Müsahibələr

“Prezident dinimizə xüsusi hörmət bəsləyir”

24 Noyabr 2020 885
“Prezident İlham Əliyev əsarətdən azad etdiyi məscidə qalib sərkərdə kimi daxil oldu”.


Bunu Azvision.az -a açıqlamasında “Məşədi Dadaş” məscidinin imamı, tanınmış ilahiyyatçı alim Hacı Şahin Həsənli Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Ağdam Cümə məscidini ziyarət etməsindən danışarkən deyib. İlahiyyatçı bildirib ki, ölkə başçısının Məkkədən gətirdiyi “Qurani-Kərim”i məscidə bağışlaması onun dinə önəm verməsini göstərir.


“İşğaldan azad olunmuş Ağdama səfər zamanı Prezident və birinci xanımın məhz məscidə getməsi, oranı ziyarət etməsi dövlət başçısının dinimizə önəm verməsinin müsbət göstəricisidir. Həmin kadrlara baxdım. Ölkə başçımız məscidə qarşı xüsusi sayğıyla yanaşırdı. Məscid hələ təmir olunmasa da, ora ayaqqabılarını çıxarıb daxil oldular. “Qurani- Kərim”i məscidə hədiyyə etdi. Dövlət başçısı bildirdi ki, "Allahdan xahiş etmişdim, bu haqq savaşında mənə kömək olsun. Allah da öz köməyini xalqımızdan, dövlətimizdən əsirgəmədi”. Təbii ki, bu cür münasibət inanclı insanlarda xoş təsir yaratdı. Sevincli anlar yaşadıq. Prezident əsarətdən azad etdiyi məscidə qalib sərkərdə kimi daxil oldu. Allaha, dinimizə xüsusi hörmət göstərdi.


Azərbaycanda tarixən bütün dinlərə, ziyarətgahlara hörmət olub. Prezident dəfələrlə bəyan edib ki, işğaldan azad olunmuş ərazilərdə məscidlərin hamısı bərpa olunacaq. Doğurdan da biz bunun şahidi oluruq. Şuşada Gövhərağa məscidindən azan səsi eşitdik. Bu təkcə torpaqlarımızın deyil, həm də dəyərlərimizin özümüzə qayıtmasdır”.


Din xadimi bildirib ki, işğaldan azad edilmiş dini ibadətgaları ziyarət etmək ən böyük arzularından biridir: “Ürəyimdən keçir desəm azdır. Bu, bizim böyük arzumuzdur. Səbirsizliklə gözləyirik ki, cümə günlərində Şuşada, Ağdamda məsciddə ibadət edək. Bizim üçün müqəddəs məkanların ziyarəti önəmlidir. Bu, illərin həsrətidir, düşünürdük ki, əl çatmaz bir arzudur. Şükür olsun ki, gerçək oldu. Prezidentimiz bizi arzularımıza çatdırdı. Allah həmin yerləri ziyarət etməmiş bizi bu dünyadan aparmasın".


Qeyd edək ki, ötən gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərində olublar. Ali Baş Komandan və Birinci xanım səfər zamanı Ağdam Cümə məscidini ziyarət ediblər.
 
 
 
hacishahin.az