Mənəvi Dünya iB

XXI əsrdə ölkəmiz olduqca mürəkkəb proseslərlə üzləşib. Cəmiyyət bir tərəfdən tərəqqiyə doğru can atırsa, digər tərəfdən  öz mənəvi dəyərlərini itirmək təhlükəsi ilə üzləşir. Bir millət bu iki amili özündə birləşdirməklə var ola bilər. Qloballaşma əsrinin ümdə çağırışlarından biri digər mədəniyyətlərdə həll olub aradan getməməklə bağlıdır. Bu cəhətdən qədim mədəniyyəti müasir zamanın tələbləri ilə uzlaşdırmaq nə qədər çətin olsa da, bir o qədər mühümdür.

 

Lakin, bu istiqamətdə çalışmaq yalnız dövlət təsisatlarının deyil, bütövlükdə cəmiyyətin üzərinə düşən bir vəzifədir. Təbii ki, vətəndaşların belə bir əhəmiyyətli işə cəlb olunmasında QHT-lər müstəsna rol oynayırlar. Məhz bu səbəbdən milli-mənəvi irsimizin təbliği, mədəniyyətimizin qorunması və tariximizin yaşadılmasını qarşına məqsəd qoyan Mənəvi Dünya Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyi təsis edilib. Məramımızın aliliyi və yolumuzun düzgünlüyü böyük nəaliyyətlərimizin zəmanətidir!

 

 

Məramı

 

“Mənəvi Dünya” Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyi 15 mart 2007-ci il tarixində dövlət qeydiyyatına alınıb. Birliyin əsas məqsədi müasir dövrdə şəxsiyyətin mənəvi tərbiyəsi və təkamülünə şərait yaratmaq, mədəniyyətimizin maddi və mənəvi irsinin qorunması sayəsində insanlara məsuliyyət hissi aşılamaq, sağlam həyat tərzi təbliğ etmək və gənclərin humanizm ruhunda tərbiyə olunmasına yardım göstərməkdir. Birlik Azərbaycan Respublikasının qanunvericiliyi əsasında və Nizamnaməsinə uyğun fəaliyyət göstərir. “Mənəvi Dünya” İctimai Birliyi siyasi fəaliyyətlə məşğul ola bilməz, lakin bir QHT kimi qanunvericiliklə bağlı təşəbbüslə çıxış etmək hüququna malikdir.

 

Strukturu


Birliyin ali orqanı iki ildən bir çağırılan Ümumi Yığıncaqdır. Çağırışlar arasında təşkilatın fəaliyyətinə İdarə Heyəti rəhbərlik edir. İdarə Heyətinə sədr və sədr müavini ilə yanaşı ümumi yığıncaqda seçilən üzvlər də daxildir. Fəaliyyətin Nizamnaməyə uyğun olmasına Nəzarət-Təftiş Komissiyası nəzarət edir. Birliyin sədri və digər məsul vəzifəli şəxsləri Ümumi Yığıncaqda seçilir. Birliyin 22 üzvü var. Hazırda birliyin sədri Şahin Həsənlidir.