XƏBƏRLƏR

Həzrət Əli: "Səni elə özüm kimi gördüm..."

03 Fevral 2023 607

Həzrət Əli (ə) ömrünün son çağlarını yaşayırdı. Müsəlmanların xəlifəsi olaraq Siffeyndə növbəti vətəndaş müharibəsini bitirdikdən sonra paytaxta qayıtmaq üzrə idi. Həyatın hər üzünü görmüş bir sərvər ən ağır ictimai-siyasi durumda dünyaya ən mühüm mesajlarından birini yazmaq qərarına gəlir. Beləcə, Həzrət Əli (ə) bütün zamanlarda, bütün məkanlarda yaşayan gəncliyə bir məktub yazır: "...Səni özümün bir parçası, yox elə tam özüm kimi gördüm. Sənin başına gələn mənim başıma gələr. Sən ölərsənsə, mən də ölərəm. Sənin dərdin mənim dərdimdir..."

 

Bu sözləri ilahiyyatçı Hacı Şahin Həsənli Həzrət Əlinin (ə) mövludu və Gənclər günü ilə bağlı təbrikində paylaşıb. İlahiyyaçının sözlərinə görə, Allahın övliyası özü ilə gənclik arasında parallel aparır:

 

"Cəmiyyətin inkişaf istiqamətini gənclik müəyyən edir. Övliyalarda olduğu kimi gənc də xoşbəxt olmaq və xoşbəxtliyini paylaşmaq arzusundadır. Elmi, mədəni, iqtisadi və digər sahələrdə inkişafın yolu bu sahələrdə gənclərin öncüllük qazanmasından keçir. Əziz şəhid və qazilərimizin timsalında bunun şahidi olduq. Onlar hamımızın başını ucaltdı və yeni uğurlar üçün möhkəm zəmin yaratdı. Özünəinmalı, yeniliklərə açıq gəncliyi formalaşdıran başlıca təsisat isə ailədir.

 

Sabah Həzrət Əlinin (ə) mövlududur. Düşünürəm ki, bu münasibətlə ən böyük təbrik elə gəncliyimizə düşür. Elə dünən də Gənclər günü idi. Hamınızı təbrik edir, Allahdan ruhumuzun daim gənc olmasını arzu edirəm!"

 

 

hacishahin.az