Müsahibələr

Yardımlaşma, saxta "hacılar", rüşvət və s. haqda müsahibə

24 May 2020 1085
 AZXEBER.COM saytının Ramazana özəl müsahibi Məşədi Dadaş məscidinin imamı, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi Hacı Şahin Həsənlidir.


 
- Hər zaman geniş kütlə içində xütbə etməyə alışmısınız. İndiki xütbə ilə əvvəlkilər arasında nə kimi fərq var?

 
Bəli, daim geniş auditoriya qarşısında çıxış etməyə öyrəşmişik. İnsanların məscidlərdə kütləvi şəkildə toplaşması məqsədəuyğun olmadığından məscidlərdə dini ayinlər icra olunmur. Hazırki dövrdə məsciddə kütlə olmur və biz online şəkildə - sosial şəbəkələr vasitəsilə insanlara müraciət edirik.

 
Təbii ki, insanlar qarşısında real olaraq çıxış etmək  fərqli olur. Ancaq indiki dövrdə bizi çox sayda insanlar izləyir. Bu onu göstərir ki, insanlar hər bir halda dini bilgilərin  mənimsənilməsinə uyğun addımlar atırlar. İndi insanlar internet resurslarının imkanlarından istifadə edərək o ayinləri icra edirlər.

 
- İlk dəfə olaraq Qədr gecələrini online keçirdiniz. Rekord sayda izlənmə oldu. Bundan sonra da geniş kütləni toplamaq üçün internetin imkanlarından istifadə edəcəksiz? 

 
- Biz internet resurslarından hər zaman istifadə etmişik. Ancaq indi şərait elə gətirdi ki, insanlar daha çox bu ayinlərlə maraqlanmağa başladılar. Buna da səbəb məscidlərdə toplaşmaq imkanının olmaması idi. Mənə elə gəlir ki, din xadimləri sosial şəbəkədə aktiv olmalıdır. Dini görüşlərin sağlam əsaslarla çatdırılmasına əsaslı ehtiyac var və biz çalışmalıyıq ki, sosial  şəbəkələrdən bir çoxları yalnış və radikal görüşlərini təbliğ  etmək üçün bir vasitə olaraq istifadə etməsinlər.
 
 
- 1 ayı geridə qoyuruq. Və axsam fitrə çıxarılmalıdır. Bu nə qədər olmalıdır? Kimler fitrə çixarmalı deyillər? 

 
- Fitrə zəkatı bayram axşamı ayrılır. Bayram namazı qılınana qədər fitrə zəkatı ödənilməlidir. Ehtiyacı olan insanlara çatdırılmalıdır. Fitrə zəkatı 3 kq buğda, arpa, un, kişmiş, düyü, xurma və s. ərzaq növlərini özü və ya pul məbləği qədər çıxarılmalıdır. Hazırda 10-15 manat müəyyən edilib. Bunu  bazar qiymətləri ilə tənzimləyib daha aşağı qiymətə də tapmaq olar. Biz də tövsiyə etdik ki, imkanı olan insanlar daha çox fitrə zəkatı ayırsınlar. Çünki hazırda yardıma ehtiyacı olan insanlar var. Öz gündəlik xərclərini təmin edə bilməyən kəslərə fitrə zəkatı vacib deyil.
 
 
- Pandemiya xeyli insan yardım kampaniyası keçirdi. Sizcə yardımları nümayiş etdirmək düzgündür? 

 
- Ümumiyyətlə, yardımların gizili edilməsi daha çox bəyənilən əməl sayılır. Bu haqda Quranda da var ki, insanlar bir-birilərinə gizli şəkildə kömək etməlidirlər. Bəzi məqamlarda yaxşılığın aşkar şəkildə edilməsinə ehtiyac olur ki, insanlar da  bu işi görməyə rəğbətlənsinlər. Bəzən yaxşılığı aşkar etməliyik ki, özümüzü yox gördüyümüz işi təbliğ edək.
 
 
- Bu il Həcc ziyarəti olmadı. Kamil Zeynallı təklif etdi ki o pulları kasıblara xərcləyin. Bu haqda nə düşünürsüz? 

