MƏQALƏLƏR

Cihad və humanizm

30 Yanvar 2017 895

18 dekabr 2016-cı il tarixində “Qurani-Kərim və Humanizm” mövzusunda keçirilən elmi seminarda hacı Şahin Həsənlinin "Cihad və humanizm" mövzusunda çıxışının stenoqrammını diqqətinizə çatdırırq:

 

İslam dininin insanpərvərlik mesajları barədə danışarkən kontrarqument kimi cihad hökmü göstərilir. Həqiqətən də, Qurani-Kərim də, hədislər də, tarix və müasir praktikada savaşın müsəlmanlar üçün aktual olmasını qabardır. Hətta hesab olunur ki, İslam dininin əsas qayəsi müxaliflər üzərində qələbədir – bu dinin banisi olan Peyğəmbərimiz (s) uğurlu hərbi səfərlər həyata keçirərək dünyadan bir fateh kimi köçdü. İlk baxışdan, belə bir fundament üzərində qurulmuş dinin pasifist mesajlar çatdırması qeyri-mümkün və gülünc görsənir. Lakin, istənilən ideya kontekstdən çıxarıldıqda səhv anlaşıldığı kimi, cihad mövzusu da şəriət və əxlaq kontekstindən çıxarıldıqda əsl mahiyyətindən uzaq düşür.

 

İlk öncə İslam dəyərlər sisteminə, dəyərlər arasında iyerarxiyaya müraciət edək. İnsan yaradılışı nədən başladı? Bəşəriyyətin yaranma tarixindən bəhs edən Qurani-Kərim bu mövzuda olduqca mühüm nöqtələrə toxunur. Allah insanı – öz xəlifəsini yaradacağı barədə xəbər verir. Mələklər buna etiraz edir və onun maddi aləmdə yaşayacağı səbəbilə münaqişə yaradacağını deyirlər. Mələklərin anlaşılmazlığına səbəb insana sırf maddi bir varlıq kimi baxmaları, onun mənəvi potensialını görməmələri idi. Lakin Allaha etibar etdikləri üçün, Adəmə (ə) baş əyirlər. İblis isə bundan imtina edir. O, özünün oddan yarandığını bildirərək irqi mənsubiyyətinə və maddi imkanlarına görə məğrurlanır.  Beləliklə, xilqətin ilk münaqişəsinin səbəbi təkəbbürdür. Daha sonra Adəm (ə) onu özünə düşmən bilən, özünü ondan üstün tutan İblisə etibar edir və aldanır. Malik olduğunu dəyərləndirmir, dost cildinə girmiş düşmənin ona daha üstün nəsə verəcəyinə inanır. İnsanın sadəlövlüyü, özünə inamsızlığı və dostu düşməndən ayırd edə bilməməsi onun əzab-əziyyətli həyata məhkum olmasına səbəb olur. Daha sonra İblis insanın özündən aşağı və ləyaqətsiz varlıq olduğunu sübut etməsi üçün Allahdan möhlət istəyir ki, insanı özünə ram etsin. İnsana etibar edən, insanlığa inanan Allah bu möhləti ona verir və qeyd edir: “Sən onların xoşbəxtliyini və ləyaqətini yalnız yalan vədlərlə əllərindən ala biləcəksən, onları savaşa çəkəcəksən, malik olduqlarını əllərindən alacaqsan. Lakin bil, ixlaslı insanlarla bacara bilməyəcəksən” (bax: İsra surəsi, 64-cü ayə; Hicr surəsi, 40-cı ayə).

 

İxlası “səmimiyyət” kimi tərcümə etmək olar. Lakin, hər səmimiyyət ixlas sayılmır. İxlas yalnız və yalnız məhəbbətdən doğan səmimiyyətdir. İxlasın hədəfi insanı Allaha yaxınlaşdırmaq, Allaha qovuşdurmaqdır. Məhəbbətdən doğmayan səmimiyyət ədəbsizlik, qırmızılıq və ikiüzlülükdür. Bir insan “mən səmimiyəm” bəhanəsi ilə ağlına gələni deyib nifaq salması ixlas, səmimiyyət ola bilməz. İxlas və məhəbbət əkiz qardaşdılar, bir birindən ayrılmazdılar. Bu səbəbdəndir ki, şeytanın yalan vədinə uyaraq bədbəxt olmağın əksi kimi ixlas göstərilir. İxlas haqqa sevgidən qaynaqlanır, insanı həqiqət axtarışına təşfiq edir, haqqa sevgi insanı ayıq-sayıq edir, yalandan sığortalayır. Bu baxımdan İslam nöqteyi-nəzərindən xilqətin qayəsi eşqdir. Yaradılış məhəbbətin təzahürüdür və bu məhəbbətin qarşılığı insanın kamala doğru hərəkət etməsidir. Yaradanı sevən yaradılışı da sevər, çünki hər bir məxluq məşuqun xatirəsi kimi cilvələnər gözündə.

