Bu duanı dördüncü imamımız həzrət Zeynəlabidin (ə) Ramazan ayı ilə vidalaşnda oxuyardı.
Bu duanı dördüncü imamımız həzrət Zeynəlabidin (ə) Ramazan ayı ilə vidalaşnda oxuyardı.
İlahi! Sən yaxşılıq əvəzində heçnə istəməyən, nemət verməyindən peşman olmayan, artıqlaması ilə əta etməyincə qane olmayan Allahımsan!
Lütfün əzəli, əfvin mərhəmətli, cəzan ədalətli, hökmün isə xeyirlidir. Əta edəndə minnət qoymursan, məhrum edəndə isə haqsızlıq etmirsən. Sənə şükr edənə təşəkkür edirsən, halbuki ona şükr etməyi Özün ilham etmisən. Sənə həmd edənə mükafat verirsən, halbuki həmd etməyi ona Özün öyrətmisən. Abrı Sənin əlində olanın abrını aparmaz, xeyri Sənin əlində olanı xeyrindən məhrum etməzsən, halbuki insanın özünə qalsa rüsvayçılıq və məhrumiyyətə sürüklənər. Amma, həqiqətən də Sənin işlərin fəzilnə söykənir, qüdrətin bağışlamağında özünü göstərir. Sözündən çıxanı mehriban qarşılayırsan, özünə zülm edənlərə möhlət verirsən, onların qayıdacaqlarını səbrlə gözləyirsən və tövbə etmələri üçün cəzalarını təxirə salırsan. Çünki istəmirsən kimsə Sən ola-ola həlakətə uğrasın və nemətlərin qala-qala bədbəxt olsun. Amma nə edəsən ki, bəziləri heç cür görmür, heç cür bəhanə gətirmir.
Bütün bunlar əfvinin sonsuzluğundandır, ey Kərim! Bütün bunlar sevginin bəhrəsidir, ey Həlim! Sən bəndələri bağışlamaq üçün tövbə qapısı açdın və o qapının üzərində vəhyinlə bir işarə qoydun ki, hamı o yolu tapa bilsin. Sonra da, ey uca adlar Sahibi dedin:
“Ey iman gətirənlər! Allaha səmimi-qəlbdən tövbə edin. Ola bilsin ki, Rəbbiniz günahlarınızın üstünü örtsün və sizi altından çaylar axan cənnətlərə daxil etsin. O gün Allah Öz Peyğəmbərini və onunla birlikdə iman gətirənləri xəcalətli etməz. Nurları önlərindən və sağ tərəflərindən axıb şölə saçarkən onlar belə deyəcəklər: Ey Rəbbimiz! Bizim nurumuzu tamam-kamal elə və bizi bağışla. Həqiqətən, Sən hər şeyə qadirsən!” (Təhrim:8)
Üzərində bu sözlər yazılan həmin qapı açıq ola-ola, cənnətə girə bilməyənin nə üzrü ola bilər? Sən bəndələrinin əməllərini çox baha qiymətə alırsan və istəyirsən ki, Sənə üz tutan bu müamilədə uğur qazansın və nicat tapsın. Ey uca adlar Sahibi! Özün buyurmusan:
“Kim yaxşı bir iş görərsə, ona həmin işin on qat əvəzi verilər. Kim pis bir iş görərsə, ona həmin işin misli qədər cəza verilər”. (Ənam:160)
Bir də buyurmusan:
“Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər ki, bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kəsə bunu qat-qat artırır”. (Bəqərə :261)
