"Vaxt ötdükcə insanlar Qurana fərqli yanaşmağa başlayır və Quran bu baxımdan zamana uyğunlaşır" - Hacı Şahin Həsənlinin teleqraf.com-a müsahibəsi.
- Yəqin, sizə Hacı deyə bilərəm...
- Əlbəttə, buyurun.
- Hacı, ölümdən sonra həyat varmı? Buna inanırsınız? Yoxsa bu, dinin və din xadimlərinin uydurmasıdır?
- Ölümdən sonra həyat bütün peyğəmbərlərin bizə çatdırdığı həqiqətdir. Yəni dinlərin bir missiyası da insanı əbədi olduğuna inandırmaqdır. Həyat yalnız bu dünya ilə məhdudlaşmır. Hətta insan öz vücuduna diqqət edərsə, əbədi bir varlıq olduğunu görə bilər.
- Anlamadım.
- Məsələn, ana bətnindəki körpə necə yaşamaq üçün hazırlaşırsa, ayaqlarını, əllərini hərəkət etdirirsə, bu dünyada yaşayan insan da əbədi dünyaya o cür hazırlaşır. Biz görürük ki, insan ruhi azadlıq üçün yaradılmışdır, məhdudiyyəti sevmir, sonunu təsəvvür etmək istəmir. Arzusuna qovuşduqdan sonra başqa bir şeyin həvəsinə düşür, istəkləri sonsuzdur və dünyadakı heç bir şeylə qane olmur.
- Niyə belədir?
- Bu o deməkdir ki, insan ruhu bu dünyaya sığmır, alidir. Eyni zamanda Allaha inam da əbədiyyətin zəruriliyini bildirir. İnsan dünyadakı əməllərinin qarşılığını tam şəkildə görmür və biz Allahın ədalətinə görə əməllərimizin cavabını bir gün mütləq görəcəyik.
- Yəni konkret bilmək istəyirəm, Hacı, siz cəhənnəm və cənnət dünyasının varlığına inanırsınız?
- Bəli, inanıram.
- Bu inam sizdə ağılın gücüdür, yoxsa hissin?
- Təbii, bunu mənim ağlım da təsdiqləyir.
- Bəs görmədiyiniz bir şeyə necə inanırsınız?
- Düzdür, bəzi emprik fərziyyələr deyir ki, görməsəm, inanmaram. Yəni hər şeyin təsdiqini təcrübədə görürlər. Amma metafizik aləmə aid olan həqiqətlər maddi vasitələrlə hiss olunmur, yəni insan onu ancaq ağılla kəşf edə bilər. Qiyamətin də varlığı ağlın təsdiq etdiyi bir həqiqətdir.
- Sizcə, o dünya, ölümdən sonrakı həyat, cənnət-cəhənnəm yalnız insanlara aiddir, yoxsa digər canlılar da öləndən sonra o dünyaya düşür? Məsələn, toyda başı kəsilən dana da, qurbanlıq qoyun da, ovçu gülləsinə tuş gələn ceyran da cənnətə, yaxud cəhənnəmə gedir?
- Bilirsiniz, insanı digər canllardan fərqləndirən ağlıdır və insan ağlına görə onlardan üstündür. İnsan məsuliyyətli bir varlıqdır. Düşünür, təhlil edir, gələcək haqqında müəyyən qənaətlərə gəlir, doğru qərarlar qəbul edir. Yəni insanın dərrakəsi, məsuliyyəti olduğu üçün sorğu-sual da yalnız insana aid ola bilər.
- Axı alimlər kəşf ediblər ki, heyvanların da şüuru mövcuddur. Hətta bəzi din alimləri də təsdiq edir ki, heyvanlarda da bizim təsəvvür etmədiyimiz məsuliyyət hissi var.
- Bəli, elə bir şey var. Amma məlum olan budur ki, sual-cavab, cənnət-cəhənnəm, mükafat və cəza insanlara aiddir. Qəbul olunan odur ki, əbədiyyət insanlar üçündür. Cənnət və cəhənnəm anlayışları bəzən yanlış başa düşülür. Əslində, cənnət və cəhənnəm inanın daxili aləminin təzahürüdür, ifadəsidir. Dünya nemətləri ilə axirət nemətlərin fərqi odur ki, onlar bilavasitə insanın daxili ilə əlaqədardır. İnsan öz daxilinin genişliyi, ruhunun təmizliyi ilə cənnət qazanır.
