Dualar

Camiəyi-kəbirə ziyarəti

“Camiəyi-kəbirə” ərəbcədən “böyük cəm” kimi tərcümə olunur. Belə bir ad ziyarətnamədə bütün imamların cəm şəkildə ziyarət olunması ilə bağlıdır. Əhli-beyt (ə) imamlarını tanımaq istəyən mütləq bu ziyarətnaməyə müraciət etməlidir. İmamətin əhatəli vəsfinə, ilahi vilayətin xırdalığı ilə təsvir olunmasına və imamların şəxsiyyətinin ətraflı açıqlanmasına görə bu ziyarətnaməni “Əhli-Beytin (ə) kimliyi” də adlandırıblar. Camiəyi-kəbirənin digər özəlliyi ondan ibarətdir ki, onu oxumaqla istənilən vaxt, istənilən yerdə və istənilən imamı ziyarət etmək olar. İmam Hadinin (ə) öz səhabəsinə öyrətdiyi bu ziyarətnamə xüsusi mənəvi yükə malik olduğu üçün, böyük arif və alimlər onu tez-tez oxumağı dönə-dönə tövsiyə ediblər.

Ərəbcə yazılışı

Tərcüməsi

Bağışlayan və mehriban Allahın adı ilə

 

İlahi, öz xeyir-bərəkətini Məhəmmədə və onun Əhli-Beytinə nazil et!

 

Şəhadət gətirirəm ki, tək və şəriksiz Allahdan başqa tanrı yoxdur. Şəhadət gətirirəm ki, Məhəmməd (Allah ona və soyuna xeyir-bərəkət əta etsin) Onun bəndəsi və elçisidir.

 

 

Salam olsun Sizə, ey Peyğəmbər (s) Əhli-beyti - risalətin yurdu, mələklərin ziyarətgahı, vəhyin mənzilgahı, rəhmətin mədənləri, elmin keşikçiləri, həlimliyin zirvələri, kərəmin dirəkləri, xalqların öndərləri, nemətlərin hamiləri, fəzilətlərin mayaları, yaxşıların güvəncləri, bəndələrin rəhbərləri, şəhərlərin sütunları, imanın qapıları, Rəhmanın əmanətdarları, nəbilərin övladları, rəsulların seçilmiş davamçıları, Aləmlərin Rəbbi yanında ən üstün şəxsin nəsli! Allahın rəhmət və bərəkəti üzərinizə olsun!

 

Salam olsun hidayət imamlarına, gecə çıraqlarına, təqva nişanələrinə, ağıl sahiblərinə, idrak əhlinə, yaranmışların sığınacağına, peyğəmbərlərin varislərinə, ucalıq nümunələrinə, gözəllik carçılarına, Allahın dünya və axirətdə açıq-aydın sübutlarına! Allahın rəhmət və bərəkəti üzərinizə olsun! Salam olsun ilahi mərifət ocaqlarına, ilahi bərəkət məskənlərinə, ilahi hikmət xəzinələrinə, ilahi sirrin qoruyucularına, ilahi kitabın daşıyıcılarına, ilahi peyğəmbərin vəsilərinə, ilahi elçinin zürriyyətinə (Allahın xeyir-bərəkəti ona və soyuna olsun)! Allahın rəhmət və bərəkəti üzərinizə olsun!

 

Salam olsun Allaha tərəf çağıranlara, Allahın razılığına çatdıranlara, Allahın əmrində sabitləşənlərə, Allaha eşqdə nöqsansızlara, Allahın tövhidində səmimilərə, Allahın əmr və qadağalarını aydınlaşdıranlara, Ondan icazəsiz danışmayan və əmrindən çıxmayan əziz bəndələrinə! Allahın rəhmət və bərəkəti üzərinizə olsun! Salam olsun çağıran imamlara, yolgöstərən rəhbərlərə, idarəedən sərvərlərə, himayədar keşikçilərə, zikr əhlinə*, əmr sahiblərinə**, Allahın saxladıqlarına, Onun seçdiklərinə, Onun firqəsinə, Onun elm xəznəsinə, Onun sübutuna, Onun yoluna, Onun nuruna, Onun bürhanına! Allahın rəhmət və bərəkəti üzərinizə olsun!

