Müsahibələr

Novruz qədim adətimizdir

15 Mart 2018 2419

"Novruz bayramı baharın gəlişi ilə əlaqəli, İslama zidd olmayan bir bayramdır. İslam dini yayıldığı ərazilərdə yerli mədəniyyətləri də qoruyub, elə dinimizin rahat yayılmasının səbəblərindən biri də bu idi. Yayıldığı ərazilərdə yaşayan xalqların adət-ənənələrinə ehtiram göstərdiyi üçün bir sıra müsəlman xalqları Novruz bayramını bu günə kimi qeyd edir. Hətta, bəzi hədislər var ki, Məhəmməd peyğəmbər (ə) və imamlar (ə) Novruz bayramını qeyd edən qeyri-ərəb müsəlmanların bu adətinə müsbət yanaşıblar”. 



Bunu İnterpress.az-a açıqlamasında ilahiyyatçı hacı Şahin Həsənli bildirib. İlahiyyatçı qeyd edib ki, dini mənbələrdə qeyd olunan hədislərə görə, Peyğəmbərimizin (s) və imamların (ə) Novruz bayramına müsbət yanaşıblar. Daha sonra  Ş. Həsənli davam edib: “Bu bayram özlüyündə baharın gəlişi ilə təbiətin oyanmasını simvolizə edir. Qurani-Kərimdə Qiyamət baharla müqayisə olunur. Necə ki, Qiyamət günü insanlar öldükdən sonra yenidən diriləcək, eləcə də, ölmüş təbiət baharla dirilir. Bahar diriliyin simvolu, başlanğıcın tərənnümdür”. 



Hacı Şahin Həsənli Novruz bayramına qarşı səslənən fikirlərə cavab olaraq deyib: “Təəsüflər olsun ki, bu gün bəzi cərəyanlar var ki, bu bayramı küfr adlandırırlar. Dinə zidd olduğunu iddia edirlər. Bu, belə deyil, dinimiz bu bayrama müsbət münasibət sərgiləyir. Təbii ki, ayrı-ayrı fərdlər bayramda hansısa ağlasığmaz hərəkət edə bilərlər, lakin bu adətimizin bütövlükdə inkar olunmasına əsas vermir”. 



Novruzun atəşpərəstlik ayini olmasına gəlincə ilahiyyatçı bildirib ki, Novruz bayramının atəşpərəstliklə bağlı olması bir qədər sual altındadır: “Tədqiqatçılar da bildirib ki,  Novruz bayramının haradan qaynaqlanması bilinmir. Hətta belə bir fikir də var ki, Novruz bayramı hansısa bir peyğəmbərin qoyduğu adət olub. Ona görə də, bu bayramı, onun səməni və digər atributlarını sırf atəşpərəstliklə əlaqələndirmək düzgün deyil. Od qalanmasına gəlincə isə, bayram atəşi pərəstiş üçün deyil, əyləncə üçün qalanır. Təbii ki, kimsə odu pərəstiş üçün qalasa idi, dinimiz  o zaman bu adətə qarşı olardı”. 



İlahiyyatçının sözlərinə görə, Novruz bayramı Azərbaycan xalqının qədim bir mədəniyyətə sahib olduğunu göstərməklə yanaşı cəmiyyətdə mənəvi dəyərlərin yaşadılmasına xidmət edir: “İnsanlar bayram günlərində qohum-əqrəbalarını ziyarət edirlər, təmizlik işləri görürlər, süfrə bəzədilir, dünyasını dəyişmiş şəxslər yad edilir. Bütün bunlar da İslam dininin bəyəndiyi əməllərdir. Eyni zamanda, Novruz bayramı Azərbaycan xalqının qədim bir mədəniyyətə sahib olduğunu göstərir. Ümumiyyətlə, dini dəyərləri milli dəyərlərə qarşı qoymaq yanlış bir hərəkətdir. Deyərdim ki, təhlükəli bir addımdır. Dinimiz istənilən xalqın təkallahlığa zidd olmayan istənilən milli adət-ənənələrinə hörmətlə yanaşır”. 



Hacı Şahin Həsənli məsumların (ə) həyatından maraqlı bir məqama da toxunub: “Novruz bayramı günü həzrət Əlini (ə) təbrik ediblər. İmam da cavab olaraq bildirib ki, kaş, hər günümüz bayram olsun. Peyğəmbərə (s) və onun ailəsinə (ə) bayram günü hədiyyələr gətirəndə onlar bu bayram paylarını qəbul edib və təbrikləşiblər”. 



İlahiyyatçının özü bayramı necə qeyd edir sualına cavab olaraq  Ş. Həsənli bildirib: “Mən özüm də Novruz bayramını xalqımızın qeyd etdiyi kimi keçirirəm. Dostları, qohumları ziyarət edirik. Bayram süfrələri açırıq. Dünyadan köçmüş insanların məzarlarını ziyarət edirik. Yəni, hamı necə, biz də elə ənənəvi şəkildə bayram mərasimlərini qeyd edirik”. 



hacishahin.az