Bağışlayan və Mehriban Allahın adı ilə
İlahi, məni bəla ilə ədəbləndirmə, aldanıb tələyə düşməyə qoyma! Ya Rəbb, Səndən başqa xeyir mənşəyi yox ikən haradan xeyir umum? Səndən başqa nicat verən yox ikən haradan nicat umum? Ən xeyirxah kəs belə Sənin yardım və rəhmətindən güc alır. Günah edən də, əleyhinə çalışan da, naşükür olan da Sənin hökmranlığından kənar çıxa bilməz. Ya Rəbb! Ya Rəbb! Ya Rəbb!... (nəfəs çatanadək "Ya Rəbb!" deyilir).
Səni mənə tanıdan Özünsən. Sənə tərəf yol göstərənim və çağıranım Özünsən. Sən olmasaydın Səni necə tanıyacaqdım?! Həmd olsun o Allaha ki, mən çağıranda cavab verir, O çağıranda isə mən cavab verməyə ərinirəm. Həmd olsun o Allaha ki, mən istəyəndə əta edir, O istəyəndə isə mən paxıllıq edirəm. Həmd olsun o Allaha ki, ehtiyacımı birbaşa Ona deyirəm, sirrimi birbaşa Onunla bölüşürəm, O da məni əliboş qaytarmır. Həmd olsun o Allaha ki, Ondan başqasının qapısına getmərəm, getsəm də istədiyimi ala bilmərəm. Həmd olsun o Allaha ki, Ondan başqasına ümid bağlamaram, bağlasam da ümidlərim puç olar. Həmd olsun o Allaha ki, məni Öz öhdəsinə götürüb əziz etdi, camaatın ümidinə buraxıb xar etmədi. Həmd olsun o Allaha ki, məni sevir, halbuki məndən bir asılacağı yoxdur. Həmd olsun o Allaha ki, mənimlə elə həlim davranır, sanki heç bircə günahım da yoxdur. Ona görə də yalnız Rəbbimi öyürəm və yalnız O öyməyimə layiqdir.
İlahi, həqiqətən görürəm ki, Səndən istəmək üçün yollar əngəlsizdir, Sənə olan ümid bulaqları dolub-daşmaqdadır, Sənə ümidli olana fəzlindən yardım almaq asandır, dua qapıları isə Sənə fəğan edənlərin üzünə açıqdır. Həm də bilirəm ki, həqiqətən Sən ümidvar olanı cavabsız, pərişan olanı dəstəksiz qoymazsan. Həqiqətən Sənin səxavətinə göz dikib hökmünə sevinirəmsə, deməli paxılların əsirgədiyinin əvəzini almış və acgözlərin sərvətindən ehtiyacsız olmuşam. Həqiqətən Sənə tərəf gedənlərin yolu qısadır. Sən insanlardan gizlənmirsən. Səni görməyə mane olan Səndən başqası üçün edilən əməllərdir. Beləliklə Sənə üz tutub ehtiyaclarımı Sənə bildirirəm. Sənə sığınıb duamla Sənə qovuşuram. Hərçənd nə duamın eşidilməsinə, nə də günahlarımın bağışlanmasına layiq deyiləm. Amma kərəminə arxayın və verdiyin vədin doğruluğundan sarı rahatam. Arxayınlığım odur ki, Sənin təkliyinə inanır və Səndən başqa rəbbimin olmadığını yəqin bilirəm. Səndən başqa bir tanrı yoxdur, təksən, şəriksizsən!
İlahi, sözün haqq, vədin isə doğrudur. Özün buyurmusan: “Allahın fəzlindən dilədiyinizi diləyin. Şübhəniz olmasın, Allah hər şeydən xəbərdardır.” Qapına gəlməyi əmr etdiyin halda qapıdandan əliboş qaytarmaq Sənin şənindən uzaqdır, ey mənim Sahibim! Sən sultanı olduğun aləmdə bəndələrinə bol-bol bəxşiş yağdırır, sonsuz nəvazişinlə onların qeydinə qalırsan. İlahi, uşaq ikən məni öz nemət və lütfünlə bəslədin, böyüdükdə isə adımı ucaltdın. Ey dünyada ikən məni lütfü, fəzli və neməti ilə bəsləyən! Ey Axirətdə mənimlə əfv və kəramətlə davranacağına işarə edən! Sənə tərəf aparan bələdçim Sənə olan mərifətimdir. Sənin hüzurunda şəfaətçim Sənə olan məhəbbətimdir. Bələdçimi Sən yönəldirsən deyə ona güvənirəm. Şəfaətçimi Sən qəbul edirsən deyə ondan arxayınam. Ya Mövla, günahların lal etdiyi dillə Səni çağırıram. Ya Rəbb, günahların öldürdüyü qəblə Səninlə münacat edirəm. Ya Rəbb, Səni həm qorxu, həm həvəs, həm xof, həm ümidlə çağırıram. Ya Mövla, günahlarıma baxanda dəhşətə gəlirəm, kərəminə baxanda həvəslənirəm. Odur ki, məni bağışlasan, ən mərhəmətli olduğuna görə bağışlayacaqsan. Əzab versən ədalətli olduğuna görə əzab verəcəksən. İlahi, xoşun gəlmədiyi işləri görməyimə baxmayaraq Səndən nəsə istəməyə cürət tapıramsa, Sənin kərəm və səxavətinə görədir. Həyamın azlığına baxayaraq çətinliklərə güc gəlirəmsə, Sənin rəhmət və mehribanlığına görədir. Gördüyün kimi hər iki halda ümidimi kəsmirəm. Buna görə də ümidimi doğrult və duamı eşit, ey çağırılanların ən yaxşısı və ümid olunanların ən fəzilətlisi! Ey mənim Mövlam! Ümidim böyükdür, əməlim isə pis. Sən də ümidim qədərincə məni bağışla və ən pis əməlimə göz yum. Çünki günahkara cəza verməkdənsə, kərəm etməyin daha əzəmətlidir. Təqsirkarlara haqq etdiklərini verməkdənsə, həlimlik göstərməyin daha üstündür. İlahi, Sənin fəzlinə pənah aparıram. Səndən Sənə sığınıram. Əfvinə göz dikənləri bağışlayacağın haqda vədinin baş tutmasını istəyirəm.
