Dualar

İftitah duası

“İftitah” ərəbcədən tərcümədə “açılış, başlanğıc” deməkdir. Duanın belə adlandırılması onun ilk cümləsi ilə bağlıdır. Bu dua əsasən iki mövzunu ehtiva edir – ilahi mərifət və məhdəviyyət. Allaha həmd-səna hissəsində teoloji və irfani məsələlər önə çəkilirsə, zühurla bağlı passajda İslamın tarix fəlsəfəsi və gələcəyə dair baxışları açıqlanır. “İftitah” duası zamanın imamı həzrət Mehdi (ə) tərəfindən Kiçik Qeybət dövründəki ikinci naibi Məhəmməd ibni Osmana öyrədilib. İmam (ə) bu duanı xüsusilə mübarək Ramazan ayının gecələrində oxumağı tövsiyə edib.





Ərəbcə yazılışı

Tərcüməsi

İlahi, Sənə həmd etməklə alqışıma başlayıram.

 

Öz lütfü ilə düzgünlüyə yönəldən Sənsən. Yəqin də bilirəm ki, bağışlamaq və mərhəmət göstərməkdə ən mehriban, cəzalandırmaq və qisas almaqda ən sərt, böyüklük və əzəmətdə ən hökmlü Sənsən! İlahi, Səni çağırmağıma və Səndən istəməyimə Özün izn vermisən. Odur ki, eşit həmd-sənamı, ey eşidən! Cavab ver yalvarışıma, ey mərhəmət edən! Keç günahlarımdan, ey bağışlayan! Axı Sən o qədər qəm dağıtmısan, o qədər çətinlik dəf etmisən, o qədər günahlara göz yummusan, o qədər rəhmət yağdırmısan, o qədər bəla zənciri qırmısan, İlahi!

 

Nə bir yoldaşa, nə bir övlada, nə hökmranlıq üçün bir ortağa, nə də qorunmaq üçün bir hamiyə ehtiyacı olan Allaha həmd olsun! O, böyükdür, çox böyükdür! Verdiyi bütün nemətlərə görə, nə qədər tərif və alqış varsa, hamısı ilə Allaha həmd olsun! Hakimiyyətinə müxalifət edilməyəcək və əmri çəkişilməyəcək Allaha həmd olsun! Yaratmağında bir şəriki və əzəmətində bir bənzəri olmayan Allaha həmd olsun! İşi və tərifi yaratdıqları arasında aşkar olan, izzəti kərəmindən görsənən, əli səxavətlə açılan, xəzinəsi tükənməyən, çox əta etməsi yalnız comərdlik və kərəmini artıran Allaha həmd olsun! Həqiqətən O, çox izzətli və çox səxavətlidir!

 

İlahi, sonsuz nemətlərin müqabilində istədiyim çox azdır. O aza elə möhtacam! Halbuki Sənin ona heç zaman ehtiyacın olmayıb. O az mənim üçün elə çoxdur! Halbki Sənin üçün yüngül və asandır.

 

İlahi! Günahımdan keçir, səhvimə göz yumur, haqsızlığımı bağışlayır, qəbahətli əməlimi gizlədir, bilərəkdən və bilməyərəkdən etdiyim saysız təqsirlərə baxmayaraq mənə qarşı həlim olursan. Bütün bunlar da məni layiq olmadıqlarımı istəməyə iştahlandırır. Sən də rəhmətindən bir qida, qüdrətindən bir nişanə və cavabından bir mərifət verirsən. Beləliklə də, güvənərək Səni çağırır, qorxmadan və utanmadan Səninlə dərdləşir, Sənə tərəf yönəlməyə ürəklənirəm. Cavabımı yubadanda, nadanlığımdan Səni günahlandırıram. Halbuki, hər şeyin sonunu bildiyin üçün mənə gec cavab verməyin bəlkə də xeyrimədir. Mənim kimi rəzil qula səbr edəcək Sənin kimi kərim bir ağa görmədim!

