Müsahibələr

İnsan yaşlandıqca tənhalığını dərk edir

25 Yanvar 2014 1749

Həyatını daha çox islamın təbliğinə həsr edən bu insan haqda öncədən eşitmədiklərinizi bu gün bizdən öyrənəcəksiniz. Müsahibim Hacı Şahin Həsənli ilə səmimi söhbətimiz (İnteraz kanalına müsahibə - red.) inanıram ki, sizin üçün də maraqlı olacaq. 

 


- Bizə görə siz Haci Şahin, Məşhədi Dadaş məscidinin axundu, alim, qari, çox sayda insanların sevgi ve hörmət bəslədiyi, islamın Azərbaycanda mümkün olduqca daha doğru şəkildə yayılması işində müstəsna xidmətləri olan bir şəxsiniz, bəs sizə görə Şahin Həsənli kimdir?



- Şahin Həsənli barədə müxtəlif təsəvvürlər var. İctimai fəaliyyət göstərən insan hamı üçün eyni yaxşı, yaxud eyni pis ola bilməz. Cəmiyyətdə müxtəlif maraq qrupları var, bu baxımdan da biri üçün ideal olan, başqası üçün ən pis şəxsdir. Biz artıq buna alışmışıq. Ən əsası insanın özünə verdiyi qiymətdir. İnsanın özünü tanıması ilə Allahını tanıması arasında bir əlaqə var. Bizim üçün Şahin Həsənli ilk növbədə həyatın dolaşıq yollarında haqqı axtaran, bu enişli-yoxuşlu yolun sonunda Allahına qovuşmaq istəyən adi bir insandır. Şahin Həsənli üçün başqalarına qeyri-adi görünən xüsusiyyətlər gündəlik məişətin tərkib hissəsidir. Məsciddə xütbə demək, din təbliği ilə məşğul olmaq Allahın bizə etdiyi bir lütfüdür, ağır məsuliyyət yüküdür. Ona görə də bu işdə özümüz üçün bir imtiyaz görmürük. Şahin Həsənli belə demək mükündürsə, orta statistik azərbaycanlı insanından heç nə ilə fərqlənmir.



- Bu yerə çatmaq üçün hansı mərhələlərdən keçmək və nədən başlamaq lazim idi?



- Hansı yerə çatmışıq ki, hansısa mərhələdən danışaq? Özümüzü tanıdıqdan bəri Allaha təvəkkül edərək çalışmışıq ki, hər an düzgün qərar verək. İstər şəxsi məsələlərdə, istərsə də ictimai. Düzgün qərar dedikdə isə, qərəzsiz və əqli mühakimə əsasında verilən qərarı nəzərdə tuturuq. Bu baxımdan, yaşadığımız mühitin özəlliklərini nəzərə alırıq. Atılan hər addımın davamlı və səmərəli olması üçün mümkün nəticələri göz önünə gətiririk. Bundan sonra hansısa addım atmağa çalışırıq. Lakin, hansısa xüsusi mərhələlər barədə bir söz deyə bilmərik.



- Dini təhsillə əlaqəsi olmayan iki diplom sizə nə verdi?



- Çox şey... Hər zaman olduğu kimi, bu gün də din təbliğatçısının qeyri-dini təhsilinin olması olduqca zəruridir. Təəssüf ki, bu baxımdan orta əsrlərdə Müsəlman Şərqinin təhsil sistemi müasir dövrün təhsil sistemindən daha öndə idi. Din hansısa düstur deyil ki, onu əzbərləməklə tanımaq mümkün olsun. Din nə humanitar elmdir, nə texniki. Din həyat fəlsəfəsidir, bütün nəzəri və təcrübi elmləri ehtiva edən dünyagörüşüdür. Ona görə, bir insan yaxşı fiqh mütəxəssisi ola-ola dini tanımaya da bilər. Dünyagörüşümüz nə qədər geniş olarsa, dinə yanaşmamız da bir o qədər düzgün olar. Ona görə də, iki ali təhsil bizim üçün olduqca faydalıdır. Həm texniki, həm də humanitar elmlər sahəsində aldığımız təhsil bir çox məsələlərə təhlili yanaşmağa, onları anlamağa imkan verir. Xüsusi ilə də universitet mühiti ilə yaxından təmasda olmaq müasir gəncliyin tələblərini və maraq dairələrini öyrənməyə, akademik sahədəki məfkurələrlə yaxından tanış olmağa, müasir dili anlamağa müstəsna xidmət göstərir.



- Uğurunuzun sirri nədədir?



