MƏQALƏLƏR

Ədalətin qurbanı

03 İyul 2016 3524

Qələmi ələ götürüb həzrət Əli (ə) barədə nəsə yazmaq olduqca çətin, cürət və cəsarət tələb edən bir işdir. Aləmlərin Rəbbinin öz kitabında üç yüz dəfədən artıq tərif etdiyi bir şəxsi necə öyəsən, fəzilətlərini necə yazıya köçürəsən? Böyük mərifət sahiblərinin, ağıl və zəka mədəni olan əzəmətli şəxsiyyətlərin ağlını heyrətə gətirən bir insan barədə nə danışasan, onu necə vəsf edəsən? Mehdi Cəvahirinin dediyi kimi: “Əgər bir şəxsin fəzilət və üstünlükləri ədədlərin sayının fövqündədirsə, onun dərəcələrini saymağın özü böyük bir nöqsandır”. Əlinin (ə) fəzilətlərindən danışmaq bütöv dəryanın suyunu bir səhəngdə daşımaq xülyasına düşən dəlinin istəyinə bənzəyir. Bu məqamda Mövlananın bu sözü ilə təskinlik tapmaq olar: “Dəniz suyunu içmək mümkün olmasa da, yanğın sönüncə dadmaq gərəkdir”.

 

İslam alimlərindən biri çox gözəl bir fikir söyləyib: “Əli (ə) İslam Peyğəmbərinin möcüzəsidir”. Möcüzəni anlamaq, olduğu kimi dərk etmək insan ağlının imkanlarından xaric olduğu kimi, Əlini (ə) layiqincə tanımaq ən kamil düşüncənin belə öhdəsindən gələ bilməyəcəyi bir işdir. Əlinin (ə) müqəddəs vücudu elə bir varlıqdır ki, onu tanrı adlandırmaq mümkün deyil, amma ona insan söyləmək də müşkül olan nəsnədir.

 

Tanrıyabənzər bəşər olan Əli (ə) cürbəcür fəzilətlər, qüdsiyyətlər, gözəlliklər nümunəsidir. Doktor Əli Şəriətinin yazdığı kimi : “Əli şəxsiyyətinə münasibətdə məzhəbi təəssübkeşlikdən uzaq olsaq belə, onun timsalında elə bir insanı görürük ki, ən kamil insanın malik ola bilmədiyi mütləq fəzilətlər və bənzərsiz keyfiyyətlərə malikdir. Hətta əsatirlərdə də belə bir fəzilət ola bilməz”. Onun iştirak etdiyi müharibələrə nəzər saldıqda, şücaətlə, qorxusuz, ilahi qüdrətlə vuruşan tanrısayağı bir vücud canlanır gözümüzün önündə. Döyüşdən qayıdarkən Kufədə yetim bir uşaqla rastlaşdığı zaman bu uşağın qarşısında elə zəif, elə titrək və pərişan olur ki, bir ananın ən incə hisslərini əfsanəvi şəkildə əks etdirir. Düşmənlə mübarizədə onun zülfüqar qılıncı kəskinlik və qətiyyət məzhəri hesab edilir, İslam cəmiyyətinin içində isə ondan yumuşaq, ondan səmimi, ondan mərhəmətli bir insan tapılmaz. Xristian dininə mənsub ərəb tarixçi Corc Cordakın “Əl-imam Əli” kitabının müqəddiməsində yazdığı kimi: “Əli təkcə müharibə meydanında qəhrəman deyildi, hər yerdə qəhrəman idi. Ürək saflığı, vicdan təmizliyi, böyük dözüm və səbir məsələsində də qəhrəman idi. Məzlumlara köməkdə, haqqa bağlanmaqda, hər yerdə və hər bir nöqtədə, bütün meydanlarda qəhrəman idi...”

 

Şücaət və qəhrəmanlıq nümunəsi olan bu insan görəndə ki, öz haqqını qorumaq üçün qılınc çəksə, İslamın qüdrəti zəifləyər, müsəlmanların vəhdəti pozular, hisslərini boğur, dözür, əsrin dörddə biri qədər səbir edir. Özünün dediyi kimi, “gözündə tikan, boğazında sümük olan” bir insanın keçirdiyi hissləri yaşayır.

