Müsahibələr

"Şəhidlər ancaq bu arzuyla qayıtmaq həsrətindədirlər..."

17 Dekabr 2020 773

Yüzdən artıq şəhidin dəfn mərasimində iştirak etmişik. Mən orada şəhid valideyinlərində, ümumiyyətlə, bir ruh yüksəkliyi hiss etmişəm.


Bunu Milli.Az-a açıqlamasında ilahiyyatçı hacı Şahin Həsənli deyib.

 

İlahiyyatçı bildirib ki, şəhidlik ən uca bir dərəcədir və şəhadət zirvəsinə ucalmaq hər adama nəsib olan bir xoşbəxtlik deyil:

 

"Əlbəttə ki, övlad itkisi, ondan ayrılmaq özü ata, ana üçün bir dərddir. Amma biz nəzərə alsaq ki, insanlar hamısı bu dünyada qonaqdır, müvəqqəti bu dünyada yaşayırlar və hər hansı bir şəkildə dünyadan köçəcəklər, bu dünyadan köçərkən insan fəth edə biləcəyi ən ali zirvə şəhidlik zirvəsidir. Şəhidlik Quran nöqteyi nəzərindən götürsək ölümsüzlükdür, əbədiyyət qazanmaqdır.

 


Şəhidlər hər biri dünyaya qayıtmaq həsrətindədir. Ancaq bu arzuyla ki, yenidən şəhid olub, Allaha qovuşmağın o ləzzətini yenidən dadmaq üçün dünyaya qayıtmağı arzulayırlar. Yəni, şəhid arzulayır ki, dünyaya dönüb yenidən şəhidlik mərtəbəsinə ucalsın.

 


Şəhidlər qiyamət günü sorğu-suala çəkilmir. Şəhidlərdən heç nə soruşulmaz və şəhidin bir damcı qanı torpağa töküldüyü zaman artıq şəhidin bütün günahları bağışlanır. Şəhid təkcə özü cənnətə getmir, həm də şəhid yaxınlarına da şəfaət edir. Yəni, yaxınlarının da bağışlanmasını istəyir, ata-anası ilə birgə cənnətə addımlayır. Ona görə də şəhidlik ən uca bir dərəcədir və şəhadət zirvəsinə ucalmaq hər adama nəsib olan bir xoşbəxtlik deyil. Xüsusilə tariximizin bu həssas dövründə şəhidlərimiz əsrlərlə itkilərə məruz qalmış bir xalqı özünə qaytardılar, onun dəyərlərini, torpaqlarını qaytardılar və şəhidlər tariximizin ən parlaq səhifəsinə öz qanları ilə imza atdılar. Ona görə də hesab edirəm ki, şəhid bir ailə üçün, xalq üçün itki deyil, qazancdır və hər bir vətəndaş, bütövlükdə cəmiyyət şəhidlərə borcludur.

 


Şəhid ailələrinə sayğı ilə yanaşılmalıdır, şəhid ailələri hər bir insan üçün əziz olmalıdır. Şəhid valideyinləri də bu kimi ayələri, hədisləri eşitdikdə qəlbləri rahatamlıq tapır. Çünki biz müvəqqəti dünyada yaşayırıq və bir gün hamı Allahın hüzurunda toplanacağıq və o gün hamı şəhidlərin məqamına qibtə edəcək, o gün hamı arzulayacaq ki, belə bir uca məqam mənə və yaxud da yaxınlarıma nəsib ola. Ona görə də bizdə tarixən şəhid ailələrinə başsağlığı verərəkən həm də gözaydınlığı veriblər ki, Allah məhz sizin ailəni bu uca məqama layiq bilib".

 

 

hacishahin.az