Müsahibələr

Ölkədəki dini durum barədə müsahibə

03 Fevral 2017 651
Tanınmış ilahiyyatçı, “Məşədi Dadaş” məscidinin imam-camaatı Hacı Şahin Həsənlinin Lent.az-a müsahibəsi

 

- Son dövrlər ölkədə yaranmış dini durumu necə qiymətləndirirsiniz? Ölkəmizdə tolerant, azad dini mühit və multikultural cəmiyyət quruculuğu istiqamətindəki işlər göz qabağındadır. Amma bir dini icma lideri, din xadimi, müsəlman olaraq özünüzü necə hiss edirsiniz?

 

- Qeyd etdiyiniz kimi, multikulturalizm və tolerantlıq ilk növbədə Azərbaycan xalqının əsrlərlə yaşatdığı dəyərdir. Heç bir mübaliğəsiz deyə bilərik ki, Azərbaycan bu baxımdan bir çox müsəlman ölkələrinə nümunə ola bilər. Azərbaycan tarixində heç zaman din və məzhəb zəminində ciddi qarşıdurma olmayıb. Burada müxtəlif din və məzhəbləri təmsil edən şəxslər özlərini rahat hiss ediblər. Bu gün də belədir. Bir sıra beynəlxalq tədbirlərdə iştirak edərkən bunu qonaqlar da təsdiq edir. Bizdə bu məsələdə dözümdən daha üstün bir münasibət var. Hətta sizə deyim ki, bu durumda dözümlülük də o qədər yerinə düşmür, bizim məzhəblər arasında hətta belə bir mühit olmayıb ki, kimsə kiməsə dözməli olsun. Bu da Azərbaycanın nailiyyətidir, dəyəridir. Bu gün də dövlət başçısı tərəfindən bu dəyərlərin qabardılması çox vacibdir. Xüsusi ilə də dünyada baş verənlərin fonunda. Bir sıra müsəlman ölkələrdəki vəziyyəti görəndən sonra insan dəyərləndirir ki, Azərbaycandakı vəziyyət bu baxımdan çox yaxşıdır. O ölkələrdə bir şəhərdən başqa şəhərə qısa məsafə qət edincə 5-6 yerdə saxlayıb, yoxlayırlar. Onlar təşviş içində yaşayırlar. Bu, onların gündəlik həyatıdır. Azərbaycanda gözümüzü açıb belə görmüşük deyə adi gəlir bizə. Amma doğrudan da bunu dəyərləndirməliyik. Din mənsubu olaraq, özümü Azərbaycanda tam normal hiss edirəm. Və bu dəyəri qorumaq üçün din xadimi olaraq öz töhfəmi verməyə çalışıram.

 

- Azərbaycanda şiəliklə bağlı təkcə dini yox, həm də tarixi konsepsiya var. Digər məzhəb, tarixi baxımdan, ilkin islamın Azərbaycanda gəldiyi dövrlərə aiddir və daha çox gəlmə kültürü və mədəniyyəti assosiasiya etdirir. Amma belə hesab olunur ki, şiə məzhəbi islamın yerli şəraitə, yerli kültürə adaptasiya olunmuş variantıdır. Dinin təməllərindən və tələblərdən yox, tarixilik baxımından çıxış edəndə bu yanaşmaya necə baxırsınız? Qəbul edirsiniz?

 

- Qəbul edirəm. Çox dəqiq fikirdi, doğru yanaşmadı. Mən hər zaman çalışmışam ki, bir məzhəb mövqeyindən çıxış etməyim. Məzhəblərin varlığı islamda reallıqdı, bunu inkar etmək olmaz. Və buna normal yanaşmaq lazımdır. İnsanlar var olduqca, fərqli yanaşmalar da ola bilər. Eləcə də dinə fərqli yanaşma sərgiləmək haqqı var. Bu haqqı islam da tanıyır. Ona görə də hər bir xalqın islama, dinə fərqli yanaşması ola bilər. Elə bunun nəticəsində məzhəblər yaranır. Əhli-beyt məhəbbəti, əhli-beyt mədəniyyəti Azərbaycan xalqının mədəniyyəti ilə o qədər qarışıb ki, hətta bəzən milli dəyər kimi qəbul edilir. Əhli-beytlə bağlı ayinlər artıq dini çərçivədən çıxıb, adət-ənənəmizə, milli-mənəvi dəyərlərimizin tərkib hissəsinə çevrilib. Hesab edirəm ki, bizim xalq kimi formalaşmağımızda da bu inancın özünəməxsus təsiri var. Bizi bir millət olaraq formalaşdıran amillərdən biri də budu. Eyni zamanda, biz milli xüsusiyyətlərimizə uyğun şəkildə islamda da özümüzə bir yol seçmişik. Və bu yol azərbaycanlı kimliyini formalaşdıran amildir.

