“Hər rayonumuzda bir pirə, ziyarətgaha rast gəlmək olar. Özü də hər məzhəbdən insanlar ora gedir, ziyarət edir. Bunun bənzəri dünyada çox azdır. Bəzi ziyarətgahların tarixi bəlli olmasa da, onların varlığı artıq maraq doğurur”.
Bu sözləri Lent.az ilə söhbətində Məşədi Dadaş məscidinin imamı, tanınmış ilahiyyatçı Hacı Şahin Həsənli dedi.
Bu gün dünyanın turizm üçün əlverişli olan ölkələrindən biri Azərbaycandır ki, bura gələn turistlərin sayı get-gedə artır. Azərbaycanda turizm üçün əlverişli olan məkanlar arasında dini ziyarətgahlar xüsusi yer tutur. Bəs Azərbaycanda dini turizm üçün hansı məbədgahlar var? Sizin təxmini siyahınıza daxil olanlar hansılardı? Ölkəmiz dini turizm üçün əlverişlidirmi? Başqa dinlərin hansı məbədlərini turistlər üçün təklif etmək olar?
Lent.az -ın suallarını cavablandıran Hacı Şahin deyir ki, Azərbaycanın dini ənənəsi, dini mədəniyyəti olduqca qədim və zəngindir:
“Xalqımızın Peyğəmbər (s) soyuna, övliyalara, alim və ariflərə ehtiramı milli mədəniyyətimizin ayrılmaz bir hissəsidir artıq. Aşura mərasimləri, imam süfrələri, ziyarətgahlar, adlarımız, soyadlarımız, andlarımız, xeyir-dualarımız, ədəbiyyatımız, memarlığımız və s. bunun bariz nümunəsidir. Bilirsiniz ki, Aşura mərasimləri xarici vətəndaşların marağını xüsusi cəlb edir. Çünki, demək olar ki, əksər ölkələrdə belə misteriyalar, səmimiyyət, böyük bir xeyriyyəçilik və xüsusi mənəvi aura ilə müşayiət olunan kütləvi rituallar azdır, bəlkə də heç yoxdur. Biz özümüz neçə dəfə şahidi olmuşuq ki, qeyri-müsəlman xaricilər məhz Aşura mərasiminə qatılmaq üçün səyahət edirlər. Bu tendensiya da ildən ilə artır. Ziyarətgahlarımız isə xüsusi bir mövzudur. Təəssüf ki, Azərbaycanın bu sahədə böyük potensialı olsa da, təbliğat işi az görülüb. Dövlət tərəfindən məscid və ziyarətgahların təmiri, abadlaşdırılması daha geniş imkanlar yaradıb”.
Həmsöhbətimiz deyir ki, dini məbədlərə turist axınının əsas səbəbi bu məkanların insanlara yeni hisslər aşılamasıdır:
“Bilirsiniz, bir çox xarici ölkələrdə dini məbədlər boş qalıb və ən yaxşı halda quru muzeyə çevrilib. Bizdə isə dini ocaqlar canlıdır, burada mənəvi həyat qaynayır. Bu da çox insan üçün maraqlı və cazibəlidir. İnsanlar həmin fəzaya daxil olmağı arzulayırlar daha çox. Çünki bu yeni hisslər, tanış olmayan təəssüratlar bağışlayır. Eyni zamanda müsəlmanlar üçün də Azərbaycan məscid və ziyarətgahları maraqlıdır. Bibi-Heybət ziyarətgahının adı hədis kitablarında keçib, ən mötəbər ziyarətgahlardan sayılır. Bu ziyarətgah mənəvi fəzası ilə yanaşı, İslam tarixi və memarlığı baxımından xüsusi əhəmiyyət daşıyır. İmam Rzanın bacısı uzaq Mədinədən Bakıya necə gəlib, niyə gəlib? Nə üçün Bakını seçib? Nə üçün və kimin tərəfindən onun qəbri üzərində məqbərə salınıb? Nə üçün sovet hakimiyyətinin əvvəllərində ilk