Müsahibələr

"Peyğəmbərlər şəhidlərin ayağına qalxacaq"

25 Oktyabr 2020 921

“Şəhidlər heç kəsə borclu deyil. Amma biz onlara və ailələrinə borcluyuq”.



Bunu şəhidlik zirvəsi ilə bağlı News24.az-a danışan Məşədi Dadaş Məscidinin imamı, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi Hacı Şahin Həsənli deyib.



Hacı Şahin qeyd edib ki, Azərbaycanın öz tarixi torpaqlarının qaytarılması uğrunda apardığı döyüş əməliyyatları həm beynəlxalq hüquq prinsiplərinə, həm də ilahi qaydalara uyğun bir addımdır:



“Çünki dinimiz də “sizinlə vuruşanlarla vuruşun” deyə buyurur. Təcavüzkara layiqli cavab verməli olduğumuzu bildirir. Ona görə də Azərbaycan Ordusu xalqının ərazi bütövlüyünü bərpa etməklə məşğuldur. Bu, haqq savaşıdır. Azərbaycan isə haqq tərəfidir. Bütün beynəlxalq qanunlar, ilahi qaydalar bizim tərəfimizdədir. Haqq savaşında mövqe tutan şəxslər isə ədalətli insanlardır. İstənilən savaşda itki olur. Ancaq haqq savaşında, uğrunda vuruşub canını fəda verən insanlar bizim üçün itki yox, qazancdır. Xalqın baş ucalığının göstəricisidir”.


 
Onun sözlərinə görə şəhid məqamı ən uca zirvədir: “Şəhidlər öz qanları ilə düşməni dəf edir, zərbə vurur və bu vasitə ilə xalqın əmin-amanlığını təmin edirlər. Bu baxımdan Quran da buyurur ki, Allah yolunda öldürülənləri ölü saymayın, onlar diridirlər. Yəni onlar Allah yanında və qatında diridirlər. Həmin şəxslər Allahın yanında növbənöv nemətlərdən və ruzilərdən bəhrələnirlər. Şəhidlik bütün ilahi övliyaların, Allah dostlarının arzuladığı bir məqamdır. Hər adama qismət olmur. Allah sanki öz dostlarını bu vasitə ilə seçir. Yəni insanlar içində ən fədakar, sədaqətli, xalqına, millətinə bağlı olan bəndələrini seçib, şəhadət zirvəsinə ucaldır”. 



H.Şahin bildirib ki, şəhidin bir damcı qanı belə torpağa qarışdıqda, artıq onun bütün günahları bağışlanır: “Şəhidlər bütün sualların cavabını öz canı və qanı ilə verib. Buyurulur ki, şəhidlər məşhərə gələndə, peyğəmbərlərimiz hörmət əlaməti olaraq ayağa qalxacaqlar. Şəhid sorğu-sualsız cənnətə daxil olacaq. Ona görə də şəhid ailələri də başını uca tutur. Bizdə hər zaman şəhid ailələrinə gözaydınlığı verilir ki, məhz sizin övladınıza, yaxınınıza bu məqam qismət olub. Şəhadət fəxr olunası bir zirvədir”. 



O, vurğulayıb ki, şəhid ailələrinə qarşı həssas və diqqətli omalıyıq: “Dövlət müəyyən addımlar atır, şəhid ailələri müəyyən sosial müavinətlər alır. Ancaq zənnimcə, bütövlükdə cəmiyyət səfərbər olmalıdır. İnsanlar, iş adamları özlərinə zəruri bir addım hesab etməlidirlər ki, şəhid ailələrinə xidmət göstərsinlər. Hər bir insan şəhid ailələrinə və övladlarına qayğı göstərməlidir. Əlindən gələn təkcə maddi yox, həm də mənəvi dəstəyi göstərməlidir. Onların ailəsinə baş çəkmək, övladlarının təhsili ilə maraqlanmaq və s. kimi vacib nüanslara diqqət edilməlidir. Ümumilikdə bütün cəmiyyət şəhid ailələrinə sahib çıxmalıdır. Bu, həm Allah, həm də vətən qarşısında mühüm vəzifələrimizdən biridir”.

 

Son olaraq H.Şahin müharibə zamanı istər evində, istərsə də döyüş meydanında düşmən tərəfindən öldürülən insanın hər bir halda şəhidlik məqamına ucaldığını dilə gətirib: “Düşmən həmişə olduğu kimi indi də günahsız insanları və dinc əhalini qətlə yetirir. Xocalı soyqırımından bu günə qədər xislətlərində dəyişən bir şey yoxdur. 



İnşallah tezliklə qələbə qazanarıq, işğal olunan torpaqlarımız azad olar, Ordumuzun bütün üzvləri, heyəti sağ-salamat evlərinə dönər”.


hacishahin.az