Salam olsun Ya-sin soyuna! Salam, ey Allahın carçısı, ayələrin şərhçisi! Salam, ey Allahın qapısı, dinin hakimi! Salam, ey Allahın xəlifəsi, haqqın yardımçısı! Salam, ey Allahın sübutu, ilahi iradənin nişanəsi! Salam, ey Allah kitabını oxuyan və anladan! Yaşadığın hər gecə, hər gündüz sənə salam olsun! Salam, ey Allahın yer üzündə saxladığı imam! Salam, ey Allahın bağladığı və təsdiqlədiyi əhd! Salam, ey Allahın zamin olduğu vəd! Salam, ey ucalmış bayraq, tükənməz elm, ilahi yardım, sonsuz rəhmət, təkzibolunmaz söz!
Ayağa qalxdığında da sənə salam olsun; əyləşdiyində də sənə salam olsun; oxuduğunda da, bəyan etdiyində də sənə salam olsun; namazında da, qunutunda da sənə salam olsun; rükunda da, səcdəndə də sənə salam olsun; Allahın təklik və böyüklüyünü yad etdiyində də sənə salam olsun; Allaha həmd etdiyində və əfv dilədiyində də sənə salam olsun; günün əvvəlində də, sonunda da sənə salam olsun; gecə düşəndə də, gün açılanda da sənə salam olsun! Salam, ey güvənilən imam! Salam, ey arzulanan sərvər! Bütün salamlar sənə olsun!
Ağacan, özün şahid ol ki, həqiqətən mən şəhadət verirəm: Allahdan başqa bir məbud yoxdur, tək və şəriksizdir; Muhəmməd (s) Onun bəndə və elçisidir, ondan və Əhli-Beytindən (ə) başqa məhbub yoxdur. Ağacan, səni şahid tuturam ki, möminlər sərvəri Əli (ə) Allahın hüccətidir, Həsən də, Hüseyn də Allahın hüccətləridir, Əli ibni Hüseyn də Allahın hüccətidir, Muhəmməd ibni Əli də Allahın hüccətidir, Cəfər ibni Muhəmməd də Allahın hüccətidir, Musa ibni Cəfər də Allahın hüccətidir, Əli ibni Musa da Allahın hüccətidir, Muhəmməd ibni Əli də Allahın hüccətidir, Əli ibni Muhəmməd də Allahın hüccətidir, Həsən ibni Əli də Allahın hüccətidir! Şahidəm ki, sən də Allahın hüccətisən. Əvvəl də sizsiz, axır da. Şübhəsiz, rəcətiniz (qayıdışınız) haqqdır - iman gətirməyən və iman gətirib yaxşı iş görməyən ondan yararlanmayacaq; ölüm də haqqdır, Nakir və Nəkir də haqqdır. Şahidəm ki, yenidən dirilib qəbirdən qalxmaq da haqqdır; Sirat körpüsü də, Qiyamət pusqusu da, Mizan tərəzisi də haqqdır; Məhşərdə toplaşmaq da, hesaba çəkilmək də haqqdır; cənnət və cəhənnəm vədi də haqqdır! Ağacan! Sizinlə müxalifət edən bədbəxt, sizə tabe olan xoşbəxtdir. Səni şahid tutduqlarıma şahid ol! Mən sənə dost, düşməninə düşmənəm! Razılığınıza səbəb olan hər şey haqq, qəzəbinizə səbəb olan hər şey batildir. Əmr etdiyiniz hər şey yaxşı, çəkindirdiyiniz hər şey pisdir. Ağacan, qəlbim tək və şəriksiz Allaha, Onun peyğəmbərinə, möminlərin sərvərinə və siz imamların hamısına iman gətirib. Sizin xidmətçiniz və xalis sevənlərinizdənəm.
Amin! Amin!