Müsahibələr

"Cəmiyyət və din" qəzetinə müsahibə (II hissə)

17 İyul 2014 1564

"İlahi eşqə çatmaq üçün insan uzun müddət istəkləri ilə mübarizə aparmalıdır".


İlahiyyatçı alim, "Məşədi Dadaş" məscidinin axundu hacı Şahin Həsənlinin "Din və cəmiyyət" qəzetinə müsahibəsinin ikinci hissəsini təqdim edirik. Birinci hissəni burada oxuya bilərsiz.


- Sizcə, məzhəb təəssübkeşliyi ilə din təəssübkeşliyinin fərqi nədədir?


- İnsanın hamını özü kimi görmək istəməsi onun eqoizmindən qaynaqlanır. Din isə eqoizmə qarşı olan dəyərdir. Dinin əsas məqsədi insanı dar maraqlar çərçivəsindən çıxarıb, bütün insanlığın dəyərlərini bölüşməyə dəvət etməkdir. Lakin biz bəzi hallarda dinə də eqoistcəsinə yanaşır, ona dar pəncərədən baxırıq. Hər kəsi özümüz kimi görmək, fikirlərimizi insanlara zorla qəbul etdirmək istəyirik.Bəzən sosial şəbəkələrdə gənclər arasında müəyyən mübahisələrin şahidi oluruq. Təəssüf ki, gənclərin bəzilərində belə aqressiv yanaşma, bir-birinə lənət və söyüş yağdırmaq tendensiyası var. Bir daha deyirəm, dini insanlara çatdıran din xadimlərinin də üzərinə bu məsələdə böyük məsuliyyət düşür. İnsanlara anlatmaq lazımdır ki, biz sadəcə düzgün bildiyimizi onlara çatdıra bilərik. Lakin kimisə zorla özümüz kimi düşünməyə vadar edə bilmərik. Bu haqqı Allah bizə verməyib və biz bununla Allaha qarşı çıxmış oluruq. Hər hansı məzhəbə mənsub olmaq faciə deyil, bu, insanın özünün seçdiyi yoldur. Amma bu yolu digərləri ilə əl-ələ verib getmək olar. Ayrılıq nöqtələrindən çox, bizi birləşdirən nöqtələr daha çoxdur. Yəni eqoizmdən qurtularıqsa, hər bir insanın xoşbəxtliyini düşünəriksə, hətta inancından asılı olmayaraq, bütün insanlar yaradılış baxımından bir-biri ilə qardaşdırlar, bu qardaşlıq prinsiplərinə sadiq qalarıqsa, o zaman dediyim o dar baxışlardan sığortalanarıq. Din bütün insanlar üçün universal dəyərdir və onu hər hansı məzhəbin inhisarında saxlamaq olmaz.


- Yəni demək istəyirsiniz ki, məzhəb təəssübkeşliyi din təəssübküşliyini bir növ əzib keçir?!


- Məzhəb təəssübkeşliyi dini təəssübkeşliyə ciddi zərbə vurur. Bir daha deyirəm ki, məzhəb təəssübkeşliyinin əsas səbəblərindən biri insanın yalnız özünü düşünməsidir.

 

- Bunun ölçüsü, meyarı hara qədərdir? Sizcə, bunu hara qədər qəbul etmək olar?