Bir də buyurmusan:
“Allah yolunda yaxşı borc verən kimdir ki, (Allah da) onun mükafatını qat-qat artırsın?!” (Bəqərə:245)
Digər ayələrdə də yaxşılıqları artıracağını demisən. Sənsən ki, qeyb aləmindən xəbər verməklə yolu aydınlatdın. Və elə şeylərə rəğbət yaratdın ki, əgər Özün onlar haqda xəbər verməsəydin, heç kəs onları görməz, eşitməz və xəyal belə edə bilməzdi. Özün buyurumusan:
“Məni yad edin ki, sizi yad edim. Mənə şükr edin və əsla naşükür olmayın” (Bəqərə:152)
Bir də buyurmusan:
“Şükür etsəniz, sizi böyüdərəm, yox nankorluq etsəniz - Mənim əzabım şiddətlidir”. (İbrahim:7)
Bir də buyurmusan:
“Məni çağırın, sizə cavab verim. Şübhəsiz, Mənə ibadəti özünə sığışdırmayanlar zəlil halda Cəhənnəmə girəcək”. (Ğafir:60)
Beləcə Səni çağırmağı ibadət, çağırmamağı isə təkəbbür adlandırmısan. Duanın tərkinə görə cəhənnəm vəd etmisən. (Bəndələrin) lütfünə görə Səni yad etdi, fəzlinə görə Sənə şükr etdi, əmrinə görə Səni çağırdı, çox əvəz verəcəyinə görə Sənə xatir sədəqə verdilər ki, qəzəbindən uzaq olsunlar və razılığını qazansınlar. Sənin bəndələrinə etdiyini bir məxluq başqa bir məxluqa etsəydi, onu elə gözəl tərifləyər, ona elə minnətdarlıq edər və elə dillər töküb bir alqışlayardı ki! Odur ki, tərif etmək üçün nə qədər yol, nə qədər söz, nə qədər məna varsa, hamısı ilə Sənə həmd edirəm!
Ey yaxşılıq və fəzlinə görə bəndələrindən alqış eşidən! Ey bəndələrini lütf və bəxşişlərinə qərq edən! Bizim üçün nə qədər naz-nemət artırmısan, nə qədər lütf yağdırmısan, nə qədər xüsusi xeyir seçmisən! Bizi üstün tutduğun dinə, sevdiyin inanca, asanlaşdırdığın yola yönəltdin. Sənə yaxın olmaq və kəramətinə qovuşmaq üçün gözlərimizi açdın! İlahi! Bizim üçün xüsusi olaraq seçdiyin vəzifə də, bizim üçün xüsusi olaraq verdiyin əmr də Ramazan ayı oldu. Onu digər aylardan fərqləndirdin, bütün zaman və dövrlərdən daha xeyirli etdin, ilin ən üstün vaxtı qıldın. Çünki, məhz bu ayda Quran və Nur nazil etdin, imanı gücləndirdin, orucu vacib buyurdun və ibadətə rəğbətləndirdin. Bu ayı min aydan üstün olan Qədr gecəsi ilə izzətləndirdin. Digər ümmətlər üçün deyil, məhz bizim üçün bu ayı bir üstünlük qərar verdin. Onun fəzlindən yararlanmaq üçün digər xalqları deyil, məhz bizi seçdin. Biz də əmrinlə gündüzləri oruc tutduq və gecələri ibadətə durduq ki, rəhmətini cəzb edək və mükafatını qazanaq. Axı Sən arzulanan hər şeydən bolsan, fəzlindən umulan hər şeyi paylamaqda əli açıqsan, Sənə yaxınlaşmaq istəyənə də yaxınsan!
