Müsahibələr

Kərbəla hadisəsi məzhəb davası deyildi

20 İyun 2014 1858

Azərbaycanda olan bütün məzhəblərin önəmli simaları ilə görüşüb, onların baxışları ilə tanış olmağa davam edirik (etatist.com - red.). Bu dəfə Məşədi Dadaş məscidinin imam-camaatı Hacı Şahin Həsənli ilə söhbətləşdik.


Son zamanlar İslam dünyasında baş verən hadisələr, İslamda imamların yeri və İslamın ərəblər üçünmü gəldiyi, cihad haqqında suallara şiələrin baxışı ilə, həm özümüzə, həm də oxucularımıza maraqlı olacaq cavablar aldıq.

 

- Son dönəmlər İraqda, Suriyada baş verən hadisələri görürük. Ümumiyyətlə İslam peyğəmbər (s.a.s) dövründə necə idi? İndi necədir? İndiki İslamla peyğəmbərin İslamı eynidirmi?

 


- Məlum olduğu kimi hal-hazırkı dövrdə baş verən hadisələr əslində İslamın mahiyyətinin təhrif olunmasına yönələn hadisələrdir. Yəni, həmin dediyiniz o qruplaşmaların, təkfirçi qrupların Suriyada və İraqda məhz İslam adına cinayətlər törətməsi böyük bir faciədir. Çünki, bu hərkətlər dinin ruhu ilə tam ziddiyət təşkil edir. İslam dini bəşəriyyəti hidayət eləmək üçün, doğru yola yönəltmək üçün göndərilmiş bir dindir və İslam peyğəmbəri mərhəmət timsalıdır. Quran-i Kərimdə də qeyd olunduğu kimi: sən sərt qəlbli, kobud əxlaqlı olsaydın insanlar sənin ətrafında toplaşmazdılar. Bəlli olur ki, insanların mənəvi dəyərlərə yönəlməsinin əsas səbəbi peyğəmbərin əxlaqi dəyərə sahib olması idi. Amma təəssüflər olsun ki, İslamın tarixi boyunca bu tip cərəyanlar İslam adı ilə çıxış ediblər, amma fəaliyyətləri İslamı gözdən salmağa yönəlib. Yəni, İslamın ilkin dövrlərində Xəvaric adlı bir təriqət meydana gəlib, onlar gecə-gündüz ibadətlə məşğul olmalarına baxmayaraq, qəddarlıqlarıyla seçiliblər və o dövrün müsəlmanlarına qarşı savaş açıblar. İslam tarixində Nəhrivan döyüşü var. Bu döyüşdə Xəvaric adlı qruplaşma həzrəti Əliyə qarşı döyüşüb. Əslində o insanlar dini təbliğ etmirlər, yanlış anlaşılmasının nəticəsində mənfi təsir göstərilirlər. Mənim fikrimcə din səhv anlaşılarsa, dinsizlikdən daha təhlükəli olur. İndi biz bunun şahidiyik.

Əslində Suriyada islahatlara ehtiyac var idi. Bu narazılıqlardan bəzi terrorçu qruplar istifadə eləyib Suriya daxilində qarışıqlıq saldılar və Suriyada niyyətlərinə nail olmadıqlarına görə indi İraq ərazisində öz fəaliyyətlərini genişləndirməyə yönəlik addımlar atırlar.

Görüntülər də yayımlanır, dünyanın hər yerində baxılır. "Təkbir” deyərək, "Allahu Əkbər” deyərək insanların diri-diri başının kəsilməsi, yandırılmasının şahidiyik. Bu, olduqca böyük bir faciədir. İslam dinində belə cəza növləri yoxdur. İslamda cihad məfhumu var, amma bu cihad məfhumu müdafiə xarakteri daşıyır, yəni, sizinlə savaşanlarla savaşın.

 

- "Bəqərə” surəsi 190.