Ya Rəbb, mən kiməm ki? Nə dəyərim var? Mənə fəzlinə görə nemət yağdır, əfvinə görə lütf et! Ya Rəbb, eyblərimi Öz örtüyünlə ört! Mənə kərim üzünü göstər və cəza vermə! Bilirsən ki, Səndən başqası mənə baxsaydı günah etməzdim. Cəzamın dərhal gələcəyindən qorxsaydım günahdan qaçaqdım. Ona görə yox ki, mənə baxanlar arasında Səni saymır və ya önəmsiz bilirəm. Əsla, ya Rəbb! Ona görə belə edirəm ki, Sən eyb örtənlərin ən yaxşısı, hökm edənlərin ən hikmətlisi, kərəm edənlərin ən kərəmlisisən. Eybləri gizlədən, günahları əfv edən, gözlərdən gizlin olanlardan agahsan. Comərdliyin üzündən günahları faş etmir, həlimliyin üzündən cəza verməyə tələsmirsən. Həmd olsun Sənə! Hər şeyi görə-görə mehribanlığından, hər şeyə gücün çata-çata bağışlamağından əl çəkmirsən. Mənə qarşı necə mehriban olduğunu görürəm deyə, günah edirəm. Eyblərimi necə gizlətdiyini görürəm deyə, həya gözləmirəm. Rəhmətinin sonsuzluğunu və əfvinin əzəmətini görürəm deyə, harama qaçıram. Ey Həlim, ey Kərim, Ey Diri, ey Əbədi! Ey günahları bağışlayan, ey tövbələri qəbul edən, ey əzəmətlə nemət yağdıran, ey həmişə ehsan edən! Hanı gözəl örtüyün? Hanı şöhrətli əfvin? Hanı yaxın fərəcin? Hanı gecikməyən yardımın? Hanı geniş rəhmətin? Hanı sonsuz bəxşişlərin? Hanı ləzzətli sovqatların? Hanı alqışa layiq mərhəmətin? Hanı əzəmətli fəzlin? Hanı nəhəng lütfkarlığın? Hanı əbədi ehsanın? Hanı kərəmin, Ey Kərim?! Öz kərəminə, Məhəmməd (s) və onun Əhli-Beytinə (ə) xatir məni qurtuluşa çatdır! Rəhmətinə xatir məni xilas et! Ey yaxşılıqlar, gözəlliklər, nemətlər və fəzilətlər əta edən! Əməllərimə deyil, fəzlinə güvənib nicat tapacağıma ümid edirəm. Çünki çəkinilməyə də, bağışlamağa da layiq Sənsən. Nemət verməyə başlayanda bol-bol verirsən, günah bağışlayanda kərəm göstərirsən. Odur ki, bilmirəm hansına şükr edim?! Gözəllik yaymağına ya eyb örtməyinə?! Böyük bəlaları asanlaşdırmağına ya saysız sınaqlardan salamat çıxartmağına?!
Ey Ona aşiq olanların aşiqi! Ey Ona sığınanların və Ondan başqa hər şeydən qopanların gözününü nuru! Sən xeyir əta edənsən, biz isə günah edən. Ona görə də, ya Rəbb, əlində olan gözəlliklərlə əlimizdə olan çirkinlikləri təmizlə. Ya Rəbb! Hansı nadanlıq Sənin kərəmindən böyük ola bilər?! Hansı müddət Sənin səbrindən uzun ola bilər?! Hansı nemətinin yanında əməlimizin dəyəri ola bilər?! Hansı rəhmətin günahkarları ağuşuna almaya bilər?! Ey sonsuz məğfirət Sahibi! Ey əlləri rəhmətlə açılan! Ey Mövlam! And ola izzətinə məni qapından qovsan belə yenə də bu qapıya gələcəm, yenə də yalvaracam. Çünki Sənin bağışlamaqda necə kərim və comərd olduğunu yaxşı bilirəm. Sən istədiyini edənsən: kimə, necə və nə qədər istəsən əzab da verərsən, rəhm də edərsən. Gördüyün işlər sorğulanmaz. Hökmranlığına qarşı çıxılmaz. Əmr etməyində şərikin olmaz. Bir nəfər belə tədbirinə etiraz edə bilməz. Yaratmaq və hökm etmək Sənə məxsusdur. Şanın ucadır, ey Aləmlərin Rəbbi!