 

İslamın əsas göstərişlərinə nəzər salın, zəhmət olmasa. Qurani-Kərim kamil insan barədə danışarkən bir neçə mühüm xüsusiyyətə toxunur ki, onlar “füru-ud-din”, yəni dinin praktiki əsaslarında aşağıdakı ardıcıllıqla öz əksini tapır:

 

  1. İnsanın Allahla daim rabitədə olması – namaz;
  2. İnsanın öz maddi istəklərini məhdudlaşdırması – oruc;
  3. İnsanın cəmiyyətdə yaşayaraq mənəvi təkamül etməsi – həcc;
  4. İnsanın cəmiyyətin maddi rifahı üçün çalışması – xüms və zəkat;
  5. İnsanın cəmiyyətin mənəvi rifahı üçün çalışması – nəhy-ənil-münkər və əmr-bil-məruf;
  6. İnsanın ictimai baxımdan ayıq-sayıq olması – təvəlla və təbərra;
  7. İnsanın cəmiyyətin təhlükəsizliyi naminə çalışması – cihad.
 
Bütün qeyd olunanlar müsəlmanın həyat proqramının əsas müddəalarıdır və cihad da burada yer alıb. Bəli, insanın daim özünün və cəmiyyətin maddi və mənəvi yüksəlişi üçün çalışması dinimizin əsas təmənnasıdır. Bu çalışmanın yeganə mühərriki məhəbbətdir – Allaha məhəbbət, insanlığa məhəbbət, təbiətə məhəbbət, həyata məhəbbət. Sual yaranır ki, cihad bu eşq mənzərəsində yamaq kimi görsənmirmi?
 

Bu gün cihad mövzusu aktualdır. Yaxın Şərq cihad şüarları ilə viran edilir, insanlar evlərindən didərgin düşür, olmazın vəhşiliklərə əl atılır. Cihad həyatda xoşbəxt və uğurlu olan insanların dincliyini əllərindən almaq istəyənlərə qarşı savaşıdır. Biz isə bunun tam əksini görürük –özlərinə yer tapmayan, həyatdan küsmüş, kin dolu varlıqlar müxtəlif ölkələrdən axışaraq əllərində silahla hamıdan intiqam alır. Bu hadisələri emosiasız danışmaq olmur, sarsıntısız izləmək olmur. Sanki, Allahın şeytan haqqında dediklərini gözünlə görürsən:

 

“Onlardan gücün çatdığı kimsələrə səslənərək təhrik et, atlı və piyadanı onların üstünə yerit, mallarına və övladlarına şərik ol, onlara vədlər ver. Şübhəsiz ki, şeytan onlara ancaq yalan vədlər verər”. (İsra:64, 65)


Çıxışın əvvəlində insanın yaradılış qissəsini danışdıq. Münaqişənin səbəbi şeytanın təkəbbürü göstərildi. Lakin, bu təkəbbürün tam məntiqli izahı var idi – şeytan oddan yaranması səbəbilə insandan üstündür. Bu üstünlük sırf maddi baxımından düzdür, lakin mənəvi baxımdan əhəmiyyətsizdir. Belə demək olarsa, şeytan materialist dünyagörüşü sərgiləyir. Materialist tərz-təfəkkür həyatı sırf maddi yöndən dəyərləndirir. “Mən filan millətdənəm”, “mən daha qədiməm”, “mən daha zənginəm”, “mən daha bacarıqlıyam”, “mən filan üstünlüklərə malikəm” və mən, mən, mən.... Bu mənlər insanı şeytan kimi təkəbbürlü edir və başqalarının alçaldılmasını zəruri edir. “Mən üstünəm” iddiasının arxasında “o mənə ram olmalıdr” iddiasının səslənməsi qaçılmazdır. “Mən üstünəm” təfəkkürü başqasında hansısa bir müsbət xüsusiyyətin olmasını dözülməz edir. Mən üstünəmsə, heç kəs mənim kimi ola bilməz və hamı mənim iradəmə ram olmalıdır. Allah öz aşkar üstünlüyü ilə belə insana azad seçim verir, güzəşt edir, əfv edir, fürsət yaradır, yardım əlini uzadır, can yandırır, təfəkkürə təşfiq edir. Lakin, şeytan və şeytani dünyagörüşü bu yolu məqbul saymır. Azadlıq, təfəkkür, güzəşt, mərhəmət, sevgi, yardım, həmdərdlik eqoist dünyagörüşünə nəinki yaddır, hətta təhlükəlidir. Burada sual yaranır: şeytani dünyagörüşü insanlığa qənim kəsilərsə insansevər birisi necə davranmalıdır? Yaxud başqa bir sual: təmənnasız olaraq insanlığın keşiyində ən insansevər birisindən başqa kim dura bilər?

