Dualar

Aşura ziyarəti

Aşura günü oxunan İmam Hüseynin (ə) bu ziyarətnaməsi zülmlə barışmayıb haqqın sorağına çıxan bir insanın fəryadıdır. Bu ziyarətnamədə insan haqsızlıqla barışa bilmədiyini və haqq-ədaləti bərpa etmək istəyini dilə gətirir. İctimai problemlərin kökünü və onların həllini axtarmaq üçün insanı düşündürən bu ziyarətnamə, eyni zamanda insanı öz daxili islahına yönəldir. Təsadüfi deyil ki, burada insaniyyət zirvəsi olan Peyğəmbər (s) və onun Əhli-Beytinə (ə) məhəbbət tarixin ən rəzil şəxslərinə qarşı nifrətlə yanaşı ifadə olunur. İmam Baqirdən (ə) nəql olunan Aşura ziyarətnaməsinin mətni aşağıdakıdır:

 

 

Ərəbcə yazılışı

Tərcüməsi

Salam olsun sənə, ey Əba Əbdillah! Salam olsun sənə, ey Peyğəmbər (s) oğlu! Salam olsun sənə, ey Allahın seçilmiş bəndəsinin seçilmiş oğlu! Salam olsun sənə, ey möminlər sərvəri və vəsilər ağası Əlinin (ə) oğlu! Salam olsun sənə, ey xanımlar xanımı Fatimənin (ə) oğlu! Salam olsun sənə, ey özünün də, atasının da qanı Allaha məxsus olan - sənin qanın hələ yerdə qalıb! Salam olsun sənə və sənə fəda olan ruhlara! Mən var olduqca, zaman axdıqca Allahın salamı olsun sizə!

 

Ya Əba Əbdillah! Sənin qəmin bizi yandırıb-yaxır. Sənin müsibətin bizə və bütün İslam əhlinə ağır gəlir. Bu müsibət göyləri və göy əhlini bürüyüb. Allahın lənətinə gəlsin siz Əhli-Beytə (ə) qarşı zülm adətinin əsasını qoyanlar. Allahın lənətinə gəlsin layiq olduğunuz mövqeyi Sizə yaraşdırmayanlar və Allahın verdiyi uca rütbənizi kiçimsəyənlər. Allahın lənətinə gəlsin Sizə qətli rəva görənlər və bu zülmün baş tutmasına imkan verənlər. Onlara, onların yolu ilə gedənlərə, onlara tabe olanlara və onların dostlarına qarşı çıxaraq Allahın və Sizin yanınızda dururam. Ya Əba Əbdillah! Şübhəsiz, Qiyamətə qədər sizinlə sülh edənlərin yanında, Sizinlə vuruşanların isə qarşısında duracam. Allahın lənətinə gəlsin Ziyad və Mərvanın soyu. Allahın lənətinə gəlsin bütün Əməvi soyu. Allah Mərcanənin* oğluna lənət etsin. Allah Ömər ibni Sədə də lənət etsin! Allah Şimrə də lənət etsin! Allah lənət etsin sənin üzərinə silah çəkmək üçün can-fəşanlıqla atlarını yəhərləyib, üz-gözünü bağlayıb döyüşə gedənlərə.

 

Atam-anam sənə qurban olsun! Müsibətin məni elə yandırır, elə yandırır! Allah səni ucaltdı, mənə də sənə bağlanmaqla ucalıq verdi. Bunu mənə nəsib edən Allahdan istəyim odur ki, Məhəmmədin (s) soyundan olan müzəffər imamla (ə) birlikdə sənin işini tamamlayım ki, qanın yerdə qalmasın! Allah Peyğəmbər və onun soyuna xeyir-bərəkət versin!

 

İlahi! Dünya və Axirətdə Sənin hüzurunda Hüseynlə (ə) birlikdə olmağı mənə nəsib et!

 

Ya Əba Əbdillah! Allaha, Onun Peyğəmbərinə, möminlər sərvəri Əliyə, Fatiməyə, Həsənə və sənə üz tutub gəlmişəm. Sənə olan sevgi və dostluğumla sizə yaxın olmaq istəyirəm. Sənə qıyanlara və üstünə silah çəkənlərə qarşı olmaqla sizin yanınızda yer almaq istəyirəm. Aman siz Əhli-Beytə (ə) qarşı zülm və rəhmsizliyin kökünü qoyanların əlindən! Allah və Peyğəmbər (s) hüzurunda elan edirəm ki, zülmün bünövrəsini qoyub üzərində zülm binası quranlardan, sizə və tərəfdarlarınıza əzab-əziyyət verənlərdən bizaram. Onlardan qəzəbli halda üzümü Allaha və sizə tuturam. Allahın və sizin yanınızda olmaq üçün sizə və dostlarınıza olan məhəbbətimi gətirmişəm. Sizi sevirəm deyə, düşmənlərinizdən, sizinlə savaşanlardan, onların tərəfdar və davamçılarından boğaza yığılmışam. Sizinlə sülh edənlərlə mən də sülh edirəm. Sizinlə savaşanlarla mən də savaşıram. Sizi sevənləri mən də sevirəm. Sizə düşmən kəsilənlərə mən də düşmən kəsilirəm. Allah sizinlə dostlarınızı mənə tanıtdırdı və bunula da mənə izzət verdi. Allah düşmənlərinizə qarşı mövqedə durmağı mənə nəsib etdi. Məni bütün bunlara layiq görən Allahdan hər iki dünyada sizin yanınızda olmağımı istəyirəm. Allah hər iki dünyada məni sizin yanınızda sabitqədəm və sidqlə addımlayanlardan etsin. Sizin Allah yanında çatdığınız uca zirvələrə çatmaq istəyirəm. Sizin qanınızı yerdə qoymayan, gətirdiyiniz haqq sözlə zühr edən hidayət imamı (ə) ilə birlikdə işinizi tamamlamaq istəyirəm. Allahı and verirəm sizə və sizin uca şəninizə ki, müsibətinizə yandığıma xatir məni də sizin müsibətinizi yaşayanlar kimi ucaltsın. Siz elə böyük müsibət yaşadız ki, Allahın dini və bütün xilqət aləmi elə bir müsibət görməmişdi.