 

Ya Rəbbi! Doğurdan da məni çağırırsan, mən isə üz çevirirəm; mənə nəvaziş göstərirsən, mən isə inad edirəm; mənə eşqini elan edirsən, mən isə qəbul etmirəm – sanki üstünlük məndədir. Amma bununla belə, Sən mənə qarşı mərhəmət, ehsan, səxavət və kərəmindən əl çəkmirsən. Odur ki, bu cahil bəndənə rəhm et, bol-bol ehsanınla kərəm et! Sən həqiqətən də əliaçıq və kərimsən! Varlıq aləminin maliki, gəmiləri üzdürən, küləkləri əsdirən, səhərləri açan, Qiyamətdə mühakimə edən, aləmlərin rəbbi olan Allaha bütün alqışlarla həmd olsun! Hər şeydən xəbərdar olduğu halda həlimlik göstərən Allaha həmd olsun! Hər şeyə gücü çatdığı halda əfv edən Allaha həmd olsun! Qəzəb göstərə biləcəyi halda çox səbr edən Allaha həmd olsun! O, istədiyi hər şeyə qadirdir. Yaranmışları yaradan, ruzini paylayan, səhərləri açan, şanı və ehtiramı uca, fəzilət və nemətlərin sahibi, görünməyəcək qədər uzaq, pıçıltını eşidəcək qədər yaxın olan Allaha həmd olsun! O, ucadır, çox ucadır!

 

Nə qarşısında duracaq bir tayı, nə oxşadılacaq bir bənzəri, nə də dəstəkləyəcək bir yardımçısı olan, izzəti ilə bütün izzətliləri sındıran, əzəməti ilə bütün əzəmətliləri kiçildən, qüdrəti ilə istədiyinə çatan Allaha həmd olsun! Çağırdığımda cavabsız qoymayan, sözündən çıxdığımda eyblərimi örtən, naşükürlük etdiyimə rəğmən bol-bol nemət yağdıran Allaha həmd olsun! Nə qədər naz-nemət verib mənə! Nə qədər qorxunc bəlaları uzaqlaşdırb məndən! Nə qədər sevinc yaşadıb mənə! Odur ki, Ona həmd edəndə alqış yağdırır, Onu xatırlayanda heyran qalıram! Pərdəni götürməyən, qapıları üzə bağlamayan, diləyəni qovmayan, ümidvarı məyus etməyən Allaha həmd olsun! Qorxanları qoruyan, salehləri xilas edən, alçaldılanları ucaldan, təkəbbürlüləri alçaldan, şahları aradan aparıb başqalarını gətirən Allaha həmd olsun! Sitəmkarları yıxan, zalımları məhv edən, qaçanları yaxalayan, zülmkarları cəzalandıran, dad edənlərin dadına çatan, diləyənlərin hacətini verən, möminlərin güvənci olan Allaha həmd olsun! Göyləri və göy əhlini lərzəyə gətirən, yeri və yer sakinlərini tir-tir titrədən, dənizləri və dənizdə üzənləri çalxalayan Allaha həmd olsun! Özü bizi hidayət etməsəydi hidayət olmayacaqdıq deyə, bizi hidayət edən Allaha həmd olsun! Yaranmadan yaradan, ruzi almadan ruzi verən, qidalanmadan qidalandıran, diriləri öldürən, ölüləri dirildən, diri və ölməyən, xeyir əlində olan, hər şeyə qadir Allaha həmd olsun!

 

İlahi! Bəndən, peyğəmbərin, etibarlın, seçilmişin, sevimlin, yaratdıqlarının ən üstünü, sirrini qoruyan, sözünü çatdıran Məhəmmədə xeyir-bərəkət ver! Ona bəndələrin, peyğəmbərlərin, elçilərin, seçilmişlərin və yaratdıqların içrə Sənə ən əziz olanların heç birinə lütf etmədiyin və vermədiyin ən üstün, ən yaxşı, ən gözəl, ən kamil, ən təmiz, ən parlaq, ən xoş, ən pak, ən tərifəlayiq və ən çox xeyir-bərəkət ver!

 

İlahi! Möminlərin sərvəri, Aləmlərin Rəbbi tərəfindən göndərilmiş elçinin vəsisi, bəndən, vəlin, peyğəmbərinin qardaşı, yaradılış üzərində höccətin, böyük nişanən və əzəmətli xəbərin olan Əliyə xeyir-bərəkət ver! İlahi! Xanımlar xanımı, düz sözlü və pak Fatiməyə xeyir-bərəkət ver!

 

Rəhmətin olan peyğəmbərinin nəvələri, hidayət imamları və cənnət cavanalarının sərvərləri olan Həsənlə Hüseynə xeyir-bərəkət ver! Müsəlmanların imamları, bəndələrin üçün dəlillərin, Öz məmləkətlərində güvəndiklərin - Hüseynin oğlu Əliyə, Əlinin oğlu Məhəmmədə, Məhəmmədin oğlu Cəfərə, Cəfərin oğlu Musaya, Musanın oğlu Əliyə, Əlinin oğlu Məhəmmədə, Məhəmmədin oğlu Əliyə, Əlinin oğlu Həsənə və onların yönəldən və yönləndirilən xələfinə (həzrət Mehdiyə) tükənməz və fasiləsiz salamınla xeyir-bərəkət ver!

