Azərbaycanın nüfuzlu din xadimi və ilahiyyatçı alim Hacı Şahin Həsənli son günlərdə ABŞ-da Corc Floydun qətli ilə bağlı baş verənlərin fonunda İQNA-ya (Beynəlxalq Quran Xəbər Agentliyi) qərb ölkələri və Amerika irqçilik və dini zəmində baş ayrıseçkiliyin, digər millətlərə və müsəlmanlara qarşı törədilən cinayətlərin səbəblərindən danışdı.
Müsahibənin tam mətnini oxucularımıza təqdim edirik:
- Siz Corc Floydun ölümünü necə izah edirsiz? Bu cinayətkar bir polisin kobud davranışı idi, yoxsa, Amerikada mövcud olan irqçiliyin nəticəsi?
- Olduqca mürəkkəb və dərin proseslərin nəticəsidir bunlar. Düşünürəm, hadisənin özündən daha çox onun dərin qatlarına fikir vermək gərəkdir. Bir cinayətkarla bu cür davranış yolverilməzdir, amma həm cinayəti, həm polis kobudluğunu doğuran səbəblər araşdırılmalıdır. Əks təqdirdə bir ifratdan digər ifrata varmaq təhlükəsi var. Necə ki, bu gün Amerikada bunu müşahidə etmək olur. Bəli, bir çox gettolarda cinayətkarlıq hökm sürür, bunun da qarşısı alınmalıdır. Bəli, polis özbaşınalığı heç bir hədd tanımır, bunun da qarşısı alınmalıdır. Lakin, Qərbin yaratdığı liberal düzən bunu bacara bilmir. Bir düzənin təməlində insana yırtıcı baxışı durursa, insan azadlığı özbaşınalıq, ədalət isə qanunların çoxluğu kimi anlaşılırsa, o zaman belə fəsadların meydana gəlməsi qaçılmazdır. Liberal məntiqlə superdövlətlər başqa dövlətlərin daxili işinə qarışmağı, zor gücü ilə danışmağı təbii sayır. İnsana təlqin olunur ki, öz haqqını tələb elə, haqqın özünü yox. Nəticədə, eqoizm tüğyan edir. Mən başqalarından, mənim irqim başqa irqlərdən, mənim fikrim başqa fikirlərdən, mənim rifahım başqalarının rifahından daha mühüm olur. Əgər qanun cəzasıdırsa bizi cinayətdən çəkindirən, o zaman niyə də cəzadan qaçmaq mümkündürsə, cinayət etməyək? Əgər hər şey maddiyyatla ölçülürsə, niyə də əziyyət çəkmədən, rahat və cinayətkar yollarla maddiyyata yiyələnməyək? Əgər azadlıq özbaşınalıqdırsa, niyə də özbaşına olmayaq? Ona görə polisin kobudluğu da, irqçilik də problemin kökü deyil, nəticəsidir.
- 21-ci əsrdə Amerikada və qərb ölkələrində qaradərili və digər irqlərdən olan insanlara qarşı fərqli və qeyri-münasib davranışın kökü nədədir?
- Daha öncə buna işarə etdik. Ən ali dəyər mən özüməmsə, o zaman mənim irqim də başqasının irqindən daha üstün olmalıdır. Hər şey maddiyyatla ölçülürsə, o zaman üstünlüyü də madii, bioloji, fizioloji xüsusiyyətlərlə ölçməyə başlayacayıq. Bu yanaşma da münasib əksül-əməl doğurur. Liberalizm ideoloqları hesab edirdilər ki, insanları münaqişəyə vadar edən əqidədir. Bunu haradasa anlamaq olar. Avropanın, elə Amerikanın tarixi milli və dini münaqişələrlə zəngindir. Münqaişə edən hər tərəf də özünə haqq, ali həqiqətə bağlılıqla bəraət qazandırırdı. Ona görə də, ali həqiqətləri şəxsi mənfəətlə əvəz etməklə problemi həll edəcəyini düşündülər. Bu isə çıxış yolu deyil. Çünki həmin münaqilələr ali həqiqət pərdəsi altında gizlənmiş mənfəətpərəstlik və eqoizmdən doğurdu. Əqidənin və ya həqiqətin inkarı deyildi çıxış yolu, yanaşmanın dəyişilməsi idi. Haqq-həqiqət anlayışı olmayan, plüralizm adı ilə bütün fikirlərə haqq qazandırılan bir düzəndə irqçilik və şovinizm niyə də çiçəklənməsin ki? Əslində bütün bunlar onu göstərir ki, bəşərin XXI əsrdə özündən müştəbeh olması illüziyadan başqa bir şey deyil. Qərb dəyərləri nəinki problemləri çözə bilmir, əksinə onların yaranmasına və dərinləşməsinə rəvac verir. Hazırda Amerikada müşaiyət etdiyimiz bu sosial böhran, ümumi böhranın bir parçasıdır.
- Son illərdə Amerika və qərb ölkələrində irqçilikdən əlavə dini zəmində də ayrıseçkiliyin şahidi oluruq, məscidlərə və müsəlmanlara hücumlar edilir. Demokratiya və tolerantlıq iddiasında olan ölkələrdə bu cür hadisələrin təkrar-təkrar baş verməsinin səbəbi nədir?