Ya Rəbb! Mənə bir bax: Sənə sığınan, kərəminə ümidlənən və xeyir-bərəkətinə öyrəşən birisiyəm. Sən isə bağışlamaqdan əl çəkməyən səxavət sahibisən. Nə fəzlin əksilər, nə də rəhmətin azalar. Odur ki, biz də Sənin daimi əfvinə, böyük fəzlinə və hədsiz rəhmətinə göz dikmişik.Ya Rəbb, heç bizimlə ümid və gözləntilərimizə zidd davarana bilərsən? Əsla, ey Kərim! Sənin barəndə nə belə bir zəndəyik, nə də belə bir gözləntidə! Ya Rəbb! Həqiqətən, Sənə olan ümidlərimiz sonsuzdur, çoxdur. Həqiqətən, Səndən olan gözləntilərimiz böyükdür. Sənə günah etdik, amma ümid edirik ki, günahlarımızı gizlədəcəksən. Səni çağırırıq, ona görə ümid edirik ki, bizə cavab verəcəksən. Sən də ümidlərimizi doğrult, ya Mövla! Əməllərimizə görə nəyə layiq olduğumuzu bilirik. Amma Sən bizi tanıdığın kimi, biz də Səni tanıyırıq - Sənin rəhmətinə layiq olmamışıqsa belə, bizi yanından qovmazsan. Çünki, Sən Öz geniş fəzlinlə bizə də, günahkarlara da qarşı çox səxavətlə davranırsan. Elə isə, bizə Öz adına layiq lütf et! Bizə bol-bol inayət et, axı Sənin inayətinə möhtacıq.
Ey əfvi sonsuz! Bizi yönəldən Sənin nurundur, ehtiyacsız edən Sənin fəzlindir, güzaranımızı təmin edən Sənin nemətlərindir. Günahlarımız da göz qabağında. Bu günahlardan peşiman halda Sənə üz tuturuq. Sən bizi nemətlə qarşılayıb sevgini göstərirsən, biz isə Sənə günahla cavab veririk. Səndən bizə xeyir gəlir, bizdən Sənə pislik göndərilir. Sən həmişə qəbahətli əməllərimizlə qapısına gəldiyimiz kərim sultan olmusan, həmişə belə də olacaqsan. Sənə heçnə mane olmur ki, bizi öz nemətlərinlə bürüyəsən, artıqlaması ilə bəxşişlər verəsən. Necə də gözəlsən, İlahi! Necə də mehribansan! Necə də əzəmətlisən! İşinin başlanğıcı da kəramətdir, sonucu da. Adların müqəddəs, tərifin ucadır! Yaratdıqların da gözəldir, davranışın da! İlahi, Sənin fəzlin o qədər geniş, mehribanlığın o qədər əzəmətlidir ki, mənə dəyər vermək üçün əməl və səhvlərimə baxmazsan. Odur ki, əfv et, əfv et, əfv et! Mənim Sahibim, mənim Sahibim, mənim Sahibim! İlahi, bizi Səni yad etməyə məşğul et, qəzəbindən qoru, cəzandan amanda saxla, nemətlərinlə qidalandır, fəzlinlə nemət ver, Öz evinin ziyarətini - Həcci və Peyğəmbərinin qəbrinin ziyarətini nəsib et! Xeyir-bərəkətin, rəhmətin, məğfirətin, razılığın Peyğəmbərinə və onun soyuna olsun! Sən doğurdan da yaxınsan, dada çatansan. Əməldə Sənə itaət etməyi bizə nəsib et. Sənin dininə mənsub olduğumuz, Peyğəmbərinin sünnəsi ilə yaşadığımız halda canımızı al. Allahın xeyir-bərəkəti Peyğəmbərin və onun soyunun üzərinə olsun! İlahi, məni də, valideyinlərimi də bağışla. Necə ki, onlar məni uşaq ikən tərbiyələndirdilər, Sən də onlara rəhm et. Yaxşılıqlarına yaxşılıqla, günahlarına əfvinlə cavab ver. İlahi imanlı kişi və qadınları, onlardan sağ olanları və ölənləri bağışla. Qoy onların xeyirxahlığını biz davam edək. İlahi, həyatda olan və olmayanlarımızı, yanımızda olan və olmayanlarımızı, kişi və qadınlarımızı, uşaq və böyüklərimizi, azad olan və olmayanlarımızı bağışla. Allahdan üz çevirənlər yalan danışıb, dərin bir azğınlığa düşüb və açıq-aydın ziyana uğrayıblar. İlahi, Məhəmmədə və Məhəmmədin soyuna xeyir-bərəkət ver! Mənim üçün hər şeyi yaxşılıqla bitir. Dünya və axirətdə ən mühüm olanı nədirsə, məni onunla qane et. Mənə rəhm etməyəcək birisini mənə hakim etmə. Öz tərəfindən mənim üçün əbədi bir qorunma ver. Nəsibim etdiyin nemətləri əlimdən alma. Öz fəzlinlə mənə bol, halal və pak ruzi ver. İlahi, Özün məni qoru, Özün məni hifz et, Özün məni bəladan saxla. Öz müqəddəs evini (Kəbəni), Peyğəmbər (s) və imamların (ə) qəbrlərini ziyarət etməyi bu il və həmişə qismət et. Ya Rəbb, məni bu şərafətli ziyarətgahların və əziz yerlərin ziyarətindən məhrum etmə.