 

- Məhz bu aspekt daha çox onunla bağlanır ki, şiəlik ilk dəfə İran kültüründə rəsmi status alıb və hakim məzhəbə çevrilib. Dövlət ideologiyasına çevrildiyi üçün illər ərzində bu qədər geniş yayıla, rahat oturuşa bilib. Qəbul edirsiniz ki, Azərbaycanda şiə deyəndə İran yada düşür? Həm də müsbət işarə ilə deyil...

 

- Bundan öncəki sualda da qeyd olunduğu kimi, şiə məzhəbinin Azərbaycançılıqla əlaqəsini də xüsusi vurğulamaq istəyirəm. Bu ərazidə yayılan irfan dəyərləri, əhli-beyt məhəbbəti, yaradana və yaradılana məhəbbət, hürufilik cərəyanları İrana, Azərbaycana və Türkiyəyə xas cəhətlər, dini dünya görüşüdür. Ərəb coğrafiyasında daha çox sərt ehkamçılıq varsa, bu ərazilərdə dinə ilahi eşq, yaradana və yaradılmışa eşq kontekstində dinə yanaşılıb və əhli-beyt məktəbi də məhz bunu tərənnüm edir. Bu, bizim poeziyamızda da öz əksini tapıb. Bir sıra radikal cərəyanların yanaşmasında mədəniyyətə, incəsənətə qarşı aqressiv mövqe var. Ehkamçı yanaşma var.

 

- Şiə məzhəbinin də içərisində var.

 

- Var. Ümumilikdə bu, radikallığa xas yanaşmadır. Şiəliyin İranla əlaqələndirilməsini düzgün hesab etmirəm. Təbii ki, İran dövlət səviyyəsində islam dövlətidir və rəsmi inanc kimi şiəliyi qəbul edir. Dini dövlətin qonşuluğunda yerləşən dövlətlərə onun müəyyən təsirləri də qaçılmazdı. Amma mən həmişə bu fikirdə olmuşam ki, özüm də bu istiqamətdə fəaliyyət göstərim, Azərbaycanda dini mühit kənar təsirlərdən maksimum azad olsun. Tam azad etmək çətindir. Ümumiyyətlə, qloballaşan dünyada müxtəlif dövlətlərin bir-birinə təsirini sıfıra endirmək mümkün deyil. Sadəcə, çalışmaq lazımdır, Azərbaycanda elə bir mühit olsun ki, dini mühitimizə kənardan kobud müdaxilələrə yol verilməsin. Təkcə qonşu dövlətlərə aid deyil, istənilən dövlətə aiddir.

 

- Təbriz sizin üçün müsəlman şəhəridir, yoxsa daha çox türk? Təbriz deyəndə nə hiss edirsiniz?

 

- İnanclı insan olaraq, mənim üçün istər dini, istər milli məsələ önəmlidir. Təbriz milli məsələləri daha çox zehnimizə gətirir. Daha çox türk şəhəri kimi canlanır. Eyni zamanda, Təbrizdə də əhli-beyt təfəkkürü, əhli-beytə məhəbbəti, dini mədəniyyəti də hiss eləmək olur. Ümumiyyətlə, bu amilləri bayrağımızda tərənnüm edildiyi kimi, yanaşı görməliyik. Gələcəyimiz də buna bağlıdır.

Azərbaycanda bəzi cərəyanlar var ki, düşünülmüş şəkildə, ümmətçilik adıyla bizi milli dəyərlərimizdən ayırmağa çalışırlar. Ümmətçilik o həddə olmamalıdır ki, insan milli kimliyini itirsin. Bu, ümmətçilik deyil, manqurtlaşmadır və bəzən din adıyla edilir. Xalqın milli mənsubiyyəti qorunub saxlanılmalıdır. İslam bu müxtəlifliyin tərəfdarıdır. Quranda da deyilir ki, biz sizi bir kişi və bir qadından yaratdıq və sizi xalqlara və qəbilələrə böldük ki, bir-birinizi tanıyasınız. Bu da Qurani Kərimdə müxtəlifliyə verilən dəyərdir.

