MəşəDi DADAş MəSCiDi

Tarixi

 

Məscid Bakı şəhəri, Nəsimi rayonu, Ağadadaş Qurbanov 37 ünvanında (“Kubinka” ərazisində) yerləşir. Bir çox məscidlər kimi bu ibadət evinin adı onu tikən insanın - Məşədi Dadaşın adı ilə bağlıdır. XVIII əsrdə tikilən bu bina təkiyyə, yəni İmam Hüseyn (ə) üçün əzadarlıq məclisləri təşkil olunan yer olub. Sonradan məscid kimi fəaliyyətə başlayıb. SSRİ dövründə zaman-zaman anbar, kitabxana, klub kimi işlədilib. Müstəqillik əldə edildikdən sonra yenidən ibadətgah kimi fəaliyyətə başlayıb. 1990-cı ildə məscidin dini icması Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. Məscidin icması Azərbaycan Respublikası Konstitusiyasını və aidiyətli olaraq “Dini Etiqad Azadlığı haqqında” Azərbaycan Respublikası qanununu əsasən fəaliyyət göstərir.


2001-ci ildə tanınmış ilahiyyatçı Hacı Şahin Həsənli məsciddə imam-camaat kimi fəaliyyətə başlayır. Məscid yenidən təmir olunur, ara-sıra fiqh, əxlaq, əqaid, təfsir və Quran qiraəti kimi dərslər keçirilir. 2010-cu ildən etibarən məsciddə cümə namazı qılınır.

 


İctimai İbadətlər


Məsciddə keçirilən gündəlik tədbirlər arasında gündəlik namazların camaatla qılınması ilə yanaşı, dini dərslərin, Quran qiraəti yığıncalqarının, birgə dua məclislərinin keçirilməsi, habelə insanların dini suallarının cavablandırılması və dini ayinlərin keçirilməsinə yardım edilməsi də daxildir. Hər çərşənbə axşamı “Təvəssül” duası camaatla birgə oxunur.


İl ərzində məsciddə müxtəlif dini hadisələrlə bağlı kütləvi tədbirlər keçirilir. Məhərrəm ayında davamlı olaraq moizə və əzadarlıq məclisləri təşkil olunur, Ramazan ayında isə hər gün camaatla namaz qılındıqdan sonra xütbələr oxunur, Quran tilavəti məclisləri keçirilir. Mövludlarda bayram tədbirləri və ehsan süfrələri təşkil olunur. İslam peyğəmbəri Həzrət Məhəmmədin (s) mövludu ilə bağlı məsciddə keçirilən ənənəvi tədbir artıq ölkənin ən möhtəşəm dini-mədəni hadisəsi hesab olunur. Qurban və Fitr bayramlarında bayram namazları qılınır, daha sonra isə xeyriyyə aksiyaları təşkil olunur. Qurban bayramında kəsilən qurbanların, Fitr bayramında isə yığılan fitrə zəkatlarının yoxsullar arasında bölüşüdürlməsinə yardım göstərilir. Xüsusi izdihamlı günlərdə qanvermə aksiyaları da təşkil olunur, bundan əlavə məsciddə hər gün qana ehtiyacı olan xəstələrə qan verilməsi ilə bağlı elanlar verilir. Xəstəsi olanlar maneəsiz şəkildə məscid xadimlərindən belə bir elanın edilməsini xahiş edə bilər.

 

Məscidə gələn dindarların sayının çoxluğunu nəzərə alaraq icma məsciddə və ətraf məhəllələrdə nizam-itizamın, təmizliyin və yollarda rahat gediş-gəlişin qorunması üçün əlavə tədbirlər də görür.


Sosial layihələr

 


Məscid icması sosial layihələrdə də xüsusi fəallıq göstərməyə çalışır. Beləki, 2013-cü və 2014-cü illərdə Tolerantlıq kuboku futbol yarışmasında Məşədi Dadaş məscidinin komandası da iştirak edib. Bu futbol yarışmasında müxtəlif dini təriqət və məzhəblərə mənsub olan dini icmalar iştirak edib. Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun təşəbbüsü ilə Məşədi Dadaş məscidində 2013-cü ilin noyabr ayından başlayaraq 6 ay ərzində məsciddə ingilis dili kursları keçirilib. Layihəyə əsasən, gənclərin pulsuz şəkildə ingilis dilini öyrənilməsi onların müasir elmlərə yiyələnməsinə və yeni informasiya fəzasına daxil olmalarına yardım etməli idi. Habelə 2013-cü ilin noyab-dekabr aylarında məscid icması Mənəvi Dünya Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyi ilə birgə “İslam və Vətənpərvərlik” mövzusunda seminarlar keçirib. Bu seminarlar çərçivəsində məscidə gələn dindar gənclər vətənpərvərlik, şəhidlik, dövlətçilik, milli vəhdət, millətə xidmət, dini tolerantlıq, ekstremizmə müqavimət, təkfirçilik dünyagörüşü ilə mübarizə kimi məsələlərə İslamın baxışı ilə tanış olublar. 2014-cü ildə məsciddə gənclər üçün özünüifadə, nitq mədəniyyəti, beyin xəritəsi, xeyriyyəçiliyin təşkili mövzularında treninqlər təşkil olunub. Hər il Fitr bayramında isə Milli Talasemiya Federasiyası və Azərbaycan Qan Bankının təşəbbüsü ilə məsciddə talasemiyalı uşaqlar üçün qanvermə aksiyası keçirilir. Bayram namazını qılan dindarlar qanvermə üçün təchiz olunan yerə yaxınlaşıb, müvafiq prosedurlardan keçərək xəstə uşaqlara yardım əllərini uzadırdılar. 20 yanvar və Xocalı soyqırımı ildönümündə məscidin icması ümumxalq yürüşlərə qatılır. 2020-ci ildə COVİD-19 pandemiyası fonunda imkansız ailələrə davamlı yardım aksiyaları təşkil olunub. Eyni zamanda Vətən müharibəsi zamanı məscidin icması cəbhədə döyüşən hərbçilərə, əsgər və şəhid ailələrinə yardım aksiyaları keçirmiş, dəfn və anım mərasimlərində yaxından iştirak etmişdi.