İlahi, mənə elə tövbə nəsib et ki, bir daha Sənə asi olmayım. O tövbə ilə məni yaxşılığa və əmələ ilhamlandır, yaşadığım hər gecə-gündüzü Səndən çəkinməyi ürəyimə sal. Ey Aləmlərin Rəbbi! İlahi! Hər dəfə deyəndə ki, mən Sənin hüzurunda namaz qılıb münacat etməyə hazıram, namaz vaxtı məni yuxuya verir, münacatı isə əlimdən alırdın. Mənə nə olub ki, hər dəfə özümü islah olunmuş və tövbəkarların cərgəsinə yaxınlaşmış sandığımda, başıma elə işlər gəlir ki, ayaqlarım büdrəyir və Sənə xidmət etməkdən məhrum oluram? Mənim Sahibim! Olmaya məni qapından qovmusan ya da xidmətindən kənarda saxlamısan? Bəlkə Sənin haqqına qarşı laqeydliyimi görüb məni uzaqlaşdırmısan? Bəlkə Səndən döndüyümü görüb mənə qəzəblənmisən? Bəlkə yalançıların arasında olduğumu görüb məndən üz çevirmisən? Bəlkə nemətlərinə görə şükr edənlərin arasında olmadığımı görüb məni məhrum etmisən? Bəlkə alimlərin arasında olmadığımı görüb məni köməksiz buraxmısan? Bəlkə qafillərin arasında görüb rəhmətindən məyus etmisən? Bəlkə boş insanların arasında dolandığımı görüb məni onların ümidinə qoymusan? Bəlkə duamı eşitməkdən xoşlanmırsan deyə, məni uzaq saxlayırsan? Bəlkə bunlar günah və xətalarımın cəzasıdır? Bəlkə, Sənə qarşı həyalı olmamağımın cavabıdır? Ya Rəbb, bunula belə məni bağışlasan da bağışlamısan! Axı məndən qabaq da günahkar bağışlamısan. Ya Rəbb, günahkara qarşı kərəmin cəzandan daha üstündür. Mən də Sənin fəzlinə pənah aparıb, Səndən Sənə sığınıram. Sənin haqqında ən yaxşı gümanda olanlara nə vəd etmisənsə, ona ümidlənmişəm. İlahi! Sənin fəzlin o qədər geniş, helmin o qədər əzəmətlidir ki, nə əməlimə görə mənə dəyər verər, nə də xətama görə xar edərsən. Mən nəyəm ki! Nə dəyərim var, ya Rəbb! Sahibim Sənsən! Mənə nə verəcəksənsə fəzlinlə ver. Əfv etməklə lütf göstər, eyblərimi örtməklə izzət ver, kərəm üzünü mənə göstərməklə qınaqdan qoru. Ey mənim Mövlam! Böyütdüyün həmin uşağam, öyrətdiyin həmin nadanam, hidayət etdiyin həmin azğınam, ucaltdığın həmin həqirəm, qorduğun həmin qorxağam, yedirtdiyin həmin acam, içizdirdiyin həmin teşnəyəm, geyindirdiyin həmin çılpağam, zənginləşdirdiyin həmin fəqirəm, gücləndirdiyin həmin zəifəm, izzətləndirdiyin həmin zəliləm, sağaltdığın həmin xəstəyəm, əlidolu qaytardığın həmin əliboşam, utandırmadığın həmin günahkaram, bağışladığın həmin təqsirkaram, artırdığın həmin azam, harayına gəldiyin həmin köməksizəm, yanına aldığın həmin qovulmuşam. Ya Rəbb! Mən o kəsəm ki, nə təklikdə Səndən həya etdim, nə camaat arasında Səndən çəkindim. Mən böyük bəlalara düçar olmuşam. Mövlama qarşı cürət etdim, səmaları ram edən Allaha qarşı çıxdım, əzəmətli Allaha itaətsizlik üçün xərc çəkdim, günah haqda eşidən kimi ona tərəf qaça-qaça tələsdim, möhlət verdiyində ağlımı başıma yığmadım, eyblərimi örtdükdə həyamı qorumadım, etdiyim işin günah olduğunu bilərək onu etdim, nəzərini üzərimdən çəkdiyində belə özümə gəlmədim. Sən isə, təmkinlə mənə fürsət verdin və örtüyünlə günahlarımı elə örtdün ki, elə bil Özün də onlardan xəbərsizsən. Günahlarıma görə cəzanı elə uzaqlaşdırdın ki, elə bil mənim yerimə utandın.