 

- Harada təhsil almısınız?

 

- Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirmişəm. Mədrəsə təhsili almamışam. Ərəb və fars dillərini öyrənmişəm. Mütaliə etmişəm.

 

- Xaricdə təhsil almamısınız?

 

- Xeyr.

 

- Xaricdə, xüsusilə də İranda dini təhsil almış şəxslərə münasibətdə bir az ehtiyatkarlıq var. Çünki çox sayda faktlar var ki, həmin şəxslərin bəziləri hansısa mərkəzdə aldıqları təlimatı Azərbaycan dövlətinin qanunlarından daha öndə tuturlar. Tərəfdarlarınız arasında, sizə, baxışlarınıza hörmət bəsləyən, İranda təhsil almış və hətta İran meylli insanlar varmı? Tutaq ki, hansısa mərhələdə Azərbaycanın İranla münasibətlərində gərginlik yarananda onlarla işi necə qurursunuz?

 

- Dostlarımız arasında Qumda təhsil almış insanlar var. Xaricdə təhsil almış insanları eyniləşdirə bilmərik. Ümumiyyətlə, xarici dövlətlərdə dini təhsil alan insanların içərisində bəzən Azərbaycan reallıqlarını dərk etməyən, fərqli bir düşüncəni Azərbaycana transfer etmək istəyən, yaxud başqa düşüncəni yamsılayan insanlar var. Bu, danılmazdı. Həmişə onun tərəfdarı olmuşam ki, Azərbaycanda dini təhsilin səviyyəsi yüksəlsin, insanlar əziyyət çəkib xaricə getməsin. Azərbaycanda da bu istiqamətdə son illər addımlar atılır. Bakı islam Universiteti ilə bağlı, ödənişsiz təhsillə bağlı. Yaxın vaxtlarda yeni mədrəsələr də açılmalıdır. Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanlar İdarəsi bu məsələləri birgə həyata keçirəcək. Bəzən, bəli, bizim fəaliyyətimizlə bağlı da insanlar arasında anlaşmazlıq olur. Müəyyən qədər anlaşma ilə qarşılamırlar. Hansısa addımımızı düzgün anlaya bilmirlər.

 

- Nə istəyirlər sizdən?

 

- İstənilən ictimai fəaliyyətlə məşğul olan insan hamını qane edə bilməz. Mən də bunu normal qəbul edirəm və zamanın ixtiyarına buraxıram. Yalnız öz düşündüyünü düz hesab edən və alternativ düşüncəni qəbul etməyən insanlar hesab edirlər ki, onların düşüncəsi dini düşüncədir. Onlardan fərqli addım atan insanın imanını isə sual altına alırlar. Təəssüf ki, dünyada bu gün təkfirçi əhval-ruhiyyə yayılmaqdadır. Bizdə də belə yanaşmalar var. Hansısa addımlarımızı anlamırlarsa, bizi satqınlıqda, müxtəlif adlarla ittiham edilər. Bəzən üzbəüz gəldikdə bəziləri başa düşür, anlayır, “mən məsələni bu şəkildə dəyərləndirmirdim”, - deyirlər.

Hesab edirəm ki, bizim dini düşüncəmizi təhlil etməyə ehtiyac var. İnsan dini düşüncəsi ilə bağlı da sual verməlidir. Biz bəzən din adıyla bir sıra məsələləri mənimsəyirik, qəbul edirik. Sonradan məlum olur ki, bunun dinə aidiyyatı yoxdu. Bəzi insanların dindən uzaq olmasının da səbəbi din deyil əslində. Bizim din adıyla yaşatdığımız stereotiplərdir.

 

- Ateist dostunuz var?

 

- Dostum yoxdu, amma münasibətdə olduğum insanlar var. Həmişə dözümlü yanaşmışam. Onlarla polemikanı normal qəbul edirəm.

 

- Bilsəniz ki, bir masanın ətrafında ateist oturub, həmin məclisi tərk edərsiniz?

 

- Qətiyyən.

 

- Ateist, ya “İŞİD”çi? Hansı sizə daha uzaqdır?

