XƏBƏRLƏR

"Gəncə hadisələrinin dinlə heç bir əlaqəsi yoxdur"

11 İyul 2018 963

"Xüsusi vurğulamaq istəyirəm ki, Gəncədə baş verən iğtişaşların din və dindarlarla hər hansı əlaqəsi yoxdur. Burada din adından sui-istifadə olunur və kimlərsə cinayətlərini din adı ilə pərdələmək istəyir".

Bunu Milli.Az-a açıqlamasında tanınmış və nüfuzlu ilahiyyatçı, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, Məşədi Dadaş məscidinin axundu Hacı Şahin Həsənli Gəncədə baş verən iğtişaşlara münasibət bildirərkən deyib. 

Onun sözlərinə görə, Gəncədə baş verənlər Azərbaycanın daxilində düşmən yaratmaq istəyən qüvvələrin işidir: "Ortada özünü dindar kimi göstərən bir qrup insan tərəfindən törədilmiş cinayət var, iki nəfər, özü də silahsız iki polis zabitimiz qətlə yetirilib. Bu əməl elə ilk növbədə Qurani-Kərim tərəfindən qadağan edilir. Bu, Allah qarşısında böyük günahdır. Dinimizdə günahsız bir insanın qətlə yetirilməsi bütün bəşəriyyətin qətl edilməsi kimi qəbul edilir. Dinimizdə günahsız insanın qətlə yetirilməsi pislənilən və lənətlənən əməllərdən biridir. İslam insanları barışa, sülhə dəvət etmək üçün göndərilib. Din adından günahsız bir insan qətlə yetirilirsə, bu cinayətin özündən daha böyük bir cinayətdir. "Allahu Əkbər!", "Ya Hüseyn!" kimi şüarlarla insan qətlə yetirilməz. Din yalnız bir halda savaşa dəvət edir. O da o halda ki, müsəlman xalqı, torpaqları təcavüzə məruz qalarsa, öz torpağını, insanları, dəyərlərini qorumaq üçün düşmənlə mübarizədə silaha sarılmaq olar. Bizim də düşmənimiz də, torpaqlarımızı işğal edənlər də bəllidir. Amma kimsə görünür, Azərbaycanda daxildə düşmən obrazı yaratmaq istəyir və vətəndaşlarımızı bir-birinə qarşı qoymaq, din adı ilə qardaş qırğını törətmək, ölkədəki sabitliyi pozmaq, dövlətçiliyimizə zərbə vurmaq istəyir. Bu, qətiyyən yolverilməzdir!

Bir sıra müsəlman ölkələrindən  bu ssenaridən istifadə edilib və görünür, kimsə bu gün həmin ssenarini Azərbaycanda tətbiq etmək istəyir. Azərbaycanın dini mühiti ilə tanışlığı olan insan kimi qeyd etmək istəyirəm ki, Azərbaycanın inanclı vətəndaşları bu əməlləri qətiyyətlə pisləyir. Bunun inanclı insanlarla hər hansı əlaqəsi yoxdur. Bir qrup insan özünü dinə aid edirsə, bu o demək deyil ki, onlar həqiqətən də dindardır. Bunun dinə, dindarlara, inanclı insanlara heç bir aidiyyəti olmadığını hamı bilməlidir. Eyni zamanda, inanclı insanlar, din xadimləri, ziyalılar da öz mövqeyini ortaya qoymalıdırlar. Hamı ayıq-sayıq olmalıdır ki, kimsə dindən istifadə edib Azərbaycanda da faciələr törətməsinlər. Çünki Yaxın Şərq təcrübəsi, müsəlman ölkələrində dini radikalizmin törətdiyi fəsadlar göz önündədir. Daxili çəkişmələr, vətəndaş müharibələri, ölkələrin viran edilməsi, günahsız insanların qanın axıdılmasının hamısı həmin radikal təfəkkürün məhsuludur. Belə radikal düşüncəli insanlar adətən xarici amillərin təsiri altında olur. Azərbaycanda da bu cür hərəkətlərə yol verilməsi dinimizə və dövlətçiliyimə qarşı xəyanətdir. İnanclı insanlarımız isə bu xəyanətdən uzaqdırlar".

QMİ-nin nümayəndəsi qeyd edib ki, Gəncədə hadisələr baş verən zaman ciddi narahat olub və dərhal oradakı inanclı insanlarla əlaqə saxlayaraq vəziyyətlə yaxından maraqlanıb: "Onların hamısı birmənalı şəkildə bu əməlləri pislədiyini bildirdilər və bu aksiyalarda iştirak etmədiyini xüsusi vurğuladılar. Qeyd etdilər ki, biz heç o insanları tanımırıq, onların əksəriyyəti kriminal ünsürlərdir. Sadəcə olaraq dini şüarlarla günahsız insanları, hüquq-mühafizə orqanlarının əməkdaşlarını qətlə yetiriblər.

 Bir daha vurğulamaq istəyirəm ki, dinimiz və Qurani-kərim bu əməllləri qətiyyətlə pisləyir və bu cür kriminal əməllərin dinə zidd olması elə ilk baxışdan da məlumdur və buna düşüncəli insanlara geniş izah etməyə heç ehtiyac da yoxdur".

Axund qeyd edib ki, həmin qüvvələrin bütün cəhdlərinə baxmayaraq Azərbaycanın inanclı insanları bu cür təxribatlara uymayacaq: "Azərbaycanın inanclı insanları hər zaman dövlətçiliyimizə sadiq olublar. Onlar istər müstəqilliyimizin qazanılması uğrunda mübarizədə, dövlətin quruculuğu və inkişafında ən fəal şəkildə iştirak ediblər. Bu gün də inanclı insanların bu cür məsələlərdə mövqeyi birmənalıdır. Bu aksiyalar çox güman ki, kənardan idarə olunur və din amilindən də istifadə edilir ki, Azərbaycanda dinlərarası, məzhəblərarası qarşıdurma yaradılsın. Görünür, kimlərsə Azərbaycanda öz cinayət əməllərini din adı altında ört-basdır etmək və onu müqəddəslik donuna bürüyüb təqdim etmək istəyir. Çünki insanların inancı onların həssas yeridir. Kimsə bundan istifadə etməklə dindar insanların rəğbətini qazanmaq istəyir. Amma düşünürəm ki, bu cəhdlər uğursuzluğa düçar olacaq. Çünki Azərbaycan bu təxribatlara aldanmayacaqlar".

 

İlkin İzzət

 

milli.az