- Bəs cəhənnəmi necə təsəvvür edirsiniz?
- Cəhənnəm dedikdə sırf dünyada anladığımız od nəzərdə tutulmur. Bu insanın daxilindəki vicdan əzabının qaynayan təzahürüdür. Təbii ki, biz onların necəliyini bu dünyada tam olaraq dərk edə bilmirik. Cənnət və cəhənnəm bizim bu dünyada dərk etdiyimiz məfhumlar şəklində təqdim olunur. Yəni cənnəti də, cəhənnəmi də bu dünyada gördüyümüz həqiqətlər şəklində qavrayırıq. Məsələn, bağ-bağça gözəldir deyə düşünürük ki, cənnət də belə gözəl yerdir. Od bizi yandırır deyə fikirləşirik ki, cəhənnəm bu cürdür. Təbii, məsələyə belə primitiv şəkildə yanaşmaq olmaz. Halbuki, bunlar daha dərin anlamı olan həqiqətlərdir.
- Və qəribə bir təzad da var burda: ölənlərin arxasınca göz yaşı tökürük. Əgər onlar ölmürsə, sadəcə bu dünyadan o dünyaya yerdəyişmə edirsə və bir gün biz də onların yanına gedəcəyiksə, yəni sevdiklərimizlə görüşəcəyiksə, bəs niyə ağlayırıq?
- Bilirsiniz, bu insanın iman dərəcəsindən asılı olan bir məsələdir. Ağlamaqda etiraz vardır və o həmin insanın əslində, əbədiyyətə inanmamasının göstəricisidir. Amma bütün bunlara baxmayaraq, yaxınımızı itirərkən ayrıldığımızı dərk edirik və bu bizdə bir ayrılıq yanğısı əmələ gətirir, həsrət yaradır. Ayrılığın xüsusiyyəti odur ki, insan qəmlənir. Hətta nə zamansa qovuşacağımızı bilə-bilə ayrılarkən üzülür və narahat oluruq. Məsələn, hədislərin birində var ki, Peyğəmbərimizin kiçik yaşlı oğlu dəfn olunan zaman peyğəmbər ağlayır. Ondan soruşurlar ki, sizdəmi ağlayırsınız? Peyğəmbər buyurur ki, gözümdən yaş axır, amma qəlbim Allahın təqdirinə razıdır. Yəni insanın qəlbində mərhəmət hissi var və sevdiyindən ayrılarkən göz yaşlarını saxlaya bilmir.
- Ümumiyyətlə, ölünün arxasınca ağlamaq Allaha qarşı getməkdirmi?
- Bəzi cərəyanlar var ki, onlar ehkamçılığa üstünlük verirlər. Ölü üçün ağlamağı haram hesab edirlər. Ümumiyyətlə, insan hisslərinə hakim olmaq olmaz, göz yaşını insana məhdud etmək olmaz. Din də bunu qadağan etmir, sadəcə olaraq göz yaşının səbəbi üzərində dayanır. Bu göz yaşı insanın Allaha etirazından doğursa, təbii, bu, pis haldır. Amma insan Allahın qəzavü-qədərinə razıdır və sevdiyindən ayrılarkən ağlayırsa, bu, əslində, əvvəl dediyim kimi, mərhəmət göz yaşıdır. Bu da insan üçün bir üstünlükdür. Din daş qəlbliliyi aşılamır.
- Hacı, bu, uydurmadır, yoxsa reallıq, təəssüf ki, biz bu barədə ya az şey bilirik, ya da ümumiyyətlə, heç nə bilmirik. Amma hətta uydurmadırsa da, çox gözəl, cazib bir nağıldır. Cənnət-cəhənnəmi deyirəm. Adam düşünəndə ki, bir gün ölüb gedəcək və hər şey bitəcək. Çox cansıxıcı görünür hər şey.
