Müsahibələr

Prezidentin məscidi bu cür ziyarəti tarixi hadisədir

24 Noyabr 2020 756

"Ölkə başçısının Ağdam Cümə məscidinə girərkən göstərdiyi ehtiram və hörmət bir daha Azərbaycan və Ermənistan dövlətlərini fərqləndirən bir məqamdır. Ağdam Cümə məscidinin timsalında məscidlərimiz ya dağıdılıb, ya təhqir edilib, ya da mal-qara, hətta donuz ferması halına gətirilib. Lakin Azərbaycanda kilsə, sinaqoq və məbədlərə münasibət tamamilə fərqlidir".

 

Bu sözləri Axar.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi, ilahiyyatçı Hacı Şahin noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Ağdam şəhərinə səfəri zamanı Ağdam Cümə məscidini ziyarət etmələri haqda danışarkən deyib.

 

Hacı Şahin Həsənli Prezidentin bu ziyarətini tarixi hadisə adlandırıb:

 

“Uzun illər sonra Azərbaycan dövlət başçısı işğalçı ermənilər tərəfindən təhqir edilən, donuz ferması kimi istifadə edilən bir məscidi hörmət və ehtiramla ziyarət etdi. Bu, Azərbaycan Prezidentinin milli, mənəvi, dini dəyərlərimizə hörmətinin növbəti bir təcəssümü idi.

 

Azərbaycan dövləti hər zaman inanca, dinə hörmətlə yanaşıb. Ölkəmiz dünyəvi dövlət olmasına baxmayaraq, dini məbədlər, ziyarətgahlar, abidələr hər zaman dövlət diqqətində və qayğısında olub. Ölkəmizdə unikal din, dövlət münasibətləri modeli var. Prezidentin Ağdam Cümə məscidini ziyarəti də düşünürəm bu ehtiramın bir göstəricisidir.

 

Ölkə başçısının məscidə ayaqyalın daxil olması, divarlarını öpməsi, onun dinimizə, dəyərlərimizə hörmətini göstərir. Baxmayaraq ki, məscid hələ təmirsizdir, yerdə heç bir xalça yoxdur, lakin bu, ölkə başçısına və birinci xanıma hörmətini nümayiş etdirməyə mane olmadı. Onu da deyim ki, belə kadrlara şahidliyi ilk dəfə etmirik. Nəinki məscidlər, dövlətimizin başçısı ölkədə fəaliyyət göstərən kilsə, sinaqoq və digər dini məbədlərə daxil olarkən də həmin dinin ehkamlarına uyğun ehtiram göstərir.

 

Ölkəmizdə bütün dinlər azad şəkildə fəaliyyət göstərir. Bütün dini abidələr dövlət proqramı çərçivəsində təmir edilib, qayğı göstərilir. Çünki dinindən asılı olmayaraq bütün insanlar ölkəmizdə azaddırlar”.

 

 

hacishahin.az