Müsahibələr

Həccin ləğvi, məscidlər və dini ayinlər haqda

23 İyun 2020 1055

“Məşədi Dadaş” məscidinin imamı, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli Teleqraf.com-un suallarını cavablandırıb.

 

- Hacı, bu il Səudiyyə Ərəbistanının qərarı ilə xarici ziyarətçilərin həccə getməsinə qadağa tətbiq olundu. Maraqlıdır, Həcc ziyarətinə getmək istəyənlər bu pulu bu il hara xərcləməlidirlər və ya nə etməlidilər?


- Həcc ziyarəti müsəlmanlara vacib olan ibadətdir. Maddi və sağlamlıq vəziyyəti imkan verən hər bir müsəlman ömründə bir dəfə Həcc ziyarətini yerinə yetirilməlidir. Amma istisna hallar ola bilər. Tarixdə elə hadisələr baş verib ki, müəyyən səbəblərdən həcc ziyarəti təxirə salınıb. İnsanın canına təhlükə ola bilərsə, ölüm təhlükəsi ilə üzləşərsə, pandemiyanın yayıldığı dövrlərdə bu ziyarət təxirə salına bilər.

 

Hazırkı vəziyyətdə Səudiyyə Ərəbistanının Həcc Nazirliyi digər ölkələrdən gələn zəvvarlar üçün həcc ziyarətini qadağan etdi. Yəni, bu insanlar Həcc ziyarətinə yollana bilməyəcək. Amma Səudiyyə Ərəbistanı daxilində yaşayanlar ziyarəti yerinə yetirə biləcəklər. Hesab edirəm ki, insanlar bunu anlayışla qəbul edir. Çünki islam dinində insan sağlamlığı çox önəmlidir. İnsan sağlamlığına zərbə vuran hər hansı əməldən çəkinməyimiz lazımdır. Quranda da qeyd olunur ki, "öz əlinizlə özünüzü təhlükəyə atmayın". Hazırkı şəraitdə Həcc ziyarətinin təxirə salınması məqsədəuyğundur.

 

Belə bir şəraitdə birinci dəfə Həccə yollanacaq insanlar üçün Həcc ziyarəti vacibdir. Buna görə də həmin vəsaiti başqa istiqamətdə xərcləyə bilməzlər. Çünki Həcc onların boynunda vacib olaraq qalır, növbəti illərdə bu ziyarəti icra etməlidirlər.

 

Amma ikinci, üçüncü dəfə Həcc ziyarətinə yollanacaq insanlar bu il həmin vəsaiti xeyirli işlərə sərf edə bilərlər. Hazırda bir sıra insanların maddi və ərzaq yardımına ehtiyacı var, bu vəsaiti həmin istiqamətdə xərcləmək olar. Lakin ilk dəfə ziyarət edəcək insanlar həmin vəsaiti saxlayıb, növbəti illərdə ziyarətə yollana bilərlər.

 

 

- Bir sıra dövlətlərdə ibadət evləri açılıb. Bizdə nə vaxta açılması nəzərdə tutulur?


- Bütün bunlar Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlardan asılıdır. İndiki ərəfədə bu proses ləngiyir. İlk imkan olduğu, məsləhət bilindiyi zaman məscidlərlə bağlı məsələ gündəmdə olacaq. Hazırda Azərbaycanda karantin dövrünün davam etdiyini nəzərə alsaq, şərait imkan vermədiyi üçün insanların məscidlərə toplaşması məqsədə uyğun deyil.

 

Amma şərait dəyişərsə, yoluxanların sayında ciddi azalma müşahidə olunarsa, Operativ Qərargah müvafiq qərarlar qəbul etdiyi zaman məscdilərlə bağlı da qərara yenidən baxıla bilər.

 

 

- Hazırda yas mərasimlərinin təşkilində müəyyən məhdudiyyət var. Yas qaydalarının məhdud keçirilməsi qarşıdakı dövlərdə ənənə halını ala bilərmi?


- Düşünürəm ki, yas mərasimində iştirakın məhdudlaşdırılması vacib sayılsa da, bunu tənzimləmək mümkün olmur. Əhali mütləq başsağlığına gedir. Amma israfçılığa yol verməmək baxımından, məscidlərdə təmtəraqlı süfrələrin açılmaması, çox sadə süfrələrin təşkili üçün bu bir fürsətdir. İnsanlar bundan yararlanıb, gələcəkdə yas mərasimində dəyişiklik edə bilər.

 

Ümumiyyətlə insanların yas mərasiminə gəlməsi adi halda çox normaldır, təqdirəlayiq haldır, çünki yas sahibinə təsəlli veririk. Amma bəzən o qədər təmtəraqlı süfrələr, uzun-uzadı məclislər keçirilir ki, bunlar artıq yas sahibinə təsəlli yox, əlavə yük olur.

 

Buna görə də bu məsələ nəzərə alınmalı, yaslar sadə keçirilməlidir, insanlar müəyyən bir saat, zaman ərzində başsağlığı verə bilərlər. Bu məclislərin təmtəraqlı keçirilməsi dini nöqteyi-nəzərdən yanlışdır, həmçinin insanların sağlam məntiqinə, yas mərasimlərinin mahiyyətinə də uyğun deyil.

 

 

- Koronavirus xəstələrinin dəfni digərlərindən fərqlənir. Bu prosesdə əsas nəyə diqqət etmək lazımdır?


- Koronavirus infeksiyasına yoluxmuş insanların dəfn mərasimində müəyyən qaydalara riayət olunmalıdır. Bu qaydalar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edilir. Dinimiz də elmi yanaşmaları qəbul edir. Mütəxəssislərin dediyi fikirlər dini nöqteyi-nəzərdən də mötəbər hesab olunur.

 

Ona görə də burada məsafənin gözlənilməsi, kütləvi dəfn mərasimlərinin keçirilməməsi məqsədəuyğundur.

 

İnsanlar bu mərasimlərdə kütləvi iştirak etməməlidir. Mərhum məhdud sayda yaxın qohumların müşayiəti ilə dəfn olunmalıdır. Bu qaydalara ciddi şəkildə riayət olunmalıdır. Maskadan istifadə, sosial məsafə gözləməklə dəfn mərasimini icra edə bilərlər.

 

 

hacishahin.az