XƏBƏRLƏR

Mövludunuz mübarək olsun!

30 Mart 2018 2318

"Rəcəb ayının 13-cü gecəsi daxil oldu. Bu gün Peyğəmbər (s) vəsilərinin öndəri, möminlərin sərvəri həzrət Əlinin (ə) mövlud günüdür. Xalqımızın “əl tutmaq Əlidən qalıb” deyə bir deyimi var. Yəni əl tutmağı, fədakarlığı, xeyirxahlığı Əlinin (ə) mirası kimi yaşatmışıq həmişə. Əlinin (ə) adı Şirvanşahlar sarayının Divanxanasının, yəni dövlətçilik tariximizin ədalət rəmzinin girişlərində həkk olunub. Əli (ə) bizim üçün haqq-ədalətin mücəssiməsidir".

 

Bu sözləri ilahiyyatçı hacı Şahin Həsənli imam Əlinin (ə) mövludu ilə bağlı sosial şəbəkələrdə paylaşdığı təbrikdə yazıb.  Onun sözlərinə görə, həzrət Əli (ə) bir əli ilə Peyğəmbərin (s), digər əli ilə isə xalqın əlindən tutardı; Peyğəmbər (s) onu, o isə xalqı özünə tərəf çəkərdi: "İstər Məkkədə Peyğəmbərin (s) qəribçiliyində, istər Mədinədə Peyğəmbərin (s) iqtidarında, istər savaş meydanında, istər xəlifə taxtında özünü fəda etdiyi insanlığı düşünürdü. Əli insanlıq fədaisidir, insanlıq zirvəsidir. Ona görə onun məhəbbəti qəlbləri fəth edir".

 

Həzrət Əlinin (ə) mübarək mövlud günü münasibətilə müsəlmanlarla yanaşı bütün insansevərləri də təbrik edən hacı Şahin Həsənli imam Əlinin (ə) hansısa dinin, hansısa məzhəbin öndərlərindən deyil, bəşəriyyətin arzuladığı bir sərvər, bənzəmək istədiyi bir şəxsiyyət olduğunu bildirib.

 

"Hamınızı bu mübarək bayram münasibəti ilə təbrik edir, Əli (ə) kimi və Əli (ə) ilə yaşamağı arzu edirəm!", - deyə ilahiyyatçı hamını təbrik edib.

 

hacishahin.az