- İnsan bu məsələlərdə təəssübkeş olmamalıdır. Hər kəs doğru bildiyi yolu gedir. Eyni zamanda, hər kəsin doğru bildiyini başqalarına çatdırmaq haqqı var. Bu, dinimizin də, Peyğəmbərimizin (s) də verdiyi haqdır, ümumiyyətlə, peyğəmbərlərin də missiyası bundan ibarət olub. Sən doğru bildiyini deməlisən, çatdırmalısan. Digərlərinin də qəbul edib-etməmək, öz bildiyi kimi yaşamaq haqqı var. Din başqalarının haqqına sayğı ilə yanaşmağı aşılayır insana. Eyni zamanda, qanunvericilikdə də təsbit olunub ki, insanlar dinc yanaşı yaşamaq üçün bir-birinə hörmət etməlidirlər. Həzrət Əlinin (ə) Malik Əşdərə məktubu var. Yazır ki, “insanlar səninlə eyni dini bölüşməsələr də, insanlıq baxımında səninlə qardaşdırlar”. Yəni dinimiz başqa dinlərin mənsubları ilə də qardaşlıq münasibətlərini saxlamağa təşviq edirsə, biz isə hansısa cüzi fərqləri qabardıb onu düşmənçilik səviyyəsinə qaldırırıqsa, deməli, dindən də, məzhəbdən də heç nə anlamamışıq.

 

- Burada maraqlı bir sual da meydana çıxır. Hesab edək ki, sabah Qarabağ müharibəsi başladı. Əminsinizmi ki, təriqət və məzhəbindən asılı olmayaraq bütün dindarlar savaşa gedəcək?


- Hesab edirəm ki, bu gün respublikamızda ənənəvi məzhəblər arasında normal münasibətlər var. Və bu gün də tam əminliklə deyə bilərəm ki, Qarabağ müharibəsi başlanarsa, tarix boyu olduğu kimi, müxtəlif məzhəblərə mənsub insanlar torpaqlarımızın azadlığı uğrunda çiyin-çiyinə vuruşacaqlar. Sadəcə olaraq, bu münasibətləri sarsıtmaq istəyən qüvvələrin, insanların qarşısı alınmalıdır. Yəni Azərbaycanda heç bir vəchlə məzhəb zəminində qarşıdurmaya yol vermək olmaz. Biz əsrlərlə qoruyub-saxladığımız dəyərləri kiminsə siyasi maraqlarına, hansısa dövlətlərin oyunlarına qurban verə bilmərik. Hamımız bu məsələdə məsuliyyət daşıyırıq. Birliyimizi sarsıtmaq istəyənlərə cavabı da ilk növbədə dindarlar verməlidir. Cəmiyyət, dini inancı bölüşən eyni insanlar ayıq olarsa, hansısa cəza tədbirlərinə də, dövlətin müdaxiləsinə də ehtiyac olmaz.

 

- Bayaq qeyd etdiniz ki, Azərbaycanda əsrlər boyu tolerantlıq ənənələri mövcud olub, formalaşıb. “Bəqərə” surəsinin 141-ci ayəsində buyurulur ki, “Onlar (İbrahim, Yəqub və övladı) bir ümmət (camaat) idilər ki, keçib getdilər, onların qazandıqları (əməllər) özlərinə, sizinki isə özünüzə aiddir. Onların əməlləri haqda sizdən sorğu-sual olunmaz”. Tolerantlıq, multikulturalizm – Azərbaycan bu gün dünyada özünün çox mütərəqqi olan tolerantlıq modeli ilə çıxış edir. Bu haqda nə deyə bilərsiniz?


- Bu, həqiqətən də dünyaya nümunə ola biləcək bir modeldir. Bunu təkcə biz demirik, Avropadan gələn siyasətçilərin, diplomatların, müxtəlif peşə sahiblərinin dilindən eşidirik ki, ölkəmizdə unikal dövlət-din münasibəti və dinlərarası, məzhəblərarası münasibətlər modeli var. Bu modelin özəlliyi də məhz dini ənənələrimizdədir. Azərbaycanda din, irfan üzərində köklənmiş sahədir, dəyərdir. Bu, bizim poeziyamızda, mədəniyyətimizdə öz əksini tapıb və bu dözümlülüyün əsasında irfan ənənələri dayanır. Din də məhz bu gün həmin müstəvidə təbliğ olunmalıdır. İlahi eşq və insanlara olan məhəbbət – dinin təbliğində aparıcı istiqamət kimi qəbul edilməlidir.

