XƏBƏRLƏR

"Bu xalqın taleyinə zəfər yazılmalıdır"

08 Noyabr 2022 367

"Zəfər anidən baş vermir, uzun bir prosesin, böyük zəhmətin nəticəsidir".


Bu sözləri Zəfər günü ilə bağlı ilahiyyatçı Hacı Şahin Həsənli yazıb. Onun sözlərinə görə, kimsə qalibdirsə, deməli ruhən güclüdür:

 

"Çünki uzun illər səbr edib, axtarıb, fürsətləri dəyərləndirib, qurub, yaradıb, qurban verib. Eyni zamanda zəfər yeni - daha böyük qələbə ilə nəticələnəcək mərhələnin başlanğıcıdır. Vətən müharibəsində qələbəmiz otuz illik zəhmətin bəhrəsi olmaqla yanaşı bundan sonrakı uğurlarımızın zəminidir həm də. Təbii ki, daha böyük qələbə üçün daha böyük çağırışlarla üzləşməliyik. Amma narahatlığa əsas yoxdur, bizim artıq qələbə təcrübəmiz var".

 

İlahiyyatçının sözlərinə görə, Allaha bağlanaraq böyük imperiyalara qalib gələn, müstəqilliyini, daha sonra isə bütövlüyünü zəkası, mənəviyyatı, canı və qanı bahasına bərpa edən xalqın taleyinə zəfər yazılmalıdır:

 

"Şəhid və qazilərimizin igidliyi ilə yanaşı mənəvi qüdrəti, insani gözəlliyi dillər əzbəri olub. Onlar xalqın ən üstün oğullarıdır. Belə oğulları, belə gəncliyi yetişdirmək gücündə olan xalqa zəfər yaraşır. Allah bizi həmişə müzəffər etsin! Zəfər bayramınız mübarək!"

 

hacishahin.az