Müsahibələr

“Şəhidlərimiz bizim üçün itki deyil, onlar xalqımızın qazancıdır”

30 Oktyabr 2020 807

“Bütün müsəlman dövlətlərindən də gözləntimiz bundan ibarət idi ki, haqq işində Azərbaycana dəstək versinlər”


İlahiyyatçı Hacı Şahin Həsənli Azərbaycanın 1 aydan artıqdır apardığı Vətən savaşı, xalqımızın qəhrəmanlığı, dini dəyərlərimizin Qarabağ savaşına qatqıları,  Qərbin bu məsələdəki davranışı, müsəlman dövlətlərinin bu savaşla əlaqədar mövqeləri və digər bu kimi məsələlərlə  bağlı Musavat.com-a müsahibə verib.



Hacı Şahinlə müsahibəni təqdim edirik:



- Hacı, bir ilahiyyatçı , həm də ictimai xadim kimi xalqımızın, ordumuzun Vətən müharibəsini necə dəyərləndirirsiniz? Qələbəmizdə, əsgərlərimizin savaş əzmində, şəhidlik dəyərlərində İslam dininin rolu nə qədərdir?



- Bizim xalqımız haqq savaşı aparır, haqq uğrunda vuruşur, heç kimə təcavüz etmir. Azərbaycan dövləti heç zaman kiminsə ərazisinə göz dikməyib. Dinimiz də bizə savaşı qadağan edir. Ancaq iki hal istisnadır. Birincisi, təcavüzə məruz qalarkən vuruşmaqdır. Quranda da Allah buyurur ki, sizinlə vuruşanlarla vuruşun. Təcavüzkarı dəf etmək üçün, ona layiqli cavab vermək üçün, vətəni, torpağı qorumaq üçün vuruşmaq olar. İkincisi isə, qabaqlayıcı müharibədir, müasir dillə desək preventiv addım, hansısa təhlükəni uzaqlaşdırmaq üçün vuruşmaqdır. Azərbaycan xalqının apardığı müharibə həm də beynəlxalq hüquq normaları çərçivəsindədi. Azərbaycan öz torpaqlarını işğaldan azad edir. Bu barədə BMT qətnamələri var. Beynəlxalq qanunvericilik, hüquq normaları bizim tərəfimizdədir. Eyni zamanda bu ilahi nöqteyi-nəzərdən də haqq savaşıdır. Çünki biz torpağımızı işğaldan azad edirik. Azərbaycan əhalinin böyük əksəriyyəti inanca sadiqdir. Hətta gündəlik ibadətləri icra etməyən insanlar belə dinimizə bağlıdır.



İnanclı insanlar bu günlərdə cəbhələrdə vuruşurlar. Müxtəlif istiqamətlərdə döyüşürlər. Mən onların bəziləri ilə təmasda oluram. Şəhid ailələrini ziyarət edərkən də biz həmin insanların hansı inancla bu zirvəyə ucalmasının şahidi oluruq. Şəhidlərin ailələri onların xatirələrindən danışarkən də görünür ki, Allaha inamın qələbənin əldə edilməsində rolu çoxdur. Sarsılmaz iman insanları bu fədakarlığa vadar edir. Azərbaycan xalqı bir daha öz böyüklüyünü sübut etdi. Biz illər boyu içimizdə olan o gözəllikləri bu gün üzə çıxarmağa başlamışıq. Azərbaycan xalqı bütövlükdə səfərbər olub, heç zaman olmadığı kimi birlik, vəhdət nümayiş etdirir. Müxtəlif görüşlərdə olan insanların hamısı Qarabağ məsələsində eyni mövqedən çıxış edir. Bu bizim xalqımızın böyük bir dəyəridir, nailiyyətidir.



Biz bunu qoruyub saxlamalıyıq. Düşmənə qələbə çalmaq üçün ordunun hazırlığı ilə yanaşı, yüksək əhval-ruhiyyə, mənəvi ruh tələb olunur. Bu baxımdan, indiki dövrdə Azərbaycan xalqı həm mənəvi baxımdan, həm də hərbi baxımdan düşməni üstələyir. Çünki düşmən təcavüzkardır, təcavüzkar isə psixoloji baxımdan məğlubdur. Haqq uğrunda vuruşan ordu isə şübhəsiz ki, mənəvi və psixoloji baxımdan da üstünlük əldə edir. Ona görə də, biz bu gün  bütün istiqamətlərdə düşmənə qələbə çalırıq. Bu Azərbaycan xalqının ən parlaq səhifələrindən biridir. Hər bir Azərbaycan vətəndaşını da sevindirir. Ümid edirik ki, çox qısa bir zamanda torpaqlarımız işğaldan azad olunacaq.



