MƏQALƏLƏR

Xocalı faciəsi

25 Fevral 2013 3066

Dünya cəhalət və zülm bataqlığında boğulduğu zaman ilahi peyğəmbərlər haqq və ədalət şüarlarını ucaldıb bəşəriyyəti nicata dəvət edirdi. Özünü Allaha bağlı bilən hər kəsin vəzifəsidir ki, haqq danışsın və ədalətin təminatına çalışsın. Ədalət və haqq insan fitrəti ilə həmahəng olan ilahi dəyərlərdir ki, onlar bərpa olmayınca bəşər sülh və əmin-amanlıq içində yaşaya bilməyəcək. Müasir dünyada, xüsusilə də beynəlxalq münasibətlərdə ikili standartların bir dəyərə çevirilməsi hər bir insaf sahibini narahat edir. Bir xalqın üzləşdiyi tarixi cinayətlər siyasi maraqlar naminə gizlədilirsə, eyni maraqlar naminə digər xalqlar üçün olmayan yerdən məzlumluq obrazı yaradılır. Bu gün bizlər bir ümmət olaraq bu ədalətsizliyi hamıdan çox öz üzərimizdə hiss edirik. İslam ümmətinin mühüm bir parçası olan Azərbaycan xalqı da istisna deyil.

 

Artıq hər bir azərbaycanlının tarixi yaddaşına qanlı həriflərlə həkk olmuş Xocalı soyqırımından 21 il ötür. Nə az, nə çox – düz 21 il. Ədalət isə hələ də öz yerini tapmayıb. Həqiqiliyi tarixçilər tərəfindən şübhə altına qoyulan bəzi qətliamları inkar edəni belə cəzalandıran Avropa ölkələri hamının gözü qarşısında baş verən bir faciəni necə dana bilərlər? Bəlkə də, Tanrının lütfüdür ki, Xocalı şəhidlərini siyasi şantaj hədəfinə çevirmədi. Bizə qarşı olan bu zülm bizi məzlum xalqa deyil, ədaləttələb bir millətə çevirməlidir.

 

Xocalı soyqırımı bizə bir ümmət olaraq keçmişdəki vəhşilikləri deyil, hazırda dünyadakı qəribliyimizi, tənhalığımızı aşılayır. Xocalı kim olduğumuzu bizə xatırladır, özüdə xatırlatdığı mənzərə ürəkaçan deyil. Bəlkə də dərdimizlə baş-başa qalmağımız bir fürsətdir. Fürsətdir ki, düşünək. Keçmişimiz, indimiz... və gələcəyimiz barədə. Ədaləti dünya ictimaiyyətinin “lütfündə” axtarırıqsa, tapmaycağıq. Bizim əvəzimizə ədaləti bərpa edən olmayacaq. Ümmət üçün ədalət, qatillərə cəza tələb ediriksə, ilk növbədə həmrəy və həmdərd olmalıyıq. Bu yolda da, deyəsən, səhv qapıları döyürük. Günahsız insanları azadlıq şüarı ilə qətlə yetirib, sümükləri üzərində siyasət quranlardan həmdərdlik gözləmək olmaz. Biz bir ümmətik, Peyğəmbərimizin (s) buyurduğu kimi bir bədənik. Bu bədənin sağlam olmasını istəyiriksə, ilk növbədə həssaslığımızı bərpa etməliyik. Bir birimizə dəstək olmağı bacarmalıyıq. Dərdimizi şouya çevirib kənardan diqqət cəlb etmək üçün yox, sağlam və güclü ümmət olmaq üçün bir birimizi dəstəkləməliyik.

 

Tənhalığa qatlaşmağımızın səbəbi yalnız özümüzə həmdərd tapa bilməməyimiz deyil. Başqa tanınan “soyqırımlar” məgər ürək yanmasından qaynaqlanırmı ki, biz də nələrsə umaq? Azından Afrikanın ən dəhşətli soyqırımlarından biri olan 1990-cı illərdə tutsilərlə hutuların Kongo, Ruanda, Burundi və Uqandada bir-birinə divan tutduran ölkələr bu gün başqa xalqların “soyqırımını” tanıyıb ədalət tələb edirsə, bu bəşəriyyəti ələ salmaq anlamına gəlir. Yaxşı ki, Xocalı bu şounun qurbanı deyil. Yaxşı ki, biz də ümmət olaraq faciələrimizi başqaları kimi iqtisadi mənfəət və siyasi dividentlər üçün istifadə edəcək qədər mənəviyyatsız deyilik. Dərdimizə həmdərd olanlar da sağ olsun, olmayanlar da, yetər ki, hörmətsizlik etməsinlər. Başqalarının soyqırım iddiaları yalan, iftira, mənfəət üzərində qurulub, həqiqətin ört-bastır olunmasına, hamıya nifrətə yönəlib. Xocalı isə... Dünyanın zülmü ilə barışmamağımızın, bütün saflığımızla haq-ədalətin bərqərar olacağına ümid bəsləməyimizin, həqiqət axtarışında israrımızın rəmzidir. Xocalı kəndində baş verən hadisə müasir dünyanın əsl simasını üzə çıxaran bir səhnədir. Ona görə bu hadisə yaşamalıdır və tanıtdırılmalıdır. Ona görə bu hadisəyə ədalətli qiymət tələb edilməlidir. Əgər biz özümüzə qarşı ədalətli və səmimi olarıqsa, dünya da bir ümmət olaraq bizimlə hesablaşmalı olacaq.