- Əslində, insan dünyanın müvəqqətiliyini düşündükdə narahat ola bilər. Çünki insan ölüb yox olacağını düşündükdə dəhşətə gəlir. İnsan əbədiyyətə aşiq olduğu üçün müvəqqətiliyi sevmir. Ona görə də çox vaxt axirətə inanmayan insanların çətinlik qarşısında dözümsüz olduğunun şahidi oluruq. Hətta intiharların da səbəbi bəzən bu olur. Doğurdan da qarşıda əbədiyyat düşünülmürsə, həyatın mənası itir. Depressyaların, özünəqapanmaların da səbəbi çox vaxt buna görə baş verir. Amma insan bu dünyada müvəqqəti olaraq qalacağını anlayırsa, həyatın çətinliklərini də sevməyə başlayır, həyat onun təkmilləşməsi və kamilləşməsi üçün bir vasitəyə çevrilir. Bu dünyada yaşamın fəlsəfəsi insanın əbədiyyətə hazırlaşması deməkdir.
- Əbədiyyətə belə ürəkdən inanmaq və bağlanmaq insanı bu dünyaya dırnaqarası baxmağına gətirib çıxarmır? İnsan bu dünyada yaşamaq həvəsindən düşüb o dünyaya tələsmir?
- Yox, əbədiyyətə inanmaq o demək deyil ki, bu dünyaya ötəri baxılmalıdır. Həyatı mənalı və məsuliyyətli yaşamaq lazımdır.
- Axı dinin bütün diqqəti axirətə yönəltməsi istər-istəməz insanı tərki-dünyalığa təhrik edir, insanları dünyadan soyudur.
- Doğrudur, elə dinlər var, amma bunu İslam haqqında demək olmaz.
- Bəs hansı dindir ki, insanı tərki-dünyalığa həvəsləndirir?
- Məsələn, xristianlıqda belə meyillər mövcuddur. Əsas diqqəti axirətə yönəldib, insanları dünyadan uzaqlaşdırırlar. Amma İslam dinində, peyğəmbərimizin hədisində var ki, mənim dünyamda tərki-dünyalıq yoxdur. Bir din bu dünyada bizi abad edə bilmirsə, axirətdə xoşbəxtlik gətirə bilməz.
- Hacı, nəyə görə həyat insan doğulanda başlayır? Axı ana bətnində uşağın ürəyi döyünür, hiss eləyə bilir, qidalanır və s. Buna yaşamaq demək olmazmı?
- Demək olmaz ki, ana bətni həyat hesab olunmur. Bioloji baxımdan artıq o uşaq mövcuddur. O da diridir və artıq bir canlıdır. Amma insanın ruhu, mənəvi təkamülü bu dünyada mövcud olur. Bir filosofun fikridir. Deyir ki, insan dünyaya gəldiyi andan etibarən insan olmağa qadirdir.
- Bir halda ki, ruh da ana bətnində verilir.
- Bəli, hədislərə əsasən ruh insana ana bətnində verilir. Amma ruhun təkmilləşməsi ana bətnində yox, dünyada baş verir. Yəni insan cismini özü seçmir, amma ruhunu özü qurur.
- Hacı, Quranın tərcüməsini bizdə Ziya Bünyadov və Vasim Məmmədəliyev eləyib. Həmin tərcümədə nöqsanlar görürsünüzmü?
- Quranın tam dəqiqliklə tərcümə olunması olduqca çətin məsələdir. Bu həm ərəb dilinin xüsusiyyəti ilə bağlıdır, həm də bəzən ayələrdəki izahlarda yanlışlıqlar olur. Düzdür, tərcümə müəlliflərinin hər ikisi böyük alimlərdir, amma tərcümənin tam mükəmməl şəkildə olduğunu da iddia etmək olmaz.
- Sizcə, daha mükəmməl tərcüməyə ehtiyac varmı?
- Mənə elə gəlir, zaman keçdikcə Quran daha dəqiq şəkildə tərcümə olunacaqdır. Çünki vaxt ötdükcə insanlar Qurana fərqli yanaşmağa başlayır və Quran bu baxımdan zamana uyğunlaşır. Hədislərimizdə də var ki, zaman keçdikcə Quran daha fərqli və dərin mənalar kəsb edə bilər. Quranın tərcüməsi bütün əsrlərdə olub və davamlı bir prosesdir.
- Yəni Quran müasirləşdirilməsi fikrini sizə də qəbul edirsiniz...
