XƏBƏRLƏR

Fikir azadlığı, yoxsa radikal ekstremizm?

17 Avqust 2022 495

Yeni Azərbaycan qəzetində Britaniya hökumətinin Azərbaycanın Londondakı səfirliyinə hücuma reaksiyası ilə bağlı məqalə dərc olunub. İlahiyyatçı Hacı Şahin Həsənlinin fikirlərinin də yer aldığı məqaləni oxucularımıza təqdim edirik:

 

Londonda baş verənlər araşdırılmalı, hüquqi qiymətini almalıdır

PƏRVİZ

Demokratiyanın əsas göstəricilərindən sayılan söz və fikir azadlığı, plüralizm dövlətlərin, xalqların siyasi inkişafında, cəmiyyətlərin formalaşmasında müstəsna rola malikdir. Məhz, bu prinsipə sadiqlik nümayiş etdirən dövlətlərdə inkişafın kompleks halda həyata keçməsi müşahidə olunur. Azərbaycan da söz azadlığının qorunduğu, mətbuat azadlığı prinsipinə hörmətlə yanaşılan dövlətlərdəndir. Kompleks mənada, qanunların, hüquqi bazanın mövcudluğu söz və fikir azadlığı üçün lazım olan birinci şərtdirsə, onun reallıqda təmin olunması səviyyəsi bir o qədər əhəmiyyət daşıyan digər bir mühüm məsələdir. Bugünkü Azərbaycan reallığına nəzər saldıqda ölkədəki fikir plüralizmi bunu təsdiqləyir. Cəmiyyətdəki müxtəlif düşüncə və mövqelərin işıqlanması baxımından söz, fikir, mətbuat azadlığının səviyyəsi olduqca yüksəkdir. Azərbaycanda mövcud olan hüquqi şərait də vətəndaşların fikir və düşüncələrini sərbəst ifadə etməsi üçün geniş imkanlar yaradır. Belə ki, Konstitusiyanın 50-ci maddəsinin 1-ci bəndində deyildiyi kimi, hər kəsin qanuni yolla istədiyi məlumatı axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır. Konstitusiyada, həmçinin “irqi, milli, dini, sosial ədavət və düşmənçilik oyadan təşviqat və təbliğatın” yol verilməzliyi də öz əksini tapıb.

 

Təəssüf ki, bəzi demokratik cəmiyyətlərdə bəzən fikir azadlığının mahiyyəti manipulyasiyaya məruz qalır, tam şəkildə özünün xarakterini dəyişir. Bəzi dövlətlər fikir azadlığı anlayışı mücərrəd formada izah etməyə çalışmaqla, onu əsl mahiyyətindən uzaqlaşdırırlar. Məsələn, Böyük Britaniyada yerləşən səfirliyimizdə baş verən hadisələrlə bağlı məsələdə olduğu kimi. XİN-in rəsmi səhifəsində Birləşmiş Krallığın Avropa üzrə naziri Qraham Stüart Azərbaycan Respublikasının bu ölkədəki səfiri ilə görüşü zamanı Londonda Azərbaycan səfirliyinə olan hücumu ilə bağlı dərin təəssüf hissi keçirdiklərini, bu ölkədəki diplomatik heyətin təhlükəsizliyinə böyük əhəmiyyət verdiklərini bildirməsi ilə bağlı fikirlər yer alıb. Qraham Stüart, həmçinin fikir azadlığının dinc yollarla ifadə edilməsinin tərəfdarı olduqlarını söyləyib. Bununla bağlı fikirlərini bölüşən Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva cavabında bildirib ki, Londonda Azərbaycan səfirliyinə qarşı baş verən insident radikal dini qrup üzvləri tərəfindən diplomatik nümayəndəliyə qarşı edilən hücumdur, təxribatdır və bu hadisə diplomatik nümayəndəliyimizin təhlükəsizliyi məsələsini ciddi şəkildə gündəmə gətirir. Bir daha xatırladırıq ki, diplomatik nümayəndəliklərin, o cümlədən diplomatların təhlükəsizliyi beynəlxalq öhdəliklərə uyğun olaraq ev sahibi ölkəsi tərəfindən təmin edilməlidir. Bununla əlaqədar olaraq, Britaniya nazirinin diplomatik heyətin təhlükəsizliyini prioritet məsələ kimi qeyd etməsi əhəmiyyət kəsb edir: “O ki, qaldı “fikir azadlığının ifadə edilməsinə”, Londondakı səfirliyimizə hücumla heç bir əlaqəsi olmayan bu prinsipin azad cəmiyyətdə tətbiq edilməsi yollarına, qaydalarına yəqin ki, qədim Qərb demokratiyası olan Britaniyanın müvafiq qurumları yaxşı bələddirlər. Əks təqdirdə, hər hansı radikal və qeyri-qanuni addımın “azadlıq” pərdəsi altında şərh edilməsi ölkə təhlükəsizliyinə ciddi problemlər yarada bilər”.