İlahi, nə Sənin Rəbb olduğu inkar etdiyim, nə Sənin əmrini yüngül tutduğum, nə Sənin cəzandan qorxmadığım, nə də Sənin xəbərdarlığını ciddi saymadığım üçün sözündən çıxdım. Yox! Ona görə belə etdim ki, səhvlərə güc gələ bilmədim, özüm özümü aldatdım, həvayi-nəfsim mənə qalib gəldi, bunların hamısına bəxtsizliyim də təsir etdi. Eyblərimi örtməyin isə, mənə cürət verdi. Odur ki, Sənin sözündən çıxdım və inadkarlıq göstərdim. Bundan sonra Sənin əzabından kim məni xilas edəcək? Sabah əzab mələklərinin əlindən məni kim alacaq? Mənimlə bağları kəssən, kimə bağlanacam? Sənin kitabında qeydə düşən əməllərimə görə vay mənim halıma! Sənin kərəm və rəhmətinə ümidim olmasaydı, həm də Özün məni ümidsizlikdən çəkindirməsəydin, əməllərim yada düşdükcə məyus olardım. Ey çağırılanların ən yaxşısı! Ey ümid bəslənənlərin ən üstünü! İlahi, İslamın əhdi ilə Sənə təvəssül edirəm, Quranın hörməti ilə özümü Sənə tapşırıram. Qureyş tayfasından, Haşimi soyundan, ərəb xalqından, Məkkə və Mədinə əhlindən olan və heç kəsdən dərs almayan Peyğəmbərini (s) sevməyimlə Sənə yaxın olacağıma ümid edirəm. Odur ki, inamla etdiyim ünsiyyətimi vəhşətə çevirmə. Səndən başqasına bəndəlik edənə verdiyin qarşılığı mənə vermə. Elə insanlar olub ki, canını qorumaq üçün dildə iman gətirmişdilər. Onlar ümid etdiklərinə çatdılar da. Biz isə dildə də, ürəkdə də Sənə inandıq ki, bizi əfv edəsən. Qoy biz də ümid etdiyimizə çataq. Ürəyimizdə Sənə bəslədiyimiz ümidi möhkəmləndir, hidayət etdikdən sonra qəlbimizi azmağa qoyma, bizə Öz rəhmətindən əta et. Həqiqətən Sən sonsuza qədər bəxşiş edənsən!
And ola Sənin izzətinə! Məni qovsan da, qapından getməyəcəm, Sənə yalvarmaqdan əl çəkməyəcəm. Çünki Sənin kərəm və rəhmətin barədə mərifət qəlbimə ilham olunub. Bəndə ağasından başqa kimə üz tutsun? Yaranmış Yaradanından başqa kimə sığınsın? İlahi, boynuma zəncir vursan da, başqalarının gözü qabağında məni rəhmətindən məhrum etsən də, bəndələrinin önündə məni rüsvay etsən də, atəşə girməyimi əmr etsən də, məni xeyirxah insanlardan ayırsan da, Sənə olan ümidim kəsilməz, əfvinə olan inamım aradan getməz, Sənə olan sevgim qəlbimdən çıxmaz. Dünyada mənə yardım əlini uzatdığını və eyblərimi örtdüyünü unutmaram. Ya Mövla! Dünya məhəbbətini qəlbimdən çıxart, məni yaradılışın ən üstünü və peyğəmbərlərin sonuncusu olan Muhəmməd Mustafa (s) və onun soyuna qovuşdur. Allahın xeyir-bərəkəti ona və soyuna olsun! Məni tövbə ilə Sənin yanına dönənlərin məqamına ucalt. Kömək et ki, özümə ağlaya bilim: axı həyatımı puç etdim, xeyirə çatacağına inanmayanların səviyyəsinə düşdüm. Məndən də pis halda olan var? Bu halla qəbrə necə gedim ki, orada rahatlanmaq üçün heçnə etməmiş, dincəlməyim üçün oranı saleh əməllərlə döşəməmişəm? Necə ağlamayım bir halda ki, hara getdiyimi bilmirəm? Özüm özümü aldadan görürəm, ruzigar məni tələyə salır, ölüm isə başımın üstündə qanad çalır. Heç bilmirəm nəyə ağlayam: canımın bədənimdən çıxmasınamı, qəbrimin qaranlığınamı, məzarımın sıxıcılığınamı, Nakirlə Münkərin sorğu-sualınamı, qəbirdən çılpaq və zəlil halda çıxacağımamı, yükümü belimdə daşıyacağımamı? Sağa baxacam sonra da sola, görəcəm ki, heç kəs mənim halımda deyil. Həmin gün hər kəsin başı özünə qarışacaq. Bəzilərinin üzü parıldayacaq, güləcək və sevinəcək, digərilərin üzü isə toz-torpaq içində zillətə bulaşacaq.
Ya Mövla! Sığınmağım da, etimadım da, ümidim də, güvənim də Sənədir! Sənin rəhmətinə bağlanmışam. İstədiyini rəhmətinlə bürüyər, sevdiyini kərəminlə yönəldərsən! Odur ki, qəlbimi şirkdən təmizlədiyin üçün Sənə həmd olsun! Dilimi açdığın üçün Sənə həmd olsun! Bu topuq vuran dilimləmi Sənə şükr edəcəm? Bu yaramaz çabalarlarmı Səni razı salacam? Ya Rəbb, Sənin dəyər verməyinin müqabilində dilimdəki şükrün nə dəyəri var? Sənin nemət və yaxşılıqların müqabilində əməlimin nə dəyəri var? İlahi, Sənin səxavətin ümidimi böyütdü. Sənin dəyər verməyin əmməllərimi qəbul oluna biləcək etdi. Ya Mövla! Meylim Sənədir, qorxum Səndəndir, ümidim Sənədir! Ümidlərim məni Sənə yönəldib, ey Vahid Allah! himmətim Sənə sarı istiqamət alıb, iştaham Sənin yanındakı nemətlərə açılıb, ən xalis arzu və qorxum Səninlə bağlıdır, sevgim Səninlə ünsiyyət tapıb, əllərim Sənə açılıb, qorxum Sənə itaətlə aram olur. Ya Mövla, qəlbim Səni yad etməklə döyünür, qorxumun acısı Səninlə münacat etməklə azalır. Ey mənim Sahibim, ümidim, arzularımın nəhayəti! Sənə itaət etməyimə mane olan günahlarınmla mənim aramda ayrılıq sal. Axı doğurdan da heç zaman kəsmədiyim ümidimlə çağırırıam Səni. Özün üçün vacib etdiyin mehribanlıq və mərhəmətdən həvəslənərək çağırıram Səni. Hökm Sənindir, Təksən, Şəriksizsən! Hər bir yaranmış Sənin öhdəndə və Sənin ixtiyarındadır! Hər bir şey Sənin müqabilində baş əyir! Valehəm Sənə, ey Aləmlərin Rəbbi!