- Hansısa uğur əldə etdiyimizi düşünmürük. Bir səmimi insan olaraq bunu etiraf etməliyik. Çünki kənardan görünənlər bəziləri üçün uğur sayılırsa, bizim üçün uğur deyil. Gözəl ailəm, sadiq dostlarım var, pis-yaxşı cəmiyyətdə tanınıram və s. Lakin bütün bunlar müasir mədəniyyətin insana təlqin etdiyi “xoşbəxtlik” stereotipləridir. Uğur və səadət yalnız Allahın verdiyi qiymətlə ölçülür, maddi həyatın göstəriciləri ilə yox. Buna görə də uğurlu ya uğursuz olduğumuzu Qiyamətdə görəcəyik.



- Çoxlarının idealısınız, bəs sizin idealınız kimdir?



- Təbii ki, Allahın insanlar üçün nümunə qərar verdiyi məsumlar. Düzdü dildə onları ideal bilmək asandır, lakin ən azından məsumları nümunə olaraq görürük. Başqa kimisə ideal kimi görmək nə dinə müvafiqdir, nə ağıla. Bu elə, bizi özlərinə ideal seçənlərə aiddir.



- Dünyəvi zəif tərəflər hər kəsdə var. Sizdə hansılardır?



- Nöqsan və zəif cəhətlərimiz çoxdur, onları saymaqla qurtarmaz.



- Gunahın nə olduğunu çoxlarından yaxşı bilmək günahdan qorunmağa nə dərəcədə kömək edir?



-Çox az. Elm problemi çözmür, sadəcə yol göstərir. Yolu getmək üçün əzm və iradə lazmdır. Ona görə də, kimdənsə çox bilmək səni həmin adamdan daha məsuliyyətli etsə də, daha iradəli etmir. Ən bariz nümunə kimi bir çox filosofları göstərmək olar. Onlar mənəviyyatın, əxlaqın mahiyyətini bildikləri və bəşər üçün yeganə çıxış yolu olduğunu iddia etdikləri halda, gündəlik həyatlarında ən əxlaqsız insanlar kimi davranırdılar. Ağılla gəldikləri nəticələrə əməl etmirdilər. Ona görə, kimdənsə elmli olmaq hələ kimdənsə təmiz olmaq demək deyil.



- Dini ədəbiyyat xaricində nə mütaliə edirsiniz?



- Bəli, xüsusi ilə fəlsəfə, hüquq nəzəriyyəsi, politologiya, psixologiya, tarix və bədii ədəbiyyat. Fəlsəfədə bizim üçün ən maraqlı dönəm XIX əsrdir, xüsusilə Şopenhauer, Kyerkeqor və Nitşe fəlsəfəsinin simasında. XX əsr fəlsəfəsinə dair isə, şübhəsiz ki, Sartr, Fromm, Yunq və Freydin mütaliəsinə böyük önəm veririk. Bundan əlavə qeyri-fəlsəfi müstəvidə din əleyhinə yazılan ədəbiyyat, müasir elmi ateizmin və çağdaş bütpərəstlik kimi sahələrdə olduqca maraqlıdır. Müasir dönəmim siyasi ideologiyaları və konsepsiyaları, o cümlədən siyasi realizm, neoliberalizm, neokonservatizm, proqressivizm nümayəndələri arasında aparılan elmi polemikalar diqqətimizi cəlb edir. Dünya ədəbiyyatında klassika ilə yanaşı, müxtəlif mükafatlarla təltif olunan, bestsellerlərə çevirilən əsərləri də izləməyə çalışırıq. Düzdü onların hamısını oxumuruq, ən azından annotasiyası ilə tanış olmağa çalışırıq ki, müasir insanın təxəyyülünün onu hara qədər apardığını öyrənə bilək. Zahirən elə görsənə bilər ki, dayanmadan mütaliə edirik. Xeyr, belə deyil. Şopenhauerin bir sözü var, deyir ki, həddən artıq çox mütaliə fikir təqlidçiliyi ilə nəticələnir. Ona görə, mütaliə ilə təfəkkürə eyni vaxt ayırmaq lazımdır, deyərdik ki, vaxt bölgüsündə təfəkkürün payı daha çox olmaldır.



- Gərgin işləyirsiniz. Bunun xaricində özünüzə və ailənizə yetərli vaxt ayıra bilirsinizmi?



- Bəli. Ailəmizlə birlikdə vaxt keçirməyi, dincəlməyi sevirik. Ailədəki münasibətlər ictimai fəaliyyət qədər mühümdür. İnsanın kimliyi ailədə bilinir, ailədə formalaşır. Odur ki, hər kəs ailəsinin sağlamlığı və möhkəmliyi üçün çalışmalıdır. Əgər ailə üzvləri arasında səmimiyyət, hörmət, ülfət və məhəbbət təmin olunarsa, insan həm özəl mənəvi həyatında, həm ictimai fəaliyyətində uğur əldə edəcək. Mehriban ailə insan üçün bir enerji mənbəyi kimidir.