 

- Söhbət əsnasında iki dəfə vurğuladınız ki, Azərbaycanda tolerantlıq ənənələri ilahi eşq, irfan üzərində qurulub. Dini dünyagörüşü, dinə münasibət insanın iç dünyası, daxili aləmi ilə sıx bağlıdır. Dediyiniz həmin ilahi eşq həm zahiri, həm də batini yaşadır. Sizcə, eşqin potensialı nədədir?


- Eşq - dinin ruhudur.  Məsumlarımızdan nəql olunan hədislərdə qeyd edilir ki, din eşq və məhəbbətdən başqa bir şey deyil. Din, yəni haqqa-həqiqətə bağlılıq, Allahı, insanları sevməkdir. Bütün dini ibadətlərin də əsas qayəsi insanların daxilində bu eşqi gücləndirməkdir. Yalnız özünü düşünən, öz qayğıları ilə yaşayan insan eşqi dada bilməz. Eşqi dadmaq üçün insanın “MƏN” sərhədini aşmalıdır. İbadətlər də məhz buna xidmət edir. Gündəlik ibadət insana özünü unutdurmaq üçündür. Və yaxud başqaları ilə yardımlaşmaq, insanları sevmək, onların dərdini çəkmək böyüklükdür. İnsan öz qayğılarının içində həbs olunub qaldıqca bir o qədər də eşqdən uzaqlaşır. Allahı sevən istər-istəməz başqalarını da sevir. Yəni yalnız özünü düşünməyən insan başqalarının qəmini bölüşür, onlara yardım göstərməyə çalışır. İbadət təkcə namaz qılmaqdan ibarət deyil, hədislərdə qeyd olunub ki, ən abid insan başqalarına xeyir verəndir. Cəmiyyətdə kimsə mənim varlığımdan faydalanırsa, yararlana bilirsə, mən Allaha da layiqli bəndə hesab oluna bilərəm. Bəndəlik tərki-dünyalıq deyil, insan öz üzərində ictimai məsuliyyətini anlamalıdır. Bunsuz fərdi ibadətlər qəbul olunmur. Məsələn, Ramazan orucu tutulursa, oruc bitdikdən sonra iftar vermək haqqında göstərişlər var. Bir ay oruc tutulursa, Fitr bayramında fitrə zəkatı ödənilir. Qurban bayramında qurban kəsib digər insanlarla bölüşür insan. Yəni ilahi eşq və insanları sevmək – bir-biri ilə əlaqəlidir. İnsan Allahı sevdikcə öz maraq dairəsindən çıxır və başqa insanları sevməyə başlayır. Mümkün deyil ki, kimsə Allahı sevsin, amma digərləri ilə düşmənçilik etsin.

 

İlahi eşq dinin əsas qayəsi, təməlidir. Məhz bu müstəvidə də din təbliğ olunarsa, o zaman tolerantlıq ənənələri də qorunub saxlanıla bilər.

 

- Mən bir az da təfərrüata varmaq istəyirəm. Nə üçün insanın eşqə ehtiyacı var?