- Azərbaycan xalqı əksər xalqlardan, millətlərdən fərqli olaraq, müharibədən, ölümdən qorxmur. Biz bu savaşda həm də onun şahidi olduq. Əsgərlərimiz şəhidliyi arzulyaraq savaşa atılırlar. Şəhid anaları elə bir nümunə göstərir ki, yüzilliklər keçsə də bu danışılacaq, onlar övladlarının cənazələrini qürurla qarşılayırlar...



- Hətta uzun illər bundan sonra da bu xatirələr yazılacaq, əsərlər yaranacaq ki, Azərbaycan xalqı necə böyük bir qəhrəmanlıq və fədakarlıq nümayiş etdirdi. Şəhidlik zirvəsinə ucalan insanların İmam Hüseynə (ə) qovuşmaq arzusu, əqidəsi ilə meydana daxil olması, şəhid ailələrinin mətanətinin, qürurlu duruşunun şahidi olduq. Bunlar hamısı xalqımızın mənəviyyatından qaynaqlanır. İslamda şəhidlik heç zaman məqsəd deyil, hərbi əməliyyata gedən əsgərlər ölmək üçün deyil, düşməni öldürmək, torpaqlarından qovmaq üçün savaşırlar. Ancaq heç şübhəsiz ki, müharibədə itkilər də olur. Ancaq şəhidlərimiz heç itki də hesab olunmur, onlar xalqımız üçün qazancdır. Şəhidlərin qanı olmadan biz ərazi bütövlüyümüzü bərpa edə bilməzdik, düşmənə ağır, sarsıdıcı zərbə vura bilməzdik. Əgər xalq ölümdən qorxmursa, onu məğlub etmək mümkün deyil.



Azərbaycan xalqı, ordumuz, gənclərimiz sübut etdi ki, onların peşəkar hazırlığı ilə yanaşı, psixoloji hazırlığı da var, ölümdən qorxmurlar. Çünki haqq uğrunda savaşırlar, vəhşi bir düşmənlə vuruşurlar. Düşmənin vəhşiliyi ordumuzun qətiyyətini azaltmır, əksinə, gənclərimiz qətiyyətlə mübarizəyə qoşuldu, ölümü də gözə alaraq düşmənə bütün istiqamətlərdə zərbə vura bildi. Biz də bəzi səhnələrin şahidi olduq. Mənim də bu günlərdə onlarla belə xatirələrim var və döyüş bitdikdən sonra, qələbəmizdən sonra bu xatirələrin, qəhrəmanlıq salnaməsinin yazılmasını, əbədiləşdirilməsini istəyirəm. Bu döyüş xatirələri , fədakarlıq nümunələri xalqımızın  ədəbiyyatında, tarixində əvəzsiz yer tutacaq.



- Hacı, bizim bu günlərdə xristian dinindən olan şəhidlərimiz də oldu ki, sizi onların dəfn mərasimlərində də gördük. Bu həm də xalqımızın müxtəlif dinlərə necə dəyər verməsini, onların vəhdətini göstərdi. Sizin təəssüratlarınız necə oldu?



- Ermənilər çox çalışırdı ki, bu müharibəni din savaşı kimi, xristian-müsəlman savaşı kimi təqdim etsinlər. Burada da əsas məqsəd xristian həmrəyliyinə nail olmaq idi. Çünki beynəlxalq hüquq bizim tərəfimizdə olduğu üçün heç bir dövlət Ermənistana dəstək verə bilmirdi deyə, müxtəlif cür spekulyasiyalara əl atıb, dini də bu məsələdə alət etməyə çalışırlar. Ancaq Azərbaycan  xalqının dinindən, milliyyətindən asılı olmayaraq bir yumruq kimi birləşməsi, düşmənin bu xain planını da alt-üst elədi. Azərbaycan  din savaşı aparmır, xalqımız heç zaman heç bir dinə qarşı radikal mövqedən çıxış etməyib. Azərbaycanda bu gün də müxtəlif din nümayəndələri dinc şəkildə yanaşı yaşayırlar. Ölkədə məscidlərlə yanaşı, kilsələr, sinaqoqlar dövlət tərəfindən təmir edilir, qorunur.