-Əslində, biz bir çox miqrantların davranışına baxsaq qıcıq doğuran məqamlara rast gələrik. İlk baxışdan da, ittiham edə bilərik ki, nə üçün başqasının evinə öz qaydalarınızla gəlirsiniz? Amma məsələyə başqa yöndən baxaq. Müsəlmanlar və digərləri nə üçün öz vətənlərini tərk ediblər? Onların vətənlərindəki səfalət və müharibələrin səbəbkarı kimdir? Nə üçün Qərb ölkələrinə üz tutur və özlərini orada istədikləri kimi aparmağa haqlı sayırlar? Birincisi, üçüncü dünya dövlətlərində səfalət və müharibələrin səbəbkarı birbaşa Qərb ölkələridir. Onların təbii sərvətlərinə yiyələnməsi məqsədilə bu ölkələrdə xaos yaradırlar. Bu günkü Afrika və Asiya ölkələrinin sərhəddi təbii deyil, çünki vaxtı ilə buralar müstəmləkə olub və Qərb ölkələri müstəmləkələri xəritədə xətkeşlə bölürdülər. Orada yaşayan insanların aqibəti heç kəsi maraqlandırmırdı. Həmin müstəmləkələrdə əsrlərlə formalaşan siyasi və ictimai təsisatları dağıtdılar, sonra da müstəqillik verdilər. İndi də onların milli və mədən özəlliklərini nəzərə almadan Qərb dəyərlərinə uyğun ictimai düzən formalaşdırmaqlarını tələb edirlər. Belə olduqda, həmin ölkələrdə hansı qanun işləyə bilər? Hansı təsisatlar fəaliyyət göstərə bilər? Təsəvvür edin əsrlərlə xalqlar təbii inkişaf yolu gedirdilər, günlərin bir günü gəlib onları mədəniyyətsiz adlandırıb mədəniyyət dərsi verirlər. Zorla onların dünyasını dağıdırlar, yad bir düzən formalaşdırırlar, sonra müstəqillik verirlər. Amma təbii sərvətlərini talamaq üçün süni münaqişələr yaradırlar, məmurları korrupsiyaya bulaşdırırlar. Müharibə və səfalətdən bezmiş insanlar nə etməlidir? Hara qaçmalıdır? Qərb ölkələrinə də qaçanda onlardan tələb edirlər ki, bizim kimi olun, öz mədəniyyətinizi unudun, dünyagörüşünüzü dəyişin. Bunun da adını cəmiyyətə inteqrasiya, tolerantlıq, demokratik prinsiplər qoyurlar. Ona görə miqrantlar ciddi sarsıntı içindədilər və sadəcə mövcud olmaq üçün yol axtarırlar. Bir yandan özü olmaq, bir yandan da səfalətdən qurtulmaq istəyirlər. İnanın ki, onların əksəriyyəti vətənlərində vəziyyətin dəyişəcəyinə ümid etsəydilər, gələcəklərinə inamları olsa idi, geri dönüb əziyyətlə də olsa, vətənlərinin çiçəklənməsi üçün çalışardılar.
- Bildiyiniz kimi əsrlər öncə İslam peyğəmbəri Həzrət Məhəmməd (s) məşhur qaradərili azançı Bilal Həbəşiyə İslam dünyasının əbədi simasına çevirələcək bir tərzdə davranış sərgilədi, ona hörmət göstərdi və dəyər verdi. Siz, müxtəlif dinlərin insanların irqi baxımdan bərabər olmaları barədə görüşlərini necə izah edərdiniz və bu barədə sizin fikriniz nədir? Qərb ölkələrində baş verən dini ayrıseçkiliklər nədən qaynaqlanır?
- Həzrət Məhəmməd (s) bir möcüzə yaratdı. Təəssüf, bunu dünyaya təqdim edə bilmirik. Peyğəmbərin ən böyük möcüzəsi onun məktəbidir. Nə radikal islahatlar apardı, nə də ənənəçi yolu tutdu. Quldarlığın hökm sürdüyü bir cəmiyyətdə kökündən quldarlığı ləğv etsəydi, o zaman ciddi sosial partlayış baş verə bilərdi. Onlara hüquq verdi, şəxsiyyət kimi tanıdı. Bütün sahələr belə idi. Ona görə də tədrici islahatlar yolu tutdu. Eyni zamanda Mədinəyə gələn kimi, yəni hakimiyyətə çatan kimi Mədinə xartiyasını qəbul etdi. Bütün mədinəliləri dinindən və milliyətindən asılı olmayaraq bir ümmət elan etdi. Qəbilələr arasında qardaşlıq əhdi bağladı. Yalnız qanun tətbiq etməklə kifayətlənmədi, mənəvi məsuliyyət də aşıladı insanlara. Cəmiyyəti vahid ilahi amallar ətrafında birləşdirdi, "xeyir işdə yarışın" prinsipini bərqərar etdi. Mənəvi qanunların hökmranlığı sayəsində geridəqalmış Yəsrib on il ərzində inkişafına görə Məkkəni belə kölgədə qoyan Mədinəyə çevirildi. Bütün bütpərəst qəbilələr Məkkə ətrafında birləşdi, amma Mədinə yeni bir modellə onların məğlub etdi. Bu sırf silah gücünə əldə olunan qələbə deyildi, çünki hərbi üstünlük Məkkədə idi. Bu bizim üçün bir təməldir, yoldur. Peyğəmbər (s) zamanına formaca qayıtmaq yox, onun prinsiplərini rəhbər tutmaqla insanlığa çıxış yolu göstərə bilərik. Bəli, biz milli və dini baxımdan fərqliyik, amma insan olaraq hamımız birik. Bu insaniyyətə söykənərək yaxşılıq müsabiqəsinə çıxaq. Nəzəri bəhslərlə kimin haqlı olub-olmadığını sübut etmək, bir birimizi fərqliliyimizə görə qınamaq, özümüzü kimdənsən üstün tutmaq yol deyil. Əl-ələ verib öz əqidəmiz adından dünyamızın çiçəklənməsinə çalışaq. Fərqli qiblələrə, fərqli məbədlərə, fərqli müqəddəslərə üz tutsaq da, hamımız bir Allahın yaratdığı insanlarıq.
hacishahin.az