- Ailə başçısı olaraq müasir yoxsa mühafizəkarsınız?



- Mühafizəkarlıq və müasirlik adı altında nəyin nəzərdə tutduğunuzu anlamırıq. Bu bölgü, xüsusilə ailə münasibətlərində bir qədər sürüşkəndir. Biz rasionallıq tərəfdarıyıq. Belə deyək, ailə münasibətlərində səmimiyik. Təbii ki, müqəddəs dinimizin tövsiyələrinə əməl etməyə çalışırıq.

 

- Bir ata kimi bu günkü informasiya bolluğundan necə qorunursuz?



- Bu gün informasiyadan qorunmaq qeyri-mümkündür. Üstəlik, bu mümkün olsa belə, effektsizdir. Əksinə övladın hansısa informasiyaya çıxışını məhdudlaşdırmaqdan daha çox ona seçim qabiliyyəti vermək gərəkdir. Müasir zamanda, xüsusən də bizim cəmiyyətdə hər şeyi zamanın və şəraitin üzərinə atmağa çalışırlar. Məktəb, çöl, televiziya, internet – hamı günahkardır, özümüzdən başqa. Düzdü, bunlar təsirli amillərdir, lakin valideyinin vəzivəsi övladını hazırkı şəraitdə düzgün seçim etməyə öyrətməkdir. Bunun üçün övlad daim valideynin məhəbbət və diqqətini (nəzarət və məcburiyyətini yox!) hiss etməli, valideyindən ibrət almalıdır. Bu gün övladlarımızı mənfi informasiyadan qorumaq adı atında məhdudlaşdırsaq, “qəfəsə salsaq”, sabah yetkinlik yaşına çatan həmin uşaq həmin informasiyanı hərisliklə qəbul etməyə can atacaq. Müəyyən mənada məhdudiyyət olmalıdır təbii, lakin bu ailədə həbsxana rejiminin qurulması mənasına gəlmir. Valideyin övladının psixoloji tələblərini ödəməlidir, övladının psixoloji sağlamlığını təmin etməlidir ki, sabah həmin uşaq mənfi təsirlərin qurbanına çevirilməsin. Bunun üçün də yenə də müvafiq mütaliə və hər yaş dövrünə uyğun tərbiyə üsulları seçmək gərəkdir. Unutmayaq ki, insan davranışında bir çox anormallıqların kökü onun uşaqlıq dövründə valideyinləri ilə münasibətinə dayanır.



- İnsanın ətrafındakı insanların sayı artdıqca yanında olanların sayı azalır. Dostlarınız varmı və onlara nə qədər vaxt ayıra bilirsiniz?



- Kifayət qədər çətin sualdır. Heç kəsin xətrinə dəymək istəməzdik, lakin səmimi olmalıyıq. Bəli, ətrafındakıların sayı çoxaldıqca insan tənhalaşır. Həm də insan yaşlandıqca da tənhalığını dərk edir. Xüsusi ilə, bizim vəziyyətdə dost əldə etmək çətindir. Bir tərəfdən ətrafda hamı səni bir vaiz, nümunə, böyük kimi görür. Ona görə də tam səmimi ola bilmirsən, sənin buraxa biləcəyin xırda səhvin hansı nəticələr verəcəyini anlayırsan. Bu da səni daim gərgin, diqqətli etməyə vadar edir. Bu səbəbdən gənclik çağlarından dostluq etdiyimiz, bir-birimizi anladığımız insanlarla birgə çay içib dincəlməyə üstünlük veririk. Gərgin gündən sonra mütləq dostlarla səmimi söhbət, zarafat, müzakirə, fikir mübadiləsi və s. etməliyik.



- Müsəlmanın ən böyük bəlası nədir?



- Dinin iki böyük düşməni var – cahil abid və ibadətsiz alim. Müsəlman cəmiyyətlərində, əfsuslar olsun ki, bu iki dəstə çoxluq təşkil edir. Abidlərin çoxu cahil, ziyalıların çoxu ibadətsizdir. Hər iki dəstə elm və imanı bir araya gətirə bilməyənlərdir. Müsəlman cəmiyyəti ilk öncə bunu bacarmaldır. İbadət və elm, mənəviyyat və maddiyyat, əxlaq və savad bir birini tamamlamayınca, heç bir uğurdan danışmaq olmaz.

 

 

hacishahin.az