Bu ay bizə alqışla üz tutdu, gözəl bir yoldaşlıq etdi və aləmlərin ən üstün uğurlarını qazandırdı. Amma vaxtı çatdı, müddəti tamamlandı və günləri bitdi deyə, bizdən ayrılır. Biz də onunla sağollaşırıq. Ondan ayrılmaq bizə çətin və ağır gəlir. Bizi tək qoyub getməsi acıdır, dəhşətlidir. Sanki qeyrəti, hörməti və haqqı boynumuzda olan bir kəslə vidalaşırıq və ona deyirik:
Əlvida, ey Allahın əzəmətli ayı, ey övliyaların bayramı! Əlvida, ey dostlaşdığımız ən əziz vaxt, ən üstün ay! Əlvida, ey arzulara çatdıran, əməlləri çoxaldan ay! Əlvida, ey varlığı çox dəyərli, yoxluğu isə dözülməz dost! Əlvida, ey tərk olunması çətin olan ümid mədəni! Əlvida, ey gəlişi ilə sevindirən, gedişi ilə qəmləndirən! Əlvidə, ey qəlbləri riqqətə gətirən, günahları bağışlatdıran! Əlvida, ey şeytana qarşı bizə yardım edən və yaxşılıq yollarını üzümüzə açan! Əlvida, ey cəhənnəmdən xilas olanların sayını artıran! Əlvida, hörmətini saxlayanı səadətə çatdıran! Əlvida, ey günahları yuyan və hər eybi örtən! Əlvida, ey günahkarlara darıxdırıcı, möminlərə isə heybətli görsənən! Əlvida, günləri heç bir günə bənzəməyən ay! Əlvida, ey hər anı salamatlıq olan ay! Əlvida, yoldaşlığından bezmək, ünsiyyətindən doymaq mümkün olmayan ay! Əlvida, ey özü ilə bərəkət gətirən və çirkinlikləri yuyub aparan! Əlvida! Səndən doymasaq da, orucundan yorulmasaq da - əlvida! Əlvida, ey gəlmədən intizarı, getmədən qəmi çəkilən ay! Əlvida, ey neçə-neçə pislikləri dəf, neçə-neçə xeyirləri isə cəzb edən ay! Əlvidə sənə də, min aydan üstün olan Qədr gecəsinə də! Əlvida, dünən ikiəlli yapışdığımız, sabah həsrətini çəkəcəyimiz ay! Əlvida sənə də, əlimizdən çıxan fəzlinə də, məhrum qaldığımız bərəkətlərinə də!
İlahi! Biz bu ayın əhliyik. Bu ayı bizim üçün bir şərəf və nemət qərar verdin. Hərçənd onun necə gəlib-getdiyini bilməyib xeyir-bərəkətindən məhrum qalan bəxtsizlərdən ola bilərdik. Sən, ey ixtiyar sahibimiz, bizə onu tanıtdırdın, onun qaydalarını öyrətdin, onun oruc-namazları ilə üstünlük verdin, lakin biz nöqsanlara yol verdik və layiqincə faydalanmadıq. İlahi, biz pisliklərimizi iqrar, etinasızlıqlarımızı etiraf edir, yaxşılıqlarımıza görə tərifləri isə Sənə aid bilirik! Həqiqi bir peşmançılıq, səmimi bir üzrxahlıqla bu ayda qaçırdığımız fəzilətləri bizə qaytarmağını yalvarırıq! İlahi, bu ayın qədrini bilməsək də, Sən bizi elə mükafatlandır ki, ondan umduğumuz nemətləri qazanaq və növ-bə-növ zəxirələr əldə edək. Bu ayda Sənə qarşı haqsızlıq etsək də, Sən bizi bağışla və bu ayı ömrümüzün son Ramazan ayı qərar vermə. Gələcəkdə bu ayda Özün istədiyin kimi Sənə pərsətiş və itaət etmək üçün bizə yardım et. Növbəti Ramazan ayına qədər bizi saleh əməllərə müvəffəq et, Sənə qarşı haqsızlıqdan uzaqlaşdır. İlahi, bu ayda etdiyimiz kiçik və böyük qəbahətləri, qərq olduğumuz günahları, bilərəktən ya bilməyərəkdən özümüzə qarşı etdiyimiz haqsızlıqları, başqalarına qarşı yol verdiyimiz hörmətsizlikləri bağışla! İlahi, Məhəmməd və Ali Məhəmmədə xeyir-bərəkət ver! Bizi öz örtüyünlə ört, öz əfvinlə əfv et, dil yarası vuranlardan amanda saxla, tənə vuranların dilinə salma, bu ayda əldən verdiklərimizin əvəzini çıxaracaq əməllərə müvəffəq et.
