Müsahibələr

"Generalımızın şəhidliyi ruh yüksəkliyi yaratdı"

15 İyul 2020 833

"Generalımızın qəhrəmancasına şəhid olması cəmiyyətimizdə ruh yüksəkliyi yaratdı"



Bu sözləri ilahiyyatçı Hacı Şahin Həsənli Az.shafaqna.com-a Ermənistan-Azərbaycan sərhədində baş vermiş son döyüşlərə münasibət bildirərkən deyib.



O son döyüşlərlə bağlı deyib:“Məlum olduğu kimi son günlərdə Ermənistan Azərbaycan sərhədində ermənilər növbəti təxribat həyata keçiriblər, Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub, hərbi qulluqçularımız şəhid edilib. Azərbaycan Ordusu bu təxribata layiqli, adekvat cavab verib və ermənilər də ciddi itkilərə məruz qalıblar. İtkilərini gizlətməyə çalışsalar da bu dəqiqdir ki, Azərbaycan Ordusu tərəfindən onlara ciddi texniki və insan qüvvəsi nöqteyi nəzərdən xəsarət yetirilib.”


İlahiyyatçı  cəmiyyətdə olan dövlət, ordu ilə həmrəylik nümayişlərinə də toxunub: “Bu gün Azərbaycan cəmiyyətində xüsusi bir həmrəylik hiss olunur. Dünən Azərbaycan Dövlətinə və Ordusuna dəstək aksiyası bir daha nümayiş etdirdi ki, Azərbaycan xalqı öz torpağının bir qarışını belə düşmən tapdağı altında qalmasına razı olmayacaq. Azərbaycanlılar siyasi mövqeyindən, baxışlarından asılı olmayaraq bir yumruq kimi birləşə bildilər və öz prinsipial mövqeyini dünyaya göstərə bildilər – Azərbaycan işğalla barışmayacaq. Bu yolda canlarını fəda etməyə hazır olan minlərlə, milyonlarla insan var, gənclərimiz var.”


General Polad Həşimovun şəhid edilməsinə işarə edən Hacı Şahin Həsənli: “Bu son əməliyyatlarda yüksək rütbəli zabitlərimizin, generalımızın şəhid olması onu göstərir ki, Azərbaycan Ordusunun zabitləri ön cəbhədədi, əsgərlərimizin arxasında gizlənmirlər. Generalımızın qəhrəmancasına şəhid olması Azərbaycan cəmiyyətində ruh yüksəkliyi yaradır və gənclərimizə bir örnəkdir. Şəhidlərimizin əziz xatirəsi bütün Azərbaycan tərəfindən ehtiramla yad edilir və Azərbaycan xalqı  birliyini, vəhdətini nümayiş etdirdi.”, -deyə əlavə edib.



Sözlərinin sonunda cəmiyyətin səfərbər olması, həmçinin ölkə vətəndaşlarının vəhdət və birliyindən danışan “Məşədi Dadaş” məscidinin imamı, Hacı Şahin Həsənli “Bu gün Azərbaycan cəmiyyətinin səfərbər olmasına bir olmasına, prinsipial mövqedən çıxış etməsinə ehtiyac var. Erməni təxribatının mahiyyətini ancaq bu şəkildə dünyaya çatdıra bilərik. Allah şəhidlərimizə rəhmət etsin. Allah Ordumuzu müzəffər etsin. Tezliklə işğal altında olan torpaqlarımız azad olsun.”, – deyə vurğulayıb.



hacishahin.az