Müsahibələr

Hacı Şahindən şəhidliklə bağlı HDP-li deputata cavab

13 Yanvar 2023 3459

Türkiyədə HDP (separatçılığı dəstəkləyən partiyadır - red.) siyahısından millət vəkili seçilən, daha sonra Türkiyə İşçi Partiyasına keçən siyasətçi Barış Atayın qatıldığı bir proqramda şəhid polislərlə bağlı çıxışı sərt reaksiyalara səbəb olub. Çıxışı zamanı onun şəhid polislərə “onlar edam edildi” deməsi zaldakı insanları haqlı olaraq qəzəbləndirib.

Kəskin reaksiya ilə qarşılaşan siyasətçi daha sonra “tamam şəhid olsun, rahat oldunuzmu?”, - deyə sözünə düzəliş edib. Ardınca isə çıxışına belə davam edib: “Dostlar, şəhid hərfi mənada Allah yolunda cihad edərkən qeyri-müsəlmanlar tərəfindən öldürülən deməkdir. Cihaddasınız, dostlar?”

Göründüyü kimi, adam Vətən uğrunda şəhid olanları aşağılayıb. Həm də təkcə Türkiyə şəhidlərini yox. Onun iddiası şəhid anlayışını bir daha gündəmə gətirir.

İslam peyğəmbəri (s) “Vətəni sevmək imandandır” deyib. Bəs dinimiz, Qurani-Kərim “şəhid” anlayışı altında kimləri nəzərdə tutur?

 

Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, dinimizə əsasən, şəhid mənəvi kateqoriyadır, xüsusi həyat tərzinin məntiqi sonluğudur: “Hətta şəhid kimi yaşayan, lakin şəhid kimi ölməyənlər, Allah qatında şəhid sayılırlar. Ayə və hədislər də bunu bizə açıqlayır. Məsələn, kim Allahdan şəhadət arzulayarsa, yataqda ölsə belə şəhid sayılar. Ailəsinin dolanışığı üçün çalışarkən, yaxud ailəsini qoruyarkən ölən şəxs də şəhid sayılar. Bunlar onu göstərir ki, insan başqasına xidmət edib fədakarlıq göstərirsə, elə şəhid ruhiyyəsindədir və Allah qatında da şəhiddir. Ona görə də kimin şəhid olub-olmadığını biz müəyyən edə bilmərik”.

 

İlahiyyatçı əlavə edib ki, türkiyəli siyasətçinin fikirləri ilə tanışdır və bu iddialar birmənalı şəkildə dinimizə uyğun deyil: “Müsəlman da qeyri-müsəlman kimi haqsızlıq və zülm edə bilər. Kiminsə dini mənsubiyyəti, onun cinayətinə bəraət qazandırmır. Bu sadə məntiqdir. Erkən İslam tarixində də belə hadisələr olub. Bir müsəlmanın zorakılğına etiraz edən bir qeyri-müsəlman öldürülür, hədislərdə də o, şəhid kimi qeyd olunur. Müsəlman hansısa xalqın əmniyyətini pozursa, o elə cinayətkardır. Bir məmur xalqınının əmniyyətini qoruyursa, o elə şəhiddir.

 

Bizim öhdəmizə düşən dinimizin bizə aşıladığı zahiri meyarları rəhbər tutmaqdır. Bu meyarlara əsasən də, kimsə haqq üçün canından keçirsə, şəhid sayılır. Haqq isə sırf inancla bağlı olmaya da bilər. Günahsız insanların qətli haqsızlıqdırsa, o zaman qatillərin qarşısına çıxmaq haqqın müdafiəsidir. Başqasının torpağını işğal etmək, cəmiyyətdə qorxu və xaos yaratmaq, qardaş qırğını törətmək də haqsızlıqdırsa, bütün bunlara qarşı canını sipər edən şəxs haqq uğrunda şəhid olur".

 

 

İlahiyyatçı Rəsul Mirhəşimli da mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, müsəlmanları düşmənlərindən üstün qılan ən mühüm əsaslardan biri “Ölsəm, şəhidəm, qalsam, qazi!”, inancıdır: "Bu durum Qurani-Kərimin “Tövbə” surəsində iki gözəl işdən biri kimi təsnif edilir. Yəni mömin üçün savaşda iki gözəl nəticədən biri vardır: Ya qalib gələrək, qazi olacaq, ya da şəhid olacaq. HDP Türkiyə parlamentində təmsil olunsa da, PKK terror təşkilatının siyasi qolu olduğundan şəhidlərlə bağlı bu hikməti anlaya bilməz. Dinc insanları xaincəsinə qətlə yetirən, Türkiyədə terror vasitəsilə dövlətin əsaslarını sarsıtmağa çalışanların niyyəti siyasi partiya adı altında gizlənmək olsa da, əllərinə fürsət düşən kimi terroru və terrorçuları dəstəkləyirlər. İranı fəth etməyə gələn müsəlman ordusunun komandanı Xalid bin Vəlidin iranlı sərkərdəyə ünvanladığı aşağıdakı sözlər şəhadət məfhumunun müsəlmanlara nələr gətirdiyinin bariz nümunəsidir: “Mən sizə həyatı və şərabı sevdiyiniz qədər ölümü sevən bir ordu ilə gəlmişəm”. Şəhadət həyatı mənəvi həyatdır, daha doğrusu real həyatdır. Buna görə də Qurani-Kərimdə şəhidlər üçün ölmədikləri, diri olduqları hikməti açıqlanır. İslam düşüncəsinə görə, şəhidlik ən üstün mərtəbələrdən biri sayılır".

 

İlahiyyatçı əlavə edib ki, həm dünyada, həm də axirətdə şəhid sayılanlara şəhidi-kamil deyilir: “Bunların siyahısında öndə gələnlər Vətən uğrunda Allah yolunda savaşda öldürülənlərdir. Bundan əlavə, üsyançılar, quldurlar, anarxistlər tərəfindən vəhşicəsinə və amansızlıqla öldürülənlər də şəhid sayılır. Bu baxımdan PKK və bu mahiyyətdə olan bütün terror təşkilatlarının öldürdükləri insanlar Allahın izni ilə şəhid sayılır. Bir çox İslam alimləri ailəsinə halal ruzi qazanarkən ölənləri də şəhid adlandırır. Din qardaşını müdafiə edərkən qətl edilən, məsum olan insanı müdafiə edərkən öldürülənin də şəhid sayıldığını söyləyən alimlər var. Şəhid olan insanların qul haqqından başqa bütün günahları əfv edilir. Şəhid olmaq hər kəsə nəsib olmayan böyük bir şərəfdir və möminlər üçün mükəmməl nemətdir. Gözəl bir şəkildə yaşamaq, ondan sonra Allah yolunda Onun rizası üçün şəhid olmaq hər möminin xəyal etdiyi böyük bir xoşbəxtlikdir”.

 

Afaq MİRAYİQ,
“Yeni Müsavat”