Müsahibələr

Qurana hörmətsizliyin cavabı verilməlidir

24 Yanvar 2023 2308

İlahiyyatçı Hacı Şahin Həsənli müqəddəs Qurani-Kərimə qarşı İsveç və Niderlanda edilən həqarətlə bağlı yerli mətbuata açıqlama verib.

 

O, Globalinfo.az-a bildirib ki, İsveçdə Türkiyə səfirliyi qarşısında Qurani-Kərimin yandırılması ifadə azadlığı ilə əsaslandırılsa da, heç şübhəsiz vandalizm aktıdır:

 

“Bu, sayı 1 milyarddan artıq olan müsəlmanların dəyərlərinə qarşı açıq-aşkar hörmətsizlikdir. Təəssüflər olsun ki, bu cür addım özünü inkişaf etmiş dövlət kimi tanıdan bir yerdə baş verir. Bu, əslində islama və müsəlmanlara qarşı dözümsüzlüyün, islamofobiyanın növbəti təzahürüdür. Bunun arxasında dayanan insanlar dinlər arasında qarşıdurma yaratmaq, müsəlmanları təhriketmə məqsədi güdür. Müsəlmanlar bu kimi hadisələr qarşısında soyuqqanlı olmalı və sivil yollarla öz etirazlarını çatdırmalıdır. Ümumiyyətlə, bizim dinimiz bütün sitayiş edən insanların bütlərinin təhqir olunmasını belə qadağan edir. İslam dini ən mütərəqqi, tolerant dinlərdən biridir, bütün dinlərə qarşı hörmət göstərməyi tövsiyə edir və heç bir dinin müqəddəslərinə qarşı hörmətsizliyi qəbul etmir. Bu, islam dininin humanist mahiyyətindən doğur. İnanıram ki, bu kimi addımların arxasında həm də bir qorxu, islam mədəniyyəti qarşısında acizlik durur”.

 

İlahiyyatçı qeyd edib ki, islam mədəniyyəti bu gün dünyada maraq doğurur, Qurani-Kərim səmavi kitab olaraq insanların diqqətini, marağını cəlb edir:

 

“Bu, şübhəsiz ki, bəzi dairələri narahat edir, qıcıqlandırır. Onlar bu kimi vasitələrlə öz qəzəblərini ifadə etməyə çalışır. Müsəlmanlar isə bu kimi addımlara cavab olaraq xristian kilsələrini ziyarət edə bilərlər, xristianların və digər dinlərin müqəddəs kitablarına qarşı öz hörmətlərini ifadə edə bilərlər. İslam dini yeganə dindir ki, bütün peyğəmbərlərə hörmətlə yanaşır. Hər hansı bir peyğəmbəri peyğəmbər kimi qəbul etməyən insan müsəlman sayılmır. İstər Həzrəti İsa, yaxud Həzrəti Musa olsun, digər dinlərin peyğəmbərləri bizim üçün seçilmiş şəxslər hesab olunur, müsəlmanlar onlara hörmətlə yanaşır. Hesab edirəm ki, Qurani-Kərimin yandırılması kimi vandal hərəkət pislənilməlidir. Azərbaycan XİN də bu məsələyə öz mənfi münasibətini bildirdi. Biz də din xadimi olaraq bu kimi addımları qınayırıq və heç bir azadlıq digərlərinin dəyərlərinə təcavüzə bəraət qazandıra bilməz. Bu azadlıq deyil, əksinə, vicdan azadlığına qarşı atılmış növbəti bir addımdır”.

 

İlahiyyatçı Tribunainfo.az-a deyib: " İsveçdə Türkiyə səfirliyinin qarşısında Qurani-Kərimin yandırılması şübhəsiz ki, islam dünyasının dəyərlərinə qarşı növbəti dözümsüzlük təzahürüdür. Bu birmənalı şəkildə vandalizm aktıdır. Sayı bir milyarddan artıq olan müsəlmanların inancına qarşı hörmətsizlik və dözümsüzlükdür" . O qeyd edib ki, bu kimi addımlar söz azadlığı ilə, ifadə azadlığı ilə əsaslandırıla bilməz, çünki azadlıq başqalarının dəyərlərinə təcavüz etməyə əsas vermir:

 

“Bu əslində öz dözümlülüyü ilə tolerantlığı ilə öyünən Avropa üçün qəbuledilməz bir davranışdır və mən hesab edirəm ki, bunun arxasında müəyyən dairələr dayanır, Avropada yenidən islamafobiya dalğasının gücləndirilməsinə xidmət edir. Bu həm də müəyyən dairələrin islam mədəniyyətinin yayılmasından keçirdiyi təlaş hissinin təzahürüdür. İslam ən mütərəqqi bir dindir, islam dini hətta büdbərəstlərin bütlərini belə təhqir etməyi qadağan edir, islam dini bütün səmavi kitablara sayqı ilə yanaşır, bütün dinlərin peyğəmbərlərini peyğəmbər olaraq qəbul edir və hər hansı bir insan digər səmavi kitabları təhqir edərsə, tutaq ki, Həzrəti İsa Əlehisalamın peyğəmbərliyini qəbul etməzsə, o heç müsəlman sayılmır. Təbii ki, istənilən mövzu tənqidə açıqdır, insanlar inancla bağlı suallar da verə bilər, islamla bağlı suallar da verə bilər, bu və ya digər məsələlər tənqid də oluna bilər, amma Qurani-Kərimin yandırılması, bu, artıq bir daha vurğulamaq istərdim ki, islam dinin rəmzlərinə qarşı, islam dinin atributlarına qarşı bir təhqirdir və bu dözülməz bir haldır”.

 

Hacı Şahin hesab edir ki, müsəlmanlar bu addımların qarşısında sivil etiraz formalarından istifadə etməlidirlər:

 

“Yaxşı olar ki, müsəlmanlar kilsələri ziyarət etsin, xristianların müqəddəs kitablarına öz sayğılarını ifadə etsinlər. Bu məsələdə ayıq-sayıq olmaq lazımdır ki, kimlərsə bu vəziyyətdən islama qarşı növbəti mənfi rəy formalaşdırmaq üçün fürsət qazanmasın. Azərbaycan Xarici İşlər Nazirliyi də məsələ ilə bağlı münasibət bildirib, Azərbaycan bu baxımdan bütün dünyaya örnək ola bilər. Azərbaycanda heçbir dinin dəyərlərinə qarşı dözümsüzlük yoxdur, Azərbaycanda müxtəlif din təmsilçiləri dinc yanaşı yaşayırlar və öz dəyərlərini yaşadırlar və Azərbaycan əhalisinin müsəlman çoxluğu da bütün dinlərin dəyərlərinə qarşı hörmət və sayğı ifadə edir. Mən düşünürəm ki, bu mühit qorunmalıdır və dünyaya bir örnək kimi təqdim olunmalıdır və islama qarşı bu dözümsüzlüyün müqabilində yeganə çıxış yolu alternativ yollar göstərməkdir dinlər arası, məsələlər arası dialoq nümunələrini ortaya qoymaqdır”.

 

 İlahiyyatçının İTV və Real TV kanallarına verdiyi müsahibənin yazılarını da oxucularımıza təqdim edirik:

 

 

 

 

 

hacishahin.az