XƏBƏRLƏR

"Dua edək ki, dünyamız yenilənsin" - TƏBRİK

30 Dekabr 2022 430

İlahiyyatçı Hacı Şahin Həsənli Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibəti ilə təbrik paylaşıb:

 

"Artıq 2023-cü ilin astanasındayıq. Yeni ilin başlanğıcı şərtidir, fərqli dövrlərdə və fərqli ölkələrdə təqvimin dəyişməsi fərqli günlərə təsadüf edib. Amma hamı təqvim ilinin dəyişməsini qeyd edib. Növbəti dəfə əylənmək və ya illərin sayını bilmək üçün yox, ömrə dəyər vermək üçün.  Dünyanın hamımızın ümumi evi olduğu ilə yanaşı, tarixin də hamımızın ümumi həyatı olduğunu hiss etməklə, biz bəşəriyyət olaraq birləşir və qarşılıqlı məsuliyyət daşıdığımızı dərk edirik. Yeni il həm də hər kəsin özünə həyatı barədə hesabat verməsi üçün gözəl fürsətdir".

 

İlahiyyatçının sözlərinə görə, bu baxımdan Yeni ilin qarşılanması mənəvi bir hadisə ola bilər. Ötən ilin hesabatını yalnız maddi deyil, mənəvi meyarlar əsasında da aparmaq mümkündür:

 

"Müqəddəs Qurani-Kərimin "Sizə nə olub?" sualı üzərində həm fərd, həm bəşəriyyət olaraq düşünmək fürsətidir təqvimin dəyişilməsi. "İnsan olaraq bu il nələr əldə etdim və nələri itirdim?" sualı şəxsi inkişaf baxımından olduqca mühümdür. Bəşəriyyət olaraq hansı istiqamətdə irəlilədiyimizi görmək heç də bundan az əhəmiyyətli deyil. Əlbəttə, bu suallara hər kəs özünəməxsus cavab tapacaq, amma yalnız köklü dəyişikliklərin, keyfiyyətcə yeni həyatın gərəkliyi qənaətinə gəldikdə, yeni ilin qarşılanması məna kəsb edəcək. Allaha dua edək ki, növbəti il dünyamızı yeniləsin.

Dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi günüdür. Həmrəyliyimiz sayəsində keçmişin acılarına güc gəlib, uğurlarımızı artıra bilmişik. Mənəvi dəyərlər üzərində birləşərək gələcəyə yol açmışıq. Allah birliyimizi möhkəm etsin ki, zamanın çağırışlarına cavab verək və daha böyük nəaliyyətlər əldə edək. Qoy bayrağımızı daim zirvələrdə dalğalansın!

 

Hamınızı ürəkdən təbrik edirəm!"

 

hacishahin.az