- İnsan eşqsiz yaşayarsa, onun həyatı mənasını və hərarətini itirər. Yəni həyat mənasız və yorucu olar. İnsan yalnız gündəlik qayğıları ilə yaşamaqdan zövq ala bilməz. Eşqə ilk növbədə insanın özünün ehtiyacı var. Eşq insanı daxilən zənginləşdirir, insanın həyatına istiqamət verir və adamlara qarşı ürəyi sevgi ilə dolub-daşanlar həyatdan da, yaşamaqdan da zövq alır. Quranda nümunəvi insandan danışılarkən yeməkdən çox yedirtməkdən, geyməkdən çox geyindirməkdən zövq alanlar təqdir edilir.  Bu zövq yalnız eşqdən qaynaqlanır. Özünü düşünənin həyatı acı olur, yəni o, öz qayğıları ilə yaşayır, dünyaya öz mənfəəti prizmasından baxır, ona görə də onu incidən məsələlər həyatda çox olur. Mənafeyinin təmin olunmadığını görən insan pessimizmə, ümidsizliyə qapılır. Bir çox sosial problemlərin də səbəbi məhz eşqin çatışmazlığındadır. Eqoist insanın həyatı maraqsız olur və o, qarşılaşdığı problemlər nəticəsində ümidsizləşir, yaşayışı mənasını itirir, intihar kimi hallara əl atır. Eşq isə həyata hərarət verir və ən çıxılmaz vəziyyətdə insana ümid bəxş edir. Yəni sevgi ilə yaşayan insanların həyatına baxdığımız zaman görürük ki, onlar ən çıxılmaz vəziyyətlərdə belə, ümidlərini itirmirlər və yalnız başqalarına fayda verməyi düşünürlər. İnsanın bundan aldığı zövq heç bir maddi ölçülərlə ölçülə bilməz. Bunun insanın həyatında müstəsna, xüsusi təsiri var.

 

- Sizcə, eşqin mərhələləri varmı?


- Təbii ki, var. İnsan Rəbbinə doğru yol gedir və eşq dərəcəsinə yüksəlmək bir günün işi deyil. İlahi eşqə çatmaq üçün insan uzun müddət istəkləri ilə mübarizə aparmalıdır. Ona görə də hədislərdə qeyd olunur ki, ən böyük cihad insanın özü və nəfsi ilə apardığı cihaddır. İnsan özü üzərində qələbə çalmadıqca eşqə çata bilməz. Ürəkdən, qəlbdən “mənəm-mənəmlik toxumları” çıxdıqda oraya ilahi eşq daxil olur. Allaha məhəbbətə gedən yol məhz insanın özü ilə mübarizəsindən keçir. İnsan öz istəklərinə “yox” deməyi, özünə qarşı getməyi və bəzən ümumi mənafeyə görə öz mənafeyindən vaz keçməyi bacarmalıdır. Dinin əsası budur, yəni dinin də ən böyük insanı öz nəfsani istəklərinə qarşı getməyə vadar etməsindədir. Dini nöqteyi-nəzərdən azad insan - öz istəklərinə, nəfsinə qalib gəlmiş insandır. Belə insandan digərlərinə heç bir ziyan gəlməz. Bunun nəticəsi olaraq insan başqalarına məhəbbət bəsləyir və hamı üçün bir xeyir mənbəyinə çevrilir.

 

- Vəhyin mənbəyi, ilahi və səmavi təlimlər eşqin mərhələlərinin yüksəlişində hansı təsirə malikdir?


- Vəhy ağılın dərk edə bilmədiklərini çatdırır. Ümumiyyətlə, din ağıl və məntiq üzərində qurulur. Quranda qeyd olunur ki, insanları hikmətlə Rəbbinə doğru çağır. Yəni Peyğəmbər dinə kor-koranə dəvət etmir. O, öz təlimini ağılla əsaslandırır, bu təlimi məntiqi dəlillər vasitəsilə insanlara çatdırmaq əsas missiyadır. Eyni zamanda, bir sıra həqiqətlər var ki, bizim ağlımız onları dərk etməkdə acizdir. Məhz bu məqamda vəhy insanların köməyinə çatır. Vəhy insanın təkamülə çatmasının yolunu göstərir, sanki düsturlar kimi müəyyən istiqamətləri insana göstərir və o istiqamətdə hərəkətə sövq edir. Tutaq ki, insanın gündəlik ibadətlərinin keyfiyyətinin necə olması, hansı qaydada icra edilməsi vəhylə insanlara çatdırılır. Ağlımızla hansısa qeyri-maddi aləmin varlığını təsdiq edə bilərik, amma onun necəliyini ağıl bizə bildirmək iqtidarında deyil. Məhz bu səbəbdən vəhy pərdəarxası həqiqətləri insanlara çatdırmaq üçündür. Ona görə də dediyimiz irfan mərhələlərini, ilahi eşq mərhələlərini qət etməkdə ağılla yanaşı, vəhyin rolu danılmazdır.