 

Bir və şəriksiz Allahdan başqa tanrının olmadığına şəhadət verirəm. Allah Özü barəsində şəhadət verdiyi kimi. Onun mələkləri və yaranmışlar içrə ağıl sahibləri şəhadət verdiyi kimi. İzzətli və hikmətli Allahdan başqa bir tanrı yoxdur. Şəhadət verirəm ki, Məhəmməd (s) Onun seçilmiş bəndəsi və sevimli peyğəmbəridir. Allah onu doğru yol və haqq dinlə göndərdi ki, müşriklərin xoşuna gəlməsə də, dini bütövlüyü ilə qalib etsin. Şəhadət verirəm ki, Siz imamlar - haqq yolda yetkinləşmiş, haqq yola yönəldilmiş, günahdan qorunmuş, kəramət verilmiş, Allaha yaxınlaşmış, təqva libası geyinmiş, doğru sözlə möhkəmlənmiş, Allah tərəfindən sayılıb-seçilmiş və Ona itaət etmişlərsiz. Onun əmri ilə qalxan, Onun iradəsi ilə əməl edən və Onun kəraməti ilə səadətə çatanlarsız. Allah Sizi Öz elmi ilə seçib, Öz qeybi ilə təsdiqləyib, Öz sirri ilə fərqləndirib, Öz qüdrəti ilə gücləndirib, Öz hidayəti ilə izzətləndirib, Öz bürhanı ilə xüsusiləşdirib, Öz nuru ilə şöhrətləndirib və Öz ruhu ilə dəstəkləyib. Allah sizi yer üzündə xəlifələri, yaratdıqları üçün dəlilləri, dininin yardımçıları, sirrinin qoruyucuları, elminin xəzinələri, hikmətinin əmanətçiləri, vəhyinin şərhçiləri, tövhidinin sütunları, məxluqatı üzərində şahidləri, bəndələri üçün nişanələri, şəhərlərində nurları və yolunun bələdçiləri olaraq seçdi. Allah sizi zəlalətdən qorudu, fitnədən saxladı, çirkinlikdən təmiz qıldı, pisliklərdən uzaq tutdu və paklardan da pak etdi. Siz də Onun cəlalını mədh etdiz, şənini uca tutduz, kərəminə alqış yağdırdız, zikrini davamlı etdiz, əhdinə sadiq qaldız, itaətində mətinlik göstərdiz, gizlində və aşkarda Ona tərəf çağırdız, yoluna hikmət və gözəl nəsihətlə dəvət etdiz, razılığı üçün özünüzü fəda etdiz, Ona xatir başınıza gətirilənə səbr etdiz, namazı dirçəltdiz, zəkatı ödədiz, yaxşılığa çağırdız və pislikdən çəkindirdiz. Allah yolunda gərəkli olan cihad etdiz ta ki, Onun çağırışını çatdıra, hökmlərini bəyan edə, həddlərini oturuşdura, qanunlarını yaya və adətlərini yaşada biləsiz. Bu yolda Onun razılığını əldə etdiz, qərarına tabe olduz və öncəki peyğəmbərlərin haqqlı olduqlarını təsdiqlədiz.

 

Sizdən üz çevirən dindən çıxır, sizə üz tutan hədəfə çatır, haqqınızı kiçimsəyən məhv olur. Haqq sizinlə, sizdə, sizdən və sizə yönəlidir. Siz haqq əhli və mədənləri, peyğəmbərlik irsinin daşıyıcıları, yaranmışların qayıdacağı və hesab verəcəyi yer, son söz sahiblərisiz. Allahın ayələri, əzmi, nuru, bürhanı və əmri sizinlə gerçəkləşir. Sizi rəhbər tutan Allahı rəhbər tutur, sizi düşmən bilən Allahı düşmən bilir, sizi sevən Alahı sevir, sizə qəzəblənən Allaha qəzəblənir, sizə bağlanan Allaha bağlanır. Siz sarsılmaz yol, fanilik yurdunda şahid, əbədilik yurdunda şəfaətçi, tükənməz rəhmət, kəşf olunmamış nişanə və qorunan əmanətsiz. Siz insanların sınandığı dərgahsız - sizə yönələn xilas, yönəlməyən isə həlak olub. Siz Allaha sarı çağırır, Ona dəlalət edir, Ona inanır, Ona təslim olur, Onun əmri ilə hərəkət edir, Onun yolu ilə aparır və Onun sözü ilə hökm edirsiz. Dostlarınız xoşbəxt olur, düşmənləriz isə həlakətə uğrayır. Sizinlə savaşan məyusluğa, Sizdən ayrılan zillətə məhkumdur. Sizdən sıx yapışan qazanır, Sizə sığınan qorunur. Sizi təsdiqləyən əmin-amanlığa, Sizə bağlanan hidayətə qovuşur. Ardınızca gedən cənnətdə, əleyhinizə çıxan atəşdə yurd salır. Əksinizə çalışan kafir, üzərinizə silah çəkən müşrikdir. Sizi rədd edən cəhənnəmin dibindədir.