İlahi, bəhanəm qalmadıqda, dilim cavab verməyə bir söz tapmadıqda, Sənin sualın müqabilində ağlım qarışdıqda mənə rəhm et! Ey əzəmətli ümidim! Ehtiyacım şiddətlənəndə məni məyus etmə, cəhalətimə görə məni qovma, səbirsizliyimə görə məndən üz çevirmə! Möhtacam deyə əta et, zəifəm deyə rəhm et. Ya Rəbb, etimadım, pənahım, ümidim və güvənim Sənsən! Bağlılığım Sənin rəhmətinədir. Yolumun sonu Sənin dərgahındadır. Diləklərimin qəsdi Sənin səxavətindir. Ya Rəbb, Sənin kərəmin sayəsində əlimi duaya açıram, Sənin yanında ehtiyaclarımı axtarıram, Sənin zənginliyin sayəsində fəqirlikdən qurtuluram, Sənin əfvin sayəsində ayaqda qalıram, Sənin kərəm və səxavətinə göz dikirəm, Sənin nemətlərini gözdən qaçırmıram. Məni cəhənnəm odunda yandırma, axı ümid yerim Sənsən. Məni cəhənnəm quyusuna salma, axı gözümün nuru Sənsən. Mənim Sahibim! Qoyma Sənin xeyir və yaxşılıqların barədə gözləntilərim doğrulmamış qalsın, axı Sən mənin güvəncimsən. Qoyma Sənin mükafatından məhrum olum, axı ehtiyaclı olduğumu bilirsən! İlahi! Əgər əcəlim çatıb, əməllərim isə məni Sənə yaxınlaşdırmayıbsa, o zaman Sənə bəhanə vermək üçün günahlarımı etiraf edirəm. İlahi! Məni əfv etsən - bağışlamaqda Səndən üstün kim ola bilər? Mənə əzab versən - hökm verməkdə Səndən ədalətli kim ola bilər? Dünyada qəribçiliyimə, ölüm vaxtı bədbəxtliyimə, qəbirdə kimsəsizliyimə, məzarda qorxaqlığıma rəhm et. Haqq-hesab üçün qarşına çıxanda zəlil olacam. Odur ki, insanlardan gizli qalan pis əməllərimi bağışla, eyblərimi örtməyi dayandırma. Ölüm yatağında sevdiklərim məni tərpədən vaxt məni bağışla. Cəsədimə qüsl verilərkən saleh qohumlarım bədənimi çevirən vaxt mənimlə fəzlinlə davran. Yaxınlarım cənazəmi çiyinlərində aparan vaxt mənə lütf et. Məzara tək-tənha və köməksiz şəkildə qoyulduğum vaxt mənə səxavətini göstər. Və o yeni evimdə qəribliyimə rəhm et ki, Səndən başqasını gözüm axtarmasın!
Ya Rəbb! Məni öz başıma buraxsam, həlak olacam. Ya Rəbb! Günahlarımı dəf etməsən, kimə üz tutacam? Qəbirdə Sənin himayəndən məhrum olsam, kimə pənah aparacam? Qəm-qüssəmi dağıtmasan, kimə tərəf qaçacam? Mənim Mövlam! Səndən başqa kimim var? Səndən başqa kim mənə rəhm edəcək? Ehtiyaclı vaxtımda Sənin fəzlindən məhrum olsam, gözümü kimin fəzlinə dikəcəm? Əcəlim çatanda günahlarımın əlindən kimin yanına qaçacam? Ey mənim Mövlam! Sənə ümid edirəm deyə, cəza vermə mənə. İlahi! Ümidimi doğrult və qorxudan amanda saxla ki, həqiqətən, saysız-hesabsız günahlar içində Sənin əfvindən başqa heç nəyə bel bağlamıram. Mənim Mövlam! Səndən layiq olmadığım bir şey istəyirəm. Amma Sən günahlardan keçən, bağışlayansan! Odur ki, məni bağışla və pisliklərimi örtən bir libasa bürü. Pisliklərimi elə bağışla ki, onlara görə sorğu-sual olunmayım. Həqiqətən Sən sonsuz lütf, əzəmətli əfv və səxavətli güzəşt sahibisən! İlahi! Səndən istəməyənləri, Sənin rəbbliyini inkar edənləri belə Öz feyzindən məhrum etmirsən. O zaman Səndən istəyən, Səni Yaradan bilən və bütün işlərin Sənə qayıdacağını düşünən kəslə necə rəftar edərsən? Şanı uca və mübarəksən, ey Aləmlərin Rəbbi! Mənim mövlam! Bəndən möhtac halda qapına gəlib, öz duaları ilə Sənin xeyir-bərəkət qapını döyür. Odur ki, Öz Kərim üzünü məndən çevirmə! Dilədiklərimi qəbul et, axı Səni bu diləklərlə çağırıram. Ümidliyəm ki, məni qovmazsan, axı Sənin mehribanlığına və mərhəmətinə bələdəm. İlahi! Diləyənin diləyi Səni yormaz, yaxşılıqların isə Sənin xəzinəni azaltmaz. Sən Özünü vəsf etdiyin kimisən, bizim vəsflərimizin isə fövqündəsən!