 

Bu kimi radikal qruplaşmaların hərəkətlərinin “fikir azadlığının ifadəsi” kimi dəyərləndirilməsi nə dərəcədə doğrudur?

 

Məsələ ilə bağlı fikirlərini “Yeni Azərbaycan”a bölüşən Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə bildirib ki, Böyük Britaniyanın Avropa üzrə nazirinin bəzi fikirləri təəssüf doğurur. Düzdür, indiyə qədər Birləşmiş Krallıqdan səslənən bir sıra rəsmi mövqelərdə, bəyanatlarda hadisənin təəccüb doğurduğu ifadə olunub. İndiki halda belə bir fikrin işlədilməsi isə həqiqətən də təəssüfdoğurucudur: “Baş verən hadisə əslində bir terror hadisəsidir, başqa bir dövlətin suveren ərazisinə qəsddir. Çünki beynəlxalq hüquqa görə, hər bir səfirliyin ərazisi həmin dövlətə məxsusdur. Din və digər adlar altında bir ölkənin səfirliyinə bu cür müdaxilə, orada vandal hərəkətlərin törədilməsi böyük bir cinayətdir və bunun hər hansı bir fikir və ya söz azadlığı ilə əlaqəsi ola bilməz. Özünü demokratik dövlət adlandıran, Azərbaycanla xoş münasibətləri olan, hətta kritik anlarda BMT TŞ-də belə Azərbaycanın haqq səsinə müəyyən dərəcədə dəstək verən bir ölkədən baş verən hadisə ilə bağlı niyə bu cür açıqlamalar verilir. Bir hüquqşünas olaraq qeyd etmək istəyirəm ki, bu bəyanatı yayan tərəf beynəlxalq hüquqa mütləq fikir verməliydi. Təəssüf edirik ki, bu cür vandal bir hərəkətə Birləşmiş Krallıqdan belə sönük bir reaksiya gəlir və burada absurd görünən fikir azadlığı məsələsinə istinad olunur”.

 

İlahiyyatçı Hacı Şahin Həsənli də britaniyalı nazirin baş verənləri söz azadlığının, fikir azadlığının təzahürü kimi dəyərləndirməsini doğru hesab etməyib. Onun fikrincə, burada Azərbaycan dəyərlərinə, dövlətçiliyinə qarşı vandalizm aktı həyata keçirilib: “Azərbaycanın dövlət atributu - bayrağı təhqir edilib. Heç bir fikir azadlığı bu addıma bəraət verə bilməz. İnsanlar sivil şəkildə istənilən mövzuya münasibətini bildirə bilər. Amma səfirliyin binasına soxularaq onun əmlakına xələl yetirmək fikir azadlığı ilə əsaslandırıla bilməz. Düşünürəm ki, bu məsələ hərtərəfli araşdırılmalıdır. Kimlər bu işdə maraqlı olubsa, hansı məqsədlər güdübsə, Azərbaycan dövlətinə dəqiq məlumat verilməlidir və bu davranış birmənalı şəkildə pislənilməlidir. Baş verənlərdə dini ekstremizmin də çalarları var. Bu insanların dinlə heç bir əlaqəsi yoxdur. Onlar sadəcə dini şüarların arxasında gizlənirlər və öz məqsədlərini həyata keçirməyə cəhdlər göstərirlər. Məsələ hərtərəfli araşdırılmalı və öz hüquqi qiymətini almalıdır. Bu məsələyə kəskin şəkildə etiraz bildirilməlidir”.

 

İlahiyyatçı onu da bildirib ki, İslam dini insanların fikir azadlığına sayğı ilə yanaşır. Allah da insanı azad yaradıb, azad seçim verib. İnsan öz seçimini azad şəkildə ifadə edə bilər: “Quranda da ayə var ki, dində məcburiyyət yoxdur. Dinimiz məcburi şəkildə, zorakı üsullarla öz dəyərlərini təbliğ etməyin əleyhinədir. Dini şüarlarla zorakılıq etmək dinin elementar prinsipləri ilə daban-dabana ziddir”.

 

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır