Azərbaycanda müqəddəs Ramazan ayının ilk günü aprelin 25-nə təsadüf edəcək. Bu tarixdən etibarən ölkəmizdəki müsəlmanlar müqəddəs ayın vacib göstərişlərindən biri olan oruc tutmağa başlayacaqlar.
BAKU.WS xəbər ki, bu il Ramazan ayının gəlişi dünyada olduğu kimi Azərbaycanda da koronavirus infeksiyasının yayıldığı bir vaxta təsadüf edib.
Bu da belə bir vaxtda insanların oruc tutmasının nə qədər doğru olması, sağlamlığa hər hansı təsirləri və kimlərin oruc tutmaqdan azad olması mövzusunu gündəmə gətirib. BAKU.WS olaraq koronavirus dövründə Ramazan ayı ilə bağlı yaranan suallara cavab tapmaq üçün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, tanınmış ilahiyyatçı Hacı Şahin Həsənliyə müraciət etdik.
- Müqəddəs Ramazan ayında kimlər oruc tuta bilməz?
- Məlum olduğu kimi, Ramazan ayının orucu bütün müsəlmanlara vacibdir. Qurani-Kərimin Bəqərə surəsində buyurulur ki, ey iman gətirənlər, oruc sizdən öncəkilərə vacib edildiyi kimi sizə də vacib edildi ki, bəlkə, təqvalılardan olasınız. Ona görə bütün müsəlmanlar Ramazan ayında oruc tutmalıdırlar. Qurani-Kərim özü istisnaları da qeyd edib. Bəzi insanlar oruc tutmamalıdırlar. Bu, həmin insanlardır ki, oruc tutmaq onların xəstəliyini ağırlaşdırır, onların sağlıq durumuna ciddi şəkildə mənfi təsir göstərir. Onlar həkimlərlə məsləhətləşib oruclarını pozurlar. Eyni zamanda səfərdə olan insanlar, yaşlı insanlar, hamilə qadınlar, süd verən analar oruc tutmurlar və oruc tutmaqdan azad olunurlar. Lakin onlar sonradan orucun qəzasını yerinə yetirməlidirlər.
- Ramazan ayında təşkil olunan iftar məclisləri koronavirus dövründə nə ilə əvəz olunacaq?
- Ölkəmizdə hazırda karantin rejimi tətbiq olunub və insanların bir yerdə toplaşması qadağan edilib. Ona görə ki, bu, insanların sağlamlığına təhlükə yarada bilər. Hazırda özünütəcrid qaydalarına riayət olunmalı, sosial məsafə gözlənilməlidir. Ona görə bu il iftar məclislərini insanlar öz ailələri ilə birgə keçirməlidirlər. Bu, karantin rejimi davam edənə qədər belə olmalıdır. İnanclı insanlar Operativ Qərargahın tətbiq etdiyi qaydalara əməl etməlidir ki, öz sağlamlıqları və ətrafdakı insanların səhhətini qorusunlar. Bu səbəbdən insanlar iftar məclislərini öz ailələri ilə birgə təşkil etməlidir və kütləvi iftar məclislərində iştirak etməkdən çəkinməlidirlər.
- Namaz qılmayan şəxslərin oruc tutması nə dərəcədə düzgündür?
- Namaz və oruc ayrı-ayrı ibadətlərdir. Hər ikisi dinimizin vacib buyurduğu ibadətdir. Bir insan namaz qılmırsa, biz ona deyə bilmərik ki, sən oruc tutmamalısan. Namaz qılmamaq oruc tutmamağa əsas vermir. Təbii ki, hədislərdə qeyd olunub ki, namaz ibadətlərin qəbul olunma şərtidir. Amma bir insan namaz qılmayıb oruc tutursa, bu, gələcəkdə onun dinimizə rəğbətlənməsinə xidmət edə bilər. Ümumiyyətlə, bu insan oruc tutmaqla üzərində olan vacib bir hökmü icra etmiş olur. Buna görə namaz qılmayan insanlar da hər halda oruc tutmalıdırlar.
- Koronavirus pandemiyası zamanı sağlam insanlar oruc tuta bilərmi?
- Koronavirus pandemiyası zamanı sağlam insanlar oruc tutmalıdırlar. Yəni orucun vacib olma hökmü onların üzərindən götürülmür. Sağlam insanlar digər vaxtlarda olduğu kimi pandemiya zamanı da oruc tutmalıdırlar. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) fətvasında da bu ayrıca qeyd olunub ki, hansı qrup insanlar oruc tutmaqdan azad oluna bilərlər. Buna görə sağlam insanların oruc tutmasında hər hansı problem yoxdur. Hətta bəzi həkimlər oruc tutmağın insan immunitetinə müsbət təsir göstərdiyini qeyd ediblər. Bir şərtlə ki, düzgün qidalanma olsun. İftardan sonra çoxlu maye qəbul edərlərsə, meyvə-tərəvəzdən çox istifadə olunarsa, bu halda insanların sağlamlığına heç bir ciddi mənfi təsir göstərməyəcək.
- Bəs COVID-19 virusuna yoluxan şəxsin oruc tutması düzgündürmü?
- Koronavirusa yoluxan şəxslərin oruc tutması mümkün deyil. Çünki onlar müalicə olunurlar, dərman qəbul edirlər. Ona görə virusa yoluxan insanlar oruc tutmamalıdırlar. İnşallah, sağalandan sonra oruclarını davam edərlər, əgər Ramazan ayı bitərsə, daha sonra qəzasını yerinə yetirərlər. Amma virusa yoluxmuş insanlar hazırda müalicə olunurlar deyə Ramazan ayının orucunu tutmamalıdırlar. Onlar oruc tutmaqdan azad olunurlar.
- Koronavirusla ön cərgədə mübarizə aparan həkim və polislər oruc tuta bilərmi?
- Həkimlər və polis əməkdaşlarının oruc tutmasına gəlincə, burada xəstəliyə yoluxma təhlükəsi nəzərdən keçirilməlidir. Alimlərin fikri bundan ibarətdir ki, bir insan əgər oruc tutarsa, xəstəliyə yoluxma ehtimalı verirsə, həkimlər də onu bu işdən çəkindirirsə, özü də xəstəliyə yoluxmağa ehtimal verirsə, bu halda oruc tutmaya bilər. Yəni ciddi belə bir ehtimal varsa, oruc tutmaya bilər. Həkimlər xəstələrlə təmasda olur, yoluxma təhlükələri daha ciddidir və oruc da bu təhlükəni daha da gücləndirirsə, belə bir halda onlar oruc tutmaya bilərlər. Yəni bu, fərdi seçim əsasında gəlinəcək qərardır. Hər bir insan öz orqanizmini tanıyır və həkimlərlə məsləhətləşib uyğun addım ata bilər.
hacishahin.az