 

Bəli, Qurani-Kərimdə 164 ayə cihad mövzusundadır. Bu az deyil. Lakin, onları bir-bir konteksdən çıxarmadan tədqiq etsək hansı mənzərə yaranar? Peyğəmbər (s) on üç il, yəni peyğəmbərlik missiyası dönəminin yarıdan çoxunu Məkkədə əzab-əziyyətə qatlaşmaqla keçirdi. Məkkəlilər müsəlmanlara ağıla gələn və gəlməyən həqarəti edir, onları təqiblərə məruz qoyur, qovur, blokadada saxlayır, boykot edirdilər. Peyğəmbər (s) bütün bunlara dözür və “İlahi, onlar nə etdiklərini anlamırlar, onları cəzalandırma” deyə dua edir. Lakin, Mədinə sakinləri öz xoşu ilə müsəlman olub Peyğəmbəri (s) öz şəhərlərinə dəvət etdikdən sonra vəziyyət dəyişir. Peyğəmbər (s) artıq iqtidardadır və cəmiyyətin taleyinə görə hamıdan çox məsuliyyət daşıyır. Mədinədə müxtəlif icma və qəbilələr arasında qardaşlıq sazişi imzalayır, sülh və əmin-amanlığı təmin edir. Tədricən qəbilə savaşlarından bezən ərəblər arasında Mədinənin şöhrəti artır. Müsəlmanların insanpərvərliyi, insan ləyaqətinə verdiyi dəyər idi Mədinəni Mədinə edən. Buradakı nizam, qanun, maddi rifahın artımı, ədalət, qardaşlıq və mehribanlıq diqqətdən yayına bilməzdi. Lakin, ərəblər arasında qeyri-rəsmi paytaxt olan Məkkə Mədinənin yüksəlişini götürə bilmir. Mədəniyyətin, ticarətin, siyasətin, bütpərəstliyin mərkəzi olan qədim Məkkə onu kölgədə qoya biləcək yeni bir mərkəzin varlığına dözə bilmir və beşiyindəcə boğmaq istəyir. Peyğəmbər (s) Mədinə dönəmində Məkkənin özü və ya müttəfiqlərinin planını alt-üst etməklə, onların təhlükəsini sovuşdurmaqla məşğul idi. Quranın cihad ayələri, Peyğəmbərin (s) cihad haqda hədisləri bu konteksdə başa düşülməlidir. Odur ki, səkkiz il müsəlmanları rahat buraxmayan və ardıcıl savaşa çəkən Məkkənin fəthi zamanı, Peyğəmbər (s) hamını əfv edir. Səhabələrdən biri emosiyalara qapılaraq “indi intiqam alacayıq, daşı daş üstündə qoymayacayıq” qışqırığını eşidən Peyğəmbər (s) onu danlayır və heç kəsdən intiqam alınmayacağını bildirir. Ən başlıcası isə, cihadın bu qədər aktual və mühüm olduğu bir dönəmdə cəmiyyəti militarist ruhiyyəyə kökləmək əvəzinə, Həzrət Məhəmməd (s) müsəlmanların savaşını “kiçik cihad” adlandırır. Səhabə bu “kiçimsəmənin” mənasını anlamır və dərhal soruşur: “O zaman böyük cihad nədir?” Cavab gəlir: “Nəfslə cihad”. Bütün bu əzab-əziyyətlər bir hədəf üçündür – özünü saldığın təkəbbür qəliblərindən, çərçivələrindən, qandallarından azad edəsən ki, əsl insan ola biləsən.

 

Sonda şəhidin məntiqini izah edən Quran ayəsinə müraciət etmək istərdim.  Yasin surəsində Allah-Təala bir şəhər barədə söz açır. Həmin şəhərə üç peyğəmbər göndərilir, lakin camaat onları yalanlayır və ölümlə təhdid edir.  Cəmi bir kişi peyğəmbərlərin müdafiəsinə qalxır və onu qətlə yetirirlər. Quran bu hadisəni mühüm deyilmiş kimi təfərrüatı ilə təsvir etmir. Lakin, şəhidin məntiqini ortaya qoyur. Dünyada ikən olduğu kimi, cənnətə daxil olduqdan sonra da şəhid öz xalqını düşünür və insanların xoşbəxt olmalarını arzulayır:

 

Ona: 'Cənnətə daxil ol!'– deyildi. O dedi: 'Kaş xalqım biləydi ki, Rəbbim məni bağışladı və məni möhtərəm etdi”.



hacishahin.az