 

- Hidayət olunmaq və nicat üçün bu əlamətlər mövcuddur – qaranlıqların bağrında həmişə bir nur parlamaqda və zülməti sındırmaqdadır. Öz həqiqi məşuquna çatmaq üçün insanın yolu boyunca hansı əlamətlər vardır?


- Tamamilə haqlı qeyd etdiniz. Quranda məhz “zülmətlər” cəm şəklində işlənilir, “nur” isə tək. Yəni insan öz nəfsinin yaratdığı müxtəlif hicablara bürünür və o hicabları yarmayınca xoşbəxtliyə çata bilməz. Nə qədər ki, insan öz nəfsinin istəklərinə uyğun hərəkət edir, bir o qədər də Yaradandan uzaq olur. Allaha gedən eşq yolu daxili yoldur – insanın daxilində bir xəzinə var, hədislərdə də qeyd olunub, dinin məntiqi də budur ki, insan mərifət əsasında dünyaya gəlir. Yəni insanın fitrətində Allaha eşq var, bəzən müəyyən günahlarımız örtük kimi həmin xəzinəni örtür. Əsas vəzifəmiz daxili hicabları yarıb o həqiqəti, daxilimizdə olan xəzinəni üzə çıxarmaqdır. Dinin əsas missiyası da məhz bundan ibarətdir – insanları daxili təmizliyə yönəltmək! Quranda qeyd olunduğu kimi, özünü təmizləyən nicat tapacaq, özünü çirkləndirən həlak olacaq. İnsanın qurtuluş yolu daxili təmizlənmədən keçir. Təmizlənmədən nicat tapmaq mümkün deyil və təmizlənmə sizin qeyd etdiyiniz zülmətlərdən nura çıxmaq, günahlar nəticəsində yaranmış o hicabları yararaq məhz insanın fitrətində olan o ilahi eşqi kəşf etməkdir.

 

- Bayaq eşqdən danışarkən azad insan dediniz. Bir var azadlıq, bir də var azadəlik. Azadə əqidəsi yolunda canını da verər, amma azadlıqda belə olmur...


- Bəli, azadlıq haqqında çox danışılıb. Bəzi hallarda azadlıq insanın ürəyi istədiyi imkanı kimi dəyərləndirilir. Yəni azad insan öz istəklərini icra etmək imkanına malik olandır. Dini baxımdan azadlıq insanın istəklərinin, meyillərinin əsarətindən qurtulmasıdır, sizin dediyiniz kimi, azadəlikdir. Yəni din tarixində də kifayət qədər nümunələr var ki, insanlar ümumbəşəri dəyərlər uğrunda ən ibtidai haqları olan yaşamaqdan belə keçir, yəni həyatlarını hansısa ideallara fəda edirlər. Qurandan gələn şəhidlik məfhumunu da bu gün insanlara yanlış izah edirlər. Yəni cihad və bu kimi digər anlayışlar təcavüzkarlıq mənasında təqdim olunur, bu da bəzən “müqəddəs savaş” adlandırılır. Amma İslamda cihad məfhumu məhz insanın dəyərləri qoruması uğrunda canından keçməsidir, fədakarlığıdır. İnsanın dəyərlər uğrunda canından keçməsi üçün ilk növbədə öz nəfsini ayağının altında qoyması vacibdir. Ona görə də ağır bir döyüşdən qayıdan müsəlmanları Peyğəmbər (s) qarşılayarkən bu sözlərdən istifadə edir: “Salam olsun kiçik cihadı başa vurub qayıdanlara!” Soruşduqda ki, bəs böyük cihad nədir? Peyğəmbərimiz (s) buyurur ki, böyük cihad nəfslə cihaddır. Yəni insan daxilində ədaləti bərqərar etmədən kiməsə ədalət bəxş edə bilməz. İnsanın fədakar olması, hansısa ideallar üğrunda canından keçməsi üçün ilk növbədə öz nəfsini qurban kəsməlidir. Çünki həlledici məqamda insanın fədakarlıqdan imtina etməsinin səbəbi onun maraqlarının mane olmasındadır. Ona görə də din təmizlənməyə təşviq edir, təmizlənən insan hətta öz həyatını belə başqalarına səadət bəxş etmək üçün fəda etməyə hazır olur. Və bu məhz başqalarına xoşbəxtlik bəxş etmək üçündür, amma bu gün hansısa məzhəblər arasında, dinlər arasında müharibə alovu gücləndirilir və buna “müqəddəs savaş” adı qoyulur. Bu da tam şəkildə Quran məntiqinə ziddir. İslamda cihad anlayışı insanlıq uğrunda fədakarlıq deməkdir. Amma bugünki gündə bəzi məzhəblər həmin anlayışı kiminləsə düşmənçilik kimi təqdim edirlər.

