Müsahibələr

“Təbii fəlakətlər həm də insanlara mesajdır”

10 Fevral 2023 2174

“Bəşər yaranandan təbii fəlakətlər də mövcud olub. Adından da göründüyü kimi, bu fəlakətlərin təbii səbəbləri var. Təbii ki, dünyada hər bir hadisə Allahın izni ilə baş verir. Amma hər hansı təbii fəlakəti birbaşa Allahın qəzəbi ilə əlaqələndirmək, onun Allahın cəzası olduğunu bildirmək yanlışdır”.

 

Bu fikirləri Bizim.Media-ya Türkiyədəki zəlzələ ətrafında son günlər səsləndirilən xurafata münasibət bildirən din xadimi hacı Şahin Həsənli söyləyib.

 

Hacı qeyd edib ki, Allahın hikməti kifayət qədər mürəkkəb bir mövzudur və bizə onun barəsində az şey məlumdur:

 

“Allahın hikməti bizə izah olunmur. Amma belə təbii fəlakətlərin elmi izahı var. Bu elmi izahı da unutmamalıyıq. Təbii düzənin pozulması faktorunu da unutmayaq, çoxlu sayda xəbərdarlıqları da eşidirik, bunları da gözardı eləmək doğru deyildir. Allah rəhmlidir, mehibandır və mərhəmətlidir”.

 

Hacı Şahin insanların həyatlarına görə məsuliyyət daşıdıqlarını və öz yaşayışlarını o məsuliyyətdən çıxış edərək qurmalı olduqlarını da vurğulayıb:


“Hər təbii fəlakətdə həmin ərazidə yaşayan insanları günahkarlıqda ittiham etmək kökündən yanlışdır. Biz çalışmalıyıq ki, insanlar haqqında mühakimələrə, yersiz ittihamlara yol verməyək. Hər bir təbii fəlakətdən lazımi mesajlar almalıyıq. Təbii fəlakətlər, ümumiyyətlə bəşəriyyətə bəzən Allahın varlığını xatırladır, bəzən insanı qürurdan qoruyur.

 

Bəzən insan həddindən artıq özünə arxalanır və Yaradanını unudur. Təbii fəlakətlər insanlara müəyyən mesajlar ötürür. Bu təkcə həmin bölgədə yaşayan insanlara yox, bütün bəşəriyyətə mesaj olur”.

 

Müsahibimiz bildirib ki, belə günlərdə biz, əslində, kimisə mühakimə etməkdən daha çox öz insani vəzifələrimizə diqqət etməliyik:


“Diqqət edirsinizsə, bu təbii fəlakətlər zamanı hətta siyasi baxımdan bir-biri ilə fərqli mövqedə dayanan ölkələrin əhalisi, dövlətlər bir-birinə yardım göstərir. Bu cür hadisələr insanların yaxınlaşmasına səbəb olur. Əsasən biz fikrimizi bu istiqamətə yönəltməliyik ki, bəşəriyyətin, insanlığın yeganə çıxış yolu həmdərdlik, birlik, vəhdətdir”.

 

Aygün İbrahimli, Bizim.Media