəfsim isə məni günah toruna salır! Ey mənim Sahibim! Səni and verirəm izzətinə, qoyma ki, pis əməllərim Səni çağırmağıma mane olsun, Sənin bildiyin gizlin eyblərim üzə çıxsın! İlahi, xəlvətdə günah etsəm də, pis iş görüb səhvə yol versəm də, dayanmadan həddimi aşsam da, nadanlıq etsəm də, nəfsimi yemləsəm də, qəflətimi artırsam da məni tez cəzalandırma. İlahi, izzətinə xatir nə halda oluramsa olum, mənə qarşı mehriban ol; hər nə edirəmsə edim, mənə qarşı rəhimli ol! İlahi, ya Rəbb! Ziyandan qorunmaq və əməllərimi nəzarətdə saxlamaq üçün özümü Səndən başqa kimə həvalə edim?

İlahi, ya Mövla! Sən mənə əmr etdin, mən isə nəfsimə uyub düşmənimi görməzdən gəldim. Ona görə də düşmən elə öz arzularımla məni aldatdı. Hadisələr də onun xeyrinə oldu: başıma elə işlər gəldi ki, gah həddimi aşdım, gah da üsyan etdim. Beləcə, məni cəzalandırmağın üçün Sənə əsas verdim. Hərçənd Sənin təqdirinə etiraz etmək üçün heç bir əsasım yox idi. Elə buna görə cəza və bəlana layiqəm. Halıma bax, İlahi! Öz qarşımda müqəssirəm, özümü xərcləmişəm. İndi də bağışlanmağa bir bəhanə gəzirəm. Peşman olmuşam, qəlbim sınıb, boynum bükülüb. Günahdan qurtulmaq yolu axtarıram, bağışlanmaq istəyirəm. Törətdiyim hər şeyi boynuma alıram, hər şeyi etiraf edirəm, heçnəyi də inkar etmirəm. Amma bilmirəm başıma gələnlərin əlindən hara qaçım. Mən biçarə hara pənah aparım? Üzrümü qəbul edib məni öz rəhmət ağuşuna almasan, axırım nə olacaq? İlahi, üzrümü qəbul et! Düşdüyüm bu çarəsizliyimə rəhm et! Bağlandığım zəncirlərdən azad et! Ya Rəbb, bədənimin zəifliyinə, dərimin incəliyinə, sümüklərimin gücsüzlüyünə rəhm et! Ey məni yaradan, məni yada salan, məni yönəldən, yaxşılığımı istəyən və ruzimi yetirən Allah! Səni and verirəm daimi kərəm və yaxşılığına, məni bağışla!

Ey mənim Allahım! Ey mənim Sahibim! Ey mənim Rəbbim! Heç məni atəşin əzabında tərk edərsən? Axı Sənin tövhidinə (birliyinə) inandım. Tövhidinlə qəlbim Səni tanıdı, dilim Səni zikr etdi, könlüm Səni sevdi! Sidqi-ürəklə hər şeyi etiraf etdim və əzəmətin qarşısında boyun əyib Səni çağırdım! Bundan sonra məni cəhənnəmə aparmağın heç rəvadırmı?! Əsla! Yönəltdiyini azdırmaq, yaxına buraxdığını uzaqlaşdırmaq, pənah verdiyini qovmaq, qoruyub rəhm etdiyini bəlaya salmaq Sənin kərəmindən uzaqdır. Mənim Sahibim, mənim Allahım, mənim Mövlam! Kaş biləydim kimə əzab verəcəksən! Əzəmətin qarşısında səcdəyə düşən üzlərəmi? Təkliyini sidqi-ürəklə iqrar edən və minnətdarlıqla Səni tərifləyən dillərəmi? Allahlığını yəqinliklə etiraf edən qəlblərəmi? Qarşında kiçiləcək qədər Səni tanıyan ürəklərəmi? Sənə itaət etmək və əfv diləmək üçün səcdəgaha tələsən əzalaramı? Yox, Sənin barəndə gümanım bu deyil. Səni bizə belə tanıtdırmayıblar da.