 
- Həcc ziyarətinə gedə bilməyən insanlar o vəsaiti ehtiyaclı insanların xərclərinin təmin edilməsinə yönəldə bilərlər.
 
 
- Bəzi məşhur müğənnilər "hacı" adını reklama çevirib. Deyirlər mənim həcim var ve s. Bu bir din adamı olaraq sizə necə təsir edir? 

 
-Ümumiyyətlə "hacı” rütbəsi bir rütbə deyil, bu  imtiyaz deyil . Adların qarşısında "hacı” , "məşədi”, "kərbəlayi” kimi adların çəkilməsi xalqın o yerlərə olan hörmətinin əlamətidir. Mən düşünürəm ki, ora gedib-gələn insanlara məsuliyyətini xatırlatmaq üçün o cür müraciət olunur. Hacı  adının bu kimi ucuz hallanmasının tərəfdarı deyiləm. Həm Həcc ziyarətinə gedib gələn, həm də digər insanlar bu mövzularda bir qədər diqqətli olmalıdırlar.


- Bu günlərdə toylar gündəmdədir, bəzi adamlar deyir ki, kütləvi toylara son qoymalıyıq. Siz bu haqda nə düşünürsüz?

 
- Bəzən bizim toylarımız həddindən artıq təmtəraqlı və kütləvi olur. Bu məsələlərdə insanlar özləri bəzi düzəlişlər edə bilər, israfçılığa yol vermədən. Daha az xərclə, israfdan qaçaraq bu tədbirləri keçirmək tövsiyə olunur. Bu toy və yas məclislərinə aid edilir. Toylarda olan təmtəraq bizi özümüzdən uzaqlaşdırır. Toy və yasın ləğv edilməsi mümkün deyil.

 
- Bəzi din adamları deyir ki, toya getmək olmaz. Yalniz kişi toyunda iştirak etmək olar. Bu haqda nə deyə bilərsiz?

 
- Toya getməyin bəzi şərtləri var. Bəli, qadınla kişinin birgə  məclisdə rəqs etməsinə dinimiz məhdudiyyət tətbiq edir. Dini  nəzərdə bu qəbulolunmazdır.
 
 
- Pandemiya dövründə yaslar da qadağandır. Sizcə 3-7-40 mərasimlərinə ehtiyac var mı? 

 
Dində insan dünyadan köçdükdən sonra qüsullanıb, kəfənə bükülməsi, meyid namazının qılınması və dəfn edilməsi vacib buyurulub. Bundan sonrakı əməllər vacib deyil. Yas məclislərinin həddindən artıq uzadılması düzgün deyil. Yığcam, konkret bir məclis olsun. İnsanlar da gəlib iştirak etsin bəsdir. Yas və toy adətlərimizə yenidən baxa bilərik.

 
- Bu günlərdə rüşvətxor məmurların həbsi gündəmdədir. Ümumiyyətlə dində rüşvət almağın günahı nədir? Axirətdə o adamlari nə gözləyir? Siz bu haqda nə düşünürsüz? 

 
Haram tikə yeməyin günahı böyükdür. Onlar mədələrinə od yeyirlər deyirlər sanki. Rüşvət alıb, insnların haqqını tapdalamaq böyük günahlardandır. Hər bir məmur anlamalıdır ki, dövlət vəzifəsi bir imtiyaz deyil, məsuliyyətdir. Son dövrlərdə bu fikir formalaşmaqdadır. İnsanların rüşvət alması, kiminsə haqqını tapdalaması qətiyyən yolverilməzdir.

 
- Demisiz ki ateist dostlarım da var. Onlarla necə dostluq edirsiz?

 
 - Bizim ateistlərlə fikir mübadiəmiz olub. Fərqli fikirlərə dözümlü olmağa çalışırıq. Bu heç də həqiqətin nisbiliyinə dəlalət etmir. Mənim nəzərimə görə həqiqət mütləqdir. Sadəcə olaraq  həqiqətə yanaşmalarda müəyyən fərqlər olur. Biz çalışırıq ki, sözümüz varsa bunu dəlil, sübutla insanlara çatdıraq.






hacishahin.az