- Bəli. İnsan, mənəvi dəyərləri, torpağı, vətəni, müqəddəs dəyərləri qorumaq üçün cihad edə bilər. Bu yolda, yüksək ideallar uğrunda ölərsə, şəhid hesab olunur. Amma bu gün məzhəblərarası qarşıdurma yaratmaq üçün bundan istifadə edirlər. Əslində mən həmişə bunu qeyd etmişəm və bir daha deyirəm ki, radikal cərəyanları hansısa bir məhzəbə aid etmək düzgün deyil. Əslində belə təqdim olunur ki, dünyada sünni və şiə qarşıdurması gedir. Məncə, ümumiyyətlə radikallığın məhzəbi yoxdur. Son dövrlərdə sünni və şiə alimləri İraqda bu cərəyanlara qarşı birgə fətvalar verirlər. Çünki, tutaq ki, hz.Əlinin (ə), İmam Hüseynin qəbrinin dağıdılması ilə təhdid edirlər. Halbuki, nə hz.Əli (ə), nə də imam Hüseyn şiələrə məxsus insan deyil. Onlar bütün İslam ümməti üçün hörmətə layiq olan şəxsiyyətlərdir. Ona görə də bu insanların qəbirlərinin dağıdılması bütün İslam ümmətinə qarşı yönəlmiş addımlardır. Radikallıq ümumiyyətlə bəşəriyyət üçün təhlükədir. Onun fəaliyyət dairəsi genişlənərsə, başqa ölkələri də əhatə edərsə, çox ağır faciələrlə nəticələnər.

 

- Bu proseslərin əsası Şam bölgəsində gedir. Şam İslam tarixinin əvvəlində də İslamda bölücülüyə gətirən zehniyyətə sahib olanların paytaxtı olub. Sizcə bu təsadüfdür?


- Bir sıra hədislərdə Şamda cərayən edən hadisələrlə bağlı qeyd olunub. Bəzən bu hədislər təhrif olunur, son dövrlərdə Axir-Əz-Zamanla bağlı bir sıra hədisləri bu təkfirçi cərəyanlar əllərində rəhbər tuturlar ki, Şamda guya xilafət qurulmalıdır. Yəni, bu gün - XXI əsrdə bizi xilafət dövrünə qaytarmaq istəyən bir zehniyyətin mübarizəsinin şahidiyik. Doğrudan da İslamın ilk dönəmlərindən məhz bölücülük siyasəti Şamdan başlandı.

 

- Söhbət Yeziddən gedir.


- Bəli,Yezid və Müaviyədən sonra başlandı. Ona qədərki dönəm nisbətən sakit bir dönəm idi. Burada hansısa paralellər aparmaq olar, amma tam da dəqiq təsadüf olub-olmamasını demək çətindir. Ümumiyətlə tarix bəzən təkrar olunur və məhz həmin bölgədə yenə də bölücülüyə yönəlmiş addımların atılması ola bilər ki, təsadüf olmasın. Hansısa oxşarlıqlar var, amma hər halda tarixdə şahidi olmuşuq ki, məhzəb zəminində qarşıdurma salmağa cəhd göstərən adamlar Şamda hakimiyyətdə olub. Onu da deyim ki, Kərbəla hadisəsinin özü də məzhəb davası deyildi. Bəzilərində səhv bir təsəvvür yaranır ki, Kərbəlada şiələrlə sünnilər qarşı-qarşıya gəlib, sünnilər İmam Hüseyni şəhid edib və s. Bu tam yalnış bir təsəvvürdür. Orada qoşun Kufəlilərdən təşkil olunmuşdu. Yenə də tarixdə siyasi maraqlar üçün din amilindən istifadənin şahidi oluruq.