 

Şahidlik edirəm ki, Sizin barədə dediklərim keçmişdə olduğu kimi, gələcəkdə də həqiqət olaraq qalacaq. Ruhlarınız, nurlarınız və təbiətiniz vahiddir, gözəldir, pakdır və eyni cövhərdəndir. Allah sizi nur olaraq yaratdı, sonra Öz ərşinin dövrəsinə aldı, sonra bizə lütf olaraq göndərdi. Sizi Özünü mədh etməyə və adını zikr etməyə icazə verdiyi evlərdə yerləşdirdi, sonra sizi salamlamağı bizə nəsib etdi. Vilayətinizin bizə qismət olması xilqətimizin paklığı, qəlbimizin təmizliyi, özümüzün islahı və günahlarımızın bağışlanmasının səbəbidir. Beləliklə də, fəzliniz sayəsində Allahın hüzurunda müsəlman olduq və məqamınızı təsdiqləməklə tanındıq. Allah sizi əzizlərinin ən şərafətli rütbələrinə, yaxınlarının ən uca mənzillərinə, elçilərinin ən yüksək dərəcələrinə çatdırdı. Belə ki, heç bir muradına çatan sizə çatmaz, heç bir üstün sizi üstələməz, heç bir qabaqcıl sizi qabaqlamaz və heç bir arzulayan məqamınızı xəyal edə bilməz. Uca mələyə, göndərilmiş peyğəmbərə, düz danışana, şəhidə, alimə, cahilə, rəzalətliyə, fəzilətliyə, saleh möminə, azğın günahkara, inadkar zalıma, üsyankar şeytana və istənilən hər bir varlığa işinizin böyüklüyünü, dəyərinizin əzəmətini, şəninizin ucalığını, nurunuzun kamalını, rütbənizin düzgünlüyünü, məqamınızın dəyişilməzliyini, Allah dərgahında dərəcə və yerinizinin şərafətini, Onun yanında əzizliyinizi, Onun üçün özəlliyinizi, Ona olan yaxınlığınızı yalnız O Özü tanıtdıra bilər. Atam-anam da, balalarım da, malım da, nəslim də sizə qurban olsun!

 

Allahı və sizi şahid tuturam ki, sizə və sizin inandığınıza inanmış, düşmənləriniz və döndüyünüzdən dönmüşəm. Şanınızın ucalığından və müxaliflərinizin zəlalətindən agaham. Sizi və dostlarınızı sevən, düşmənlərinizə isə qəzəblə düşmən kəsilənəm. Sizinlə barışıqda olanlarla barışıqda, savaşanlarla isə savaşdayam. Sizin həqiqət bildiyinizi həqiqət, batil bildiyinizi isə batil bilirəm. Sizə itaət edir, haqqınızı tanıyıram. Fəzilətinizi iqrar edir, elminizi yaşadıram. Özümü sizin kölgənizdə görür, məqamınızı etiraf edirəm. Qayıdışınıza inanır, rəcətinizi təsdiqləyirəm. Zühurunuzun intizarını, hökmranlığınızın həsrətini çəkirəm. Sözlərinizi mənimsəyir, əmrlərinizi yerinə yetirirəm. Sizə güvənir, sizi ziyarət edir, qəbrlərinizi isə sığınacaq bilirəm. Sizin vasitənizlə izzətli və əzəmətli Allahın dərgahında şəfaət axtarır, Ona yaxınlaşmaq istəyirəm. Nə halda olsam da, nə iş görsəm də istəyimi, ehtiyacımı və arzumu sizə deyirəm. Batininizə də, zahirinizə də, hazırınıza da, qaibinizə də, birincinizə də, sonuncunuza da iman gətirmişəm. Bütün bu işlərdə özümü sizə tapşırır, sizinlə təslim olur, qəlbimi sizə həvalə edir və baxışımı sizə uyğunlaşdırıram. Bacardığım qədər sizə dəstək olacam ki, Allah-Təala sizi Öz dininin dirçəldənləri etsin, Öz günlərinə*** qaytarsın, Öz ədaləti üçün zəfərə çatdırsın və yer üzündə qüdrətləndirsin. Yalnız və yalnız sizinləyəm, başqaları ilə yox! Sizə inanıram. Sonuncunuzun vilayətini birincinizin vilayəti olaraq qəbul edirəm. Düşmənləriniz, Cibt, Tağut,**** şeytan və onların ardıcıllarından təngə gəlib əziz və əzəmətli Allaha yönəlirəm. Onlar sizə zülm edən, haqqınıza əl uzadan, vilayətinizə dönük çıxan, irsinizi qəsb edən, barənizdə şübhələnən və sizdən kənar duranlardır. Sizdən başqa bütün mürşidlərdən, bütün sərvərlərdən və əzaba sürükləyən öndərlərdən uzağam.