 

İlahi, bu yerdəcə məni salamladığın, mehriban olduğun və bağışladığın bəndələrdən qərar ver. İlahi, həyatımı Peyğəmbər (s) və Əhli-Beyt (ə) həyatı et! İlahi, ölümümü Peyğəmbər (s) və Əhli-Beyt (ə) ölümü et! İlahi, bu gün (Aşura günü) Əməvi nəsli, ciyər yeyən qadının oğlu**, lənətlənmişin oğlu lənətlənmiş bayram tutdu. Peyğəmbər (s) harda olsa, hara qədəm qoysa Sən də, o da onları lənətləmisiz. İlahi, Məhəmməd və Ali Məhəmmədi xeyir-bərəkətinlə ucalt. İlahi, nə Əbu Sufyana, nə Muaviyəyə, nə də Yezidə rəhm et. Onlara olan lənətin heç kəsilməsin. İlahi, bu gün Ziyad ilə Mərvanın da nəsilləri Hüseynin (ə) qətlinə sevindilər. Aman onların əlindən, əzabları heç bitməsin. İlahi, mən isə, bu gün və bu yerdə, həmişə olduğu kimi, onlara qarşı çıxaraq, onları lənətləyərək hüzuruna gəlmişəm. İlahi, Peyğəmbər (s) və onun Əhli-Beytinin (ə) məhəbbəti ilə qapına gəlmişəm. İlahi, Məhəmməd və Ali Məhəmmədi xeyir-bərəkətinlə ucalt!

 

İlahi, Peyğəmbər (s) və Əhli-Beytə (s) zülmü rəva bilən ən birinci zalımdan bu yolun ən son yolçusuna qədər heç bir zalıma rəhm etmə! İlahi, Hüseynlə (ə) savaşanlara, onlara qoşulanlara, onların yolunu gedənlərə və onlarla razılaşanlara rəhm etmə! Onların hamısına lənət et. (Bu abzası 100 dəfə oxumaq tövsiyə olunur)

 

Ya Əba Əbdillah! Sənə və sənə fəda olan ruhlara salam olsun! Allahın əbədi salamı olsun sizə. Nə qədər ki, varam, nə qədər ki, gecə gündüzlə əvəz olunur, məndən sizə salam olsun! Allah bu ziyarətimi sonuncu ziyarət qərar verməsin. Salam olsun Hüseynə, Hüseynin oğlu Əliyə, Hüseynin övladlarına, Hüseynin yavərlərinə! (Bu abzası 100 dəfə oxumaq tövsiyə olunur)

 

İlahi, mənim bədduamla ən birinci zalımı xüsusi bir lənətə düçar et. Onun ardınca ikinci, üçüncü və dördüncü zalımı da öz lənətinə qərq et! İlahi, Yezidə də lənət et! Übeydullah ibni Ziyad, Mərcanənin oğlu, Ömər ibn Səd, Şimr, Əbu Süfyanın soyu, Ziyadın və Mərvanın nəsilləri də Qiyamətədək Sənin lənətinə gəlsinlər!

 

İlahi, müsibətlərinə şükr edənlərin həmdi ilə Sənə həmd olsun. İlahi, qəmimin əzəmətinə görə Sənə həmd edirəm! İlahi, Qiyamət günü Hüseyni (ə) şəfatəçim et! İlahi, qoy mən də Sənin dərgahında Hüseyn və özlərini ona fəda edən yavərləri ilə birlikdə səbat və sidqlə addımlayanlardan olum! (Bu abzası səcdədə oxumaq tövsiyə olunur)

 

 

*Burada öz pozğunluğu ilə ərəblər arasında ad qazanmış Übeydullah ibni Ziyadın anası Mərcanə nəzərdə tutulur.

 

**Burada məqsəd Həzrət Həmzənin qətlini sifariş edən və onun ciyərini çıxartdırıb yeyən Hinddir. Bu qadın Muaviyənin anası, Yezidin nənəsidir.