 

- Elə Füzulinin bu beyti də dediklərinizlə üst-üstə düşür:


Gər şirindirsə, Füzuli, sözü azadəliyin

Hanı bir sərv bu dünyadaki, vardır səməri?!

 

Hacı, məşuq özümü əlamətlər qoymuşdur və ya əlamət qoymaq, yol göstərmək vəzifəsini öz üzərinə götürmüş kəslər vardır? Bunlar kamil insanlardırmı? Kamil insan kimdir?


- Məşuq əlamətlər qoyur və bəzən bu əlamətləri kamil insanlar vasitəsilə insanlara çatdırır. Peyğəmbərlər də o ilahi eşq yolunu insanlara göstərən şəxslərdir, eyni zamanda yalnız peyğəmbərlər deyil, hər kəs hidayət çırağına, yəni insanlara doğru yol göstərən əlamətə çevrilə bilər. Sizin dediyiniz kimi, həmin o hidayət yollarının əlamətləri müəyyən insanlarda da ola bilər. Onlar öz nəfslərinə qələbə çalmış və bu yolu getmiş insanlardır. Yolu tanımadan insan digərlərini məqsədə doğru apara bilməz. Haqqa doğru irəliləyən insan başqalarının da əlindən tutub həqiqətə doğru apara bilər, ona görə də hədislərdə qeyd olunur ki, insanları sözlərinizlə, dillərinizlə deyil, əməllərinizlə haqqa doğru çağırın. Yəni biz çox zaman dəyərlər haqqında danışırıq, amma əməlimizlə sözümüz arasında ziddiyyət olur. Amma insan özü dini, ilahi dəyərlərə sadiq olarsa, bəzən çox sözə də ehtiyac olmaz. Onun davranışı, əxlaqı, insanlara qarşı mərhəməti artıq haqq yolunda bir məşələ çevrilə bilər. Biz çox zaman söz pəhləvanlığı edirik, başqalarına ağıl qoymağı sevirik və hədislərdə də qeyd olunur ki, başqalarını tərbiyə edən şəxsdən daha çox özünü tərbiyə edən şəxs hörmətə layiqdir. Çünki kiməsə nəyisə izah etmək asandır, amma onu əmələ tətbiq etmək bir qədər çətindir. Ona görə də məşuq yolu müəyyən seçdiyi insanlar vasitəsilə təyin edir və bu seçilmişlər yalnız peyğəmbərlər, imamlar deyil, eyni zamanda övliyalardır. Övliya olmaq imkanı da hər bir insanda var. Övliyalıq, Allaha yaxınlıq – məhz daxili təmizlənmə vasitəsilə çata biləcək məqamdır.

 

- Müsahibənizə görə çox sağ olun, təşəkkür edirik.


- Siz də sağ olun!

 

 

 

hacishahin.az