 

İlahi! Ümid bəslənilən qiyamın, intizarı çəkilən ədalətin və təyin etdiyin əmrin sahibinə* xeyir-bərəkət ver, onu Öz müqərrəb mələklərinin əhatəsinə al, Müqəddəs Ruhla dəstəklə, ey Aləmlərin Rəbbi! İlahi, qoy o, Sənin Kitabına tərəf dəvət və Sənin dinini bərqərar etsin! Ondan əvvəlkiləri varis etdiyin kimi onu da yer üzünün varisi et; onun dinini – hansını ki, Özün bəyənirsən - möhkəmləndir; onun qorxusunu arxayınçılıqla əvəz et; o, Sənə bəndəlik edir və heç nəyi Sənə şərik qoşmur.** İlahi, ona izzət ver, bizi də onunla izzətləndir; ona yardım et, bizə də onun əli ilə yardımçı ol; ona əzəmətli yardımınla yardım et; onun zəfərini asan qıl və Özün ona nüsrətli iqtidar bəxş et! İlahi, Öz dinini və peyğəmbərin (s) sünnəsini onun əli ilə o qədər açıq-aydın et ki, kimsə kimsədən çəkinmədən həqiqəti zərrə qədər də gizlətməsin! İlahi! Biz əziz dövlətin qurulmasını şövqlə Səndən istəyirik! O dövlət ki, orada İslam və müsəlmanları izzətli, nifaq və münafiqləri isə zəlil edəcəksən. O dövlət ki, orada bizi Sənin itatinə çağıranlardan, Sənin yoluna yönəldənlərdən qərar verəcəksən. O dövlət ki, onun vasitəsilə bizə dünya və axirət kəramətini nəsib edəcəksən.

 

İlahi! bizə haqqdan nəyi tanıtdırmısansa, qoy onu daşıyaq; nəyi də tanıtdırmamısansa, qoy ona yetişək! İlahi, onun (həzrət Mehdinin) əli ilə dağınıqlığımızı nizamla, ayrılığımızı birliklə, ixtilafımızı yekdilliklə, azlığımızı çoxluqla, zillətimizi izzətlə, fəqirliyimizi zənginliklə əvəz et! Onun vasitəsilə borcumuzu ödə, yoxsulluğumuzu aradan apar, anlaşmazlığımıza son qoy, çətinliyimizi asanlaşdır, üzümüzü ağ et, əsarətdən qurtar, hacətlərimizi rəva et, vəd etdiyini gerçəkləşdir, çağırışımıza cavab ver, istəyimizi həyata keçir, dünya və axirətdə ümid etdiklərimizə çatdır, arzu etdiyimizdən daha üstününü nəsib et! Ey qapısına üz tutulanların ən xeyirlisi! Ey əta edənlərin ən səxavətlisi! Onun əli ilə ruhumuza şəfa ver, qəlbimizdəki qəzəbi söndür, izninlə axtarılan həqiqətlərə bizi yönəlt – axı Sən həqiqətən də istədiyin kəsi düz yola yönəldirsən; onun əli ilə düşmənimizə və düşməninə qarşı yardım et! Amin, ey haqq olan Allah!

 

İlahi! Özünə və soyuna xeyir-bərəkət verdiyin Peyğəmbərin aramızda olmamasından, imamımızın qaib, düşmənimizin çox, sayımızın az, aramızdakı fitnələrin üzücü və şəraitin əleyhimizə olmasından Sənə şikayət edirik. Odur ki, həzrət Məhəmmədə və onun soyuna xeyir-bərəkət ver; Özün zəfəri tezləşdirməklə, ziyanı dəf etməklə, yardımınla izzət verməklə, haqqın hökmranlığını bərqərar etməklə, rəhmətinlə əzəmət bəxş etməklə və sağlamlığa bürüməklə dadımıza çat! Səni and veririk Öz rəhmətinə, ey rəhimlilərin ən rəhimlisi!

 

 

* Yəni Həzrət Mehdi (ə).

 

** Nur surəsinin 55-ci ayəsində gələn ilahi vədə işarədir.