 

Əlinin (ə) şücaəti heç zaman ədalətini üstələmir, ədaləti isə şəhidliyi ilə nəticələnir. Məşhur alimlərdən birinin dediyi kimi: “Əli öz ibadət mehrabında ədalətinin şiddəti səbəbi ilə öldürüldü”. Yaşadığı cəmiyyət onun ədalətinə tab gətirə bilmədi, qətlinə hökm çıxardı.

 

Lakin həzrət Əli (ə) elə şəxsiyyətlərdəndir ki, ölümü ilə dirilik əldə etdi, əbədiyyət rəmzinə çevrildi. Ümumiyyətlə belə insanlar heç zaman ölmür, çünki varlıqları cismani deyil, ruhanidir. Əksinə, zaman keçdikcə bu insanlar yeniləşir, yüzlərlə, minlərlə, milyonlarla insanın ilham mənbəyinə çevrilir. Həzrət Əlinin (ə) düşmənləri elə zənn edirdilər ki, onu öldürməklə onun işini bitirəcəklər, adını yaddaşlardan siləcəklər. Onlar başa düşmürdülər ki, Əli (ə) yalnız bir cisimdən ibarət deyil, torpaq altına qoyulmaqla unudulsun. Əli (ə) insanların fitrəti ilə səsləşən bir əqidə və məktəbdir. İnsanlıq var olduqca o da var olacaq. Bütün bunları nəzərə almayan düşmənlər tezliklə yanıldıqlarını anladılar. Həzrət Əli (ə) şəhid olduqdan sonra Müaviyyə gördü ki, insanların Əliyə olan məhəbbəti, bağlılığı daha da artır, Əli (ə) azad insanların azadlıq rəmzinə, fədakarlıq simvoluna çevrilir. Bu dəfə də Əlinin (ə) adı və əqidəsi ilə mübarizəyə qalxdı. Bütün valilərə məktub yazdı ki, xilafətin hər yerində cümə xütbələrindən öncə Əliyə (ə) lənət oxunsun. Bütün bu vəhşət və narahatlıq onu göstərirdi ki, Əli (ə) xalq arasında diri idi, xalqın qəlbində yaşayırdı və Müaviyyə hətta onun adından belə qorxurdu.

 

Bu gün də bu hadisələrdən 1400 ildən artıq bir vaxtın keçməsinə baxmayaraq, Əli (ə) yenə də diridir, yalnız elmi-tədqiqat əsərlərində, tarix dərsliklərində yox, həm də milyonların qəlbində yaşayır. Müaviyyə kimiləri bu adı torpağa batırmaq üçün nələr etmədilər. Amma yüzlərlə Müaviyyənin adı torpağa batdı, Əlinin (ə) adı, məhəbbəti, əqidəsi qəlblərə hakim oldu, yaşadı, aradan getmədi. Əksinə, zaman keçdikcə onun təravəti bir az da artdı, əzəməti daha qabarıq şəkildə təzahür etdi, dinindən, milliyyətindən asılı olmayaraq böyük zəka sahiblərini öz təsirinə aldı. Cubran Xəlil Livanın xristian dininə mənsub olan alimlərindən biri olub. 12 yaşından ABŞ-da yaşayıb, ingilis və ərəb dillərində gözəl əsərlərin müəllifidir. Xristian olmasına baxmayaraq, bu alim təqvalıların mövlası olan Həzrət Əlinin (ə) aşiqlərindən biri olub. Bu alim özünün bir çox əsərlərində dünyanın böyük şəxsiyyətlərindən danışarkən İsa Məsih və Əli ibn Əbu Talibin adlarını çəkir. Cubran Xəlil kitablarının birində Həzrət Əli (ə) barədə danışarkən yazır: «Mən dünyanın bu sirrini heç cür anlaya bilmirəm ki, nəyə görə bəzi adamlar öz yaşadıqları zamandan bu qədər irəlidə olublar. Mənim əqidəmcə, Əli ibn Əbu Talib öz zamanının insanı deyildi. O zaman Əliyə layiq deyildi, onu layiqincə tanıya bilməzdi». Başqa bir xristian yazıçı Corc Cordak yazır: “Ey dünya! Nə olardı ki, bütün qüdrət və gücünü işə salaydın və həmin ağılla, həmin qəlblə, həmin dillə, həmin Zülfüqarla dünyaya təzə bir Əli bağışlayaydın”. Uzun müddət Böyük Britaniyanın Bağdaddakı səfirliyində işləmiş bir ingilis diplomat isə Həzrət Əli (ə) barədə yazır: «Əgər o böyük xətib Əli ibn Əbu Talib bizim əsrimizdə, elə bu gün Kufə məscidində minbərə qalxsaydı, görərdi ki, məscid Avropanın böyükləri və görkəmli adamları ilə doludur. Hamı gəlib öz ruhunu onun bilik dolu dənizindən sirab edərdi».