 

- Ümumiyyətlə, təkfirçiləri hansısa məzhəbə aid etmirəm. Təkfirçilik istər şiə, istərsə də sünni məzhəbinin ruhuna, mahiyyətinə ziddi. Təəssüf ki, belə bir qrup formalaşıb, Qurana, hədislərə istinad edir, özlərini islama aid hesab edirlər. Onların, doğrudan da islamla əlaqəsi yoxdu. Bunu bir ilahiyyatçı olaraq deyirəm.

Təkfirçinin insanlığa, dinin özünə vurduğu zərər ateistlərdən daha çoxdur. Bir insan Allahı qəbul etmirsə, inanmırsa, onun şəxsi işidir və Quran da bu haqqı tanıyır. Quranda ayə var, peyğəmbərimizə müraciət edir ki, onları inanmağa sənmi məcbur edəcəksən? Dində məcburiyyət yoxdu. Amma təkfirçilər kimisə inanmadığına görə mühakimə, hətta bəzi ölkələrdə edam edirlər. Bu, sadəcə Allaha inanmayan ateistin vurduğu ziyandan qat-qat çoxdur.

Yadıma islam tarixindən bir hadisə düşdü. Həzrəti Əli ilə Xəvaricin qarşılaşması – Nəhrivan döyüşü. Alnı ibadətdən qabar bağlamış, gündüzlər oruc tutub, gecələr ibadət edən minlərlə insandan ibarət ordu Həzrəti Əliyə qarşı vuruşur. Və Həzrəti Əli onlara qarşı amansız mövqe tutur. Onlar məğlub edir və deyir: “Bu fitnənin gözünü mən çıxardım. Mən etməsəydim, bunu heç kəs etməzdi”.

Üzr istəyirəm, onun ifadələri belə idi: “Onlar quduz it kimiydilər”. Yəni onların qarşısı alınmasaydı, quduzluq bütün cəmiyyəti bürüyəcəkdi. Həzrəti Əli deyir ki, onlar insanların ən alçağı idi. Çünki onların çirkin mahiyyəti namazın arxasında gizlənib. Səhabələrin bir qismi tərəddüdə düşür ki, axı onlarla necə vuruşmaq olar? Onlar inanclıdı, namaz qılır, oruc tutur. Həzrəti Əli onlara izah edir ki, onlar nadan abidlərdi. Peyğəmbər buyurub ki, iki dəstə belimi sındırdı. Bir imansız alimlər, bir də elmsiz abidlər. Yəni elmi olmayan ibadət əhli. Həzrəti Əlinin qatili həmin o Xəvaric cərəyanındandır.

Təkfirçilik təhlükəli düşüncədir. Bütün zamanlarda da olub. Onlar islamın yanlış yozumu nəticəsində meydana gəlmiş cərəyanlardır. Əslində onların daxilində müəyyən problemlər vardı. Onlar mənəvi problemi olan insanlardır ki, dini də öz daxillərinə uyğun eybəcərləşdirirlər.

İslam tarixindən başqa misal: 6-cı imam Cəfər Sadiq əleyhissalamın özü də, tələbələri də Mədinə məscidinin kənarında, peyğəmbərin məzarının yaxınında ateistlərlə oturub, elmi müzakirə aparıblar. Heç kəs də ateistə bir söz deməyib. Onlar açıq-aşkar Allahı inkar edən görüşlərini imama çatdırıblar. İmam da elmi şəkildə cavablandırmağa çalışıb. Yəni bu, islam tarixindən nümunələrdir.

 

- Neçə ildir ibadətlə məşğulunuz?

 

- 1992-ci ildən.

 

- Bu müddətdə bir dənə də olsa, sual düşüb içinizə?

 

- Çox suallar düşüb. 

 

- Şübhə?

 

- Hə. Çox şübhələr olub. Çox hallarda suallar və şübhələr yaranıb və şübhəni mən təhlükəli hesab etmirəm. Şübhə səbəb olur ki, məsələni daha dərindən araşdırasan, yəqinə çatasan. Mən dini təhlil əsasında qəbul etmiş bir insanam. Ailəmiz dindar ailə olmayıb. Özüm də Bakıda doğulmuşam, böyümüşəm. Təhsilimi rus dilində almışam. Yəni dini mühitdə tərbiyə almamışam. Suallarım da kifayət qədər olub. Suallara cavab tapdıqdan sonra İslama daha da bağlanmışam.

 

- Hələ də cavab tapmadığınız sual varmı?