Səni and veririk sonsuz mehribanlıq və tükənməz fəzlinə! İlahi, Məhəmməd və Ali Məhəmmədə xeyir-bərəkət ver! Bu əziz ayın getməsiylə başımıza gələcək müsibətləri bizdən uzaq et və bayramla fitrəmizi bərətəkətli et. Qoy bu bayram indiyədək Sənin əfvini cəlb edən və bilinib-bilinməyən günahlarımızı təmizləyən ən xeyirli gün olsun. İlahi, bu ayın uzaqlaşması ilə bizi də günahlarımızdan uzaqlaşdır, onun çıxması ilə bizi də pisliklərdən çıxart. Qoy bu aydan ən çox faydalanan və ən çox pay alan xoşbəxtlərdən olaq. İlahi, Öz qüdrətinlə elə et sanki, lazımınca bu ayın ehkamını və hörmətini gözləyən, gərəkincə bu ayda ibadət edib günahdan qorunan, Sənə yaxın olub razılığını əldə edən və rəhmətinə qərq olan kəslərdənik. Hətta Öz fəzlinlə bizə onlara verdiyindən daha artığını ver. Axı Sənin fəzlin əksilməz, sərvətin azalmaz, ehsan bulaqların qurumaz, nemətlərin isə doyulmazdır!
İlahi, Məhəmməd və Ali Məhəmmədə xeyir-bərəkət ver! Bizə elə savab yaz sanki, bu ay Qiyamətə qədər davam etdi, biz də onu oruc və ibadətlə keçirdik. İlahi, möminlər üçün bayram və sevinc, müsəlmanlar üçün birlik və cəm günü qərar verdiyin Fitr bayramında bütün günahlardan, keçmişdən qalan bütün pisliklərkən, gizlin olan bütün şərrlərdən tövbə edirik. Günahı bir daha ağlından keçirməyəcək, səhvləri bir daha təkrarlamayacaq kəsin tövbəsi ilə tövbə edirik. Şəkk-şübhəyə yer qoymayan səmimi bir tövbə ilə tövbə edirik. Sən də bu tövbəmizii qəbul et, bizdən razı qal və bu halımızı sabit et! İlahi, içimizdə Axirət əzabından elə bir qorxu, Axirət nemətinə elə bir şövq yarat ki, Səndən istədiklərimizin (bəndəliyin) ləzzətini yaşayaq və əlindən Sənə pənah apardığımızın (günahın) acısını anlayaq. Qoy Sənin yanında elə tövbəkarlardan olaq ki, onları sevməyi Özünə vacib, yenidən başladıqları itaətlərini isə qəbul etmisən. Sən ədalətlilərin ən ədalətlisisən! İlahi, ata-analarımızı və onlarla bərabər həm keçmişdəki, həm gələcəkdəki din əhlini bağışla.
İlahi, Peyğəmbərimizə (s) və soyuna xeyir-bərəkət ver! Ən yaxın mələklərinə, göndərdiyin elçilərə və saleh bəndələrinə xeyir-bərəkət verdiyin kimi. Hətta onların hamısına verdiyindən daha üstün xeyir-bərəkəti Peyğəmbərimizə (s) və soyuna ver, ey aləmlərin Rəbbi! Elə bir xeyir-bərəkət ki, ondan bizə də pay çatsın, dualarımızı isə müstəcab etsin. Həqiqətən, qapısını döyənlərə qarşı ən kərim, təvəkkül edənlərə qarşı ən yetərli və fəzlindən pay istəyənlərə qarşı ən səxavətli Sənsən! Sən hər şeyə qadirsən!
Hacı Şahin Həsənli 2016 ©
Bütün hüquqlar qorunur