Ey kəramət sahibi, mənim rəbbim Sənsən! Özün görürsən ki, bu dünyanın kiçicik bir imtahanı da, çətinliyi də, hamını şərik etdiyi qəm-qüssəsi də məni gücdən salır. Bu hələ kiçik, yüngül və tez keçən əziyyətdirsə, gör Axirətin bəla və acısı məni nə hala salar! O, elə bir bəladır ki, nə bitmək bilir, nə dəyişmək, nə zəifləmək. Çünki, o əzabın qaynağı Sənin qəzəbin, intiqamın və nifrinindir. Buna nə göy, nə yer tab gətirə bilməzsə, mənim kimi zəif, zəlil, həqir, miskin və çarəsiz bəndən necə tab gətirəcək?! Ey mənim Allahım! Rəbbim, Sahibim və Mövlam Sənsən! Heç bilmirəm hansı günümə ağlayım: əzabın böyüklüyünəmi yoxsa şiddətinə, fasiləsizliyinəmi yoxsa müddətinə?! Tutalım ki, məni düşmənlərinə tay tutub cəzalandırdın, qəzəbinə gəlmişlərlə bir araya gətirdin, sevdiklərindən və övliyalarından ayrı saldın. Bunlara dözsəm də, Sənin ayrılığına necə dözəcəm, necə?! Tutalım ki, cəhənnəm atəşinə tab gətirmək mümkündür. Bəs Sənin kərəmini görə-görə, bu atəşə necə tab gətirmək mümkündür? Sənə ümidlə daşan qəlbin cəhənnəm sakini olması necə mümkündür? Ey mənim Sərvərim, ey mənim Mövlam! And ola Sənin izzətinə, danışmağa icazə versən, cəhənnəmin ortasında da ümidimi itirməyib Səni çağıraram, var-gücümlə fəryad edərəm, əlacsızlığımdan ah-nalə çəkərəm və səslənərəm: “Hardasan, ey möminlərə sahib çıxan! Ey ariflərin nəhayət arzusu! Ey çarəsizlərin köməyi! Ey pak qəlbləri alovlandıran eşq! Ey aləmlərin Rəbbi!”

Ey eybsiz və şanı uca Allah! Görəsən, itaətsizlik alovunda həbs olunan, əkdiyi pisliklərin meyvəsini dadan, günah zəncirləri ilə cəhənnəmin ortasında qandallanan müsəlman bəndəni eşidəcəksənmi? Axı bu bəndə Səni ümidlə çağırır, tövhid əhlinin dili ilə yalvarır, Sənin kimi Rəbbi olmasına arxalanır. İlahi, Səndən yaxşılıqdan başqa bir şey görməyən bu bəndə, əzab çəkəcəyini necə ağlına gətirsin? Səndən kərəm və mərhəmət uman bu bəndən, atəşdə yanacağını necə ağlına gətirsin? Bu bəndə Sən görə-görə alova atılacağını necə ağlına gətirsin? Bilə-bilə ki, onun köməksizliyindən xəbərdarsan, bu bəndə cəhənnəmdə alışacağını necə ağlına gətirsin? Sidqindən xəbərdar olduğun halda, bu bəndə əzabdan qovrulacağını ağlına necə gətirsin? Bu bəndə “Ya Rəbb!” deyə-deyə, əzab mələklərinin əlinə düşəcəyini necə ağlına gətirsin? Sənə ümid bağladığı halda, bu bəndə onu tərk edəcəyini necə ağlına gətirsin? Əsla! Fikrimdən belə keçirmərəm bunları, axı fəzlinə bələdəm. Bu heç Sənin davranışına da oxşamır, axı Sənə inanalara yaxşılıqdan başqa heçnə etməmisən! Yəqin bilirəm ki, əzab haqqla savaşan və Sənə düşmən kəsilənlər üçündür, yoxsa cəhənnəmi də gülüstana çevirərdin, heç kəsə də atəşi rəva bilməzdin. Amma Sən – müqəddəs sifətlər sahibi – and içmisən ki, (həqiqəti ört-basdır edən) kafir və inadkarları cəhənnəmə əbədi sakin edəcəksən, istər insan olsunlar, istərsə də cin. Ey şəni uca olan Allah! Sən əvvəl də, sonra da: “Məgər möminlə fasiq eynidirmi? Onlar eyni ola bilməzlər!”- deməklə böyük lütf göstərmisən.

