30 il ərzində erməni silahlı qüvvələri işğal olunmuş ərazilərimizdəki bütün tarixi, dini, mədəni abidələrimizi yararsız vəziyyətə gətiriblər. Ali Baş Komandanın rəhbərliyi altında işğaldan azad olunmuş ərazilərdə dağıdılmış tarixi abidələrimizin təmiri işlərinə başlanılacaq. Qədim tarixə malik olan Alban kilsələri də dağıdılmış abidələr sırasına daxildir.
Qafqaz Müsəlmanlar İdarəsinin səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli Modern.az-a bildirib ki, dini ayrı-seçkilik olmadan bütün abidələr bərpa olunacaq:
“Ermənilər tərəfindən dağıdılmış bütün abidələr bərpa olunacaq. Prezident İlham Əliyev bu haqqda çıxışında qeyd etdi ki, nə qədər dağıdılmış abidələrimiz varsa, hamısı bərpa olunacaq. Təbii ki, Alban abidələri də Azərbaycana məxsus olduğu üçün onların da bərpası gözlənilir.
Ümumiyyətlə, biz dini ayrı-seçkilik etmədən bütün işğaldan azad olunmuş ərazilərdə mədəni, tarixi, dini abidələrimizi bərpa edəcəyik. Alban kilsələri də bu abidələr sırasına daxildir. Çünki Alban kilsələri Azərbaycan üçün önəm kəsb edir. Ermənilərin alban kilsələrini özlərinə məxsus kilsə kimi təqdim etmələrinə baxmayaraq, biz Alban mədəniyyətinə məxsus olan dini-mədəni abidələri qoruyacağıq. Dağıntıya məruz qalmış bütün abidələr tədricən bərpa olunacaq.
Bu proses müəyyən qədər zaman aparacaq. Sözsüz ki, birinci siyahıyaalma baş verəcək. Bütün hüquqi prosedurlar həyata keçdikdən sonra təmir işləri başlanılacaq”.
hacishahin.az