 

Bəs görəsən, Əli (ə)-nin əbədiyyətə qovuşmasının sirri nədir? Nəyə görə Əli (ə)-nin məhəbbəti zaman və məkan sərhədlərini aşaraq qəlblərə hakim olub, insanların qəlblərinin qibləsinə çevrilib? Bəziləri bu suala: «Əlinin məhəbbəti insani, əxlaqi fəzilətlərə olan məhəbbətdir», - deyə cavab verirlər. Lakin zənnimizcə, bu fikir Əli əbədiyyətinin sirrini lazımınca açıqlamır. Şübhəsiz ki, Həzrət Əli (ə) kamil insan nümunəsi idi. Bu da doğrudur ki, insan ixtiyarsız olaraq ali insanlıq nümunələrini sevir, onlara bütün vücudu ilə bağlanır. Amma əgər Əli (ə) bütün bu insani fəzilətlərə: elm və hikmətə, fədakarlıq və şücaətə, təvazökarlıq və mərhəmətə, ədalət və azadlıqsevərliyə, ədəb və mehribançılığa malik olsaydı, amma ilahi rəngə boyanmış olmasaydı, bu qədər sevilə bilməzdi. Əli (ə) ona görə qəlblərin məhbubudur ki, onun Allaha möhkəm bağlılığı var. Hər bir insan öz fitrətinin dərinliyində haqqa və Allaha bağlı olduğuna görə Əliyə də bağlıdır. Çünki Əli (ə) haqqın ən böyük nişanələrindən biridir. Əli məhəbbətinin qaynağı ilahi məhəbbətdir. Ümumiyyətlə, övliyalar bu və ya digər əxlaqi xüsusiyyətə malik olduqlarına görə yox, Allaha bağlı olduqlarına görə sevilirlər. Əli (ə) bütün əxlaqi dəyərlərin, insani xüsusiyyətlərin məzhəridir, amma Əliyə (ə) əbədilik qazandıran onun Allaha olan imanı və sədaqətidir. Bu iman ona elə bil ilahi cazibə bəxş edib ki, hər zaman pak fitrətli insanları maqnit kimi özünə cəlb edir.

 

İbn Suhan Əbdi də Həzrət Əlinin (ə) aşiqlərindən biri idi. Əli (ə) dəfn olunan gecə İbn Suhan bir əlini ürəyinin üstünə qoyub digər əli ilə başına torpaq tökə-tökə imamın qəbrinə xitabən deyir: «Ölüm mübarək olsun sənə! Doğulmağın pak idi, səbrin güclü, cihadın böyük. İstədiyinə çatdın, ticarətin xeyirli oldu. Qardaşın Məhəmməd Mustafaya (s) qonşu oldun, o səni öz yaxınlıq məqamına qovuşdurdu. Allahdan istəyirəm ki, sənin davamçılarından, göstərişlərinə əməl edənlərdən olaq. Dostlarını dost tutub, düşmənlərinə düşmən olaq, sənin dostlarının cərgəsində olaq...

