XƏBƏRLƏR

Zirədə mövlud tədbiri

02 May 2018 1557

Bu gün Zirə qəsəbəsinin Cümə məscidində həzrət Mehdinin (ə) mövludu qeyd olunub. Qəsəbə dindarları və din xadimlərinin, o cümlədən kərbəlayi Arif və hacı Cavidin qatıldığı tədbirdə ilahiyyatçı hacı Şahin Həsənli çıxış edib.  Məclisdə müqəddən Qurani-Kərimin ayələri tilavət olunub, Əhli-Beyt (ə) şəninə mədhiyyələr oxunub.

 

Öz çıxışında hacı Şahin Həsənli qeyd edib: "Hər şeyi olduğu kimi görmək, düzgün baxış bucağına malik olmaq olduqca mühümdür. Peyğəmbərimiz (s) də Allahdan bunu istəyərdi. Şeytanın əsas işi isə əyrini düz, düzü əyri göstərməkdir. Ona görə də dindarlar ən çox bu istiqamətdə çalışmalıdır ki, dindən tam faydalana, həyati hədəfə çata bilsinlər".

 

Onun sözlərinə görə, dinin hədəfi günahdan çəkindirməklə bitmir, bu onun ən sadə funksiyasıdır. İnsan dinin şükrünü yerinə yetirməlidir ki, Allah da dinin verdiyi xeyirləri, bəhrələri artırsın. Lakin şükrü yerinə yetirmək üçün nemətin təyinatını bilmək gərəkdir. İmam Sahibəzzamanı (ə) gözləyənlər də gərək onun haqqında düzgün təsəvvürə malik olsunlar, nə üçün gələcəyini bilsinlər. Haqq-ədaləti bərpa edəcək deyib üstündən keçmək olmaz bu məsələnin:

 

"İnsanın yaradılış hədəfi Allahı təsbih etməkdir. Təsbih isə maddi divarların içində yaşayan insanın həmin divarları dağıdıb Allahı müşahidə etməsi, Allaha məftun olmasıdır. Allahı qəlbən görən insan heyran olur, ləzzət alır və bu hissləri təsbihlə, "sübhənallah" deməklə ifadə etməyə çalışır. O ləzzəti tam ifadə etmək də olmur. Həyat nizama düşür, hər addım dəqiqliklə atılır və ləzzətbəxş olur. Dinin hədəfi də insanı Allahla görüşə aparmaqdır. 

 

Həzrət Mehdinin (ə) zühurunun məqsədi də insanı bu hədəfə çatdıran bir düzən yaradacaq. Haqq-ədalət, elmi inkişaf, rifah və s. təmin olunacaq ki, insanlar hədəflərinə maneəsiz çatsınlar, fikirləri təsbihdən yayınmasın. Lakin hər bir halda maddi aləm Allaha tam qovuşmağa imkan vermir. İmam (ə) da vəchullahdır, ilahi simadır. İmam (ə) öz vücudu ilə dunyada ikən Allahdan ayrılıq qəmini azaldır, təsəlliyə çevirilir". 

 

Sonda ilahiyyatçı Azərbaycan xalqının dövrün imamını tanıması səbəbilə xoşbəxt olduğunu qeyd edərək xalqımızı, torpaqlarımızı və şəhidlərimizi dua edib.

 

hacishahin.az