XƏBƏRLƏR

Din adına bu qədər cinayətlərə baxmayaraq...

14 Oktyabr 2022 351

"Bəzən tarix barədə düşüncəmizdə bir yanlışlığa yol veririk. Elə bilirik ki, Həzrət Muhəmmədin (s) gəlişindən öncə dünyada mütləq zülmət hakim idi. Amma zülmət heç zaman insanlara hakim ola bilməz".

 

Bu sözləri ilahiyyatçı Hacı Şahin Həsənli Həzrət Məhəmmədin (s) mövludu ilə bağlı təbrikində yazıb. Onun yazdığına görə, varlıq aləmi ilahi nurdan yaranıb, hər bir insanın içindəki nur onu yaşamağa, axtarmağa, yüksəlməyə vadar edir. Zülmət isə sadəcə çatışmayan cəhətin, yoxluğun şərti adıdır. Ona görə zülmətə qalib gəlmək istəyən insan öz varlığından tam yararlanmağı, zövq almağı bacarmalıdır:

 

"İslam Peyğəmbərinin (s) gəlişi bəşəriyyətin belə bir həyata hazırlıqlı olduğunu tərənnüm edirdi. İnsan tam olaraq insan kimi yaşamaq üçün yetkinləşmişdi. Ona görə də, Peyğəmbərin (s) mövludu tarixi əvvəlki və sonrakı dönəmlərə bölmür, tarixin son mərhələsinə yetişdiyini bəyan edir.

 

Bokaççonun "Dekameron" əsərində bir hekayə var. İki fərqli dindən olan iki dost olur. Onlardan biri digərini öz dininə dəvət edir. Dinini dəyişmək istəyən dost da müqəddəs sayılan şəhərə din xadimlərinin həyatı ilə tanış olmağa gedir. Burada gördüyü mənəviyyatsızlıq onu sarsıdır, amma dinini dəyişir. Dostu bunun səbəbini soruşduqda deyir: "Sənin dinin bu qədər çirkinliklərə baxmayaraq ayaqda qalıbsa, deməli haqq onunladır".

 

Bəşəriyyətin misalı da buna bənzəyir. Peyğəmbər (s) hansısa qövmə, qəbiləyə, xalqa deyil, yetkin bəşəriyyətə müraciət edirdi və bu gün də müraciət etməkdədir. Ona görə də onu duymaq, çağırışına cavab vermək üçün yetkin insan, yəni şəxsiyyət olmaq gərəkdir. Şəxsiyyət məfhumunun dəyərsizləşdiyi bir dünyada bu çağırışı eşitmək belə çətinləşib, nəinki ona cavab vermək. Amma əgər insan hətta din adına bu qədər cinayətlərin müqabilində insanlıq diridirsə, deməli içimizdəki nur haqdır və mütləq Peyğəmbərin (s) göz açdığı və öz missiyasını icra etdiyi dünyada insanlıq qalib gələcək".

 

 

hacishahin.az