XƏBƏRLƏR

"Tanrı" kitabı təqdim olundu

30 İyul 2022 504

lahiyyatçı Hacı Şahin Həsənli fəlsəfə araşdırmaçısı Emin İmanlının yeni "Tanrı" kitabının təqdimatında iştirak edib. Tədbirdə çıxış edən ilahiyyatçı bildirib ki, istər inanclı, istərsə də ateist olanlar əksər hallarda hansı Allaha inanıb-inanmadığı haqda düşünmürlər:


"Ümumiyyətlə, Allah  anlayışı barədə yanlış təsəvvürlər geniş yayılıb hər iki çevrədə. Bunun da təbii səbəbləri var. Tarixən dini inancla insanları istismar etmək, böyük imperiyaların siyasətinin əsasını təşil edib. Təəssüf ki, bu faciə müsəlman xalqlarından da yan keçməyib. Azadlıq, ədalət və daha yaxşı yaşayış arzusunda olanlar tarixi-siyasi şəraiti dəyərləndirərkən haqlı olaraq bir çox bəlaların kökünü məhz dindən sui-istifadədə görüblər. Nəticədə, ya dini islahatlar, ya yeni dini cərəyanlar ya da ümumiyyətlə dini, o cümlədən Allahı inkar edən əqidələr yaranıblar. Yəni şərait vadar edib ki, orta əsrlərdə hökm sürən mürtəce yanaşmalara qarşı alimlər üsyan etsin. Daha sonra bu üsyanlara elmi rəng verilməyə başlayıb. Bu isə, daha öncə qeyd olunduğu kimi, Allah haqda yanlış təsəvvürlər formalaşdırıb. Sübut olunan da, inkar olunan da əsasən həmin təsəvvürlər olub. Hər iki tərəfin dəlil-sübutları çox zaman "alimlərin çoxu belə düşünür" və ya məcazi dini mətnlərlə elmi kəşflərin müqayisəsi kimi qeyri-ciddi iddialara əsaslanıb. Epistemoloji və ontoloji mövzulardan isə ümumiyyətlə yan keçməyə çalışırlar.  Elmi çevrələrdə əsasən bu trend yayıldığı üçün obyektiv və dərin elmi-fəlsəfi araşdırmalar daim kölgədə qalıb, hərçənd belə araşdırmalar hər zaman olub".

 

İlahiyyatçının sözlərinə görə, Emin İmanlının "Tanrı" kitabı bu baxımdan olduqca mühüm və dəyərli bir əsərdir: " Emin bəy uzun illər dini və fəlsəfi təhsil alıb, tərcümələr edib, araşdırmalar aparıb. Bu əsəri də məhz bu uzun illərin səmərəsi kimi qiymətləndirmək olar. Müəllif müxtəlif fəlsəfi cərəyanların arqumentasiyasını dərindən təhlil edir, onların müqayisəli analizini aparır, birbaşa mənəblərlə işləyir, nəzəri mövzularla yanaşı təcrübi biliklərə də istinad edir. Məhz buna görə, "Tanrı" kitabı yalnız Allahın varlığına dair arqumentlər toplusu deyil, həm Şərqin, həm Qərbin böyük fəlsəfi irsi ilə tanış olmaq, düşüncə üfüqlərini genişləndirmək, müasir elmi-nəzəri problemlər haqda məlumatlanmaq üçün də olduqca faydalıdır. Müəllif, çoxsaylı sitat və abstrakt düşüncələrlə oxucunun diqqətini yayındırmır, əksinə diqqəti varlıq və reallıq mövzusuna yönəldir. Oxucu ilk növbədə öz varlığı və obyektiv reallıqla  tanış olur, izafi məlumatlarla yüklənmir, hərçənd kitabın həcmi böyükdür. Ona görə də, Emin bəyin yeni kitabı hər yaş kateqoriyası və hər etiqada mənsub insanlar üçün maraqlı ola bilər. Kitabın dili də buna imkan verir: onun elmi çəkisi qorunmaqla bir çox fəlsəfi terminlərin aydın izahı verilib. Bu da kitabı yalnız fəlsəfə sevərlər üçün deyil, ümumi kütlə üçün də oxunaqlı edir. Müəllifin məharəti də elə buradan bəlli olur".

 

Hacı Şahin Həsənli təəssüf hissi ilə qeyd edib ki, bəzilərimizdə özgüvən hissinin zəif olması səbəbindən xarici müəlliflərə yerli müəlliflərdən daha çox üstünlük verilir: "Sanki kitabı bir xarici alim yazıbsa onun elmi dəyəri daha artıq olur. Fikrimcə, Emin İmanlı cəsarətlə bu stereotipləri dağıtmağı bacarıb. Bu kitab həm Azərbaycan, həm dünya çapında ciddiliyi və orijinallığı ilə seçilir. Azərbaycanda elmi-fəlsəfi sahədə tərcümələrlə yanaşı, yerli alimlərin araşdırmaları da olmalıdır. Azərbaycanda bu ənənə olub, lakin sonralar unudulub. Emin bəy kimi gənc tədqiqatçıların sayəsində bu ənənə yenidən bərpa olur. Bunun üçün ona xüsusi təşəkkürümü bildirir və gələcək elmi fəaliyyətində daha böyük uğurlar arzu edirəm".

 

 

hacishahin.az