Həsənli Şahin Hüseyn oğlu 1974-cü ildə iyulun 7-si Bakı şəhərində dünyaya göz açıb. 1981-ci ildə Bakı şəhər 189 saylı orta məktəbində təhsil almağa başlayıb və 1991-ci ildə təhsilini başa vurub. 1995-1997-ci illərdə cəbhə ərazisində hərbi xidmət çəkib. 1991-1999-cu illərdə Azərbycan Dövlət Texniki Universitetinin Maşınqayırma fakültəsində oxuyub. 2001-2004-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində ikinci ali təhsil alıb. Ərəb, fars və rus dillərini bilirdi. Dörd övlad atası idi. 2 mart 2023-cü il tarində dünyasını dəyişib.
Dini fəaliyyəti
Hacı Şahin Həsənli 1991-ci ildən başlayaraq fərdi qaydada dini təhsil almağa başlayıb. 1992-ci ildə isə, Bakı şəhəri Yasamal rayonunda yerləşən “Hüseyniyyə” adlı kiçik ibadət evində ruhani fəaliyyətinə başlayıb. 2001-ci ildən Bakı şəhəri Nəsimi rayonunda yerləşən “Məşədi Dadaş” məscidində imam-camaat olub. Bu və öncəki illərdə müstəqil şəkildə dini təhsil almaqla yanaşı, dini mövzularda dərs tədris edib. Əqaid, fəlsəfə, əxlaq, təfsir dərslərinin tədrisinə xüsusi diqqət yetirib. 2013-cü ildə “Məşədi Dadaş” məscidinə axund, 2014-cü ildə Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə səlahiyyəli nümayəndəsi, 2021-ci ildə isə QMİ Qazilər Şurasının üzvü təyin olunub. Uzun illər Həcc və Ərəfə karvanlarına rəhbərlik edib, zəvvarlara xidmət göstərib.
İctimai fəaliyyəti
1998-2001-ci illərdə təsisçilərindən olduğu “İkmal” Gənclər Birliyinin sədri olaraq ictimai fəaliyyət göstərib. Rəhbərlik etdiyi qurum ölkənin müxtəlif rayonlarında nümayəndiliklər açıb, ümumrespublika miqyasında müxtəlif tədbirlər keçirib. Fəaliyyətinin əsas istiqaməti milli-mənəvi dəyərlərimizin, sağlam həyat tərzinin və vətənpərvərlik hissinin gənclər arasında təbliği olub. 2007-ci ildə “Mənəvi Dünya” Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyini təsis edib, o zamandan quruma rəhbərlik edib.
Hacı Şahin Həsənli 2016 ©
Bütün hüquqlar qorunur