İlahi, mənim sahibim Sənsən! Səni and verirəm aşkar olan qüdrətinə. Səni and verirəm qəzavətinə, qərarına və icra etdiyin hökmünə! Elə bu gecə, elə bu an bağışla məni! Törətdiyim hər pisliyi, işlətdiyim hər günahı, gizlətdiyim hər qəbahəti, büruzə verdiyim hər nadanlığı bağışla! Gizlətdiyim və ya yaydığım, xəlvətdə etdiyim və ya aşkara çıxartdığım cahilliyimi bağışla! Əməllərimin hesab-kitabını aparan möhtərəm mələklərin əməl dəftərimə yazdıqları bütün pis əməllərimi bağışla! Həmin mələklərin və bədən üzvlərimin şahidi olduqları günahlarımı bağışla! İlahi, onların da bilmədiyi və yalnız Sənə məlum olan pisliklərimi də bağışla. Sən rəhmətinlə o pisliklərin üzərindən pərdə çəkdin, əzəmətinlə onları gizlətdin. İlahi, nazil etdiyin hər xeyirə, lütf etdiyin hər nemətə, yaydığın hər yaxşılığa, böldüyün hər ruziyə məni də şərik et! İlahi, günahlarımın bağışla, eyblərimin ört!

Ya Rəbb! Ya Rəbb! Ya Rəbb! Allahım, Sahibim, Mövlam və Hökmdarım Sənsən! Ey ixtiyarım əlində olan kəs! Ey düşdüyüm ziyandan və çarəsizliyimdən agah olan kəs! Ey imkansızlığımı və acılarımı görən kəs! Ya Rəbb! Ya Rəbb! Ya Rəbb! Səni and verirəm haqqına və müqəddəsliyinə! Səni and verirəm sifət və adlarının əzəmətinə! Gecə-gündüz Səni yad etməyi, Sənə xidmətçi olmağı, Sənin qəbul etdiyin əməlləri yerinə yetirməyi mənə nəsib et! Ta ki, əməllərimlə sözlərimin hamısı vahid bir zikr olsun; Sənə bəndəliyim daimi halım olsun!

Ey mənim böyüyüm! Ey mənim arxa-dayağım! Ey özümdən şikayət etdiyim Allah! Ya Rəbb! Ya Rəbb! Ya Rəbb! Sənə bəndəlik etmək üçün əzalarımı güclü, yan-yörəmi möhkəm, təvazokarlığımı səmimi, bəndəlik arzumu daimi et! Ta ki, Sənin görüşünə tələsənlərlə birgə mən də tələsim, Sənə can atanlarla birgə mən də can atım, Sənin şövqündən alışanlarla birgə mən də alışım, Sənə yaxınlaşan xalislərlə birgə mən də yaxınlaşım, Səndən qorxan yəqin əhli ilə birgə mən də qorxum, Sənin hüzurunda toplaşan möminlərlə birgə mən də gəlim!

İlahi, pisliyimi istəyənlərə də, məni əziyyətə salanlara da Özün cavab ver! Mənə ən yaxşı bəndən olmağı nəsib et! Şeçilmiş bəndələrin içində məni Özünə hamıdan yaxın və əziz et! Bütün bunlara yalnız və yalnız Sənin fəzlinlə çatmaq mümkündür. İlahi, kərəminə layiq mənə kərəm et, əzəmətinə layiq mənə nəzər sal, rəhmətinə layiq məni qoru! İlahi, dilimə daimi zikrini sal, qəlbimi Özünə məftun et, ən gözəl cavabınla mənə cavab ver, büdrəməyimə göz yum, günahlarımı bağışla! Axı bəndələrinə ibadət etmək kimi dua etməyi də Sən tapşırmısan! Özün də cavab verəcəyini söz vermisən. Ona görə də, ya Rəbb, üzümü dərgahına tutub əllərimi uzatmışam. İzzətinə xatir dualarıma cavab ver, arzularımı rəva et, fəzlinlə ümidsizliyi məndən uzaqlaşdır, cin və insanlardan olan düşmənlərimdən qoru. Ey tez barışan Allah! Duadan başqa heçnəyi olmayan bəndəni bağışla. Bu Sənin üçün çətin deyil. Ey adı dəva, zikri şəfa, itaəti ehtiyacsızlıq gətirən Allah! Rəhm et o kəsə ki, ən böyük sərvəti ümid, silahı isə göz yaşıdır.

Ey nemət yağdıran! Ey çətinlikləri uzaqlaşdıran! Ey zülmətdə azanlar üçün nur saçan! Ey öyrənmədən bilən!

İlahi, Öz xeyir-bərəkətini Məhəmməd və Məhəmmədin soyuna nazil et. İlahi, Özünə layiq tərzdə məni qapından yola sal. İlahi, Öz xeyir-bərəkətini peyğəmbərə və onun soyundan olan pak imamlara nazil et, onları saysız-hesabsız salamlarla salamla.




hacishahin.az