İslam Əməkdaşlıq Təşkilatı Fransa Daxili İşlər naziri başda olmaqla fransalı siyasətçilərin islamofob çıxışlarını qınayan bəyanat yayıb.
Məşədi Dadaş Məscidinin imamı, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi Hacı Şahin Həsənli “Qafqazinfo”ya açıqlamasında bildirib ki, ümumiyyətlə, dinin terrorla, zorakılıqla əlaqəsi ola bilməz:
“Din Allah tərəfindən göndərilmiş ilahi bir dəyərdir və insanları zorakılığa dəvət edə bilməz. Bu cür məlumatların yayılması Avropada bəzi dairələr və bir neçə dövlətin islamafob siyasətinin nəticəsidir. Bu yanaşmalar sivilizasiyalar arası toqquşmaları daha da gərginləşdirmək üçün qüvvələr üçün bəhanə olur. Yoxsa ki hamıya bəllidir ki, dinin mahiyyətində zorakılıq ola bilməz. Hansısa bir terrorçu istənilən dinə aid ola bilər. Amma biz onu ümumiləşdirib “xristian terrorizmi”, “xristian radikalizmi” demirik. Ümumiyyətlə, radikalizm, terrorizm dinə bağlı bir şey deyil. Bu, insanların daxili mənəviyyatı ilə bağlı məsələdir. Təəssüflər olsun ki, bu gün qərbdə bəzi dairələr üçün islamı qaralamağa bəhanələr olur. Bu artıq bir siyasətə çevrilib.
Azərbaycan Prezidenti İlham Əliyev də dəfələrlə bildirib ki, Avropada islamafobiya, antisemitizmlə bağlı radikal mövqe tutulur. Amma bunların dinlə bir əlaqəsi yoxdur, siyasətdə bir alətdir. Heç bəlli deyil ki, o cinayətləri törədənlər kimlərdir və hansı xüsusi xidmət orqanlarına bağlı olan şəxslərdir. Amma bunu yenə də İslamla əlaqələndirirlər. Qərbdə İslam mədəniyyətinin geniş yayılması, demoqrafik vəziyyətin müsəlmanların xeyrinə dəyişməsi nəticəsində İslama qarşı belə bir mövqe sərginlənir”.
Ş.Həsənli qeyd edib ki, son münaqişədə də ermənilər cəhd göstərir ki, azərbaycanlıları radikal düşüncələrə malik xalq kimi təqdim etsinlər: “Hətta hansısa kilsələrdən görüntü verir ki, guya Azərbaycan kilsələri məhv edir, azərbaycanlılar radikal dindardır və onlarla bir yerdə yaşamaq mümkün deyil. Təbii ki, bütün bunlar hamıya məlumdur ki, cəfəngiyyatdır. Azərbaycanla Ermənistan arasındakı müharibə heç bir halda dini xarakter daşıya bilməz. Bu, sırf Vətən Müharibəsidir və beynəlxalq hüquq normaları ilə təsbir olunmuş mövzudur. Azərbaycan BMT-nin qətnamələrinə uyğun hərəkət edərək öz torpaqlarını işğaldan azad etməklə məşğuldur. Ermənistan isə bunu din savaşı kimi təqdim etməyə çalışır ki, xristian həmrəyliyinə nail olsun və xristian dövlətlərini Azərbaycana qarşı səfərbər etsin. Necə ki, bu məsələdə din mövzusundan istifadə etməyə çalışırlar, eynilə Avropa dövlətləri də İslam mədəniyyətinə sahib dövlətə qarşı islamafob siyasət həyata keçirirlər. Tarix boyu Azərbaycanda dini zəmində heç bir qarşıdurma olmayıb. Azərbaycana müxtəlif din təmsilçiləri bunu heyrətlə qarşılayıblar ki, burada həqiqətən də dinlərarası tam anlaşma bir mühiti var. Bizdə hətta Avropaya örnək ola biləcək bir münasibətlər sistemi var. Çünki Avropa tolerantlıq hüquqi öhdəlik kimidir, amma Azərbaycanda bu mənəvi bir mövzudur. Yəni, Azərbaycanda heç kəsin ağlına gəlmir ki, dininə görə kiməsə qarşı kəskin bir mövqe tutsun və qanun qadağan etdiyi üçün bundan çəkinsin. Bu, xalqın özünün daxilində olan və əsrlərlə yaşanmış dəyərdir. Bu gün də Azərbaycanda dövlət səviyyəsində bu siyasət həyata keçirilir. Azərbaycanda məscidlərlə yanaşı, kilsələr, sinaqoqlar da dövlət səviyyəsində qorunur, müxtəlif dini icmalara maliyyə vəsaiti ayrılır”.
Qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatı bəyanatında qeyd edib ki, ifadə azadlığı adı altında dini simvolların təhqir edilməsinə dair hər hansı bir əsaslandırmanı da pisləyir. İƏT, istər İslamda, istər Xristianlıqda, istərsə də Yəhudilikdə, Peyğəmbərlərin lağa qoyulmasını qınamağa davam edəcəyini bildirib. İƏT İslam və müsəlmanların terrorizmlə əlaqələndirilməsini qınayır və müsəlman cəmiyyətləri hədəf alan və dünyada 1,5 milyarddan çox müsəlmanın hisslərini təhqir edən ayrı-seçkilik siyasətlərinin nəzərdən keçirilməsini tələb edir.
hacishahin.az