XƏBƏRLƏR

"Deməli, insanlıq hədəfə doğru gedir" - MƏBƏS TƏBRİKİ

17 Fevral 2023 1001
Nə zamansa həyatın dolub-daşdığı yaşıllıqlar içindən ucalan Nur dağı artıq səhra ilə əhatələnmişdi. Hətta dağın ətəyində yerləşən Kəbə evinin ətrafında böyük bir şəhərin salınmasına baxmayaraq, burada durğunluq hökm sürürdü. Bir neçə qəbilə birləşərək suyu, ticarəti və heyvandarlığı inhisara almışdı. Bununla belə bu şəhərdə insanlıq ölməmişdi. Hələ də kişi sözünə əməl olunur, qonağa sığınacaq verilir, böyüyə hörmət göstərilir, zəifə əl qaldırılmır, gözəl sözə - şeirə dəqiymət verilirdi. Üstəlik, Kəbə evinin müqəddəsliyi qorunurdu. Yəni bünövrəsi tam sağlam olmasa da, burada əxlaq, mədəniyyət və ruhanilik var idi. Elə buna görə də Peyğəmbər (s) bu çürük bünövrəni düzəltməyə qalxdıqda, əxlaq da, mədəniyyət də, ruhanilik də sabun köpüyütək partladı.
 
Həzrət Məhəmməd (s) qırx yaşa çatdıqdan sonra adəti üzrə Nur dağına qalxıb buradakı Hira mağarasında Allahla razü- niyaz edirdi. Bu zaman Cəbrayıl mağaraya daxil olur və ilk vəhyi çatdırır: "Oxu yaradan Rəbbinin adı ilə!" Səhralığı yenidən cənnətə çevirəcək, ölməkdə olan insanlığı yenidən dirildəcək həyat suyu idi bu cümlə. Öyrənmək, yaradıldığını unutmamaq və dünyanın Uca iradə sahibinin yaratdığı qanunlarla idarə edildiyini bilmək. Məlum olmayanları kəşf etmək, yaratmaq və qüdrətə sahib olmaq insanın təbii haqqıdır. Amma bu, yalnız elmin, yaradıcılığın və qüdrətin mənşəyinə bağlandıqda mümkün olur. Elm müstəqil dəyərə çevirildikdə, insan özünü yaradan sanır və dünyanın taleyi ilə oynamağına haqq qazandırır. Hər zaman insan özünü tanrı zənn etdikdə dağıdıcı qüvvəyə çevirilir və həyat ondan intiqam almağa başlayır. İlk vəhy insana bu sadə həqiqəti xatırlatdı. Bu həqiqəti dərk etməyincə, dünya Nur dağının ətrafındakı səhralığa bənzəyəcək.
 
Bu gün Məbəs bayramıdır. Həzrət Məhəmmədin (s) peyğəmbərliyə seçildiyi və ilk vəhyi aldığı gün. İlk vəhy əsrlər öncə nazil olsa da, unudulmayıb. İnsanlıq bu mövzunu tam mənimsəməsə də, həmişə gündəmdə saxlayır. Hər yeni kəşf, hər yeni ideya, hər yeni yol bizi bu həqiqətə daha da yaxınlaşdırır. Və əgər dünyanı səhraya çevirənlər bu vəhyin həkk olunduğu Kitabla mübarizə aparırlarsa, deməli insanlıq həqiqi hədəfə doğru gedir.
 
Məbəs - xöşbəxt gələcəyin, mənəvi təkamülün, maddi rifahın ilk müjdəçisidir. Bu müjdənin gerçəkliyə çevriləcəyi günü şüurlu şəkildə və ya özü də bilmədən hər kəs gözləyir. Bəşəriyyətin gözləntisinin özünü doğruldacağı günün ümidi ilə, Məbəs bayramınız mübarək!
 
 
hacishahin.az