 

Tənhalığımızın bütün mənfilikləri ilə yanaşı, böyük bir üstünlüyü var. Bunu Azərbaycan xalqının müasir tarixində çox aydın görmək olur. 26 fevral tarixində biz bir millət, bir bədən olduğumuzu hiss edirik. Məsələn, 20 yanvar günü də hamı bir olub şəhidlər xiyabanına axışır, əziz şəhidlərimizin xatirəsini yad edir, bacardığı qədər onlara minnətdarlığını bildirir. Çünki, biz o şəhidlərin müqəddəs qanı sayəsində azad və müstəqil olduq. Qara yanvar azadlığın qurban tələb etdiyini xatırladır və biz bir millət olaraq şəhidlər önündə bu qurbanları vermək əzmində olduğumuzu izhar edirik. Lakin, Xocalının şəhidləri azadlıq uğrunda həlak olmayıblar, ona görə 26 fevral tam başqa, bəlkə də, daha dərin mətləblərin rəmzidir. Xocalı sakinləri silahsız idilər. Onlara kəndi tərk etmək üçün dəhliz ayırmışdılar. Həmin dəhlizlə mühasirəyə alınmış kəndən qaçan köməksiz insanlar tələyə düşdülər. Heç demə bu bir oyun idi, insanlara yalan ümid verib tələyə salmaqla daha çox qəddarlıqla qətlə yetirmək üçün. Əvvəlcə xocalıların ayaqlarına atəş açdılar ki, qaça bilməsinlər. Sonra baltalar işə düşdü. Sonra isə meyyitlərin baş dəriləri soyuldu. Onların qatillərinin nə azadlığımızda, nə sərvətimizdə gözü yox idi. Onlar sadəcə qana susamış, uşaq qətlindən həzz alan canlılar idi. İndi həmin qatillərdən biri prezident qismində dünyanı dolaşır, haqq-ədalətdən dəm vurur. Halbuki, onun soyqırıma məruz qoyduğu xocalıların yeganə “günahı” azərbaycanlı olmalarında idi. Azərbaycanlı... Bizi azərbaycanlı edən hər bir şeyə nifrət Xocalını yaratdı.

 

Bu, müsəlmanlar üçün bir dərs olmalıdır. Bu gün müsəlmanı qətlə yetirənlərin marağı nə bizim təbii sərvətlərimizdədir, nə başqa maddi nemətlərimizdə. Qatilləri qətlə sövq edən bizim kimliyimizdir. Odur ki, kimliyimizə sahib çıxmalı, bir olmalıyıq. Müsəlman coğrafiyasında hansı qaynar nöqtəyə nəzər salsaq görərik ki, problemin kökündə duran məhz bizim mənəviyyatımızdır. Müsəlman ölkələrinin mütləq əksəriyyəti müstəmləkə olublar, bu müstəmləkəçilikdən bizi qurtaran mənəviyyatımız oldu. Azad olmaq istədik və olduq da. Allah şükür olsun ki, bu gün müsəlmanların əksəriyyəti öz dövlətlərini qurublar və dünyada söz sahiblərinə çeviriliblər. Lakin bununlıa kifayətlənmək olmaz. Vaxtı ilə Azərbaycan müstəqillik əldə etdi, bu müstəqilliyi meydana çıxaran əzmi boğmaq üçün Xocalı soyqırımı törədildi. Müasir tarixdə müsəlmanlara qarşı hər bir soyqırımın kökündə bu məntiq durur – azadlıq əzmini boğmaq. Əgər əldə etdiyimiz nəaliyyətlərlə kifayətlənəriksə, hər bir müsəlman xalqına Xocalı faciəsi yaşadılacaq. Bu gün Xocalı rəmzi altında birləşməsək, Xocalı hadisəsindən dərs almasaq daha neçə Xocalı facilərini görəcəyik.

 

Vaxtıla, ilahi peyğəmbərlərin zülm və cəhalət içində boğulan bəşəriyyəti dəvət etdiyi dəyərləri biz yaşatmalıyıq. Heç kəsdən kömək ummadan, bir birimizə dəstək olaraq haqq və ədaləti şüarlarını ucaltmalıyıq. Bu, bir ümmət olaraq bizim vəzifəmizdir. İnşallah da, Allahın köməkliyi ilə yaşadacayıq.

 

Hacı Şahin Həsənli

 

 

hacishahin.az