Mənim Allahım! Səndən gözəl səbr, tez fərəc, düz danışıq və əzəmətli mükafat diləyirəm. Ya Rəbb! Səndən ağlıma gələn və gəlməyən yaxşılıqların hamısını istəyirəm. Mənim Allahım! Səndən saleh bəndələrinin istədiyini istəyirəm! Ey qapısı döyülənlərin ən yaxşısı, ey əta edənlərin ən səxavətlisi! Özüm və ailəm, ata-anam və balalarım, fikrini etdiyim kəslər və mömin qardaşlarım üçün Səndən istədiklərimi əta et. Qoy yaşayışım firəvan, mürüvvətim möhkəm olsun! Qoy bütün hallarımda kəm-kəsirim düzəlmiş olsun! Qoy ömrünü uzatdığın, əməllərini gözəlləşdirdiyin, nemətlərinlə dolğunlaşdırdığın və razı qaldığın kəslərdən olum! Qoy sonsuz sevinc, tükənməz kəramət və dolğun yaşayış içində keçən pak bir həyatla dirilik verdiyin kəslərdən olum! Həqiqətən Sən Öz istədiyini edirsən, başqasının istədiyini yox!
Mənim Allahım! Məni xüsusi olaraq nəzərində saxlamaqla fərqləndir! Sənə yaxınlaşmaq üçün gecə-gündüz etdiklərim işləri riya və lovğalıqdan, qürur və təkəbbürdən qoru. Qoy Sənin hüzurunda tir-tir əsənlərdən olum. Mənim Allahım! Qoy ruzim bol olsun, vətənimdə əmniyyət olsun, ailə-uşağım və val-dövlətim mənə başıucalıq gətirsin. Qoy yerim Sənin yanındakı nemətlər içində olsun. Qoy cismim sağlam, bədənim qüvvətli, dinim salamat olsun. Qoy canım bədənimdə qaldıqca Sənə və rəsulun Məhəmmədə (Allahın xeyir-bərəkəti ona və soyuna olsun) itaətimdə möhkəm olum. Qoy Sənin yanında Ramazan ayı və Qədr gecəsində nazil etdiyin bütün xeyirlərdən, il boyunca yağdırdığın rəhmətdən, bürüdüyün əmin-amanlıqdan, qarşısını aldığın bəlalardan, qəbul etdiyin xeyir işlərdən və keçdiyin günahlardan ən çox pay alan bəndən olum. Mənə hər il Beytül-hərəmin ziyarətini nəsib et, mənə Öz geniş fəzlindən bolluca ruzi əta et, pislikləri məndən uzaq et, ey mənim Sahibim! Borclarımı və etdiyim haqsızlıqları aradan apar ki, mənə əziyyət verməsinlər. Qoy düşmənlərimi, mənə paxıllıq edənləri və mənə zülm etmək istəyənləri nə qulağım eşitsin, nə gözüm görsün. Onlara qalib olmaq üçün mənə kömək ol. Gözümə aydınlıq, qəlbimə fərəh bəxş et. Mənə qəm-kədərdən xilas və rahatlıq ver. Yaratdıqların içrə pisliyimi istəyən hər kəsi qarşımda yenilt. Şeytanın şərrini, hökmdarların pisliyini, əməllərimin acı nəticələrini məndən uzaqlaşdır. Məni bütün günahlarımdan təmizlə, əfv edərək atəşdən qurtar, rəhm edərək cənnətə sal, fəzlinlə cənnət sakinlərinə həmdəm et. Məni xeyirxah, pak, xalis və seçilmiş olan saleh övliyalarına - Məhəmməd və Ali Məhəmmədə qovuşdur. Salamın, rəhmət və bərəkətin onların özünə, cisminə və ruhuna olsun!