olaraq bu ziyarətgah dağıdılıb, nə üçün müstəqillik dönəmində ilk olaraq bu ziyarətgah bərpa olunub? Hansı əfsanələr dolaşır bu məkanla bağlı? Hamısı maraqlı mövzulardır. Bir orta əsr hökmdarının tarixə düşmək üçün inşa etdiyi məbəd hara, bu cür tarixi özündə ehtiva edən ziyarətgah hara? Eyni sözü Gəncə imamzadəsi haqda da deyə bilərik. Əli qədəmgahları, imamzadələr, övliya və seyid pirləri, Həzrət Xızırın, Əshabi-Kəhfin, Cərciz peyğəmbərin adları ilə bağlı ocaqlar var ölkəmizdə, bu ocaqlar əsrlərlə qorunub saxlanılır. Təsəvvür edin ki, ölkəmizdə xristianlarla müsəlmanların, sünnilərlə şiələrin və s. konfessiyaların eyni dərəcədə müqəddəs saydığı ortaq ziyarətgahları var. Bu müasir dünya üçün necə də qəribə görsənir! Şamaxı Cümə məscidi, Diri Baba piri, Nizaminin və Şeyx Heydərin məqbərələri, Rəhimə xanım və Mirmövsüm Ağa Ziyarətgahı nə qədər maraqlı yerlərdir? Ona görə bu müqəddəs məkanlar həm milli, həm müsəlman, hım ümumbəşəri müstəvidə təbliğ olunmalıdır”.
İlahiyyatçı deyir ki, bəzi ölkələrdə dini ocaqlar sırf tarixi, bəzilərində sırf memarlıq, bəziləri isə yerləşdiyi coğrafi mövqe baxımından maraqlıdır:
“Öncə dediyim kimi, bəli Azərbaycan dini turizm üçü çox əlverişlidir. Sadəcə düzgün təşkilat və təbliğat gərəkdir. Elə şəhərlər var ki, məbədlər orada bir dekorasiya funksiyası daşıyır, dini əhəmiyyətini itirib artıq. Biz isə nadir ölkələrdənik ki, ziyarətgahlarımız hər cəhətdən maraqlıdır. Hər daşın bir sirri var sanki. Şirvanşahlar sarayı içində Seyid Yəhya Bakuvinin ziyarətgahı var. Bir şah sarayında nə üçün pir tikilsin? Özü də dünyaca məşhur sufi şeyxlərindən birinin. Yuxarıda Bibi-Heybət ziyarətgahı haqda danışdıq. Dağla dənizin arasında, qədim, tarixin hər dönəmində mühüm rol oynamış bir məkandır bura. Bu ziyarətgahın hər qarışı həm informasiya, həm emosiya baxımından dəyərlidir. Xüsusilə bu ziyarətləri digər turizm növləri ilə uyğunlaşdırmaq olar. Şükür Allaha ki, buna imkan verən infrastrukturumuz da var. Məsələn bir çox müsəlmanlar üçün Azərbaycan təbiəti cəzbedicidir, mədəniyyəti isə yaxın”.
Hacı Şahin onu da qeyd etdi ki, ölkəmizdə xarici turistlərə təklif edəcəyimiz başqa dinlərin məbədləri də var:
“Daha öncə həvari Bərtəmlus, Əshabi-Kəhf və Cərciz peyğəmbərin adları ilə bağlı ortaq ziyarətgahlardan danışdıq. Müqəddəs Varfolomey kimi tanınan həvari Bərtəmlus birbaşa Həzrət İsadan təlim alır və dini təbliğ etmək üçün Qafqaza gəlir. Qız qalası yanındakı dağınıq məscid keçmişdə kilsə olub və onun şəhid edildiyi yerdə ucaldılıb. Azərbaycanda tarixdə ilk kilsələr, unikal alban-udi məbəd və monastırları var. Sırf tarixi maraq baxımından Atəşgah olduqca cazibəli yerdir. Ölkəmizdə müxtəlif konfessiyalar əsrlərlə mehriban yaşayır və onların hər birinin təqdim edə biləcək müqəddəs məkanları var”.
hacishahin.az