 

Diri olduqca Allah məni vilayətinizdə, məhəbbətinizdə və dininizdə səbatlı etsin! Allah məni itaətinizə müvəffəq etsin, şəfaətinizdən bəhrələndirsin, dostluğunuzda önə keçirsin, çağırışınıza cavab verənlərdən etsin, sözlərinizi dilimə salsın, yolunuzla aparsın, rəhbərliyinizlə hidayət etsin, yanınızda həşr etsin, rəcətiniz zamanı diriltsin, dövlətinizdə məmur etsin, yaratdığnız asayişdə şərəfləndirsin, iqtidarlı günlərinizdə yaşatsın və gələcəkdə sizi görməklə gözlərimə işıq versin! Atam-anam, canım, balalarım və malım sizə qurban olsun! Allahı arzulayan sizdən başlayır, Onu tək bilən sizdən əxz edir, Onu özünə hədəf seçən sizə üz tutur. Ey mənim ağalarım! Nə tərifinizi sadalayıb qurtara, nə mədhiniz üçün layiqli söz tapa, nə də məqamınızı lazımınca vəsf edə bilərəm. Siz xeyirxahların nuru, yaxşılıq edənlərin hidayətçisi və Qüdrətlinin höccətlərisiz. Allah sizinlə başlayıb sizinlə bitirir. Sizə görə yağış yağdırır, yerin-göyün qarışmasına izn vermir, qəmləri dağıdır və çətinlikləri dəf edir. Peyğəmbərlərinə nazil etdikləri və mələkləri ilə göndərdikləri sizin yanınızdadır. Ruhul-əmin (Cəbrayıl) babanızın*** yanına göndərilib. Allah sizə verdiyini aləmdə heç kəsə verməyib. Bütün şərəflilər şərəfiniz qarşısında baş əyir, bütün təkəbbürlülər ağalığınız qarşısında diz çökür, bütün qüdrətlilər fəzilətiniz qarşısında zəif düşür, hər şey hüzurunuzda kiçilir, yer üzü nurunuzla şəfəqlənir, uğurlular vilayətinizlə uğur qazanır və sizinlə bərabər ilahi rizayətə yönəlir, vilayətinizlə savaşanlar isə Rəhmanın qəzəbinə gəlir. Atam-anam, canım, balalarım və malım sizə qurban olsun! Zikriniz zikrlər, adınız adlar, cisminiz cismlər, ruhunuz ruhlar, canınız canlar, iziniz izlər, qəbriniz isə qəbrlər arasındadır. Amma adınız kimi şirin ad, canınız kimi əziz can, şanınız kimi uca şan, məqamınız kimi yüksək məqam, əhdiniz kimi vəfalı əhd, vədiniz kimi baş tutacaq vəd yoxdur! Kəlamınız nur, əmriniz irşad, vəsiyyətiniz təqva, əməliniz isə xeyirdir. Yaxşılıq adətiniz, kərəm isə vərdişinizdir. Haqq, düzgünlük və mehribanlıq xüsusiyyətinizdir. Dediyiniz qanun və son sözdür. Yanaşmanız elm, həlimlik və uzaqgörənlikdən doğur. Yaxşılıq haqda söz düşsə, o sözün əvvəli də, kökü də, şaxəsi də, qaynağı da, ünvanı da, sonu da sizsiz.

