XƏBƏRLƏR

Şəhidimiz Zakir Cəfərovun doğum günü keçirilib

04 May 2018 2381

Mayın 4-ü Bakıda şəhid Zakir Cəfərovun dogum günü ilə bağlı tədbir keçirilib. Beynəlxalq İdeal Sülhün Təbliği Fondunun və Dövlətçiliyə dəstək mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə ilahiyyatçı hacı Şahin Həsənli də iştirak edib.

 

Şəhidimizin yaxınlarının, müəllimlərinin, digər şəhid ailələrinin, millət vəkillərinin, aidiyyəti dövlət qurumlarının, ombudsman apparatının, QHT və KİV nümayəndələrinin qatıldığı həmin tədbirdə şəhid Zakir Cəfərovun həyatı və döyüş yolu haqqında məlumat verilib, şəhidin xatirəsinə ithaf olunmuş film nümayiş etdirilib. 

 

Tədbirdə çıxış edən ilahiyyatçı hacı Şahin Həsənli şəhidlik məfhumu haqda danışıb. Onun sözlərinə görə insanlığın şəhadət zirvəsinə xalq üçün canından belə keçməyə hazır olan fədakar şəxslər ucala bilərlər. Şəhidlik təmənnasız eşqin ifadəsidir deyə, Allah yanında ən uca məqamlardan sayılır.

 

Qeyd edək ki, 2017-ci il fevralın 24-dən 25-nə keçən gecə qoşunların Füzuli-Xocavənd istiqamətində düşmənin hücumunun qarşısını alarkən, 21 yaşlı əsgər Zakir Cəfərov və digər dörd hərbçimiz şücaət göstərərək şəhid olublar. Neytral ərazidə qalan şəhidlərimizin nəşi fevralın 28-də həmin ərazidən götürülərək böyük izdihamla dəfn edilib. 2016-cı ildə təsis olunmuş Azərbaycan Respublikasının “Şücaətə görə” medalı ilə ilk dəfə məhz bu şəhidlərimiz təltif olunublar. 

  

hacishahin.az