XƏBƏRLƏR

Abşeronda Zəfər Günü qeyd edildi

07 Noyabr 2022 347

Noyabr - Zəfər Günü Abşeron rayonunda da silsilə tədbirlərlə qeyd edilib. "Qafqazinfo" xəbər verir ki, vətənimizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsini əbədiləşdirmək məqsədi ilə Xırdalan şəhərində yeni inşa olunmuş “ZƏFƏR” Xatirə Kompleksinin açılış mərasimi keçirilib.

 

Xatirə Kompleksində şanlı qələbəmizin simvollarından olan xarıbülbül və şəhidlərimizin adları qeyd olunmuş abidələr ucaldılıb. Tədbirdə Milli Məclisin sədr müavini Adil Əliyev, Vətən Müharibəsi Qəhrəmanı, V Ordu Korpus Komandiri, general-mayor Kənan Seyidov, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi Hacı Şahin Həsənli, idarə və təşkilat rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyəti iştirak edib.

 

Dövlət Himnimiz oxunduqdan sonra Ulu Öndər Heydər Əliyevin və vətənimizin azadlığı uğrunda canlarından keçən bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra Zəfər Marşının müşayiəti ilə Vətən müharibəsi şəhidlərinin övladları tərəfindən Xatirə Kompleksinin açılışı edilib.

 

Vətən Müharibəsi Qəhrəmanı, V Ordu Korpus Komandiri, general-mayor Kənan Seyidov da qəhrəman idiglərimizin döyüş meydanında göstərdiyi şücaətlərdən söz açaraq ordumuzun qarşısına qoyulan tapşırıqların öhdəsindən ləyaqətlə gəldiyini vurğulayıb. Azərbaycan ordusunun vətənin keşiyində durmağa, lazım gələrsə canından da keçməyə daim hazır olduğunu qeyd edən general-mayor Kənan Seyidov bildirib ki, bundan sonra da ölkəmizə qarşı törədilə biləcək istənilən təxribatın qarşısı lazimi səviyyədə alınacaq.

 

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev çıxış edərək Prezident İlham Əliyevin uzaqgörən siyasətindən, düşmənin döyüş meydanında diz çökdürülməsindən, Ermənistanın Kapitulyasiya Aktına imza atmasından danışaraq işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən abadlıq-quruculuq işlərindən, kənd və şəhərlərimizin yenidən sürətlə inşa olunmasından danışıb.

 

RİH başçısı ölkəmizdə şəhid ailələrinə və qazilərə dövlət səviyyəsində böyük diqqət və qayğının davamlı göstərildiyi qeyd edilərək Abşeron rayonunda da göstərilən bu diqqətin bundan sonra da davam etdiriləcəyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

 

 

qafqazinfo.az