Yəni, Azərbaycanda dinlərarası münasibətlər ən yüksək səviyyədədir. Biz bu günlərdə xristian dininə mənsub olan iki şəhidimizi dəfn etdik. Rus millətinin nümayəndəsi, iki nəfər pravoslav inancında  olan şəhidimiz oldu. Mən də bu şəhidlərimizin dəfnində iştirak etdim. Şəhidimizin bacısı da orada qeyd etdi ki, o, könüllü olaraq cəbhəyə yollandı, Azərbaycan üçün canını fəda elədi. Çünki işğalla barışmırdı, Azərbaycan torpaqlarının azad olunmasını arzulayırdı. Ona görə də, ürəyi dözmədi, bu həssas dönəmdə cəbhəyə yollandı, canını fəda etdi. Belə olan halda, bu savaşı dini savaş adlandırmaq son dərəcə absurddur, gülüncdür, tam əsassız iddialardır. Azərbaycan xalqı dinindən, inancından asılı olmayaraq, bu haqq savaşına öz dəstəyini verdi.



- Bu günlərdə hətta ateist olan və zaman-zaman dini tənqid edən bir jurnalist də etiraf etdi ki, azad olunan torpaqlarda azan səsləndikdən sonra, azanı, İslamı azərbaycanlı kimliyinin, mövcudluğunun tərkib hissəsi olaraq görüb. Dinə dəyər verənlərin də sayı artmaqdadır...



- Bəli, ateist olan bir jurnalist də öz mövqeyini belə ifadə etdi ki, bu inanc torpaqlarımızın azad olunmasına öz töhfəsini verirsə, mən onu dəstəkləyirəm. Əlbəttə, o  öz fikirlərindən imtina etməsə də, inanca münasibətinin dəyişdiyini ifadə elədi. Həqiqətən də biz təkcə torpaqlarımızı yox, mənəvi irsimizi bərpa edirik, dini abidələrimizi bərpa edirik, qaytarırıq. Çünki həmin işğal olunmuş ərazilərdə bizim dini abidələrimiz təhqir olunub. Məscidlərimiz dağıdılıb, tövlələrə çevrilib. Biz torpaqlarımızı qaytarmaqla həm də mənəvi irsimizi bərpa edirik. İşğaldan azad olunmuş torpaqlarda azanın verilməsi də bir rəmzi məna daşıyır. Azan xeyirxahlığa çağırışdır,  azanda ,-“xeyir əməllərə tələsin”,- deyə bir çağırış var. Biz bu gün bütün xalqımızı xeyir işlərə, quruculuğa dəvət edirik. Azanın səslənməsi həm də bizim qələbəmizin sədası idi, bütün dünyaya çatdırıldı ki, Azərbaycan xalqı artıq itirdiklərini bərpa etməyə başlayıb.



- Hacı, yəqin ki, siz də Amerikanın, Qərbin bu məsələdə tutduğu mövqenin şahidisiniz. İnsan haqlarını bayraq edənlər indi dinc sakinlərin, uşaqların Gəncədə, Bərdədə qətlə yetirilməsinə susurlar. Niyə bu məsələdə səmimi deyillər?



- Onların insan haqları ilə bağlı çağırışlarının cəfəngiyatdan başqa bir şey olmadığı ortaya çıxdı, yenə də ikili standartların şahidi olduq. Azərbaycanın dinc insanlar yaşayan Bərdə, Gəncə şəhərləri raket atəşinə məruz qaldı. Günahsız insanlar, uşaqlar, qadınlar qətlə yetirildi, dünya bunu səssizcə seyr elədi. Özünü mütərəqqi hesab edən, mədəni dünyanın tərkib hissəsi hesab edən dövlətlər məsələyə hər hansı münasibət bildirmədi. Bu bir daha onu göstərir ki, dünyada güclü haqlıdır prinsipi var, dünyada haqq və ədalət ancaq kağız üzərində olur. Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğal olunması ilə bağlı qətnamələrin bu günə qədər icra olunmaması da onu göstərir ki, onlar formal xarakter daşıyır. Ona görə də, xalqımız öz gücünə güvənməlidir, Allaha sığınmalıdır. Bu gün onun da şahidi olduq ki, Azərbaycan ordusu öz gücünə güvənir, Azərbaycan əsgərinin döyüş hazırlığı, sarsılmaz inamı nəticəsində torpaqlarımız azad edilir.



