XƏBƏRLƏR

İslam və incəsənət mövzusunda seminar keçirilib

11 Sentyabr 2022 369

Azərbaycan İncəsənət Məktəbində “İslam və İncəsənət” mövzusunda seminar təşkil olunub. İncəsənət xadimləri və incəsənət sahəsində oxuyan tələbələrin qatıldığı seminarda ilahiyyatçı Hacı Şahin Həsənli çıxış edib.

 

İlahiyyatçı bildirib ki, Qurani-Kərimi oxuyan hər kəs buradakı qissələrin nəql forması və detalların incəliklə vəsf olunduğuna fikir verib, yəqin ki. Hadisələr tarixi baxımdan konkretləşdirilmir, amma insan təbiəti baxımından dərinliklə incələnir. Quran oxuyan şəxs Adəmin, Nuhun, İbrahimin, Musanın, İsanın və digər qəhrəmanların nə zaman, hətta bəzən harada yaşadıqlarını bilə bilmir, amma onların və ətarfdakı insanların psixologiyası, insanlararsı münasibətlərin mahiyyəti, insan tipajlarını dərinliyi ilə göstərildiyini görür.

 

Hacı Şahin Həsənlinin sözlərinə görə, Quranın təqdim etdiyi üslub ağıl və eşqin bir-birini tamamlaması, konfliktin yaxşı ilə daha yaxşı arasında olması, çoxqatlı məna, süjet xəttində təmərküzləşməmə, oxucunun (izləyicinin) özünü görməsi, ümidin aşılanması, çıxış yolunun göstərilməsi, sadə və estetik bəyandan ibarətdir. Klassik və müasir incəsənət əslində bu üslubun ayrı-ayrı cəhətlərinə köklənir, lakin onları bir araya gətirə bilmir:

 

"İncəsənətin əsas funksiyası mövcud reallığa alternativ təqdim etməkdir. Sənət elm deyil ki, gördüyümüzü bizə izah etsin. Sənətin qaynağı və funksiyası elmdən daha yüksəkdir. Elm maddi aləmin izahıdır, insan düşüncəsinin ən ibtidai səviyyəsini əhatə edir, sənət isə təxəyyül aləmindən qaynaqlanır və insan düşüncəsini yüksəldir. Elm də incəsənətlə, gözəllik duyğusu ilə tamamlanda dəyər tapır".

 

 

Tədbirin sonunda iştirakçılarla müzakirələr aparılıb, suallar cavablandırılıb.

 

hacishahin.az