Ey mənim Allahım və Sahibim, and ola izzət və cəlalına! Günahlarımı məndən xəbər alsan, mən də Sənin əfvindən xəbər alaram. Xəsisliyimi məndən xəbər alsan, mən də Sənin kərəmindən xəbər alaram. Məni atəşə atsan da, cəhənnəm əhlinə Səni sevdiyimi deyəcəm. Ey mənim Allahım və Sahibim! Sənə itaət edən və dost olanlardan başqa heç kəsi bağışlamayacaqsansa, günahkarlar kimə sığınsın? Sənə vəfalı olanlardan başqa heç kəsə nemət verməyəcəksənsə, üsyankarlar kimi çağırsın? İlahi, məni atəşə qərq etsən, düşmənlərin sevinəcək. Amma Cənnətə salsan, sevinən Peyğəmbərin (s) olacaq. Vallah, düşmənlərindənsə Peyğəmbərini (s) şad görmək istədiyini bilirəm . İlahi, Səndən istəyim budur ki, qəlbim Sənə olan sevgi ilə, Sənin hüzurunda qorxu ilə, Sənin Kitabının təsdiqi ilə, Sənə imanla, Sənin həyacanınla və Sənə qarşı şövqlə dolub-daşsın. Ey şanı uca Kərəm Sahibi! Qoy Səninlə görüşüm mənim üçündə də, Sənin üçün də sevimli olsun. Qoy rahatlığı da, xilası da, hörməti də bu görüşdə tapım. İlahi, məni bu yolu keçmiş saleh bəndələrinə bağla, bu yolda olan saleh bəndələrinə qovuşdur və onların yolu ilə apar. Saleh bəndələrinə nəfslərinə qalib gəlmək üçün yardım etdiyin kimi mənə də nəfsimə qalib gəlməkdə yardım et. Öz rəhmətinlə aqibətimi ən yaxşı əməllərlə tamamla və onlara görə məni Cənnətlə mükaftlandır. Mənə əta etdiyin saleh işlərdə mətinlik ver və yardım et, ya Rəbb! Qoyma ki, canımı qurtardığın pisliklərə qayıdım, ey Aləmlərin Rəbbi!
İlahi! Yalnız Sənə qovuşmaqla nəticələnəcək bir iman istəyirəm Səndən. Qoy yaşadıqca həmin imanla yaşayım, öləndə həmin imanla ölüm, ölümdən sonra diriləndə həmin imanla dirilim. Dindarlıqda riya, şübhə və şöhrətpərəslikdən qəlbimi təmizlə ki, yalnız Sənin üçün əməl edim. İlahi! Sənin dininə bəsirətlə baxmağı, hökmünü dərk etməyi, elmini dərindən öyrənməyi nəsibim et. Öz rəhmətinlə mənə güvənc ver, Sənə üsyan etməkdən məni uzaq saxla, Öz nurunla üzümü ağ et, Sənə yaxın olana məni rəğbətləndir. Qoy canımı alanda Sənin yolunda və Peyğəmbərinin dinində olum. Allahın xeyir-bərəkəti ona və soyuna olsun.
İlahi! Səhlənkarlıq və tənbəllikdən, qəm-qüssə və qorxaqlıqdan, xəsislik və qəflətdən, daşürəklilik və çarəsizlikdən, fəqirlik və yoxsulluqdan, aşkar və gizli bəlalar və çirkinliklərdən Sənə pənah aparıram. Doymayan nəfsdən, toxluq bilməyən qarından, ram olmayan qəlbdən, mənasız istəkdən və faydasız əməldən Sənə pənah aparıram. Ya Rəbb! Nəfsimi, dinimi, malımı və mənə nəsib etdiyin hər şeyimi məlun şeytandan amanda saxlamaq üçün Sənə pənah aparıram. Həqiqətən, Sən Eşidən və Bilənsən! İlahi, nə Sənin qəzəbindən mənə sığınacaq verən tapılar, nə də mən Səndən başqa bir sığınacaq taparam. Odur ki, mənə heç bir əzab vermə. Nə həlak olmağa, nə də ağır əzaba düçar olmağa qoyma məni.
İlahi! Əməllərimi qəbul, adımı uca, məqamımı yüksək və yükümü yüngül et. Məni xətalarımla yad etmə. Qatıldığım məclislərin, danışdığım sözlərin, etdiyim duaların qarşılığında məndən razı qal və məni Cənnətə apar. Ya Rəbb! Səndən istədiyim hər şeyi əta etməklə kifayətlənmə, Öz fəzlindən də artır. Həqiqətən də yalnız Sənə can atıram, ey Aləmlərin Rəbbi! İlahi, Öz Kitabında buyurmusan ki, bizə haqsızlıq edənləri bağışlayaq. Biz də özümüzə qarşı haqsızlıq etmişik deyə, Özün bizi bağışla. Axı bağışlamaq bizdən daha çox Sənə yaraşır. Özün əmr etmisən ki, qapımıza gələni qovmayaq. Mən də qapına gəlmişəm deyə, məni əliboş qaytarma. Özün əmr etmisən ki, himayəmizdə olanlara yaxşılıq edək. Biz də Sənin himayəndə olan bəndələrik deyə, bizi atəşdən qurtar. Ey çətin vaxtımda sığınacağım! Ey ağır günümdə arxa-dayağım! Sənə sığınır, Səndən kömək diləyir və Sənə arxalanıram. İstəmirəm Səndən başqası mənə dəstək olsun. İstəmirəm Səndən başqası mənə fərəc versin. Odur ki, Özün mənə dəstək və fərəc ver. Ey azı qəbul edib, çoxu bağışlayan! Əməlim az da olsa qəbul et, günahım çox da olsa bağışla. Şübhəsiz ki, Sən bağılayan və mehribansan!
İlahi! Səndən qəlbimi sevindirən iman istəyirəm. Və istəyirəm ürəkdən inanım ki, başıma gələn hər şey Sənin təqdirindir. Qoy mənə qismət etdiyin həyatdan həmişə razı olum. Ey rəhimlilərin ən rəhimlisi!
hacishahin.az