 

- Bir sıra şəriət hökmləri Quranda ayələr var ki, onların hikmətini tam anlamamışam. Bunu da təbii qəbul edirəm. Ümumilikdə din məni qane edib. Amma bir sıra suallar var ki, hələ də onların tam dolğun cavabını özüm üçün tapa bilməmişəm.

 

- Məişətdə, ailədə də islamın tələblərini yaşayırsınız. Bunları yaşamayan dostunuz varmı? Ailə dostunuz. Fərqli həyat tərzi yaşayırlar, amma ailəvi dostluq edirsiniz?

 

- Dostlarım içində kifayət qədər elə insanlar var. Ailəvi də münasibətimiz var.

 

- Bu sizi heç narahat eləmir?

 

- Narahat etmir. Biz öz doğru bildiyimizi insanlara təqdim etməyə çalışırıq. Amma insanlara öz bildiyini zorla yeritməyin tərəfdarı deyiləm. Yəni hansısa həyat tərzini bəyəndirmək istəyirsənsə, onu əməli şəkildə insanlara sevdirə bilərsən. Bəzən də hara çatdıq dindən danışmaq, dini kimlərəsə yeritməyin tərəfdarı deyiləm. Dini yaşayırsansa, yaşa və əməli baxımdan nümunə ol, insanlar görsün ki, dini həyat tərzi doğrudan da gözəldi.

 

Amma burda başqa məsələ çıxır ortaya. Bəs bu qədər gözəl, elmə önəm verən bir təlimə əməl edərək inkişaf etmiş bir cəmiyyət nümunəsi niyə yoxdur? Bunun üzərində biz düşünməliyik.

 

- Şəxsi fikriniz nədi? Niyə bir dənə belə nümunə yoxdu?

 

- İslam cəmiyyətinin tənəzzül etməsinin səbəbi araşdırılmalıdır. Doğrudan da islam yayıldığı ilk dövrlərdə ərəb xalqına, ümumiyyətlə, islamı qəbul etmiş xalqlara inkişaf gətirə bildi. Sonradan isə tənəzzül dövrü başladı. Niyə? Səbəblər çoxdur. Dinin, inancın daha çox axirətə yönəlməsi, dini elmlərlə dünyəvi elmlərin, ilahiyyatla praktiki həyatın bir-birindən ayrılması, dinin sırf axirət - mistik bir anlayış üzərinə köklənməsi müsəlmanların tənəzzülünə gətirib çıxardı. Ürfan praktiki həyatdan ayrıldı. Dini yaşamaq istəyənlər real həyatdan təcrid olunmuş halda yaşadılar. Xilafətin də təbii ki, təsiri oldu. Xilafətin dini öz siyasəti üçün alət eləməsinin təsiri oldu. Müxtəlif cərəyanların yayılması və bir-birinə aqressiv münasibəti. Bir çox misallar sadalamaq olar. Amma mən hesab edirəm ki, dini düşüncədə olmaq, dini həyat tərzini yaşamaqla inkişaf etmək mümkündür. Din insana elm öyrənməyi ilahi vəzifə kimi təyin edir. Biz bu gün gənclərimizə məsciddə izah etməyə çalışırıq ki, sən universitetdə təhsil alırsansa, sənin təhsil almağın Allah yanında ən böyük ibadətlərdən biridir. İbadət məscidlə, namazla məhdudlaşmır. İnsanlara xidmət də ibadətdir, təhsil də, elm öyrənmək də. Peyğəmbər buyurmayıb ki, dini elm öyrənin. Deyib ki, elm Çində də olsa, gedin. Yəni harada olursa-olsun, istənilən elmi öyrənmək ibadət sayılır.

 

- 1400 il bundan əvvəl yazılmış bir kitabın bu gün insanları həmin dəyişilməyən, təftiş olunmayan tezislərlə mənəviyyata və davranış normalarına səsləməsi ilə razısınız? Bəlkə bir təftiş eləməyə ehtiyac var? Yoxsa, ehkamdı, toxunmaz olmaz?

 

- Dinin bir sıra hökmləri ehkam olaraq qalır. Fərqi yoxdu, biz hansı əsrdə yaşayırıqsa, namazı eyni qaydada qılırıq. Namazın formasında dəyişiklik etməyə ehtiyac yoxdu. Amma dində ictihad anlayışı var. Dinin zamana uyğunlaşması. Dində sabit və dəyişilən hökmlər var. Əxlaqi dəyələr, tutaq ki, yalanın pis olması hər dövrə aiddi. Amma eyni zamanda müəyyən qaydalarda dəyişikliklər olur. Çünki zaman gedir və din də bu zamana uyğunlaşmalıdır. Və bu, əslində, Qurani Kərimdə mahiyyət etibarı ilə zamana uyğunlaşan hökmlər gətirir.