İnsanların inancını təhrif etdiyimiz zaman, şəhidlik haqqında xülyalarla, şəhidlik məfhumunu yalnış izah etdiyimiz zaman insan faktiki olaraq bizim xidmətçimizə çevrilə bilər. Burada inancdan sui-istifadə hallarına rast gəlirik, İslamın ilkin dövrlərində də xəlifələr tərəfindən bu siyasət yeridilirdi. İstənilən bir savaşa insanları cəlb etmək üçün dini hisləri qabardırdılar. Kərbəlada da bunun şahidiyik. İmam Hüseyn dindən çıxmış bir şəxs kimi elan olunmuşdu. Halbuki bütün sünni və şiə məhzəbinə aid olan insanlar imam Hüseyni əziz bir şəxsiyyət kimi tanıyırlar. Peyğəmbərimizin nəvəsidir. Peyğəmbər də bütün məhzəblər üçün ortaq bir dəyərdir. Bu gün də bunun şahidi oluruq ki, hansısa müqəddəs savaşdan Şam torpaqlarında hansısa xilafətin qurulmasından söhbət gedir və görünür ki, bu əməvilik zehniyyətinin, əməvi siyasətinin yenidən müasir dövrdə dirçəldilməsi məqsədi daşıyır.

 

- Dolayısıyla ərəb imperializmi və ərəb milliyətçiliyi.


- Bəli. Ərəb milliyətçiliyi bəzən din cildinə girir və müqəddəs savaş adıyla İslamın ilkin dövrlərində yaranmış xilafəti bu gün də yaratmaq istəyirlər. Amma XXI əsrdə xilafət yaratmaq heç bir məntiqə, ağla uyğun gəlmir. Ona görə də düşünürəm ki, həm müsəlmanlar, həm də dünya üçün həssas tarixi dönəmdir. Bu gün doğrudan da həqiqi dinin radikallıqdan ayrılmasına ehtiyac var. Müsəlmanlar məzhəbindən asılı olmayaraq öz mövqeyini ortaya qoymalıdır. Çünki, kimlərsə maraqlıdır ki, İslamı məhz belə bir qara rəngdə, qorxulu simada təqdim eləsin. Doğrudan da obyektiv İslamla tanış olsaq, araşdırsaq, görərik ki, çox mütərəqqi, ümumbəşəri, universal dəyərlərdir. Dünyanın inkşaf etmiş ölkələrində artıq İslam təlimləri ziyalıların diqqətini cəlb etməyə başlayıb. Kimlərsə bundan narahat olur və bu radikal cərəyanları İslam kimi təqdim etməklə əslində İslamın təhrif edilmiş bir obrazını yaratmağa çalışırlar. Ona görə də bu məqamda bütün müsəlman xalqları məzhəbindən asılı olmayaraq ayıq olmalı, ortaq mövqedən çıxış etməlidilər. Təkfirçilərə heç kəs sahib çıxmamalıdır. Təkfirçilərin heç məzhəbi yoxdur.

 

- Hz. Əlinin belə bir sözü var: İslam bir nöqtə idi, cahillər onu böyütdülər. İndi bir çox məzhəblərdə alimlər ortaya çıxıblar. O alimlər İslamı şərh edirlər, xüsusən də hədislərin və rəvayətlərin üzərində öz təbliğatlarını qururlar. İnsanların din bilgisizliyindən istifadə edib, geniş kütlələri öz tərəflərinə çəkirlər. Ümumiyyətlə İslam elmdir, yoxsa daha böyük anlamdır?


- İslam elmin də fövqündə dayanan bir məfhumdur.Yəni, İslam elmə böyük dəyər verən dindir. Bu, heç kimə sirr deyil. Təəssüflər olsun ki, biz hələ XXI əsrdə dinlə elmin ziddiyət təşkil etmədiyini sübut etməyə çalışırıq. Təbii ki, ilahi bir din elmlə ziddiyət təşkil edə bilməz. İslamın ilk çağırışı "oxu” kəliməsi ilə başlayır.

 

- "Ələq” surəsi.


- Bəli.”Ələq” surəsi. İnsanları həqiqətən də elmə, aydınlığa dəvət eləyən bir dindir. İslam eyni zamanda hidayət proqramıdır. Allah tərəfindən göndərilmiş peyğəmbər hidayət missiyası ilə yer üzünə gəlib. Hidayət isə doğru yola yönəltmə anlamını ifadə edir. İslam insanları doğru yolu göstərmək üçün göndərilmiş bir dindir.

Ardı var...

 

hacishahin.az