Bəzi özünü mədəni, demokratik , haqq tərəfdarı hesab edən dövlətlər Azərbaycanın haqq işinə heç bir töhfə vermədilər, əksinə, təcavüzkara gizli və aşkar dəstəklərini ifadə etdilər.



- İkinci Qarabağ müharibəsində Ermənistanın ən böyük dəstəkçisi olan Fransa indi İslama qarşı da bir savaş açıb və bütün müsəlman dünyasının reaksiyasına səbəb olub. Bu növbəti islamafobiya dalğasının səbəbi nədir?



- Bəli, biz hazırda yenidən Qərbdə islamafobiya dalğasının genişlənməsinin şahidi oluruq. Yenə də müsəlmanların dəyərləri təhqir olunur. Əslində, bu, söz azadlığı deyil, insanların inancının təhqir edilməsidir. Çünki həmin o Fransada erməni soyqırımını inkar edənlərə cinayət məsuliyyəti belə nəzərdə tutulmuşdu. Əgər söz azadlığından söhbət gedirsə, hər hansı bir tarixçiyə bu soyqırımı inkar edən əsər yazmaq qadağan edilirdi. Bu da onu göstərir ki, söhbət heç də söz azadlığından getmir. Müsəlmanların heysiyyətinə toxunmaq, yenidən müsəlmanları radikal görüşlü insanlar kimi təqdim etmək məqsədi daşıyır.



Bəzi dövlətlər sivilizasiyalar arası toqquşmanı alovlandırmağa çalışırlar. Bu, əslində İslam mədəniyyəti qarşısında acizliyin ifadəsidir. Son günlər baş verən hadisələrə, Qarabağ savaşına da dini rəng qatmaq o məqsədə xidmət edir ki,  dünyada dinlərarası savaş qızışsın və bundan müəyyən mənfəət əldə etsinlər. Əlbəttə ki, bu planlar baş tutmayacaq. Müsəlmanların da məsələyə yanaşması tamamilə fərqlidir. Dünya ictimaiyyəti də görür ki, bütün bu deyilənlərin insan haqları ilə, mütərəqqi dəyərlərlə heç bir əlaqəsi yoxdur.



- Din qardaşımız İranın da mövqeyi, həmçinin digər İslam ölkələrinin də mövqeyi ürəkaçan olmadı. Hətta ilk günlər İrandan Ermənistana müəyyən dəstək də oldu, sonradan isə İran bu siyasətini bizim xeyrimizə dəyişdi. Sizi də narahat etdimi, İslam ölkələrinin, özəlliklə İranın bu cür davranışı?



- Bizim ümumiyyətlə, bütün müsəlman dövlətlərindən də gözləntimiz bundan ibarət idi ki, haqq işində Azərbaycana dəstək versinlər. Peyğəmbərimizdən bir hədis var ki, müsəlmanlar bir bədən misalıdır, bədənin bir üzvü ağrıyarsa, bütün bədən əziyyət çəkər. Ona görə də, bütün İslam dünyasından bizim gözləntimiz var idi. Söhbət təkcə bizim müsəlman olmağımızdan yox, Azərbaycanın haqq işinə dəstək verməkdə gedir. Bütün mütərəqqi insanlardan, o cümlədən bizim din qardaşlarımız olan dövlətlərdən də gözləntimiz bundan ibarət idi. Son günlərdə müharibənin gedişatında İran rəsmiləri Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi ilə bağlı bəyanatlar verdi və dövlət başçımız da bu mövqeyinə görə İran rəsmilərinə təşəkkürünü bildirdi.  Hər halda bizim dostlarımızdan, qonşularımızdan, müsəlman qardaşlarımızdan gözləntimiz bundan ibarətdir ki, onlar bu savaşda haqq olan tərəfin yanında dayansınlar. Son günlər artıq bu mövqenin sərgiləndiyinin şahidi oluruq.

 

hacishahin.az