XƏBƏRLƏR

Rəğaib gecəsinin əməlləri

25 Yanvar 2023 7179

Rəcəb ayının ilk cümə gecəsi leylətül-rəğaib yaxud arzular gecəsi adlanır.Həzrət Peyğəmbərdən (s) nəql olunan hədisdə deyilir ki, mələklər bu gecəyə "arzular gecəsi" deyər. Digər hədisə əsasən, bu gecə edilən ibadət ölümdən sonra bir nur kimi canlanar və Qiyamətə qədər insanı tənhalıq və qorxudan qoruyar.

 

Rəğaib gecəsi üçün vacib olmayan, lakin bəyənilən bir ibadət var. Beləki, ilk cümə axşamı günü oruc tutulur. Qəzası olanlar qəza niyyəti ilə, qəzası olmayanlar isə müstəhəb niyyəti ilə oruc tutmalıdır. Cümə gecəsi daxil olduqdan sonra məğrib və işa namazları arasında on iki rükət (altı dəfə iki rükətli) namaz qılnır. Hər rükətdə 1 dəfə "Fatihə", 3 dəfə "Qədr" və 12 dəfə "İxlas" surələri oxunur.

 

On İki rükətlik namaz bitdikdən sonra 70 dəfə "Allahummə səlli əla Muhəmmədinin-nəbiyyil-ummiyy və əla alihi" deyilir (tərcümə: “İlahi, hamıya peyğəmbər olaraq göndərilmiş Məhəmmədi və onun soyunu xeyir-bərəkətinlə ucalt”).

 

Sonra səcdəyə gedib 70 dəfə "Subbuhun quddusun Rəbbul-məlaikəti vər-ruh" deyilir (tərcümə: “Mələklərin və Ruhun Rəbbi pak və müqəddəsdir”).

 

Sonra səcdədən başını qaldırıb 70 dəfə "Rəbbiğfir vərhəm və təcavəz ‘əmma tə’ləmu innəkə əntəl ‘əliyyul ə‘zəm" (tərcümə: “Ya Rəbb, bağışla və rəhm et, barəmdə bildiklərinə baxmayaraq güzəşt et. Axı Sən uca və əzəmətlisən!”)

 

Sonra isə yenidən səcdəyə gedilir və bir daha 70 dəfə "Subbuhun quddusun Rəbbul-məlaikəti vər-ruh" deyilir (tərcümə: “Mələklərin və Ruhun Rəbbi pak və müqəddəsdir”).

 

Bundan sonra Allaha istənilən dua ilə müraciət olunur.

 

 

 

hacishahin.az