 

Peyğəmbərimizin dövründə kişilər saqqalına xına çəkirdilər. Buna peyğəmbər təşviq edirdi. Peyğəmbərdən sonrakı dövrdə Həzrəti Əli dedi ki, buna ehtiyac yoxdu. Dedilər, sən peyğəmbərin təyin etdiyi qaydanı ləğv edirsən? Həzrəti Əli dedi ki, o zaman müsəlmanların sayı az idi, çoxu da yaşlı insanlar idi. Düşmənlə üz-üzə dayananda düşmən psixoloji üstünlük əldə edirdi. Peyğəmbər ona görə belə buyurub ki, saqqalınızı boyayın, düşmən sizi zəif görməsin. Bu gün müsəlmanların sayı çoxdu, buna ehtiyac qalmır. Sadə, bəsit bir misal da olsa, ictihad budu.

 

Mütəfəkkirlərdən biri deyib ki, ictihad islamın mühərrikidir. Zamana uyğunlaşdırır.

 

Hədislərdə deyilir ki, iki günü bir-birinə bərabər olan Allahın rəhmətindən uzaqdır. İnsan hər gün inkişafda olmalıdır. Sadəcə, bir sıra qaydalar var ki, onlar zamanın fövqündə dayanır.

 

- Bu günlərdə Bakıda bir qrup dindar adlanan şəxsin məhkəməsi başa çatdı. Tərəfdarlarının bəyanatlarını eşitdik. QMİ-nin səlahiyyətli nümayəndəsi olaraq, həm də eyni məzhəbi daşıyan ilahiyyatçı kimi bu insanlarla əlaqələriniz vardımı?

 

- O insanlarla münasibətim olub. İstər-istəməz ictimai dini fəaliyyətlə məşğul olanlar bir sıra tədbirlərdə görüşmüşük. Zamanında müəyyən fikir mübadiləsi də aparmışıq. Həmişə demişəm ki, Azərbaycanda din-dövlət münasibətləri müsbət məcrada inkişaf etməlidir. Başqa cür olsa, həm din zərbə alar, həm dövlət. Biz bunu anlamalıyıq. Başqa çıxış yolumuz yoxdu. Dövləti qorumaq, dövlətə bağlılıq dinin tələbidir. Biz belə anlatmalıyıq. Müəyyən neqativ hallar ola bilər, problemlər ola bilər. Həmin problemlərin həlli yollarını axtarmaq, qanuni mexanizmlər tapmaq lazımdır.

 

Bu fikirlərimizi də həmin insanlarla bölüşmüşük. Yenə deyirəm, mən sadəcə fikrimi çatdıra bilərəm. Başqa bir şey əlimdən gəlmir. Hər halda, olmuş hadisələrə görə təəssüf edirəm. Qətiyyən arzulamazdım ki, Azərbaycanda belə hadisələr baş versin. Ümid edirəm ki, gələcəkdə də belə həssas dönəmdə bu tip hadisələrlə qarşılaşmayacağıq. Doğrudan da çox həssas bir dönəmdi. Azərbaycanda hansısa böyük dövlətlərin maraqları var ki, din faktorundan öz maraqları üçün istifadə etsinlər. Nardaran hadisələri ilə bağlı bir sıra Qərb dövlətlərinin qəribə bir mövqe sərgiləməsinin şahidi oluruq. Başqa vaxt, ümumiyyətlə, İslamla bağlı tamamilə fərqli mövqe göstərən dövlətlər burada nə üçün təəssübkeşlik edirlər?! Bunlar hamısı maraqlıdır və sual doğuran məsələlərdir. Ona görə də, belə məsələlərdə inanclı insanlar ehtiyatlı olmalıdır. Diqqətli olmalıdır. Dövlətə, millətə bağlılıq dinimizin bizdən tələbidir. İnsanın inancı yalnız onun ibadəti ilə, oruc tutub, namaz qılması ilə məhdudlaşmır. İnsan bayrağına, millətinə, dövlətinə sadiq olmalıdır ki, Allah yanında da bəyənilmiş, dəyərli bəndələrdən sayılsın.

 

hacishahin.az