 

Başqalarının tanımadığını tanıdın, digərlərinin əldə edə bilmədiyini əldə etdin. Ən gözəl salamımız sənə olsun! Allaha and olsun ki, həyatın xeyrin açarı, şərin qıfılı idi, ölümün isə şərin kilidi, xeyrin qıfılıdır. Əgər insanlar səni tanısaydı, göydən və yerdən üzərlərinə nemətlər yağardı, amma dünyanı axirətdən üstün tutdular, təəssüf ki…»

 

Təəssüf ki, insanlar onu tanıya bilmədilər, lazımınca dəyərləndirməkdə aciz oldular. Özü də bunu başa düşürdü, təbii və çıxışlarında «Məni itirdikdən sonra qədrimi biləcəksiz»- deyə buyururdu. Öz yamaqlı çarıqlarına işarə edərək «And olsun Allaha sizə xəlifə olmaq mənim üçün yamaqlı çarıqdan daha dəyərsizdir, haqqı müdafiə edib nahaqla mübarizə aparmaq olmasaydı». Xilafət onun üçün məzlumun haqqını qaytarmaq, zalımın zülmünə son qoymaq üçün vasitədən başqa bir şey deyildi. Çoxları bu iddiada ola bilər, amma Həzrət Əlinin (ə) həyatı iddia ilə əməl vəhdətinin ən gözəl nümunəsi idi. Həzrət Əli (ə) o nadir insanlardan idi ki, siyasət məfhumu ilə hiylə və kələk, çirkinlik və əxlaqsızlıq məfhumlarını bir-birindən ayırdı. Siyasəti hiylə və hoqqabazlıqdan ibarət olan düşməninin əksinə olaraq möminlər əmiri Həzrət Əli (ə) heç zaman mənəvi prinsipləri tapdalamadı, mənəviyyatı siyasətə qurban vermədi. Bir çoxları bunu düzgün dəyərləndirməyib: «Müaviyyə Əlidən daha yaxşı siyasətçidir, o daha zirəkdir»,- deyirdilər. Bu insanların cavabında Əli (ə) deyirdi: «And olsun Allaha, Müaviyyə məndən daha zirək, daha bacarıqlı deyil. Əgər Allah hiyləgərliyi qadağan etməsəydi, görərdiniz Müaviyyə zirəkdir, ya mən». Bununla Əli (ə) onları başa salırdı ki, siyasətdə hiylədən istifadə etməməsi onun bacarıqsızlığı ilə yox, təqvası, Allaha bağlılığı ilə əlaqəlidir. Əli (ə)-nin siyasətini Müaviyyə siyasətindən fərqləndirən cəhət bundan ibarətdir ki, onun siyasəti İslam adlı haqq olan dinin bir məktəb kimi qorunub saxlanması, gələcək nəsillərə çatmasına xidmət edirdi. Əli (ə) üçün önəmli olan insan dəyərlərinin qorunması idi. Əli (ə)-nin xilafəti, müharibəsi, sülhü bu dəyərlərin qorunmasına xidmət edirdi. Əlinin savaşı dəyər savaşı idi deyə, mənəvi dəyərləri heç bir məqsədə qurban verə bilməzdi. İmam Əli (ə) də öz düşməninin istifadə etdikləri üsullardan istifadə etsəydi şübhəsiz onlara qalib gələrdi, amma daha Əli (ə) ola bilməzdi. Bu isə həqiqətdə Əli (ə) üçün ən böyük məğlubiyyət olardı. Əli (ə) ilə onun düşmənlərinin davası haqq ilə batiln davası idi və bu gün Əlinin (ə) adı məhəbbətlə, Müaviyyənin adı nifrətlə çəkilirsə, insanlıq Əlinin (ə) uğrunda fəda olduğu dəyərlərin təşnəsidirsə, şübhəsiz ki, bu savaşdan Əli (ə) qalib çıxdı. Bu isə Əlinin (ə) uzaqgörən siyasətçi olmasının sübutudur. Əlinin (ə) siyasəti ilahi siyasətdir, həyatının bütün cəhətləri kimi. Əlini (ə) insanlara sevdirən və düşmənlərinə qalib edən də məhz budur: onun bütün vücudu ilə Allaha bağlı olması.

 

 

Hacı Şahin Həsənli
Simsar.az, 2012