Müsahibələr

Məscidlərin açılması ilə bağlı

24 İyun 2020 891

Sabahdan etibarən Türkiyədə bütün məscidlər tam olaraq açılacaq. Türkiyədə koronavirus pandemiyası ərəfəsində bağlanan məscidlərdə bir neçə həftə idi ki, cümə namazının qılınmasına yalnız sosial məsafə saxlamaq şərti ilə icazə verilirdi. 


Sabahdan etibarən isə tibbi maska taxmaq və sosial məsafəni gözləmək şərtilə bütün məscidlərdə camaat namazının qılınmasına mümkün olacaq.


Həmçinin digər qonşu ölkə olan Gürcüstanda da məscidlərin açılması ilə bağlı qərar qəbul edilib.


Azərbaycanda da koronavirus pandemiyası ilə əlaqədar karantin rejimi tətbiq edilən zamandan məscidlər bağlanıb. Lakin karantin rejiminin yumşaldılması zamanı məscidlərin açılması gündəmə gəlməyib. Mövzu ilə bağlı Musavat.com-a danışan ilahiyyatçı, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəsmisi Hacı Şahin Həsənli bildirib ki, hazırda məscidlərin açılması məsələsi Operativ Qərargahın verəcəyi qərardan asılıdır: “Əgər yoluxmanın sayında azalma müşahidə olunarsa, kütləvi tədbirlərin keçirilməsinə icazə verilərsə, o zaman məscidlərin açılması məsələsi də müzakirə oluna bilər. Məscidlərin dindarların üzünə yenidən açılması məsələsi virusun yayılma statistikasından asılıdır. Qafqaz Müsəlmanları İdarəsi də bu məsələni gündəmdə saxlayır və mümkün şərait yaranarsa müəyyən addımlar atıla bilər”.


Hacı Şahin Həsənli qeyd edib ki, yaranmış vəziyyət QMİ-nin nəzarətindədir və müzakirələr aparılır: “İnsanlar qapalı yerlərdə maskadan istifadə edə, namaz qılanlar arasında məsafə saxlanıla bilər. Buna şəriətimiz də zərurət yarandıqda icazə verir. Bunların hamısı Qafqaz Müsəlmanları İdarəsində müzakirə olunur. Dini idarə olaraq Qafqaz Müsəlmanları İdarəsi də vəziyyətlə bağlı qərarlar və tövsiyələr qəbul edib. Operativ Qərargahın verdiyi qərarlara uyğun olaraq məscidlərin açılması gündəmə gələ bilər. Hazırkı şərait buna icazə vermir. Amma vəziyyət hər an müsbətə doğru dəyişə bilər”.




hacishahin.az