- Mətn yerində qalır, amma Quran bu günə uyğunlaşmalıdır. Necə ki, get-gedə uyğunlaşır, hər dəfə yeni mənalar kəşf olunur və izah şəklində qeydə alınır.
- Elşad Miri deyir ki, Quran müəddəs kitab deyil. Soruşdum, niyə? Dedi, çünki Quranın üstünə müqəddəs kitab yazılmayıb.
- Bir sıra cərəyanlar var, deyir, müqəddəslik yalnız və yalnız Allaha məxsusdur. Amma mən bu düşüncəni yanlış hesab edirəm. Hətta Quranda yer haqqında müqəddəslik sözü işlədilib. Deməli, məkan da müqəddəs ola bilər. Allaha bağlı olan insanlar, yerlər və məfhumlar da müqəddəslik qazanırlar. O cümlədən də Quran Allah kəlamıdır, bu kitabda heç bir qüsur və nöqsan yoxdur.
- Bir çox insan Quranı hündür yerlərdə saxlayır, uşağı olmayan qadının qarnı üstünə qoyurlar ki, doğsun. Bunlar cahillikdirmi?
- Biz Quranın yalnız zahirinə hörmət etməklə kifayətlənməməliyik. Quranı müqəddəs adlandıraraq həyatımızdan çıxarıb başımızın üstündə saxlayırıq və onunla tanış olmuruq. Bax, bu qınalınası məsələdi. Həm Quranın zahirinə hörmət bəslənilməlidir, həm də Quran həqiqətlərini anlamalı və onlara əməl etməyə çalışmalıyıq. Məsələn, dövlət başçısı dövlət bayrağı önündə diz çökür və onu öpür. Bu həm də dövlətə sayğı və hörmətin göstəricisidir. Və Quranı da öpüb gözümüzün üstünə qoymaq Allaha olan sevgi və hörmətdən irəli gəlir. Burada bütpərəstlik elementi yoxdur. Ana ona övladından gəlmiş məktubu, kağız parçasını öpüb gözləri üstünə qoya bilər. Bu mənada hədislərimizdə də yazılıb ki, Quranı evinizin ən uca yerində saxlayın, kitaba qarşı hörmətsizlik etməyin. Amma bununla da kifayətlənməyin. Bəla burasındadır ki, biz müsəlmanlar uzun əsrlər boyu Qurandan gəlin köçürəndə gəlini kitabın altından keçirmək üçün istifadə etmişik, heyvanların məhsul verməsi üçün istifadə etmişik. Bu cahillikdir, Quran bunun üçün nazil olmayıb.
- Bizdə belə fikir var ki, hər şey Quranda var. Siz necə hesab edirsiniz?
- Hər şeyin Quranda olması lazım deyil. Bu cahilcə bir yanaşmadır. Çünki Quran elmi kitab deyil, hidayət kitabıdır. Düzdür, ayələrdə elmi həqiqətlər ola bilər. Amma Quran bizə dünyəvi elmləri tədris etmək üçün göndərilməyib. İnsana ağıl verilib və bu ağılla savadlanmalıdır. Təbii ki, elmin müxtəlif sahələri inkişaf etməlidir və bu da Allahın bizə bəxş etdiyi ağıl və elm neməti ilə əldə oluna bilər.
- Yəni Quran yalnız mənəvi konstitusiyadır, vəssalam.
- Təbii ki, Quranda elmi həqiqətlər var. Amma bütün elmlər haqqında Quranda məlumat axtarmaq, Quran bizə hər şeyi bildirir demək səhv yanaşmadır. Quran mənəviyyat ensiklopediyasıdır. Quran nə qanun, nə elmi kitabdır. Quran oxumaqla hər şeyi bilmək olar fikri olduqca yanlış bir yanaşmadır. İnsan elmdən istifadə etməli, inkişafetməyə çalışmalıdır. Bu cür düşüncələr İslam aləmində bir sıra yalnış nəticələrə gətirib çıxarıb. Bu zərərli fikirlər nəticəsində müsəlmanlar uzun illər inkişafdan qalıblar. Halbuki, Qurandan xəbərsiz millətlərsə günü-gündən inkişafa nail olurlar.
hacishahin.az