 

Atam-anam da, özüm də sizə qurban! Qəlb oxşayan təriflərinizi necə vəsf edim?! Sınanılmış gözəlliklərinizi necə saya gətirim? Sizin əlinizlə Allah bizi zillətdən qurtardı, qəm-qüssə bataqlığından xilas etdi, həlakət uçurumu və cəhənnəm atəşindən uzaqlaşdırdı. Atam-anam da, özüm də sizə qurban! Sizin vilayətinizdir ki, Allah onun vasitəsilə din təlimlərini bizə öyrətdi və dünya işlərimizdə pərişanlığı düzəltdi. Sizin vilayətinizdir ki, onun sayəsində söz tamamlandı, nemət əzəmətə yetişdi və pərakəndəlik vəhdətə döndü. Sizin vilayətinizdir ki, onun səbəbi ilə ilahi əmrlərə itaət qəbul olunur. Məhəbbətiniz vacib, dərəcəniz yüksək, məqamınız isə alqışa layiqdir. Uca mənziliniz izzətli və calallı Allahın yanındadır. Nüfuzunuz möhtəşəm, şöhrətiniz böyük, şəfaətiniz isə rəddedilməzdir.

 

Ya Rəbb! Nazil etdiyinə iman gətirdik və peyğəmbərinə (s) tabe olduq, Sən də bizi şəhadət gətirənlərdən qərar ver. Ya Rəbb! Sən ki bizi hidayət etmisən, bundan sonra qəlbimizi dönük çıxmağa qoyma. Öz rəhmətini bizə əta et, axı Sən təmənna güdmədən əta edənsən. Necə də gözəl Rəbbimiz var! Onun vədləri mütləq baş tutacaq! Ey Allah vəliləri! Görürsüz ki, əziz və əzəmətli Allahla arama günahlar girib. Onları yalnız sizin razılığınızla təmizləmək mümkündür. Ona görə də, sizi and verirəm o Kəsin haqqına ki, sizi sirrinə vaqif etdi, yaratdıqları üzərində rəhbərliyi sizə tapşırdı, sizə itaəti Özünə itaət qərar verdi! Allahdan əfvimi diləyin və şəfaətçilərim olun, axı sizin itaətinizdəyəm! Sizə itaət edən isə, Allaha itaət edib, üzünüzə ağ olan Allahın üzünə ağ olub, sizi sevən Allahı sevib, qəzəbinizə gələn Allahın qəzəbinə gəlib.

 

Pərvərdigara! Məhəmməd (s) və onun Əhli-beyti olan ən yaxşı və ən xeyirxah imamlardan Sənə daha yaxın şəfaətçilər tanısaydım, onlardan şəfaət istəyərdim. Odur ki, onların Özün üçün vacib buyurduğun haqqına xatir, məni onların özünü və haqqını tanıyanların sırasına, onların şəfaətinə nail olanların zümrəsinə daxil et. Həqiqətən Sən rəhimlilərin ən rəhimlisisən. Allahın sonsuz salamı və xeyir-bərəkəti Məhəmmədə və onun pak soyuna olsun! Allah bizə bəs edər, o necə də gözəl himayədardır!

 

 

 

* “Biz səndən əvvəl də, özlərinə vəhy etdiyimiz məhz kişiləri (elçi) göndərmişdik. Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun” (Nəhl:43) ayəsinə qeyd olunan “Zikr əhli”

 

** “Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan əmr sahiblərinə itaət edin! Əgər bir iş barəsində mübahisə etsəniz, Allaha və qiyamət gününə inanırsınızsa, onu Allaha və Peyğəmbərə həvalə edin! Bu daha xeyirli və nəticə etibarilə daha yaxşıdır” (Nisa:59) ayəsində qeyd olunan “əmr sahibləri”.

 

*** Zühurdan sonrakı dövrə

 

**** “Cibt” və “Tağut” Quran terminləridir. Hər ikisi büt, Allahdan qeyri pərəstiş olunan kəs, insanları aldadıb istismar edən zalım və ictimai düzən mənasına gəlir.

 

*****Həzrət Əlini (ə) ziyarət edən “qardaşının” deməlidir.